Aerobika gimnastikası üzrə XI Avropa
çempionatının ikinci günü maraqlı idman
mübarizəsi ilə yadda qalıb
Mayın 25-də Bakıda aerobika gimnastikası üzrə XI Avropa çempionatının ikinci günü maraqlı idman mübarizəsi ilə yadda qalıb.
AZƏRTAC xəbər verir ki, çempionatın ikinci günündə böyük gimnastlar mübarizəyə qoşulublar.
Aerodans proqramında çıxış edən Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov və Mədina Mustafayevadan ibarət komandamız təsnifat mərhələsində 17,350 xalla ikinci olub və finala yüksəlib. Komandamız finalda Rusiya, İtaliya, Macarıstan, Ukrayna və Almaniya kollektivləri ilə birgə mübarizə aparacaq.
Avropa çempionatında fərdi qadın proqramı üzrə təsnifat yarışlarında hakimlərdən 21,300 xal alan Rusiya idmançısı Yekaterina Pixatova birinci olub. Türkiyəli Begüm Ayşe Onbaşı təsnifat mərhələsini ikinci, digər rusiyalı idmançı Tatyana Konakova üçüncü pillədə başa vurublar. İlk üçlükdən əlavə, Bolqarıstan gimnastları Darina Paşova, Ana-Mariya Stoilova, ispaniyalı Belen Quillemot Esterleç, Portuqaliya təmsilçisi Sara Silva və rumıniyalı Sandra Kristina Dinca da finalda yarışacaqlar. Azərbaycan təmsilçiləri Xoşqədəm Quliyeva 25-ci, Nərminə Hüseynova isə 31-ci olublar.
Turnirdə üçlüklərin təsnifat yarışında Macarıstan komandası fərqlənib. Macarıstanlı gimnastların çıxışları hakimlər tərəfindən 22,361 xalla qiymətləndirilib. İlk üçlüyü Rusiyanın və Rumıniyanın ikinci komandaları tamamlayıblar. İlk üç pillədə qərarlaşan komandalarla yanaşı, finalda Rusiya, Rumıniya, Türkiyə, İtaliya-2 və Finlandiya-2 kollektivləri medallar uğrunda mübarizə aparacaqlar.
Avropa
çempionatında fərdi kişi
proqramı üzrə yarışlarda Rusiya
idmançıları uğurla
çıxış ediblər. Hakimlərdən 21,950 xal
alan Roman Semenov birinci olub. Onun komanda
yoldaşı Timur Kulaev 21,500 xalla ikinci pillədə yer alıb. Bolqarıstanlı Antonio Papazov 21,350 xalla ilk üçlüyü
tamamlayıb. Azərbaycan gimnastları
Vladimir Dolmatov 9-cu, Elçin
Məmmədov isə
18-ci yerdə qərarlaşıblar.
Qarışıq cütlüklərin yarışlarında
Macarıstan-2 komandası 22,050 xalla bütün rəqiblərini qabaqlayıb. Rusiya-2 kollektivi 21,950 xalla yarışı ikinci,
Rumıniya-2 komandası isə
21,650 xalla üçüncü
pillədə başa
vurub. Azərbaycan komandası 17-ci pillədə
yer alıb.
Qrupların təsnifat yarışında
Azərbaycan komandası
19,555 xalla yeddinci olub və finala
yüksəlib. Bolqarıstan 22,066 xalla bütün
rəqiblərini qabaqlayıb.
Rusiya 22 xalla ikinci, Rumıniya
21,983 xalla üçüncü
pillədə qərarlaşıb.
Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil edilib. Böyüklərin komanda hesabında
Rusiya birinci, Rumıniya ikinci, Macarıstan isə üçüncü olub.
Mayın 26-da yekun
vurulacaq çempionatda
22 ölkədən 400-ə yaxın böyük və gənc gimnast qadın və kişi, qarışıq cütlük,
üçlük, qrup,
həmçinin aerodans,
aerostep (yalnız böyüklər) yarışlarında
mübarizə aparırlar.
Azərbaycan.- 2019.- 26 may.- S.6.