Heydər Əliyev
Mərkəzində “Tarixin
şah əsərləri”
adlı sərgi açılıb
Mayın 27-də Heydər Əliyev Mərkəzində Gürcüstan
Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından
ibarət "Tarixin şah əsərləri”
adlı sərginin açılış mərasimi
keçirilib.
AZƏRTAC xəbər
verir ki, açılış mərasimində
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Tədbirdə Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
İctimai-siyasi məsələlər
şöbəsinin sektor
müdiri Fuad Axundov çıxış
edərək sərginin
əhəmiyyətindən danışıb. Qeyd edib ki, beş il əvvəl Gürcüstan
Milli Muzeyində Azərbaycana aid minlərlə
tarixi, mədəni artefaktın olduğu məlum oldu. Bununla əlaqədar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi və qərara gəlindi ki, bu materiallar
əsasında möhtəşəm
sərgi təşkil
olunsun.
Sərginin təşkilinə
görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirən Fuad Axundov bu işin
ərsəyə gəlməsində
Mədəniyyət Nazirliyinin
və Gürcüstan
Milli Muzeyinin birgə xeyli iş gördüyünü
diqqətə çatdırıb.
"Sərgidə nümayiş olunan şəkillərin böyük
bir qismi bərpa edilib. Gürcüstanın Milli Muzeyi yaranan gündən bu artefaktları toplayaraq günümüzədək
qoruyub saxlayıb.
Buna görə gürcüstanlı həmkarlarımıza
təşəkkürümü bildirirəm”, - deyə o qeyd edib.
Gürcüstan Milli Muzeyinin baş direktoru, akademik David Lordkipanidze bildirib ki, sərgidə
nümayiş olunan qədim sənət nümunələrini Azərbaycan
sənətçilərinin şah əsəri hesab etmək olar. O, sərginin tamaşaçıların
rəğbətini qazanacağına
əminliyini ifadə edib.
Diqqətə çatdırılıb ki,
oktyabrın 6-dək davam
edəcək sərgidə
300-dək eksponat təqdim
edilir. Üç bölmədə Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim Azərbaycan incəsənəti, İrəvan
xanlığının Sərdar
sarayı kompleksindən
məişət əşyaları
və rəsm əsərlərinin kolleksiyası
və rus fotoqraf Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər
nümayiş olunur.
Sərgidə Qacarlar epoxasına aid qədim incəsənət
nümunələrinin əksəriyyəti
Fətəli şah dövrünə aid dünyaca
məşhur yağlı
boya rəsmləri, miniatürlər, keramika,
metal məmulatları, tekstil
və xalçalarla təqdim edilir. Təsvirin gücünü
yaxşı bilən Fətəli şah nüfuzunu və nailiyyətlərini nümayiş
etdirmək üçün
memarlıq, rəsm və dekorativ sənətdən geniş
istifadə edirdi.
Sərgidə Fətəli şahın
özünün portreti
də yer alıb.
Ekspozisiyada, həmçinin Azərbaycan
panno rəngkarlığının
banisi, Azərbaycan təsviri incəsənətinə
böyük təsir göstərmiş ornament və
portret ustası Mirzə Qədim İrəvaninin XIX əsrə
aid yağlı boya ilə işlənmiş altı əsəri sərgilənir. Ermənistan tərəfindən məhv edilmiş İrəvan xanlığının
sarayından qalan nadir
rəsm əsərlərində
Şah Qacar, İrəvan hökmdarları
və Şərq eposlarının qəhrəmanları
təsvir olunub.
Mirzə Qədim İrəvani tikmə üçün olan trafaret rəsmləri,
divar naxışları,
zərgərlik məmulatları,
lakla çəkilmiş
rəsm əsərləri
və şüşə
rəssamlığı ilə
tanınır. XIX əsrin
ortalarında İrəvan
xanlığının Sərdar
sarayının salamat
qalmış orijinal əsərlərini, həmin
saray kompleksinin məscid və sarayının dekorunda işlədilən plitələri
yenidən boyamış
şəxs məhz o olub.
Qeyd edilib ki, Sərdar sarayının arxeoloji qalıqları arasında
İrəvan xanlığı
və müasir Ermənistan ərazisində
yaşamış Azərbaycan
xalqına məxsus ənənəvi kostyum və əşyalar, eləcə də mebel nümunələri, vazalar və digər gündəlik həyat atributlarından ibarət etnoqrafik kolleksiya da ekspozisiyada
təqdim olunur. Bu eksponatlarla tanışlıq
o dövrün həyat
və məişət
mənzərəsini daha
aydın təsəvvür
etməyə imkan verir, sarayın memarlıq üslubunu nümayiş etdirir.
Sərgidə hərbi topoqraf kimi çalışan, sonra isə 1877-1878-ci illərdə Rusiya-Osmanlı
müharibəsində iştirak
etmiş D.Yermakovun fotoşəkillərindən ibarət
kolleksiya da təqdim olunur. Müharibədən sonra Yermakov Tiflisdə foto işi ilə məşğul olub, Qafqaz bölgəsinə səyahətlər edib və bir sıra
arxeoloji ekspedisiyalarda fəaliyyət göstərib.
O, İrəvan qalasının
nadir tikililəri - Sərdar
Sarayı, məscidlər,
karvansara və İrəvan şəhərinin
tarixi mərkəzini təşkil etmiş orta əsrlərə aid digər binaların məhv edilməsi prosesini təfərrüatları
ilə göstərən
fotoşəkillər silsiləsini
yaradıb.
Tədbir çərçivəsində,
həmçinin Gürcüstan
Milli Muzeyinin baş kuratoru, tarixçi professor Eldar Nadiradzenin "İrəvan
xanlığı: tarixi
və mədəni profili” kitabının təqdimatı keçirilib.
Kitabın müəllifi,
professor Eldar Nadiradze nəşr haqqında fikirlərini bölüşüb. Bildirib ki,
Azərbaycan, ingilis və rus dillərində
nəşr olunan kitabda İrəvan xanlığının tarixi,
hökmdarları, İrəvan
qalası uğrunda aparılan döyüşlər,
xanlığın Azərbaycan
tarixində oynadığı
rol barədə müfəssəl məlumatlar
əksini tapıb.
Kitabda İrəvan xanlığının
tarixindən bəhs edən foto və rəsm əsərləri, Gürcüstan
Milli Muzeyində saxlanılan nadir eksponatların
şəkilləri yer
alıb.
Daha sonra tədbir iştirakçıları
sərgi ilə tanış olublar.
Azərbaycan. - 2019.- 28 may.- S.7.