Bakıda futbol coşqusu
Azərbaycan Prezidenti
İlham Əliyev UEFA
Avropa Liqasının
final oyununa baxıb
Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən
UEFA Avropa Liqasının
final qarşılaşmasının qalibi "Çelsi” komandası olub.
AZƏRTAC xəbər
verir ki, Londonun "Arsenal” və
"Çelsi” komandaları
arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də baxıblar.
Azərbaycanın paytaxtında çoxdandır
maraqla gözlənilən
futbol yarışı
uğurla baş tutdu.
Oyunu italiyalı referi Canluka Rokki idarə
edib. Avropa Liqası tarixində
ilk dəfə bu oyunda videonəzarət
(VAR) sistemindən istifadə
olunub. Bundan başqa, bu
turnirdə ilk dəfə
olaraq komandalar əlavə vaxt təyin olunacağı təqdirdə dördüncü
əvəzetmədən istifadə
etmək hüququ qazanıblar.
Final oyununun
möhtəşəm açılış
mərasimində ingiltərəli
DJ, bəstəkar və
remikser Conas Blu Bakı Olimpiya
Stadionuna toplaşan azarkeşlərə unudulmaz
anlar yaşatdı. O, möhtəşəm
mərasimdə 150 yerli
rəqqasla birlikdə
səhnəyə çıxdı.
Şərq ilə Qərbin qovuşduğu Bakıda təşkil olunan bu möhtəşəm mərasimdə Conas Blunun bənzərsiz ifası azarkeşlərin
coşqulu alqışları
ilə qarşılandı.
Əsrarəngiz xüsusi effektlər "Odlar Yurdu” üzərində
səmanı işıqlandırdığı
zaman DJ Blu özünün ən böyük hitlərinin miksini ifa etdi. Bu, tamaşaçılara müsbət
enerji verməklə
final oyununda mübarizə
aparacaq hər iki komandaya da
ehtiramın ifadəsi
oldu.
Mərasimin ən yaddaqalan hissəsi Conas Blunun bənzərsiz ifasının sədaları
altında "Çelsi”
və "Arsenal” komandalarının
nəhəng formalarının
arenaya gətirilməsi
oldu.
Açılış mərasimindən sonra turnirin kuboku arenaya gətirildi. Daha sonra
"Arsenal” və "Çelsi”
komandalarının futbolçuları
meydana çıxdılar.
"Çelsi”nin
fransalı hücumçusu
Oliviye Jiru isə vurduğu qol sayəsində UEFA Avropa Liqasının
2018-2019-cu il mövsümünün
ən məhsuldar futbolçusu olub. O, cari mövsümdə bu turnirdə 11 dəfə fərqlənib.
Final matçından
sonra qaliblərin təntənəli mükafatlandırılması
mərasimi keçirildi.
Qalib komandaya kuboku UEFA prezidenti Aleksandr Çeferin təqdim etdi.
Bununla da "Çelsi”
2012-2013-cü il mövsümündən
sonra ikinci dəfə UEFA Avropa Liqasının qalibi adını qazandı. "Arsenal” isə ikinci dəfə UEFA Avropa Liqasının finalında
məğlub oldu.
Qeyd edək ki, bu
oyunla peşəkar futbolda 851-ci dəfə meydana çıxan "Arsenal”ın çexiyalı
qapıçısı Petr
Çex final görüşündən
sonra karyerasını
başa vurub.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, final qarşılaşması
ilə əlaqədar
tamaşaçı tutumu
70 min yerə çatdırılan
Bakı Olimpiya Stadionu bu baxımdan
UEFA Avropa Liqasının
tarixində 20 illik rekordu yeniləyib. Bakı Olimpiya Stadionu bu göstərici üzrə UEFA Avropa Liqasının final matçına
evsahibliyi edən stadionlar arasında ən çox tamaşaçı tutumuna
malik arena olub. Belə ki, 1999-cu ildə "Parma” və
"Marsel” komandaları
Moskvanın 62 min tamaşaçı
tutumuna malik "Lujniki” stadionunda üz-üzə gəliblər.
Xatırladaq ki,
2017-ci il sentyabrın
20-də UEFA İcraiyyə Komitəsi futbol üzrə UEFA Avropa Liqasının 2018-2019-cu il
mövsümünün final oyununun 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında
qərar qəbul edib. UEFA Avropa
Liqasının final qarşılaşmasının
Bakıda keçirilməsi
ilə əlaqədar
Azərbaycan paytaxtında
silsilə tədbirlər
təşkil olunub.
Belə ki, UEFA Avropa Liqasının zəngin irsinin təbliği məqsədilə
Bakıda ötən il dekabrın
22-dən bu il yanvarın 7-dək "UEFA Avropa
Liqası Muzeyi” fəaliyyət göstərib.
Bu mötəbər
futbol turnirinin kubok səyahətinə martın 9-da Cenevrədə
start verilib. Martın 22-23-də Sevilya,
martın 29-30-da Berlin, aprelin
5-6-da London, aprelin 12-də Milan, aprelin 20-də Moskva, mayın 10-da Parisdə olan kubok mayın
19-da Gəncədə, 21-də isə Cocuq Mərcanlıda nümayiş
olunduqdan sonra Bakıya gətirilib.
UEFA Avropa Liqasının final qarşılaşması
çərçivəsində keçirilən tədbirlərdən
biri də martın 3-də "Bakı
2019: Ulduzlar Finalı”
adlı qarşılaşma
olub. Həmin oyunda məşhur futbolçular Yeju Dudek, Maykl Essien,
Anderson Luis de Souza (Deku), Hamit
Altıntop, Nihat Kahveci, Andrey Arşavin, Revaz Arveladze, eləcə də yerli veteran futbolçulardan Nazim Süleymanov və UEFA Avropa Liqasının Bakıda keçirilən
final oyununun səfiri Vəli Qasımovun iştirakı ilə
"Bakı 2019: Ulduzlar
Finalı”nda "Qərb
Ulduzları” və
"Şərq Ulduzları”
komandaları qarşılaşıblar.
UEFA Avropa
Liqasının final matçının
Bakı Olimpiya Stadionunda keçirilməsi
ilə bağlı qərar son illər sürətlə inkişaf
edən Azərbaycan idmanının qazandığı
növbəti uğurdur. Əsası ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulan dövlət idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi
ilə uğurla davam və inkişaf
etdirilməsi nəticəsində
bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycanın son illərdə
bir neçə mötəbər beynəlxalq
idman yarışına
- I Avropa, IV İslam Həmrəyliyi Oyunlarına,
"Formula-1” yarışına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına yüksək
səviyyədə evsahibliyi
etməsi Azərbaycanın
idman dövləti olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, bu gün ən
mötəbər idman
qurumları nüfuzlu
beynəlxalq yarışlara
evsahibliyi hüququnu tərəddüd etmədən
Azərbaycana verirlər.
Belə ki, UEFA Avropa Liqasının final oyunu ilə yanaşı, 2020-ci ildə
futbol üzrə Avropa çempionatının
qrup mərhələsinin
üç, dörddəbir
final mərhələsinin bir
oyununun, bu il iyulun 20-28-də Avropa Gənclərinin Yay Olimpiya Festivalının
Bakıda keçirilməsi
barədə qərarlar
bunun göstəricisidir.
İdmançılarımızın Olimpiada, dünya
və Avropa, eyni zamanda, digər
beynəlxalq idman tədbirlərində qazandıqları
medalların sayının
ilbəil artması dövlət səviyyəsində
idman sahəsinə göstərilən diqqətin
nəticəsidir. Təqdirəlayiq haldır ki, uşaqlar və gənclər arasında idmana böyük maraq var. Bütün bunlar digər sahələr kimi, Azərbaycan idmanının
da inkişafının
ən parlaq dövrünü yaşadığını
nümayiş etdirir.
Azərbaycan.- 2019.- 28 may.- S.1; 5.