Yeni Azərbaycan Partiyasının qərargahında “Son iclasfilmi nümayiş etdirilib

 

Mayın 25-də Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında "Son iclas" filmi nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, əldə etdiyi mühüm nailiyyətlərdən danışıb. “1918-ci ildə Azərbaycan xalqı yüzilliklər ərzində qəlbində yaşatdığı müstəqillik ideyalarını həyata keçirməyə nail oldu. Şərqdə ilk demokratik respublika Azərbaycanda elan edildi. İlk dəfə olaraq xalqımız yeni, müasir dövlətçilik ənənələrinə sahib çıxan dövlət qurmağa nail oldu. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, dövlət qurumlarının formalaşdırılması istiqamətində çox vacib işlər gördü. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, 23 ay yaşadıqdan sonra süqut etdi.”,- deyə Əli Əhmədov vurğulayıb.

Müasir müstəqil Azərbaycan Respublikasının Cümhuriyyətin varisi olduğunu deyən Əli Əhmədov bildirib ki, bu gün ölkəmiz bütün sahələrdə inkişaf edir, beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirir. Bugünkü Azərbaycan reallıqları hər bir azərbaycanlının mənafeyinə cavab verir. Azərbaycanın müstəqillik ideyaları yaşayır inkişaf edir. Bu gün Azərbaycan dünyanın ən inkişaf edən dövlətlərindən biridir. Ölkəmizdə demokratik təsisatlar, insan hüquqları, söz mətbuat azadlığı geniş şəkildə inkişaf edib. Bu mənada Azərbaycan dövləti cəmiyyətimiz müasir dünyanın ayrılmaz tərkib hissəsindən birinə çevrilib. Azərbaycanda təhlükəsizlik tam təmin olunub. Hər bir vətəndaş ölkədə rahat yaşayır. Ölkəmiz mürəkkəb dünyada sabitlik adası kimi tanınır”, - deyə Əli Əhmədov vurğulayıb.

Sonra "Son iclas" filmi nümayiş etdirilib.

 

Azərbaycan.- 2019.- 26 may.- S.2.