Azərbaycanın reallaşdırdığı layihələr
bir çox ölkələrin də enerji təhlükəsizliyini
təmin edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq "Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın "ITE Group Plc” şirkətinin baş məsləhətçisi Endryu VUD çıxış edərək dedi:
- Zati-aliləri, cənab Prezident.
Xanımlar və cənablar.
Bakıda keçirilən 26-cı sərginin Təşkilat Komitəsinin adından danışmaqdan məmnunam. Bizim burada keçirdiyimiz sərgi və konfrans ilk tədbirdən indiyədək əldə olunmuş möhtəşəm nailiyyəti nümayiş etdirir. Bir çoxları kimi hər dəfə Bakıya gələndə təkcə neft və qaz sənayesindəki inkişaf deyil, - sözsüz ki, bu inkişaf nəhəngdir, - həm də bütün ölkədəki böyük inkişaf məndə dərin təəssürat yaradır. Biz bu gözəl sərginin təşkilinə göstərdiyi köməyə görə SOCAR və Energetika Nazirliyinə minnətdarıq. Düşünürəm ki, bu il buraya gələn şirkətlərin dörddəbirinin yeni olması sərginin uğurunun göstəricisidir. Sizin hamınıza böyük uğur və səmərəli fəaliyyət arzulayıram. Çıxış üçün cənab Prezidenti tribunaya dəvət edirəm.
***
Dövlətimizin başçısı açılış mərasimində nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
-Hörmətli xanımlar və cənablar.
Əziz dostlar.
Bu gün Xəzər Neft-Qaz Sərgisi öz işinə başlayır. Bu münasibətlə sizi təbrik edirəm. Bu, çox əlamətdar hadisədir. Bu sərgi dünya miqyasında çox önəmli beynəlxalq tədbirlərdən biridir.
Bu sərgi 26-cı dəfədir keçirilir və sərgiyə maraq azalmır. Çünki bu il sərgidə 30-dan çox ölkədən 300-ə yaxın şirkət iştirak edir və bu, çox gözəl göstəricidir. İyirmi altı il ərzində sərgi dünyanın neft şirkətlərinin diqqətini cəlb edir. Bu, onu göstərir ki, Azərbaycanın neft-qaz resursları bu gün və gələcəkdə xarici şirkətlər üçün böyük maraq kəsb edəcək.
Mən birinci sərgini xüsusilə qeyd etmək istərdim. 1994-cü ildə keçirilmiş birinci sərgi Azərbaycanı dünyaya təqdim etdi, Azərbaycanın zəngin neft-qaz resursları haqqında dünyaya məlumat verdi. Çünki o vaxt Azərbaycan haqqında məlumat çox məhdud idi, bizim ölkəmiz gənc müstəqil dövlət idi, müstəqilliyinin ilk illərini yaşayırdı. Əlbəttə, dünyada, xüsusilə neft-qaz aləmində Azərbaycanın potensialı haqqında məlumat demək olar ki, yox idi. Sərginin keçirilməsi, Azərbaycana diqqətin cəlb edilməsi gələcəkdə Azərbaycanın neft-qaz sektorunun inkişafı üçün çox önəmli rol oynadı. Mən bunu nəzərə alaraq sərginin iştirakçılarına bir daha minnətdarlığımı bildirmək istəyirəm. Çünki onların bu qərarı, Bakıda bu sərginin keçirilməsi və ondan sonra uzun illər ərzində bizimlə əməkdaşlıq etmələri, əlbəttə ki, təqdirəlayiq bir haldır.
1994-cü ildə ilk sərgi keçiriləndə ölkəmizdə vəziyyət tam fərqli idi. Azərbaycan çox ağır iqtisadi vəziyyətdə idi, siyasi müstəvidə sabitlik təzə-təzə bərpa edilmişdi. Çünki müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçmişdir. Vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, iqtisadi, siyasi böhran demək olar ki, ölkəmizin inkişafına böyük zərbə vurmuşdu, ölkəmizin inkişafı ilə bağlı aydın təsəvvür yox idi. Əlbəttə, zəngin neft-qaz resurslarına malik olan ölkə üçün yeganə çıxış yolu sabitliyin bərpası və neft resurslarından səmərəli istifadə edilməsi idi ki, sərmayə qoyuluşu gəlsin və ölkəmizin iqtisadi potensialı artsın. 1994-cü ildə sərgidən yaranan mənfəət, o cümlədən siyasi mənfəət bu gün də bizə imkan verir ki, həm neft-qaz sektorumuzu, eyni zamanda, ümumiyyətlə ölkəmizi inkişaf etdirək.
Müasir neft siyasətimiz Heydər Əliyevin adı ilə bağlıdır. Çünki məhz o, Azərbaycan rəhbərliyinə gələndən sonra ölkəmizdə vəziyyət sabitləşdi, Azərbaycan inkişaf yoluna qədəm qoydu və xarici investorlar bizə inandı. Çünki o vaxt bu inam əsas şərt idi. Bu inam olmasaydı, Azərbaycana heç kim böyük sərmayə qoymazdı. Çünki Azərbaycan o vaxt çox riskli bir ölkə kimi tanınırdı və investorları buraya cəlb etmək üçün böyük səylər göstərilmişdir. 1994-cü ilin sentyabr ayında "Azəri-Çıraq-Günəşli” neft yataqları üzrə imzalanmış kontrakt demək olar ki, bizim inkişafımıza çox böyük təkan verdi. Təsadüfi deyil ki, bu kontraktın miqyasına və əhəmiyyətinə görə ona "Ərsin kontraktı” adı verilmişdir. "Əsrin kontraktı”nın imzalanmasından sonra Azərbaycana böyük həcmdə sərmayə qoyuluşu başlamışdır və eyni zamanda, ondan sonra digər kontraktlar da imzalandı. "Əsrin kontraktı”nın çox böyük əhəmiyyəti var. Bu gün də bu əhəmiyyət kifayət qədər böyükdür. İki il bundan əvvəl kontraktın müddəti uzadıldı, 2050-ci ilə qədər bu kontrakt qüvvədə olacaq. Yəni, bu, o deməkdir ki, Azərbaycanın neft-qaz resursları, eləcə də "Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılacaq neft-qaz bundan sonra da uzun illər ərzində Azərbaycan xalqına, dövlətinə xidmət göstərəcək.
Onu da bildirməliyəm ki, sərginin "Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış Sazişə də çox böyük dəstəyi olmuşdur. Çünki o Saziş məhz 1996-cı ildə keçirilmiş sərgi zamanı imzalanmışdır. O vaxt "Şahdəniz” yatağına xarici investorları cəlb etmək o qədər də asan məsələ deyildi. Çünki xarici şirkətlərin əsas hissəsi neft yataqlarına daha böyük maraq göstərirdi. Çünki mənfəət baxımından əlbəttə ki, bu, daha cəlbedicidir. Qaz yataqlarına isə maraq o qədər də böyük deyildi. O vaxt bütövlükdə qaz amili enerji təhlükəsizliyi baxımından o qədər də böyük əhəmiyyət kəsb etmirdi. Buna görə "Şahdəniz” yatağı üzrə imzalanmış kontraktın da ölkəmiz üçün çox böyük faydası oldu və bu gün biz bunun xeyrini görürük. Çünki bu gün "Şahdəniz”dən çıxarılan qaz həm daxili bazara göndərilir, eyni zamanda, bizim ixrac potensialımızı artırır. "Şahdəniz” bu gün Cənub Qaz Dəhlizinin resurs bazasıdır. Məhz "Şahdəniz” yatağının mövcudluğuna, yatağın işlənilməsinə görə bu gün nəhəng Cənub Qaz Dəhlizi layihəsi icra edilir.
"Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqları üzrə imzalanmış kontraktlar tarixi əhəmiyyət daşıyır. Ondan sonra da kontraktlar imzalanmışdır. Onların bəzilərinə xitam verildi. Çünki biz beynəlxalq təcrübədə də kifayət qədər tez-tez bu vəziyyətlə rastlaşırıq ki, qazma işləri aparılır, amma kifayət qədər mənbə aşkar olunmur. Amma yenə də deyirəm, "Şahdəniz” və "Azəri-Çıraq-Günəşli” bizim neft-qaz sektorumuzun əsas hissəsini təşkil edir.
Əlbəttə ki, növbəti mərhələdə neft-qaz kəmərlərinin tikintisi məsələsi gündəliyə çıxmışdır və bu məsələ də uğurla həll olundu. Hesab edirəm ki, bu da tarixi layihədir. 2006-2007-ci illərdə nəhəng neft-qaz kəmərlərinin istifadəyə verilməsindən sonra Azərbaycanın böyük ixrac imkanları olmuşdur və Xəzər dənizindən çıxarılan neft-qaz həm daxili bazara, həm də ki, xarici bazarlara göndərilməyə başlanılmışdır.
"Əsrin kontraktı”nın əhəmiyyəti, eyni zamanda, onda idi ki, ilk dəfə olaraq Xəzər dənizinə xarici neft şirkətləri dəvət olundu və onlar Xəzər dənizinin zəngin neft-qaz yataqlarının işlənilməsi ilə məşğul olmağa başladılar. İxrac neft-qaz kəmərlərinin tikintisindən sonra əlbəttə ki, Azərbaycan yeni mərhələyə qədəm qoydu və digər yataqlar üzrə danışıqlar aparılmağa başlanmışdır. Onların bir neçəsi artıq qüvvədədir və hesab edirəm ki, yaxın illərdə biz yeni yataqlardan enerji resurslarımızı hasil edəcəyik.
Cənub Qaz Dəhlizinin
reallaşması tarixi hadisədir. Bu, nəhəng
infrastruktur layihəsi həm ölkəmiz, həm də digər
ölkələr üçün böyük əhəmiyyət
daşıyır. Cənub Qaz Dəhlizinin
reallaşması üçün bir çox önəmli
addımlar atılmışdır və əlbəttə ki,
burada beynəlxalq əməkdaşlıq xüsusi yer tutur.
Çünki əgər genişmiqyaslı beynəlxalq
əməkdaşlıq olmasaydı, bu nəhəng layihəni
icra etmək mümkün olmazdı. 2012-ci
ildə Azərbaycan ilə Türkiyə arasında
imzalanmış TANAP layihəsi Cənub Qaz Dəhlizinin önəmli
hissəsidir. Keçən il -
düz bir il bundan əvvəl mayın 29-da Səngəçal
terminalında Cənub Qaz Dəhlizinin rəsmi
açılışı olmuşdur. Beləliklə,
bu böyük layihənin icrası istiqamətində
çox önəmli addımlar atılmışdır.
Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi dörd hissədən
ibarətdir. Onlardan üçü
artıq reallaşıb, dördüncü layihə də
uğurla icra edilir. Keçən il
TANAP-ın istifadəyə verilməsindən sonra Azərbaycan
öz qaz resurslarını xarici bazarlara daha böyük həcmdə
ixrac etməyə başlamışdır. Beləliklə,
Cənub Qaz Dəhlizinin reallaşması üçün
çox önəmli şərait yaradılmış və
addımlar atılmışdır.
Azərbaycan bir çox
xarici enerji şirkətləri ilə uğurlu əməkdaşlıq
aparır və bu əməkdaşlığın
böyük tarixçəsi var. Hər bir şirkətlə
əməkdaşlıq aparmaq bizim üçün çox
önəmlidir, ancaq mən xüsusilə BP şirkətini
qeyd etmək istərdim. Çünki BP şirkəti bizim strateji
tərəfdaşımızdır, strateji investordur. Biz 25 ildir ki, əməkdaşlıq edirik. Bu əməkdaşlıq həm ölkəmiz, həm
də şirkət üçün çox uğurludur.
Hesab edirəm ki, bu əməkdaşlıq
nümunəvi xarakter daşıyır və bu əməkdaşlığın
gözəl gələcəyi var. Çünki qeyd etdiyim
kimi, təkcə "Azəri-Çıraq-Günəşli”
yatağı üzrə işlər ən azı 2050-ci ilə
qədər aparılacaqdır. "Şahdəniz”
qaz-kondensat yatağının işlənilməsi də
bundan sonra onilliklər ərzində aparılacaqdır. Beləliklə, bizim strateji tərəfdaşlığımızın
çox gözəl perspektivləri vardır.
Biz bu layihələri əlbəttə
ki, o cümlədən xarici maliyyə resurslarının
hesabına icra etdik. Həm öz vəsaitimizi qoyduq, eyni
zamanda, beynəlxalq maliyyə qurumlarından kredit şəklində
vəsait aldıq. Bu münasibətlə
bu qurumların Azərbaycana dəstəyi haqqında
danışmaq istərdim. Dünya Bankı, Avropa Yenidənqurma
və İnkişaf Bankı, Asiya İnkişaf Bankı,
Avropa İnvestisiya Bankı – dünyanın bu aparıcı
maliyyə qurumları Cənub Qaz Dəhlizinin
reallaşmasına öz maliyyə vəsaitini ayırıb və
beləliklə, layihənin icrası üçün
çox önəmli dəstək vermiş olublar. Eyni zamanda, bu kreditlərin ayrılması Azərbaycanın
uğurlu gələcəyinə inamın təzahürüdür.
Biz bu layihənin həyata
keçirilməsi üçün Avropa İttifaqı ilə
əməkdaşlıq aparırıq. 2011-ci ildə
Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz
Dəhlizi ilə əlaqədar Birgə Bəyannamə qəbul
edilmişdir. Bizim təşəbbüsümüzlə
hər il Bakıda Cənub Qaz Dəhlizinin
Məşvərət Şurası keçirilir. Bu ilin fevral ayında 5-ci toplantı
keçirilmişdir. Bu toplantılarda həm
görülmüş işlərə yekun vurulur, eyni zamanda,
ən önəmlisi odur ki, görüləcək işlər
haqqında danışılır. Əlbəttə,
biz əminik ki, bu nəhəng layihənin uğurla icra edilməsinə
nail olacağıq. Çünki bu gün
həm beynəlxalq əməkdaşlıq baxımından, həm
də maliyyə resursları baxımından bu layihənin
reallaşması üçün heç bir problem qalmır.
Mən bir qədər əvvəl
beynəlxalq əməkdaşlıq haqqında fikirlərimi
bildirdim. Bir daha demək istəyirəm, çünki belə
nəhəng layihələri biz ancaq beynəlxalq əməkdaşlıq
çərçivəsində həll edə bilərik.
Çünki əgər o olmasa, o layihələri
icra etmək mümkün olmaz. Neft-qaz kəmərləri,
investisiya qoyuluşu, beynəlxalq maliyyə qurumlarının
iştirakı və əlbəttə ki, birgə səylərimiz
nəticəsində biz buna nail ola
bilmişik. Hesab edirəm ki, Azərbaycan bu məsələ
ilə bağlı istədiyinə tam nail
ola bildi.
Sirr deyil ki, bu gün enerji təhlükəsizliyi
məsələləri böyük əhəmiyyət
daşıyır. Enerji təhlükəsizliyi məsələləri
ölkələrin milli təhlükəsizliyi məsələləridir.
Bu baxımdan Azərbaycan tərəfindən
reallaşan və bizim təşəbbüsümüzlə
həyata keçirilən layihələr həm ölkəmizin,
həm də bir çox ölkələrin enerji təhlükəsizliyini
təmin edir. Bu gün Azərbaycan nefti və
qazı dünya bazarlarına müxtəlif yollarla ixrac edilir.
Enerji təhlükəsizliyi və enerji
resurslarının şaxələndirilməsi məsələləri
bu gün çox böyük əhəmiyyət
daşıyan məsələlərdir. Ölkəmizin
bu sahədəki rolu qiymətləndirilir. Azərbaycan bu məsələlərlə
bağlı ardıcıl və uğurlu siyasət aparır.
Ölkə iqtisadiyyatı
üçün bu layihələrin çox böyük əhəmiyyəti
var. Çünki təsəvvür edin, əgər
1994-cü ildə "Əsrin kontraktı” imzalanmasaydı və
Azərbaycan öz zəngin neft-qaz resurslarını dünya
bazarlarına ixrac etməsəydi, bizim iqtisadi vəziyyətimiz
tam fərqli ola bilərdi. Ona
görə bu layihələr ölkə iqtisadiyyatına
çox böyük təkan vermişdir. Azərbaycanda
biznes mühitinin yaxşılaşdırılması, kadr
hazırlığı üçün yeni imkanlar
yaradılmışdır. Bu gün Azərbaycanda
fəaliyyət göstərən xarici şirkətlərdə
və neft-qaz əməliyyatlarında iştirak edənlərin
mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.
Gözəl təlim və təhsil
almış gənc Azərbaycan mütəxəssisləri bu
gün ölkəmiz üçün çox böyük
işlər görürlər. Kadr
hazırlığı, biznes mühitinin
yaxşılaşdırılması, beynəlxalq əməkdaşlıq
– bütün bunlar bu layihələrin nəticəsində
mümkün olmuşdur və ölkəmizə böyük
fayda vermişdir.
Dövlət Neft Fondunun
yaradılması və Dövlət Neft Fondunun xətti ilə
ən vacib məsələlərin həlli – bu da uğurlu
neft siyasətimizin nəticəsində olmuşdur. Yüzdən
çox köçkün şəhərciyi Dövlət
Neft Fondunun xətti ilə inşa edilmişdir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi
və infrastruktur layihələrinə investisiya qoyuluşu da
məhz bu layihələrlə bağlıdır. Biz son illər ərzində əsas infrastruktur layihələrimizi
icra etdik və bu istiqamətdə işlər davam etdirilir.
Həm yol tikintisi, həm qazlaşdırma, həm
də elektrik enerjisi ilə bağlı olan məsələlər
Azərbaycanda uğurla icra edilir. Qazlaşdırma
95 faizə çatıb. Əgər kifayət
qədər qaz resurslarımız olmasaydı, bu,
mümkün olmazdı. Yəni, bu layihələrin
icrası və ümumiyyətlə, Azərbaycanın əsası
Heydər Əliyev tərəfindən qoyulmuş neft
strategiyasının icrası tamamilə yeni bir vəziyyət
yaratmış və ölkəmiz sürətlə
inkişaf etməyə başlamışdır. Biz neftdən əldə edilən gəlirləri
qeyri-neft sektorunun inkişafına, insan kapitalına qoymağa
başlamışıq. Üç mindən
çox məktəb, 600-dən çox tibb
ocağının tikilməsi, yeniləşən infrastruktur,
sosial layihələrin, vətəndaşların sosial problemlərinin
həlli – bütün bunların təməlində bizim
uğurlu neft siyasətimiz dayanır. Bu
gün isə ölkə qarşısında duran əsas vəzifə
neft-qaz amilindən asılılığı azaltmaq və
qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bu
istiqamətdə də önəmli addımlar atılır.
Dünya Bankının son hesabatında biznes
mühitinə görə Azərbaycan dünya miqyasında
25-ci yerdədir. Yəni, bu, onu göstərir
ki, biz bu gün iqtisadiyyatın şaxələndirilməsi
istiqamətində çox önəmli addımlar
atırıq. Eyni zamanda, bilməliyik ki,
neft-qaz sektoru bundan sonra da ölkə iqtisadiyyatında
çox önəmli rol oynayacaqdır.
Mən bu gün Azərbaycan
neftçilərinin əməyini qeyd etmək istərdim. Azərbaycanda
neftçi peşəsi həmişə böyük hörmətə
malik olub, bu gün də bu, belədir. Azərbaycan
neftçiləri ölkəmizin uğurlu inkişafı
üçün çox böyük işlər
görürlər, qəhrəmanlıq göstərirlər,
ağır şəraitdə, dənizdə ölkəmizin
qüdrətini artırırlar.
Bugünkü Azərbaycan
reallıqları onu göstərir ki, biz düzgün
yoldayıq. 1994-cü ildə başlanmış və uğurla
davam etdirilən neft-qaz siyasətimiz bu gün Azərbaycanın
reallıqlarını şərtləndirən əsas amillərdən
biridir. Bu gün Bakı şəhəri
dünyanın ən gözəl şəhərlərindən
biridir. Biz regional inkişaf
proqramını uğurla icra edirik. Əlbəttə,
bundan sonra da çalışmalıyıq ki, büdcəmizi
daha çox qeyri-neft sektorunun hesabına təmin edək və
buna yaxınlaşırıq. Ancaq onu da
bilməliyik ki, neft-qaz sektoru bizim üçün prioritet
sektor olaraq qalacaqdır.
Mən sərginin
keçirilməsi münasibətilə sizi bir daha təbrik
etmək istəyirəm. Sərginin təşkilatçılarına
təşəkkürümü bildirmək istəyirəm.
Sərgiyə uğurlar arzulayıram.
Sağ olun.
***
Sonra ABŞ Dövlət Departamentinin
enerji ehtiyatları bürosunda dövlət katibi köməkçisinin
birinci müavini Kent LOQSDON
çıxış etdi:
-Sabahınız xeyir Prezident
Əliyev.
Baş nazir Məmmədov,
energetika naziri Şahbazov.
Nazirlər, səfirlər,
xanımlar və cənablar.
Artıq 26-cı ildir ki,
keçirilən bu tədbirdə Azərbaycanın qlobal
enerji bazarına verdiyi töhfələri qiymətləndirmək
üçün ölkəyə yenidən qayıtmaq məndə
məmnunluq hissi oyadır. Əlbəttə ki,
Azərbaycan "Cənub Qaz Dəhlizi” layihəsi üzrə
sabit tərəqqiyə nail olub. Bu layihə
Avropanın enerji təhlükəsizliyini artıracaq, Azərbaycan
və tranzit ölkələr üçün yeni və
etibarlı uzunmüddətli gəlir mənbəyi
olacaqdır. Həmçinin Şərqi
Aralıq dənizi regionundan, Mərkəzi Asiyadan və Avropa
enerji bazarından olan digər ölkələrdən yeni təchizatçıların
qoşulması ilə bu layihəni genişləndirmək də
olar. Mən Prezident Əliyevi və onun
qeyd etdiyi kimi, gərgin əməyi sayəsində bu əlamətdar
nailiyyətin arxasında duran bütün ölkələri və
şirkətləri təbrik edirəm. Amerika Birləşmiş
Ştatları 10 il bundan əvvəl layihə
ilə bağlı təşəbbüs irəli
sürüləndə ona güclü dəstək göstərmişdir.
Biz bu layihənin Avropanın enerji təchizatının
şaxələndirilməsində mühüm rol oynaya biləcəyini
və eyni zamanda, Xəzər regionuna daha böyük iqtisadi əməkdaşlığın
faydalarını gətirə biləcəyini
anlayırıq. Bu layihənin genişləndirilməsi
üçün birlikdə
çalışdığımız müddətdə və
gələcək illərdə ona güclü dəstək
olmağa davam edəcəyik. Biz Azərbaycanın
enerji resurslarının inkişafını və dünya
bazarlarına çıxışını dəstəkləyirik.
Hökumətimizin ən yüksək dairələrində
Azərbaycanın suverenliyinə və müstəqilliyinə
dəstəyimizi nümayiş etdirmək üçün
indi ABŞ Prezidenti Donald Trampın Azərbaycan
Respublikasının Prezidenti, Zati-aliləri İlham Əliyevə
ünvanladığı məktubu oxumaq istəyirəm.
Kent Loqsdon Prezident Donald
Trampın məktubunu oxudu.
***
Daha sonra Böyük
Britaniyanın beynəlxalq ticarət üzrə dövlət
katibi Liam FOKSUN videomüraciəti
təqdim olundu. Videomüraciətdə deyilir:
-Zati-aliləri Prezident Əliyev.
Hörmətli qonaqlar,
xanımlar və cənablar.
Sizin hamınızı Londondan
salamlamaqdan çox məmnunam və mən şəxsən
sizinlə birgə ola bilmədiyimə
görə çox təəssüflənirəm.
1994-cü ildə
imzalanmış "Əsrin müqaviləsi”nin 25-ci
ildönümünü qeyd etdiyimiz bir vaxtda bugünkü tədbir
ölkələrimiz üçün xüsusi əhəmiyyət
kəsb edir. Bu, həmçinin Böyük Britaniyanın Azərbaycana
ilk investisiya yatırmasının təcəssümüdür.
Bu investisiya ölkənin öz enerji müstəqilliyini
təmin edən müasir və mütərəqqi dövlətə
çevrilməsinə kömək edib. Neft
və qaz sənayesi Böyük Britaniyanın Azərbaycanla
ticarət əlaqələrində təməl daşı
olaraq qalır. "Əsrin müqaviləsi”
imzalanandan indiyədək biz birlikdə böyük mənfəət
əldə etmişik. Onun müddətinin
2050-ci ilədək uzadılması bizim
paylaşdığımız etimadın və BP-nin rəhbərlik
etdiyi konsorsiumla Azərbaycan hökuməti arasında
qarşılıqlı faydalı əməkdaşlığın
sübutudur. Əməkdaşlığımızın
dərinləşməsi hər iki ölkəyə yalnız
əlavə iqtisadi mənfəət gətirə bilər.
Biz birlikdə uğurlu tərəfdaşlıq
və gələcək üçün möhkəm təməl
yaratmışıq. Böyük
Britaniyanın Azərbaycana investisiya yatırması təkcə
dollar gəlirləri demək deyil, həm də Azərbaycanın
yerli neft və qaz ehtiyatlarının, bacarıqların və
dünya standartlarına cavab verən infrastrukturun
inkişafına investisiya yatırılması deməkdir.
Bu, müstəqil respublikanın dünyada
öz yolu ilə getməsi üçün ehtiyatları təmin
etməsi deməkdir.
Mən, həmçinin Azərbaycanın
Avropa enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli
töhfəni vurğulamaq istərdim. Ötən ilin
mayında uğurlu açılışı olmuş Cənub
Qaz Dəhlizi tezliklə Azərbaycan qazını Avropa
bazarlarına çatdıraraq təbii qaz üçün təhlükəsiz
ixrac marşrutu yaradacaq və regionun digər ölkələri
üçün mükəmməl nümunə olacaq. Əlbəttə ki, xüsusilə Azərbaycanın
iqtisadiyyatın şaxələndirilməsi siyasətini
yürütdüyü bir zamanda bizim güclü və məhsuldar
əlaqələrimiz enerji sahəsinin hüdudlarını
aşaraq bir çox sahələri əhatə edir. Böyük Britaniya mümkün olduğu qədər
Azərbaycana şaxələndirmə ilə bağlı
kömək etmək üçün öz təcrübəsini
paylaşmağa hazırdır və mən bunun
qarşıdakı illərdə daha da güclənməsini
səbirsizliklə gözləyirəm.
Mən builki Xəzər Neft
və Qaz sərgisi və konfransında hər kəsə
uğurlar arzulamaq istərdim və tezliklə şəxsən
iştirak etməyimi səbirsizliklə gözləyirəm.
***
Sonra Prezident İlham Əliyev sərgi
ilə tanış oldu.
Sərgidə Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti – SOCAR geniş təmsil
olunur.
SOCAR-ın stendində neft emalı və neft-kimya, STAR neft emalı
zavodu, karbamid zavodu, SOCAR Polimer zavodu, Cənub Qaz Dəhlizi və
perspektiv layihələr barədə məlumat verilir.
Dövlətimizin
başçısına burada SOCAR-ın neft-qaz-kimya kompleksi
layihəsi haqqında məlumat verildi. Layihənin əsas
məqsədi ölkə əhalisini təmizlənmiş təbii
qazla təmin etmək və neft-kimya məhsullarını
istehsal etməkdir. Qaradağ rayonunun ərazisində
reallaşdırılacaq bu layihə ildə 10 milyard kubmetr qaz
emalı, 600 min ton polietilen, 130 min ton propilen istehsal etməyə
imkan verəcək. Burada inşaat mərhələsində
təqribən 15 min nəfər, istismar dövründə isə
2000 nəfər çalışacaq. Məhsulların
Türkiyə, Avropa, Çin və digər ölkələrə
ixracı nəzərdə tutulur. Zavodların
2023-cü ildə istismara verilməsi
planlaşdırılır.
Bu il Neft
daşlarının 70 illiyi tamam olur. Azərbaycan
neft sənayesində Neft daşları yatağının
çox mühüm yeri var. İlk dəfə burada
açıq dənizdə neft və qaz hasilatına, estakada
üsulu ilə yataq istismarına başlanılıb, yataqlara
suvurma üsulundan istifadə olunub. Neft daşları
yatağında 70 il ərzində 175 milyon tondan çox neft,
13,5 milyard kubmetr qaz hasil edilib, 1928 quyu qazılıb. Ötən
il bu yataqdan 945 min ton neft və 81,2 milyon
kubmetr səmt qazı hasil olunub. Hesablamalara görə, Neft
daşlarında çıxarıla bilən 18,9
milyon ton neft ehtiyatı var.
Stenddə "Əsrin
müqaviləsi”nin 25 illiyi ilə bağlı guşə
yaradılıb. Ulu öndər Heydər Əliyevin qətiyyəti
və iradəsi sayəsində imzalanan müqavilə ölkəmizin
həyatında çox mühüm tarixi hadisəyə
çevrildi. Bu il aprelin 1-nə olan məlumata
əsasən, Azərbaycanın payına 279 milyon ton mənfəət
nefti düşür. "Azəri-Çıraq-Günəşli”
saziş sahəsindən bu il aprelin 1-nə qədər 481,1 milyon ton neft və 156,2 milyard kubmetr qaz hasil
edilib. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri vasitəsilə
382,9 milyon ton neft ixrac olunub.
Prezident İlham Əliyev
BP-Azərbaycanın stendində də oldu. Dövlətimizin
başçısına burada AÇG-nin 25 illiyi ilə
bağlı uğurlar və növbəti 25 illik plan barədə
məlumat verildi. BP-Azərbaycan ölkənin və
Cənubi Xəzər regionunun aparıcı əməliyyatçısı
kimi fəaliyyət göstərir. Bu
müddətdə BP təhlükəsiz və səmərəli
əməliyyatlar həyata keçirərək ölkənin
bir sıra mühüm neft-qaz layihələrini uğurla təhvil
verib. Bu layihələrə "Azəri-Çıraq-Dərinsulu
Günəşli” neft yatağı, "Şahdəniz” qaz və
kondensat yatağı, üç ixrac boru kəməri, həmçinin
dayazsulu "Abşeron” və "Şəfəq-Asiman” və
D-230 geoloji-kəşfiyyat strukturları daxildir. İndiyədək BP tərəfdaşları ilə
birgə Azərbaycanın neft-qaz layihələrinə 72
milyard dollardan artıq sərmayə qoyub. BP-nin
Azərbaycanda 2900-a yaxın ixtisaslı işçisi var.
Onların 90 faizi Azərbaycan vətəndaşlarıdır.
İtaliyanın SAİPEM
şirkəti də sərgidə iştirak edir. Şirkət
energetika və infrastruktur sektorlarında iri layihələrin
mühəndisliyi, qazma və tikinti işləri sahəsində
böyük təcrübəyə malikdir. SAİPEM ən yüksək texnologiyaları tətbiq
edir. Şirkət 60-dan çox ölkədə
fəaliyyət göstərir.
Belarusun dövlət
neft-kimya konserni olan Belnefttechim də sərgidə təmsil
olunur. Şirkət iqtisadi potensialına görə
dünya bazarında öz yerini tutub. Müəssisə
neftin kəşfiyyatı, hasilatı, daşınması və
emalı, eləcə də neft məhsullarının
satışı üzrə bütün prosesləri ehtiva
edir. Konsernin həyata keçirdiyi fəaliyyətin
ən mühüm istiqamətlərindən biri də neft məhsulları,
kimyəvi liflər və iplik istehsalıdır.
İtaliyanın "Maire
Tecnimont” şirkəti dünyanın aparıcı şirkətlərindən
biridir.
Mühəndislik, satınalma və tikinti işlərini həyata
keçirən və texnologiyaların hazırlanması
üzrə energetika, neft-qaz, neft-kimya, habelə infrastruktur
layihələrində dünyanın aparıcı müəssisələrindən
biri olan bu şirkətin 40 ölkədə nümayəndəliyi
var. Şirkət Azərbaycanda həm də SOCAR-ın
neft-kimya sənayesində reallaşdırdığı
"SOCAR Polymer” layihəsinə podratçı qismində cəlb
edilib.
Dövlətimizin
başçısı Fransanın TOTAL şirkətinin stendinə
də baxdı. Şirkət Azərbaycanda kəşfiyyat-istehsalat
fəaliyyətinə 1996-cı ildən başlayıb. 2012-ci ildə TOTAL Xəzər dənizinin dərinliklərində
Abşeron bloku ilə əlaqədar böyük bir kəşf
edib. 2018-ci ildə TOTAL və SOCAR Abşeron
yatağının operatoru olan birgə əməliyyat
şirkəti yaradıblar.
Norveçin "Equinor” beynəlxalq
energetika şirkəti "Azəri-Çıraq-Günəşli”
yatağına sərmayə qoymaqla yanaşı, Azərbaycanda
digər investisiya imkanlarını da nəzərdən
keçirir. Azərbaycana sərmayə qoyan ilk
xarici neft şirkətlərindən biri kimi "Equinor”
şirkəti ölkəmizdə uzun müddətdir fəaliyyət
göstərir. Şirkətlə
"Qarabağ” yatağı, "Əşrəfi-Dan
Ulduzu-Aypara” sahəsi üzrə əməkdaşlıqla
yanaşı, bərpaolunan enerji sahəsinin inkişafında
birgə layihələrin həyata keçirilməsi də
prioritet istiqamətlərdəndir.
Ukraynanın "İnterpipe”
şirkəti neft-qaz, elektrik istehsalı, mexanika və
konstruksiya sahələrində istifadə üçün nəzərdə
tutulmuş polad boruların qlobal miqyaslı
istehsalçısıdır. Şirkətin məhsulları
Ukrayna, MDB, Avropa, ABŞ və Yaxın Şərq
regionlarında yerləşən kommersiya ofisləri vasitəsilə
dünyanın 80 ölkəsinə ixrac edilir.
ABŞ-ın
"Hallibörton” şirkətinin əsası 1919-cu ildə
qoyulub. Şirkət enerji sənayesi üzrə
dünyanın ən böyük istehsal və xidmət təchizatçılarından
biridir. 80-dən çox ölkədə
fəaliyyət göstərən şirkət öz
müştərilərinə yataqların istismarı ilə
bağlı xidmətlər təklif edir.
Rusiyanın 10 ən böyük
neft-qaz şirkətlərindən biri olan "Russneft” də sərgidə
təmsil olunur. "Russneft”in hazırkı
biznes modeli hasilata yönəlib. Şirkət
Rusiyanın bir regionunda, eləcə də MDB ölkələrində,
o cümlədən Azərbaycanda perspektivli layihələri
uğurla həyata keçirir. "Russneft”
müasir texnologiya və avadanlıqlar sayəsində neft-qaz
hasilatı üzrə nəhəng layihələrin işlənib
hazırlanması və həyata keçirilməsi
baxımından böyük potensiala malikdir.
"Caspian Drilling Company”
şirkətinin əsas məqsədi qabaqcıl dəniz qazma
operatoru olmaqla, ən yüksək səviyyədə quyu
mühəndisliyi, kompleks layihə idarəetməsi və
qazma xidmətləri göstərməkdir. Şirkət
fəaliyyətində texniki cəhətdən müasir avadanlıqdan
istifadə edir. "Caspian Drilling Company”
yerli statusa malik olmaqla, beynəlxalq standartlara uyğun fəaliyyət
göstərir.
Azərbaycan şirkəti
olan "Vertex” də sərgidə xidmətlərini təklif
edir. Şirkətin
əsas iş fəaliyyəti elektrik və şəbəkə
xətlərinin çəkilməsi, elektrik
avadanlığı istehsalı və
quraşdırılması, metal məmulatlarının
istehsalı, qaynaq və boruquraşdırıcı işlər,
modul tipli binaların
hazırlanmasıdır.
Özbəkistanın
"Uzbekneftegaz” şirkəti 200-dən çox şirkəti,
o cümlədən 20 birgə müəssisəni, 6 səhmdar
cəmiyyəti və bir sıra digər qurumları birləşdirən
müasir korporasiyadır. Holdinqin hazırkı
strukturu istehsal və texnologiyanın bütün mərhələlərini
əhatə edən qarşılıqlı əlaqəli
layihələri səmərəli idarə etməyə imkan
verir.
ABŞ-ın "Schlumberger”
şirkəti neft və qaz sahəsində neft
yataqlarının xarakterizə edilməsi, quyuların
qazılması, hasilat və emal üzrə dünyanın
qabaqcıl texnologiya təchizatçısıdır. Şirkət
yataqların kəşfiyyat-qazma işində, boru kəmərinin
və hidokarbonların bərpasında xidmətlərini təklif
edir. Avadanlıq və xidmətlərin ən
geniş çeşidini sənayedə təmin edən bu
qurum fəaliyyətində innovativ həllərə
üstünlük verir.
NİGAZ milli sənaye qrupu
bir neçə şirkəti özündə birləşdirir. Şirkət
fəaliyyətini yüksək texnologiyalara əsasən qurub.
Bu qrup neft emalı, neft-kimya müəssisələri
və digər aidiyyəti qurumlara qarşı kibertəhlükəsizliklə
bağlı həlləri təklif edir.
Çinin HUAWEI şirkəti
də sərgidə təmsil olunur. İnformasiya və
kommunikasiya texnologiyaları infrastrukturunun və smart cihazların
qabaqcıl dünya təchizatçılarından olan HUAWEI
dörd əsas sahədə inteqrasiya edilmiş həlləri
təqdim edir. Bunlara telekommunikasiya şəbəkələri,
informasiya texnologiyaları, smart cihazlar və bulud xidmətləri
daxildir.
İngiltərənin
"Worley” şirkəti layihələndirmə, təchizat və
tikinti sahələrində müvafiq təcrübə, habelə
geniş çeşiddə əməliyyat, texniki xidmət,
konsaltinq və məsləhət xidmətlərini təqdim
edir. Şirkət karbohidrogen, mineral, metal, kimyəvi maddələr
və infrastruktur sektorlarında yeni aktivlər yaradıb.
Sərgidə Almaniya 15
şirkətlə təmsil olunur. Bu ölkənin
İqtisadiyyat Nazirliyi və Alman maşınqayırma şirkətləri
Assosiasiyasının dəstəyi ilə burada orta və
kiçik şirkətlərin məhsulları təqdim
edilir. Bu şirkətlər qazma, nasos, təhlükəsizlik
texnikası, kəşfiyyat və hasilat üzrə
ixtisaslaşan qurumlardır.
Prezident İlham Əliyev
Türkiyənin TPAO şirkətinin stendində də oldu. Qeyri-ənənəvi
kəşfiyyat, təbii qazın saxlanması, dərin su
qatlarında kəşfiyyat, boru kəməri ilə
daşımalarda iştirak edən şirkət Yaxın Şərq,
Afrika və Xəzər regionu kimi bölgələrdə
öz biznes portfelini genişləndirməkdədir. TPAO
"Şahdəniz”də 19, Cənubi Qafqaz Boru Kəmərində
19, "Azəri-Çıraq-Günəşli”də 5,73,
Bakı-Tbilisi-Ceyhanda 6,53 faiz paya malikdir.
Tanınmış beynəlxalq
platforma kimi nüfuz qazanan və bölgəmizin neft-qaz sənayesinin
mühüm tədbiri olan bu sərgi hər il
Xəzər regionunun əsas neft-qaz layihələrini
müzakirə etmək üçün mühüm platforma
hesab edilir. Sərgidə iştirak edən şirkətlər
neft hasilatı və enerji resurslarının daşınması,
neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə
avadanlıq, xidmət və innovativ texnologiyaların geniş
çeşidini, platforma və üzən qazma
qurğularını, boruların çəkilməsi və
boru kəmərlərinin təhlükəsizlik sistemlərinin
təmin edilməsi, eləcə də servis xidmətlərini
təqdim edir.
Sonda dövlətimizin
başçısı sərgi və konfransın xatirə
kitabını imzaladı.
Azərbaycan.- 2019.- 30 may.- S.1-3.