Azərbaycanın Xarici İşlər
nazirinin müavini
gürcüstanlı həmkarının fikrinə münasibət
bildirib
Gürcüstanın Xarici İşlər nazirinin müavini Laşa Darsaliya Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların son iclasında müzakirə olunan məsələləri şərh edərkən deyib: "İclasda biz status-kvonun hər hansı şəkildə dəyişilməsi barədə təsəvvürün meydana gəlməsinə xidmət edən addımların atılmamasının vacibliyi məsələsini qaldırdıq”.
AZƏRTAC xəbər verir ki, bununla bağlı KİV-lərin sualını cavablandıran Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib: "Beynəlxalq hüquqa əsasən, SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası və Gürcüstan avtomatik olaraq aralarında mövcud olan əvvəlki inzibati sərhədlərin varisi olublar. Sonradan bu sərhədlər dövlət sərhədləri oldu və iki ölkənin sərhəd xidmətlərinin nəzarəti altına keçdi. "Keşikçidağ" hissəsində sərhəd həmişə olub və o, Azərbaycan və Gürcüstan sərhəd xidmətləri tərəfindən qorunurdu və qorunmaqda davam etdirilir.
Gürcüstanlı zəvvarların
"Keşikçidağ” qoruğunun ərazisində yerləşən
mağaralara keçidləri gürcü tərəfinin xahişinə və
qarşılıqlı razılaşmaya əsasən Azərbaycan
sərhədçilərinin nəzarəti altında
gerçəkləşirdi. Belə vəziyyət bu gün də davam edir. Öz
ərazisində bəzi təsərrüfat və ya digər işlərin həyata keçirilməsinə
gəldikdə isə, bu, hər bir tərəfin suveren hüququdur”.
Azərbaycan.-
2019.- 28 may.- S.5.