Yerlə göy arasında

 

İtaliyalı fotoqraf Aleksey Pivovarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təsisçisi və baş redaktoru olduğu "Bakı” jurnalı ilə əməkdaşlıq edir. Aleksey 12 ildir Azərbaycana gəlib-gedir. Demək olar ki, bütün ölkəni şimaldan cənuba və şərqdən qərbə qarış-qarış gəzib, çoxsaylı insanlarla tanış olub, qəribə taleləri, istedad sahiblərini, müxtəlif insanları və təbiətimizin əsrarəngiz mənzərələrini kamerasının yaddaşına köçürüb, "Bakı” jurnalı üçün saysız fotoreportajlar hazırlayıb.

A.Pivovarov milliyyətcə rusdur. Rusiyada doğulub təhsil alsa da, gənc yaşlarından İtaliyaya köçüb və artıq 20 ilə yaxındır ki, orada yaşayır. Maraqlı tərcümeyi-halın sahibidir. Ömrünün dörd ilini Hindistanda yaşayıb, birinci qızı Misirdə Qırmızı dənizin sahilində anadan olub: "Biz orada Sinay yarımadasında bədəvilərin arasında yaşayırdıq. Qaldığımız evin həndəvərində bədəvilərin qoyunkeçi sürülərinin yataqları var idi. Rəvayətə görə, İsa Məsih də bədəvi kəndində anadan olub”.

Aleksey təbiətən sakit, əqidəcə tolerant insandır, sadədir, aza qane olandır da demək olar, çünki vegetariandır. Münasibətlərində çalışır ki, heç kimə çətinlik yaratmasın, nəzakətlidir, qətiyyən səsini qaldırmır, pəsdən danışır, tonunu dəyişmir. Həmişə eyni tərzdə sakitnikbin görünür. Ətrafındakı insanlarla rəğbətlə davranır, reportajlarının qəhrəmanları sonralar dostlarına çevrilirlər.

Onun bir neçə gün boş vaxtının olduğunu nəzərə alaraq redaksiyamızın əməkdaşları ilə bir neçə mövzunu birlikdə işləməyi, bir növ, təcrübə mübadiləsi aparmağı təklif etdik. Aleksey məmnuniyyətlə razılıq verdi, təmənnasız əməkdaşlıq edəcəyini bildirdi.

Biz yolumuzu dağlara saldıq, Qubaya getdik, bir neçə mövzunu birlikdə işlədik, gecəni Haput kəndində keçirdik, bir daha xalqımızın qonaqpərvərliyinin şahidi olduq. Aleksey deyir ki, dünyada azərbaycanlılar kimi qonaqpərvər xalqlar çoxdur: "Qonaq Qafqaz dağlarında da, Himalayda da qonaqdır. Amma azərbaycanlılar seçilirlər. Əslində qonaq gedən insandan da çox şey asılıdır - insani dəyərlərə qiymət verən hər bir kəs müəyyən etik çərçivələri gözləyir, çalışır ki, ev sahibinə yük olmasın. Zənnimcə, azərbaycanlılar da qonaq gedəndə belə hərəkət edirlər”.

Haput kəndində iki gün qaldıq. Aleksey birinci gün xeyli şəkil çəkdi. Səhərisi isə biz oyananda artıq o, yerində yox idi, peşəkar fotoqraf kimi günəş doğar-doğmaz fotokameralarını götürüb dağlarda sübh çəkilişinə getmişdi. Qayıdanda atların rəqsinin fotosunu göstərdi. Bizi qardaşının evində qonaq saxlayan Mübariz müəllim şəklə baxan kimi atları tanıdı: "Minilməyən atlardı. Biri kəndin bir tərəfində, digəri bir neçə ev o yanda qalır. Hər səhər sahibləri onları alaqaranlıqdan açıb otlağa buraxır, onlar da kəndin ortasındakı dikdə beləcə görüşüb atılıb-düşürlər”.

Aleksey isə işində qeyri-adi bir şey görmədi, sadəcə onu dedi ki, əgər sən dan yeri söküləndən günəş qüruba gedənədək işləyirsənsə, mütləq bir neçə maraqlı şəklin olmalıdır. Foto işinin xüsusiyyəti belədir.

Biz geri dönəndə italiyalı fotoqrafın uğuruna sevinirdik, o isə sakitcə maşının pəncərəsindən dağları seyr edərək növbəti mövzunu axtarırdı.

 

Bahadur İMANQULİYEV

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2019.- 26 may.- S.6.