“Azərbaycanda biz Ermənistanın yeni rəhbərliyinin sağlam düşüncə nümayiş etdirəcəyinə ümid bəsləyirik”

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yerevan ilə Dağlıq Qarabağa dair danışıqlar haqqında

 

Rusiyanın nüfuzlu "Kommersant” qəzetinin 27 may tarixli nömrəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun geniş müsahibəsi dərc olunub. AZƏRTAC müsahibəni təqdim edir.

 

***

 

Ermənistanın hakimiyyət orqanları iddia edirlər ki, qondarma "Dağlıq Qarabağ Respublikası”nın nümayəndələri danışıqlara cəlb edilmədən Dağlıq Qarabağda münaqişənin həlli mümkün deyil. Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov "Kommersant” qəzetinin suallarına yazılı şəkildə cavab verərək bunun nəyə görə mümkün olmadığını, Nikol Paşinyan başda olmaqla Ermənistan hökumətindən Bakının nə gözlədiyini, habelə danışıqlar prosesində nəzərəçarpacaq tərəqqi olmadan xalqlar arasında qarşılıqlı etimadı bərpa etməyin mümkün olub-olmamasını izah edib.

-Ermənistanda hakimiyyətin dəyişməsindən bir il keçib. Nikol Paşinyan hökumətinin Dağlıq Qarabağ məsələsinə daha konstruktiv yanaşacağı barədə Bakının gözləntiləri doğrulubmu?

-İlk növbədə qeyd etmək istərdim ki, Ermənistanın əvvəlki hökumətləri özlərinin bilavasitə beynəlxalq öhdəliklərini yerinə yetirməkdən hər vasitə ilə yayınmağa çalışırdı. BMT-nin üzvü olan Ermənistan həm də bu qlobal təşkilatın nizamnamə müddəaları, beynəlxalq hüququn norma və prinsipləri ilə bağlıdır. Ərazilər tutulması məqsədilə güc tətbiq edilməsinin yolverilməzliyi, ərazi bütövlüyünə hörmət və dövlət sərhədlərinin toxunuzmalığı, beynəlxalq mübahisələrin dinc vasitələrlə həlli və sair tələblərin təsbit olunduğu bu universal ümumi çərçivələrlə yanaşı, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş, Azərbaycan ərazilərinin işğal edilməsi ilə bilavasitə bağlı olan dörd məlum qətnaməsi var. Məlum olduğu kimi, yuxarıda sadalanan bütün prinsiplərin və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin müddəti yoxduronlar imperativ xarakter daşıyır, yəni onlara riayət edilməlidir. Təəssüf ki, Ermənistan Respublikasının rəhbərliyi uzun illər ərzində beynəlxalq birliyin bu birmənalı tələblərinin yerinə yetirilməsi üçün xeyirxah siyasi iradə nümayiş etdirməyib, bu da nəticə etibarilə Yerevanın genişmiqyaslı regional əməkdaşlıqdan təcrid olunmasına, ölkədə durğunluğa və dərin sosial-siyasi böhrana gətirib çıxarıb. Nəticədə sizin xatırlatdığınız hadisələr baş verdiNikol Paşinyanın hökuməti hakimiyyətə gəldi.

Əlbəttə, Azərbaycanda biz müəyyən dərəcədə ümid edirik ki, qonşu ölkənin yeni rəhbərliyi sağlam düşüncə nümayiş etdirəcək, başa düşəcək ki, Ermənistan təcavüz və işğal siyasəti yürütməklə özünü çıxılmaz vəziyyətə salıb və Azərbaycan ilə münasibətlər nizamlanmadan, genişmiqyaslı regional əməkdaşlığa inteqrasiya olunmadan Ermənistanı bu vəziyyətdən xilas etmək qeyri-mümkündür. Biz öz tərəfimizdən müəyyən zaman fasiləsi verdik ki, Ermənistanın yeni siyasi rəhbərliyi danışıqlar prosesinin detalları ilə tanış olsun. Bu keçid dövrü başa çatıb, həm iki ölkənin liderləri səviyyəsində, həm də xarici siyasət idarələrinin rəhbərləri səviyyəsində danışıqlar bərpa olunub. Belə ki, mən bu il ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya, Fransa və ABŞ-ın - "Kommersant”) vasitəçiliyi ilə iki dəfə - yanvar ayında Parisdə və aprel ayında Moskvada erməni həmkarımla (Zoqrab Mnatsakanyanla - "Kommersant”) görüşmüşəm. Bizim görüşümüz Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə üçtərəfli formatda keçdi. Mövcud formatda dialoq məlum gündəlik üzrə aparılır və bu, müəyyən optimizm doğurur.

Bununla bərabər, bəzən praktiki olaraq danışıqlar prosesi çərçivəsində keçirilən görüşlərlə eyni vaxtda Ermənistan tərəfindən heç də birmənalı olmayansiyasi nizamlamanın bütün konstruksiyasına kölgə salan bəyanatlar səslənir. Təəssüf ki, bu bəyanatlar heç də təsadüfi xarakter daşımır və əlbəttə, təşviş doğurur.

Buna görə deyə bilərəm ki, keçən il hadisələrlə zəngin və ziddiyyətli olub. İndi isə biz danışıqlar prosesini irəlilətmək üçün ilk növbədə Ermənistan Respublikasının rəhbərliyi tərəfindən siyasi iradə nümayiş etdirilməsini gözləyirik.

-Siz bu yaxınlarda Parisdə erməni həmkarınızla humanitar əlaqələri nizamlamaq – jurnalistlərin və məhbusların qohumlarının qarşılıqlı səfərlərini təşkil etmək barədə razılığa gəlmisiniz. Bu razılaşmaların reallaşması necə gedir?

-Azərbaycan hər iki tərəfdən saxlanılan şəxslərin "hamının hamıya” prinsipi üzrə mübadilə olunmasını dəfələrlə təklif edib. Saxlanılan şəxslərin və hərbi əsirlərin "hamının hamıya” prinsipi üzrə mübadilə olunması dünya praktikasında qəbul edilmiş ümumi prinsipdiro cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən dəstəklənir.

Biz əminik ki, bu, danışıqlar prosesində daha da irəliləmək və hər iki ölkənin cəmiyyətlərini sülhə hazırlamaq üçün daha əlverişli emosional fon yarada bilər.

Real səfərlərin həyata keçirilməsinə gəldikdə isə, burada ilk növbədə konkret, necə deyərlər ölçülüb-biçilmiş təkliflər istiqamətində işləmək, bunun hər iki cəmiyyət üçün çox həssas mövzu olmasını başa düşmək, başqa sözlə desək, sülhün ziyanına deyil, onun xeyrinə işləmək lazımdır.

-Yerevanda eşitdim ki, 2016-cı ildə Dağlıq Qarabağda münaqişənin əsas səbəbi 2012-ci ildə Ramil Səfərovun (2004-cü ildə erməni zabit Qurgen Marqaryanı öldürmüşöz vətənində qəhrəman olmuş azərbaycanlı hərbçi - "Kommersant”) təltif edilməsi olub. Bunu siz necə şərh edərsiniz?

-Biz qəti əminik və yeri gəlmişkən, praktiki olaraq bütün beynəlxalq birlik də belə hesab edir, bir sıra beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qətnamə və qərarlar da bunu sübut edir ki, problemin əsas səbəbi – dönüş nöqtələri ilə və onlarsız – ermənilər tərəfindən həyata keçirilmiş təcavüz aktları, Azərbaycan ərazilərinin işğal edilməsi və oradakı bütün azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qalması, o cümlədən Dağlıq Qarabağdakı Xocalı şəhərində (1992-ci ildə - "Kommersant”) törədilmiş dəhşətli soyqırımı aktı, erməni hərbçilər tərəfindən bu şəhərin dinc əhalisinin yalnız azərbaycanlı olduğuna görə məhv edilməsi olub.

2016-cı il aprel hadisələrinə gəldikdə isə, onlar əyani şəkildə sübut etdi ki, hazırda mövcud olan, Azərbaycan torpaqlarının işğalına əsaslanan, artıq dediyim kimi qəddar etnik təmizləmələrlə müşayiət olunan status-kvo çox böyük riskdir və istənilən anda mövcud münaqişənin silahlı şəkildə eskalasiyasına gətirib çıxara bilər.

Başqa sözlə desək, bütün problemlərin, o cümlədən müharibənin yenidən başlanması riski ilə atəşkəs rejiminin pozulmasının səbəbi məhz Ermənistan Respublikasının işğalçı qüvvələrinin Azərbaycan Respublikasının işğal edilmişzorla əldə saxlanılan ərazilərində qeyri-qanuni şəkildə olmasının davam etməsidir. Bu səbəbdən yüz minlərlə azərbaycanlı məcburi köçkünlər, o cümlədən Ramil Səfərovun Cəbrayıl rayonundan qovulmuş ailəsi oraya qayıda bilmir.

-Ekspertlər arasında belə bir fikir var ki, ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcək statusu və qaçqınların qayıtması kimi məsələlərin indiki şəraitdə müzakirə edilməsi sadəcə mənasızdır və bu səbəbdən həmin müzakirələri təxirə salmaq, qarşılıqlı etimadın bərpa edilməsi ilə məşğul olmaq lazımdır.

-Mən düşünürəm ki, məhz bunun əksi olmalıdır. Bu qədər insan öz doğma şəhərlərindən və kəndlərindən qovulmuş olduğu halda qarşılıqlı etimadı necə bərpa edə bilərik? Əgər etimadı bərpa etmək üçün göstərilən cəhdlər danışıqlar prosesində real addımlarla və münaqişənin nizamlanması, onun ağır nəticələrinin aradan qaldırılması üçün aşkar siyasi iradə nümayiş etdirilməsi ilə təsdiqlənmirsə, bu cəhdlərin hamısı uğursuzluğa məhkumdur. Buna görə də biz məhz addım-addım nizamlama istiqamətində hərəkət etməliyik, bu hərəkətin başlanğıcı isə işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması və bundan sonra məcburi köçkünlərin oraya qaytarılması olmalıdır. Məhz bu halda etimadın bərpası üçün nəzərəçarpacaq şərait yaranar.

Bir-birinə etimad göstərmək üçün ən azı daim əlaqədə olmaq lazımdır. Məsələn, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun azərbaycanlılar icması tərk etdikləri yurdlarına qayıtmağa və regionun erməni icması ilə birlikdə əlaqələri nizamlamağa, etimadı bərpa etməyə və sülhü qaytarmağa hazırdır.

-Sizin erməni həmkarınız danışıqların formatına qondarma "Dağlıq Qarabağ Respublikası”nın hakimiyyət orqanlarının daxil edilməsi zərurətini əsaslandırmaq üçün bəyan edib ki, onlar Yerevana tabe deyildir, yəni Yerevan sizinlə Zoqrab Mnatsakanyanın danışıqlarda əldə edə biləcəyiniz hipotetik qərarı onlara zorla qəbul etdirə bilməz. Siz bu arqumentə necə cavab verə bilərsiniz?

-Bəs siz Yerevanda soruşmadınız ki, Ermənistan Respublikasının ali siyasi rəhbərliyinin bəzi nümayəndələrinin oğlanları müddətli hərbi xidməti harada keçirlər? Bu ölkənin indiki prezidentibaş naziri tez-tez haraya gedirlər? Sizin xatırlatdığınız oyuncaq qurumun büdcəsi əsasən kimin vergi ödəyiciləri hesabına formalaşır?

Hər şey çox sadədir – münaqişə tərəfi kimi Ermənistan Respublikasının tərəf-müqabili Azərbaycan Respublikasıdır. Bu format Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli qərarı ilə təsdiq edilib. Reallıq belədir. Bütün qalan məsələlər ya yozumdur, ya da uydurma bəhanələr altında nizamlama prosesini uzatmaq cəhdləridir.

-Nikol Paşinyan bu yaxınlarda bəyan edib ki, o, danışıqlar prosesini uzatmaqya tormozlamaq niyyətində deyil. Bu barədə siz nə fikirləşirsiniz?

-Biz belə yanaşmanı yalnız dəstəkləyə bilərik. Azərbaycan münaqişənin tezliklə nizamlanmasında birmənalı olaraq maraqlı tərəfdir. Biz hələ də ümid edirik ki, münaqişəni məhz danışıqlar yolu ilə nizamlamaq mümkündür.

Fikrimcə, erməni tərəfi də bunda maraqlı olmalıdır. Axı münaqişənin uzanması erməni xalqına da saysız-hesabsız iztirablar gətirib. Azərbaycan ərazilərinin tutulması və bütün bu illər ərzində onların işğalının davam etdirilməsi Ermənistana hər hansı nəzərəçarpacaq dividendlər gətirməyib. Əvəzində bu, yoxsulluq səviyyəsinin, işsizliyin artmasına, əhalinin ölkədən kənara axmasına və böhranın digər təzahürlərinə gətirib çıxarıb. Necə deyərlər, siyasətçi seçkilər haqqında, dövlət lideri isə gələcək nəsillər haqqında düşünür.

Əgər erməni tərəfinin məqsədi münaqişəni nizamlamaqdırsa, o, lüzumsuz bəhanələr axtarmaq əvəzinə birmənalı şəkildə siyasi iradə nümayiş etdirməli və bu istiqamətdə praktiki addımlar atmalıdır. Biz isə öz tərəfimizdən bu cür yanaşmanı hərtərəfli alqışlayacağıq, bu yanaşmanı təkcə bəyan etmək yox, həyata keçirmək lazımdır.

 

Azərbaycan.- 2019.- 28 may.- S.5.