Xəzərdən
Adriatik sahillərinə uzanan əməkdaşlıq
körpüsü
"Cənub
qaz dəhlizi"nin rəsmi açılışından bir
il keçir
2018-ci il mayın 29-da Bakı
yaxınlığındakı Səngəçal
terminalında "Cənub qaz dəhlizi”nin rəsmi
açılış mərasimi keçirilmişdir. "Cənub
qaz dəhlizi” Azərbaycan qazının Avropa qitəsinə nəqlini
həyata keçirəcək nəhəng bir layihədir.
Layihə çərçivəsində çəkiləcək
dəhliz dörd mühüm seqmenti birləşdirir.
Bunlar "Şahdəniz”
yatağının işlənməsinin ikinci mərhələsi,
CQBK-nın (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilməsi,
TANAP-ın (Transanadolu Qaz Boru Kəməri) və TAP-ın
(Transadriatik Qaz Boru Kəməri) çəkilişidir.
"Şahdəniz-2”dən qazın əldə olunması və
CQBK-nın genişləndirilməsinin başa
çatdırılması bir il əvvəl layihənin rəsmi
açılışını etməyə imkan
vermişdir.
Növbəti ayda - iyunun 12-də
TANAP da istismara daxil oldu. Bu münasibətlə Türkiyədə,
Əskişəhərdə təntənəli tədbir
keçirildi. Beləliklə, artıq bir ildir üç
seqmenti müvəffəqiyyətlə fəaliyyət göstərən
"Cənub qaz dəhlizi” ilə "Şahdəniz” qazı
nəql edilir. Sonuncu seqment olan TAP-ın çəkilişi
uğurla yekunlaşmaqdadır. Gələn il bu kəmər də
işə düşərək Azərbaycan qazını
Avropaya çatdıracaq.
"Cənub qaz dəhlizi”nin
uzunluğu 3500 kilometrdir. Dəhlizi təşkil edən,
bir-birinə möhkəm "halqa” ilə bağlanan
üç kəmər 1,2 trilyon kubmetr ehtiyata malik
"Şahdəniz” yatağından hasil olunan qazın Avropa
bazarına ötürülməsini təmin edəcək.
Layihə 40 milyard dollar həcmində
dəyərləndirilir.
"Cənub qaz dəhlizi”nin təməli
2014-cü il sentyabrın 20-də - "Əsrin müqaviləsi”nin
20 illik yubileyi günü Səngəçal terminalında
qoyulmuşdur. Layihənin nəhəngliyini nəzərə
alsaq, onun təməlqoyma və açılış mərasimləri
arasındakı vaxt çox qısa olmuşdur. Cəmi 4 ilə
yaxın bir vaxt ərzində qazanılan böyük uğur
- "Cənub qaz dəhlizi”nin işə düşməsi Azərbaycanın
bundan əvvəl həyata keçirdiyi qlobal neft-qaz və
ixrac layihələrinin təcrübəsinə əsaslanır.
Belə ki, Azərbaycan üçüncü minilliyin nəhəng
mühəndis qurğusu olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac
neft kəmərini də təxminən 4 ilə çəkmişdir.
Sonra bu kəmərlə yanaşı "Şahdəniz-1”
qazını Azərbaycanın 13 rayonundan keçməklə
Gürcüstana və Türkiyəyə çatdıran
Bakı-Tbilisi-Ərzurum boru xəttini inşa etmişdir.
Əslində Bakı-Tbilisi-Ərzurum kəməri "Cənub
qaz dəhlizi”nin bünövrəsi, başlanğıcı
rolunu oynamışdır.
"Cənub qaz dəhlizi”nin
açılış mərasimində Prezident İlham
Əliyev demişdir: "2007-ci ildə
Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə
verildi. Bu da çox önəmli layihədir. Bu layihə
olmadan "Şahdəniz” yatağının işlənməsi
mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq
2007-ci ildə Azərbaycan qazı Gürcüstana və
Türkiyəyə nəql edilməyə
başlamışdır... Doğrudan da bunlar tarixi nailiyyətlərdir.
"Şahdəniz” yatağının gələcək
işlənilməsi ilə bağlı addımlar
atılmağa başlanıldı. Əlbəttə, biz
hamımız yaxşı bilirdik ki, böyük həcmdə
Azərbaycan qazını dünya bazarlarına
çıxarmaq üçün qaz kəməri
lazımdır. Beləliklə, "Cənub qaz dəhlizi”nin
yaradılması ilə bağlı praktiki işlərə
start verildi. Çox ciddi işlər, danışıqlar
aparıldı”.
İndi bu işlərin əksəriyyəti
reallığa çevrilib. Avropanın enerji xəritəsini
dəyişdirəcək nəhəng layihə uğurla sona
çatmaqdadır.
Prezident İlham Əliyevin qeyd
etdiyi kimi, bu, Azərbaycanın liderliyi ilə həyata
keçirilən, tarixi əhəmiyyətə malik,
xalqımızın firavan gələcəyini təmin edən,
regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın
möhkəmlənməsinə xidmət göstərən
qlobal layihədir. Dövlət başçısı, bununla
yanaşı, "Cənub qaz dəhlizi”nin beynəlxalq əməkdaşlıq
və tərəfdaşlıq şəraitində
reallaşdığını da dəfələrlə
vurğulamışdır.
"Cənub qaz dəhlizi”nin
icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan,
Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya
iştirak edirlər. Üç Balkan ölkəsi - Bosniya və
Herseqovina, Xorvatiya və Monteneqro da "Cənub qaz dəhlizi”nə
çoxdan maraq göstərirdilər. Azərbaycan bu ölkələrlə
də Avropada enerji sahəsində əməkdaşlığın
genişləndirilməsinə dair anlaşma memorandumu
imzalayıb.
ABŞ digər mühüm enerji
layihələri kimi, "Cənub qaz dəhlizi”nin reallaşmasına
da siyasi və mənəvi dəstək vermiş, hərtərəfli
kömək etmişdir. ABŞ Prezidenti Donald Tramp Azərbaycan
Prezidenti İlham Əliyevə ünvanladığı məktublarda
bildirmişdir ki, bu iki ölkə mürəkkəb regional
çağırışların həlli üçün
birgə işləyərək sıx tərəfdaşlıq
edir.
Nəql olunan təbii
yanacağın 9 Avropa şirkəti tərəfindən
alınması nəzərdə tutulub. Bunlar ingilis-holland
"Shell”, Bolqarıstanın "Bulgargaz”, Yunanıstanın
DEPA, Almaniyanın "Uniper”, Fransanın "Engie”,
İtaliyanın "Hera Trading”, "Edison”, "Enel” və
İsveçrənin AXPO şirkətləridir.
"Cənub qaz dəhlizi” Məşvərət
Şurasının indiyədək beş iclası
keçirilib. Bu tədbirlərin hamısına Azərbaycan
evsahibliyi edib. Cari ilin fevral ayında keçirilən
beşinci toplantıda yuxarıda adları çəkilən
ölkələrlə yanaşı, Böyük Britaniyadan,
Macarıstandan, Rumıniyadan, Serbiyadan, San-Marinodan və
Türkmənistandan olan nümayəndələr də
iştirak etmişlər. Bu, artıq layihənin qlobal
xarakterini və böyük beynəlxalq əməkdaşlıq
platforması üzərində ucaldığını
göstərir. Eyni zamanda, layihəyə maraq göstərən
dövlətlərin sayının getdikcə
artdığını təsdiqləyir.
"Cənub qaz dəhlizi” Azərbaycan
iqtisadiyyatının inkişafında mühüm faktor kimi
çıxış edəcək. Bütün
iştirakçı ölkələrə və şirkətlərə
gəlir gətirəcək. Avropanın enerji təchizatının
şaxələndirilməsində ciddi amil olacaq. Dövlətlər
və xalqlar arasında əməkdaşlığı,
işgüzar əlaqələri inkişaf etdirməklə
yanaşı, regionda təhlükəsizliyin və sabitliyin təmin
olunmasına müsbət təsir göstərəcək.
Flora SADIQLI,
Azərbaycan. - 2019.- 28 may.- S.4.