Nurlu insan
Energetiklərimiz
O, İkinci Dünya müharibəsinin
ölüm saçan odundan-alovundan keçdikdən sonra ali təhsil alaraq 27 yaşında
Bakının böyük bir sənaye rayonunun elektrik şəbəkəsinin
baş mühəndisi olmuşdu.
Çalışqanlığı, fitri istedadı və
yüksək təşkilatçılıq
bacarığı, səmərəli fəaliyyəti sayəsində
41 yaşında Azərbaycanın əməkdar mühəndisi
fəxri adına layiq
görülmüşdü.
Həmid Müfid-Zadə həyatının
50 ildən çoxunu Azərbaycan energetikasının
inkişafına, ölkənin sənaye kompleksinin, şəhər
və kəndlərimizin elektrik enerjisi ilə fasiləsiz
olaraq təchizatına həsr etmişdi. Bakı
(Suraxanı, Əzizbəyov rayonları), Gəncə və
Sumqayıt kimi iri sənaye şəhərlərinin elektrik
şəbəkələrinə uğurla rəhbərlik edərək
respublikanın iqtisadi qüdrətinin artmasına mühüm
töhfələr vermişdir.
H.Müfid-Zadə Azərbaycan
Demokratik Respublikası dövründə - 1919-cu ilin 26
mayında qədim Ordubad şəhərində
tanınmış Mir Müfid - ağır seyid nəslindən
olan Miryusifin ailəsində dünyaya gəlmişdi. 1934-cü ildə 7 illik məktəbi bitirdikdən
sonra təhsilini davam etdirmək, yaxşı bir sənət
sahibi olmaq arzusu ilə Gəncə şəhərindəki Sənaye
politexnikumunun dağ-mədən şöbəsinə qəbul
olunmuşdu. Lakin bir müddət sonra həmin
şöbənin Azərbaycan Sənaye Texnikumuna verilməsi
onun təhsilini paytaxt mühitində davam etdirməsinə səbəb
oldu və bu, gələcək həyat yolunun müəyyənləşməsində
böyük uğurlarının ilk təməlinə yol
açdı.
1939-cu ildə Həmid
Müfid-Zadə sonralar AZİ kimi tanınan Azərbaycan
Dövlət Sənaye institutunun Energetika fakültəsinin
qiyabi şöbəsinə daxil olur. Elə həmin ildə ovaxtkı
"Azərenerji” Baş İdarəsinin K.Marks adına
Elektrik Şəbəkələri İdarəsində texnik vəzifəsinə
qəbul edilir və 1942-ci ilədək Əzizbəyov
rayonunun elektrik şəbəkəsində növbətçi
dispetçer kimi çalışır.
Faşist Almaniyasının SSRİ-yə
qarşı başladığı müharibə çox
ağır, qanlı dəhşətləri ilə davam etsə
də, Bakının strateji əhəmiyyəti, cəbhənin
fasiləsiz olaraq böyük həcmdə neftə
ehtiyacı, bunun üçün də elektrik enerjisinə tələbatın
yüksək olduğu nəzərə alınaraq, 1941-1942-ci
illərdə neft və energetika sahələrində
çalışanların əksəriyyətinə bron
verilmişdi. Çünki müharibədə qələbəyə
nail olmaq üçün ölkəyə yüz minlərlə
sıravi döyüşçülər və zabitlərlə
yanaşı, ordu artilleriyası və hərbi aviasiya
üçün milyonlarla ton neft və benzin də lazım
idi. Ona görə də bir çox iş
yoldaşları, yaşıdları kimi, Həmid də əvvəlcə
orduya çağırılmamışdı. Lakin
1942-ci ilin avqustunda Stalinqradın başı üstünü
qara buludlar alanda - sovet rəhbərinin adını
daşıyan həmin şəhər uğrunda qanlı
döyüşlər başlayanda Həmid də cəbhəyə
yollanmalı olur və Şimali Qafqazdakı 319-cu
diviziyanın 1341-ci atıcılıq alayının tərkibində
döyüşlərdə iştirak edir. İkinci batalyonun tank əleyhinə tağım
komandiri kimi düşmənə qarşı mətinliklə,
mərdliklə vuruşur. Bilirdi ki, ondan
arxada, Qafqazın o tayında Azərbaycandır, Bakıdır,
düşmənə fürsət vermək olmaz. Düşmənin artıq geri oturdulduğu
döyüşlərin birində yaxınlığında
partlayan düşmən mərmisinin qəlpələrinin
ağrısını əvvəlcə qolunda, çiyinlərində,
sonra ayağında hiss etmişdi. Gözünü
səhra hospitalında, ağır cərrahiyyə əməliyyatından
sonra açmışdı. Hospitalda 3 ay
müalicə aldıqdan sonra həkimlər Həmidin daha
döyüşlərdə iştirak edə bilməyəcəyi
qənaətinə gələrək onun ordudan tərxis
olunmasına qərar vermişdilər.
Özündən kiçik
qardaşı, xalq rəssamı Cəmil Müfid-Zadənin
xatırladığına görə, Həmid Ordubada qoltuq
ağaclarında, lakin sinəsində döyüş
orden-medalları ilə dönmüşdü.
Müharibədən
qayıtdıqdan sonra - 1944-cü ildə ali
təhsilini başa vuran Həmid Müfid-Zadənin elmi biliyi,
praktik təcrübəsi və
çalışqanlığı nəzərə
alınaraq, 1946-cı ildə ona - 27 yaşlı bir gəncə
baş mühəndis vəzifəsi etibar edilir. Bu, olduqca məsuliyyətli bir vəzifə idi.
Şəbəkə avadanlığının
daim saz və işlək olmasına birbaşa məhz o,
cavabdehlik daşıyırdı. Odur ki,
gecə-gündüz, yorulmaq bilmədən
çalışır, şəbəkədəki vəziyyəti
hər an nəzarətdə saxlamalı olurdu.
Həmid Müfid-Zadə baş
mühəndis kimi cəmi iki il səmərəli
fəaliyyət göstərdikdən sonra - 1948-ci ildə - 29
yaşında Suraxanı rayonunun elektrik şəbəkəsinin
rəisi vəzifəsinə təyin olunur. Bu,
Azərbaycana Mircəfər Bağırovun rəhbərlik
etdiyi elə bir dövr idi ki, bir-iki neft quyusuna verilən
elektrik enerjisinin kəsilməsinə görə şəbəkənin
"birinci şəxs”i kimi nəinki vəzifə ilə, hətta
həyatla da xudahafizləşmək istisna deyildi. Çox ağır, məşəqqətli
müharibədən çıxmış, şəhərləri,
kəndləri dağıdılmış SSRİ-nin, onun rəhbərliyinin
qəti, sərt tələbi belə idi. Ancaq işində
hər zaman son dərəcə diqqətli, məsuliyyətli
olan, çalışdığı neft rayonunda elektrik şəbəkəsinin
fəaliyyətini səmərəli qurmağı bacaran Həmid
Müfid-Zadə özünün yüksək peşəkarlığı,
qazandığı zəngin praktik təcrübə sayəsində
düz 10 il - 1948-ci ildən 1958-ci ilə qədər
Suraxanı kimi mürəkkəb sənaye rayonunda elektrik
şəbəkəsinin rəisi vəzifəsində
uğurla fəaliyyət göstərmişdi.
Mingəçevir Su Elektrik
Stansiyasının ilk direktorlarından olmuş İmamverdi
Əliyev sonralar həmkarını ehtiramla xatırlayaraq
söyləyirdi ki, o, Həmid Müfid-Zadə ilə
özünün Bakıdakı "Qırmızı ulduz”
("Krasnaya zvezda”) İstilik-Elektrik Mərkəzində,
dostunun isə Suraxanı elektrik şəbəkəsində
işlədikləri vaxtlarda tanış olmuşdu. O, Həmid müəllimin
çox savadlı bir mühəndis-energetik, işgüzar və
yüksək təşkilatçılıq qabiliyyətinə
malik rəhbər işçi olduğu barədə məmnunluqla
danışardı. Sonralar tale onları
qonşu şəhərlərə - Gəncəyə və
Mingəçevirə aparmışdı. İmamverdi
müəllim "Azərenerji” Baş İdarəsinin rəhbərliyi
tərəfindən Mingəçevir SES-ə, Həmid müəllim
isə o vaxt yenicə təsis edilərək, mərkəzi Gəncədə
nəzərdə tutulan, Ağsu aşırımından
tutmuş Gürcüstan sərhədlərinədək olan
böyük bir ərazini əhatə edən Qərb Elektrik
Şəbəkəsinə direktor təyin edilmişdilər.
Bu yeni qurum yaradılarkən "Azərenerji”də
ora kimin direktor təyin ediləcəyini müzakirə etməyə
ehtiyac olmamışdı. Elə əvvəlcədən
o məsuliyyətli sahəyə göndəriləcək
şəxs məlum idi - bu, hər bir çətinliyin
öhdəsindən mətinliklə gəlməyi bacaran Həmid
Müfid-Zadə idi.
O zamanlar Azərbaycan sənayesi
coşqun inkişaf dövrünü yaşayırdı və
Gəncə respublikanın ikinci böyük sənaye mərkəzi
idi. Qərb Elektrik Şəbəkəsi isə
Azərbaycanda ən böyük şəbəkə idi və
Gəncə ilə yanaşı, Mingəçevir, Daşkəsən,
Yevlax, Şəki, Zaqatala, Qax və Balakən
rayonlarını elektrik enerjisi ilə təmin edirdi.
Mingəçevir SES-in
istehsal etdiyi elektrik enerjisinin regionun bütün sənaye
istifadəçilərinə və hətta ucqar
yaşayış məskənlərinə fasiləsiz olaraq
itkisiz çatdırılması Qərb şəbəkəsi
kollektivinin qarşısında duran mühüm vəzifə
idi. Məhz həmin
dövrdə Azərbaycanın qərb zonasında neçə-neçə
ucqar kənd evləri, məktəblər, klublar, kitabxanalar və
s. ilk dəfə olaraq işıqlandırıldı, əhaliyə
işıq sevincləri bəxş edildi.
"Qərb”in rəhbəri
kimi Həmid müəllimin qarşısında duran
mühüm vəzifələrdən biri elektrik enerjisi
verilişində fasilə və digər qüsurlara yol verilməməsi
idi. Bunun
üçün şəbəkə rəhbəri
respublikanın qərb rayonlarına şəxsən baş
çəkərək, yüksək gərginlikli elektrik xətlərinin,
polad dirəklərin, şəbəkənin ayrı-ayrı
sahələrindəki texniki avadanlığın vəziyyətinə
nəzarət edir, lazım gəldikdə köhnə
avadanlığın, o cümlədən
yarımstansiyaların yenisi, daha müasiri və enerji itkisi
minimum olanları ilə əvəz edilməsinə, paylayıcı
yükü çox olan sahələrdə əlavə
transformatorların, yarımstansiyaların
quraşdırılmasına nail olurdu.
Təsadüfi deyildi ki,
çalışdığı bütün sahələrdə
nəinki məsuliyyətli olan, həm də sənətindən-peşəsindən
böyük zövq alan yenilikçi şəbəkə
rəhbəri Qərb Elektrik Şəbəkəsində iki
il səmərəli fəaliyyət göstərdikdən
sonra - 1960-cı il mayın 28-də yüksək fəxri ada -
Azərbaycanın əməkdar mühəndisi adına layiq
görülmüşdü. Bu, vətən,
xalq yolunda gecə-gündüz, yorulmaq bilmədən
çalışan 41 yaşlı energetikin əməyinə
verilən layiqli qiymət, böyük dəyər idi.
Yüksək təşkilatçılıq
xüsusiyyətləri, "işıqçı”
istedadı və bacarığı 1963-cü ilin yanvarında
Həmid müəllimi yenidən "yerindən oynatdı”. Bu dəfə
o, daha yüksək və məsuliyyətli vəzifəyə
- "Azərkəndenerji” Baş İdarəsinin rəisi vəzifəsinə
irəli çəkilir. Bu isə o demək
idi ki, Həmid müəllim daha hansısa bir region və
bölgə üzrə deyil, bütün respublika üzrə
kənd rayonlarının elektrik enerjisi ilə tam və fasiləsiz
təminatına cavabdeh olacaqdı. Cəmi yarım il ərzində onun "Azərkəndenerji”
sistemində kollektivlə birgə əldə etdiyi nailiyyətlər
yüksək qiymətləndirildi və o, həmin ilin iyulunda
"Azərenerji” Baş İdarəsinin Kollegiya üzvü
seçilir.
...Həmid müəllimin 1964-cü
ildə Azərbaycanın ən böyük sənaye şəhəri
olan Sumqayıtın Elektrik Şəbəkəsinin direktoru vəzifəsinə
təyin olunması onun həyatında yeni mərhələ
açdı. Sumqayıtlılar yaxşı
xatırlayırlar ki, Həmid müəllimin elektrik şəbəkəsinə
rəhbərlik etdiyi dövrdə müəssisələrin
ahəngdar rejiminin təmin olunması ilə yanaşı,
şəhərdə mənzillərin, eləcə də
sosial-mədəni obyektlərin elektrik və istilik enerjisi ilə
təchiz edilməsində heç bir ciddi problem olmurdu.
Onun Sumqayıtdakı fəaliyyəti dövründə şəbəkə
üzrə səmərəliliyin artmasına xidmət edən
bir çox mühüm yeniliklər tətbiq edilmiş, bu iri
sənaye şəhəri üçün böyük əhəmiyyət
kəsb edən 220 kilovoltluq Yaşma yarımstansiyası
quraşdırılıb, istifadəyə verilmişdi.
Həmid müəllim Sumqayıtda 15
il səmərəli fəaliyyətindən
sonra 1988-ci ilədək yenidən "Azərenerji” Baş
İdarəsində məsul vəzifələrdə işləmişdi.
Vaxtilə Bakıda neft rayonlarının keyfiyyətli
işinin təmin edilməsində mühüm xidmətlərinə
görə respublikanın o zaman məşhur neft sənayesi və
hökumət rəhbərləri olan Ənvər Əlixanov,
Süleyman Vəzirov və Əli Əmirov ona dəfələrlə
təşəkkür və təbrik məktubları göndərmişdilər.
...Bu günlər görkəmli
energetik, Azərbaycanın əməkdar mühəndisi, vətənə
və xalqa həm bir döyüşçü, həm də
istedadlı, zəngin təcrübəli mütəxəssis
kimi çoxillik fəaliyyətinə, ən
başlıcası sədaqətli xidmətə görə I
dərəcəli "Vətən müharibəsi” ordeni,
"1941-1945-ci illərdə Almaniya üzərində qələbəyə
görə”, "Rəşadətli əməyə görə”,
"Əməkdə fərqlənməyə görə” və
s. medallarla təltif olunmuş unudulmaz insan Həmid
Müfid-Zadənin 100 illik yubileyi yaxınlaşır. Görkəmli energetikin oğlu Röfət
Müfid-Zadə də atasının yolunu davam etdirərək
Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir, texnika
elmləri namizədidir. Qızları Afət, Məlahət
və Lətafət həkim və musiqiçidirlər.
...İllər ötdü, zaman dəyişdi,
ancaq bir vaxtlar ölkəmizin hər yerində - Bakıda, Gəncədə,
Sumqayıtda enerji təchizatı uğurla təmin edilmiş
sənaye müəssisələrinin bugünkü
inkişafında, nailiyyətlərində də Həmid
müəllimin əməyi, payı vardır.
Respublikamızın bütün kənd rayonlarında - Şəkidə,
Göyçayda, Qubada, Qəbələdə, Qazaxda, Lənkəranda
və s. ucqar dağ kəndlərində Həmid müəllimin
qəlbinin odunu verdiyi minlərlə evin pəncərələrindən
bu gün də onun bəxş etdiyi işıq seli
süzülür.
Xalid İSMAYILOV,
Dövlət mükafatı laureatı
Azərbaycan.-
2019.- 26 may.- S.8.