Ən ağır dərd - qürbətdə ölmək...
İstiqlal mücahidi
"Yelizavetpol quberniyasının Şuşa, Zəngəzur və Nuxa qəzaları ilə ali silkə mənsub olmaq hüquqlarını müəyyən etmək üçün yaradılmış Şuşa bəy komissiyasının 21 dekabr 1827-ci il 374 saylı protokoluna əsasən Əli Paşa bəy Xan Murad bəy oğlu Sultanovun, onun arvadı Bəyim xanımın, oğlu Sultan bəyin, qızı Aftab xanımın bəy nəslinə mənsub olması təsdiq edilir”. Şuşa bəy komissiyasının bu qərarı 16 avqust 1877-ci ildə Qafqaz canişini tərəfindən təsdiq edildi. Əli Paşa bəy Sultanov və onun ailə üzvləri Yelizavetpol quberniyasının Zəngəzur qəzasının bəyləri siyahısına daxil edildi.
Bu şəhadətnamə veriləndən iki il sonra - 1879-cu il mayın 10-da Əli Paşa bəy Sultanovun ailəsində bir uşaq da dünyaya gəldi. Onu Xosrov bəy adlandırdılar. Qafan mis mədənləri, Bərgüşad çayının axarı boyu əkin, Çalbayır otlaq sahələri bu ailəyə - Sultanbəylərə məxsusdu. Evin böyüyü - Əli Paşa bəy mahalın sayılıb-seçilən, sözünün üstünə söz deyilməyən ağsaqqallarından idi. Əsilzadəliyi, mərdanəliyi ilə övladları da ona bənzəyirdilər. Dünyaya göz açdıqları yurd da igidlər məkanıydı. Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Kürdhacı kəndi, Qasımuşağı obası (indiki Laçın rayonu) yalnız Azərbaycanın deyil, bütövlükdə dünyanın ilk insan məskənlərindən biri idi.
Əli Paşa bəy övladlarının tərbiyəsi ilə ciddi məşğul oldu. Sultan bəy hərb sənətinin sirlərinə yiyələndi. Xosrov bəy isə Gəncə gimnaziyasını bitirdikdən sonra Odessa Tibb Universitetinə daxil oldu. Sonralar ictimai-siyasi hadisələrin tez-tez qarşılaşdıracağı Nəriman Nərimanovu da tələbəlik illərində tanıdı, dostlaşdı.
İstiqlal Bəyannaməsini imzalayan 26 nəfərdən
biri
Xosrov bəyin cəsarəti, qətiyyəti o zamanlar da bəlliydi. Tələbəlik günlərinin birində o, rus zabitin yoldan keçən qıza sataşdığını gördü. Xosrov bəyin qızı müdafiə etməsi duellə nəticələndi. Birinci gülləni atmaq haqqından istifadə edən zabit Xosrov bəyi gözündən yaraladı. Ancaq sağ qalan Xosrov bəy oldu. O, Odessa Universitetinin rektorunun qızının yolunda duelə çıxdığını sonradan öyrəndi. Qızla evləndi. Murad adlı oğlu dünyaya gəldi. Ancaq uşağın ömrü qısa oldu.
1903-cü ildə Xosrov bəy
universiteti bitirib vətənə döndü. Zəngəzurda,
Qarabağda topladığı zəngin bitkilərdən
hazırladığı dərmanlarla kəndlərə gedir,
xəstələri təmənnasız müalicə edirdi.
Gənc həkim həm də xalqının
tarixi, ədəbiyyatı, mədəniyyəti ilə maraqlanır,
araşdırır, öyrənirdi.
Xosrov bəy Bakı müsəlman
Xeyriyyə Cəmiyyətinin Qafqaz cəbhəsində
qaçqınların yerləşdirilməsi üzrə
baş müvəkkil də oldu. "Qafqaz cəbhəsində
qaçqınların yerləşdirilməsi üzrə
baş müvəkkillik” adlı bu təşkilatın baş
müvəkkili general-mayor Tamamşev 1916-cı il
iyunun 4-də Xosrov bəy Sultanova göndərdiyi teleqramda
bildirirdi: "Rəhbərlik etdiyiniz cəmiyyətin nəzdində
neçə yetimxananın mövcudluğu və onlara nə
qədər kimsəsizin yerləşməsi, habelə
onların hökumət tərəfindən tam təmin olunması
və ya cəmiyyətinizin də köməyinə ehtiyac
olması haqqında mənə məlumat verməyinizi
xahiş edirəm”.
İctimai-siyasi hadisələr
getdikcə daha da mürəkkəbləşirdi. Belə gərgin,
xalqı, vətəni üçün məsuliyyətli
zamanda Xosrov bəy də siyasət meydanına atıldı.
"Müsavat” partiyasına 1917-ci ildə daxil
oldu, Rusiya Müəssislər Məclisinə deputat, Zaqafqaziya
seyminə üzv seçildi. 1918-ci ildə
"İttihad” partiyasına keçdi. Xosrov bəy
Sultanov 1918-ci il mayın 28-də
İstiqlal Bəyannaməsini imzalayan 26 nəfərdən biri
oldu. Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən
təsdiq olunan Birinci hökumət kabinetində hərbi nazir
vəzifəsini tutdu. Azərbaycan Milli
Şurasının və hökumətinin qurulduğunu, məqsəd
və vəzifələrini bəyan etmək, qayda-qanun yaratmaq
məqsədilə Nəsib bəy Yusifbəyli və Şəfi
bəy Rüstəmbəyli ilə birgə ilk nümayəndə
heyətinin tərkibində Gəncəyə gəldi.
Xosrov bəy 1918-ci il iyunun 17-də təşkil
edilən İkinci hökumət kabinəsində əkinçilik
naziri oldu.
Qarabağın
general-qubernatoru
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci
ilin yayında Ermənistan daşnak hökumətinin Zəngəzur
bölgəsində azərbaycanlılara qarşı dövlət
səviyyəsində həyata keçirdiyi
soyqırımı siyasətinin, Andronikin, Njdenin, Dronun quldur dəstələrinin
Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında
törətdiyi kütləvi qətllərin, qarətlərin
qarşısını almaq məqsədilə Müvəqqəti
Qarabağ general-qubernatorluğu yaratdı.
Xosrov bəy Sultanov 1919-cu ilin 29 yanvarında
Qarabağın general-qubernatoru təyin olundu. Azərbaycan hökumətinin öz tarixi
torpaqlarında general-qubernatorluq yaratması, üstəlik bu vəzifəyə
Xosrov bəyi təyin etməsi daşnakları təşvişə
saldı. Ermənilər Sultanbəyləri
yaxşı tanıyırdılar. Xosrov bəyin
atası Zəngəzurda ədaləti,
düzgünlüyü sevən, qorxmaz adam
kimi ad-san qazanmışdı. Hələ 1905-ci il erməni-müsəlman hadisələrində
müsəlman dəstələrdən birinə
başçılıq edirdi. Böyük
qardaşı Sultan bəy atasının ən yaxın
köməkçisi, silahdaşı idi. Elə o vaxtlar
- 1905-ci il erməni-müsəlman hadisələrində
göstərdiyi şücaətlə Sultan bəy xalq qəhrəmanına
çevrildi...
Ermənistan Xarici İşlər
Nazirliyi Rusiya hökumətinə və digər aparıcı
dövlətlərə, beynəlxalq təşkilatlara şər,
böhtan dolu müraciətlər etdi. Qarabağın erməni
milli yığıncağı isə Xosrov bəy Sultanovun təyinatına
etiraz məktubunda yazırdı: "Qarabağın erməni
milli yığıncağı Azərbaycan hökuməti tərəfindən
təyin olunan general-qubernatorla bağlı bildirir ki, onlar
heç vaxt bu faktla barışmayacaqlar”.
Xosrov bəy Sultanov
Şuşaya gələn kimi daşnak Andronik başda olmaqla
erməni quldur dəstələriylə amansız mübarizəyə
başladı, təhlükəli yerlərdə Milli Ordunun əsgərlərindən
ibarət mühafızə dəstəsi yaratdı. 1919-cu ilin 21
martında erməni daşnakları Qarabağa yeganə
keçid olan Əsgəran keçidini tutdular. Dronun hərbi
dəstələri Xosrov bəyin başçılıq
etdiyi Azərbaycan əsgərləri tərəfindən
mayın 30-da darmadağın edildi, Xankəndi və Şuşa geri alındı. Qarabağın
general-qubernatoru erməni milli yığıncağından nəzarətində
olan silahlı dəstələri buraxmağı, Qarabağda əmin-amanlığın
təmin olunmasına maneçilik törətməməyi tələb
edirdi. Bu dəfə daşnaklar
cümhuriyyətin hərbiyyə nazirinin Xosrov bəyi
general-qubernatorluqdan geri çağırdığı barədə
şayiə yaydılar. Üzeyir bəy
Hacıbəyli "Azərbaycan” qəzetinin 1919-cu il 24 iyun
tarixli sayında bu barədə yazırdı: "Həqiqətən,
o, Qarabağ üçün ən münasib bir rəisdir.
Qarabağ həyatına tamamilə aşina olan
bu zat sağlam bir vücudə malik olan kimi, sağlam və
salamat politika yeridən və təht idarəsinə
tapşırılmış olan yerin ümumi mənafeyini
xüsusi surətdə nəzərdə tutan bir zatdır.
Ermənilər Qarabağda qəsdən süni
iğtişaşlar çıxarmaqla Qarabağ
general-qubernatorunu baş komandanlıq gözündə ləkələmək
istəyirlər. Əgər Qarabağ
müsəlmanları arasında böyük və layiqli bir
nüfuza malik olan və erməni cəmaəti tərəfindən
dəxi möhtərəm sayılan bu zat Qarabağın
hökuməti başında olmasa idi, burası - Azərbaycanın
cənnəti hesab olunan bu yer çoxdan bəri cəhənnəmə
dönüb qətli-qital olmuşdu”.
Xosrov bəy 1918-1920-ci illərdə
daşnakların Qarabağ və Zəngəzurdan təmizlənməsində
qardaşı Sultan bəylə birgə misilsiz xidmət
göstərdi. Onlar ümumi işin xeyrinə
aralarında illərdir ədavət olan bəylərin
ayağına gedir, bütün gücləri birləşdirməyə,
birgə mübarizəyə çağırırdılar.
Sultanovlar öz var-dövlətlərini
Türkiyə və İrandan silah-sursat almağa sərf edir,
Azərbaycan Xalq Cümhuriyyətinin qorunmasında
böyük işlər görürdülər.
Düşmən
hiyləsi... həbsxana divarları...
1919-cu ilin yayında ermənilərin
ərazi iddiası irəli sürdükləri Qarabağ, Zəngəzur
və digər yerlərdə Azərbaycanın müstəqilliyinin
bərqərar olmasında Xosrov bəy Sultanov müstəsna
xidmət göstərdi. Onun mübarizliyi, hərbi şücaəti
sayəsində Şuşadakı gizli daşnak komitəsi
üzvlərinin qaçmaqdan başqa yolları qalmadı.
Buna cavab olaraq erməni yaraqlıları
Şuşada silahlı toqquşma törətsələr də,
ertəsi gün - iyunun 6-da sülh əldə edildi, şəhərdəki
dinc ermənilər üzrxahlıq məktubu yazıb,
daşnakların fitnəkarlığına görə Xosrov
bəyin şəxsində Şuşanın müsəlman əhalisindən
üzr istədilər. 1919-cu ilin avqustunda
Xosrov bəy Qarabağda yaşayan ermənilərə
yığıncaq keçirərək Azərbaycan hökumətinə
tabe olmaq qərarını qəbul etdirə bildi. Həmin
ilin sentyabrında Azərbaycan hökuməti burada məskunlaşmış
ermənilərə mədəni muxtariyyət verdi.
Cümhuriyyət hökuməti
1919-cu ilin oktyabr-noyabr aylarında asayişin bərpası
üçün Qarabağa Cavad bəy Şıxlınskinin
rəhbərliyi ilə 1-ci piyada diviziyasını göndərdi. Xosrov bəyin
göstərişi ilə Sultan bəy də bu
döyüşlərə qoşuldu.
Erməni-müsəlman
münaqişəsinə son qoyulması məqsədilə
1919-cu il noyabrın 23-də ABŞ-ın
köməyi və vasitəçiliyilə Azərbaycan
hökuməti və Ermənistan arasında müqavilə
bağlandı. Ancaq bu müqavilədən
çox keçməmiş ermənilər Zəngəzurda və
Qarabağda azərbaycanlılar yaşayan kəndlərə
yenidən hücumlar etdilər. Əli hər
yerdən üzülən Andronik bolşevik Rusiyası ilə
danışıqlar apardı, aldığı dəstək
sayəsində yeni silahlı dəstə yaratdı. Onun
Zəngəzuru, Qarabağı və Gəncəni tutaraq yenidən
Stepan Şaumyanın bolşevik-daşnak hərbi hissələri
ilə birləşmək, Şimali Azərbaycanda erməni
hakimiyyətini genəşləndirmək niyyətini bu dəfə
də Sultan bəy və Xosrov bəy qardaşları
puça çıxardılar.
1920-ci ildə bolşeviklər
Azərbaycanda hakimiyyəti ələ keçirə bildilər. Təhlükələrə
baxmayaraq, Xosrov bəy vətənini tərk etmədi.
Bolşeviklər cümhuriyyət hökumətinin seçilən
nümayəndələrindən biri kimi ona da aman verməyəcəkdilər...
Xosrov bəy Nəriman Nərimanov, Çingiz
İldırım kimi nüfuzlu söz sahibləri sayəsində
Şuşada İnqilab Komitəsinin rəhbərliyində
saxlandı. Amma hakimiyyət
strukturlarında, XI ordunun rəhbərliyində, NKVD-də
özlərinə yer tapmış daşnaklar Xosrov bəy və
Sultan bəy qardaşlarının qanına
susamışdılar. Bakıdan onun həbsinə
razılıq ala bilməyib Moskvaya donoslar göndərirdilər.
Nəhayət, Serqo Orconikidze və Mikoyanın
razılığı ilə Xosrov bəy rus ordusunun xüsusi
idarəsinin zabitləri tərəfindən həbs edilərək
Bayıl türməsinə aparıldı. Bu xəbərə çox sevinən ermənilər
yenidən Ermənistana birləşmək tələbi ilə
Şuşada, Vərənddə Azərbaycan hökumətinə
qarşı üsyan qaldırdılar. Qəza İnqilab
Komitəsinin rəhbəri Şamil Mahmudbəyov 1920-ci ilin
dekabrında Nəriman Nərimanova, Həmid Sultanova,
Əliheydər Qarayevə məktub yazaraq Xosrov bəyin
bölgədə böyük nüfuzunu, sülhpərvərliyini,
dinc azərbaycanlı ailələrin erməni
silahlılarından qorunmasında misilsiz xidmətlərini əsas
gətirərək onun azad edilməsini xahiş etdi. O, Xosrov bəyi
zaminə, loyallığı, bütün hərəkətləri
üçün şəxsən məsuliyyəti öz
üzərinə götürməyə hazır olduğunu
bildirdi. 1921-ci il fevralın 15-də
Şamil Mahmudbəyov göndərdiyi məlumatda
daşnakların daha da azğınlaşdığını
yazaraq Bakıdan yardım istədi. O, Qarabağ və Zəngəzurda
böyük nüfuzu olan Sultan bəyin imkanlarından istifadə
olunmasını, bunun üçün əvvəlcə Xosrov
bəyin azadlığa çıxarılmasını təklif
etdi. Ancaq Xosrov bəyi zindana salanların məqsədi onu
aradan götürmək idi... Eyni aqibət Sultan
bəyi də gözləyirdi. 1920-ci il
mayın 31-də XI ordu hissələri Zəngəzura yenidən
hücuma keçdi, 1921-ci il iyulun 23-də Sultan bəyin hərbi
dəstələri tərksilah edildi. O, sovet hakimiyyətindən
qaçaq düşdü, Kürdhacı kəndində
Gorgahatın meşəsində, yarğanda gizləndi. Ermənilərin hiylələri ilə bolşeviklər
ona sui-qəsd hazırlayırdılar.
Erməni daşnakları
arzularına çata bilmədilər. Xosrov bəy
Sultanov Bayıl türməsindən qaçırıldı.
Bəzi araşdırmaçılar bolşevik
hökumətində hərbi və dəniz işləri
üzrə xalq komissarı olan Çingiz
İldırımın əmisi oğlunun - Xosrov bəyin həbsinə
və onu gözləyən ölümə laqeyd qalmayaraq
xüsusi əməliyyat planı qurduğunu, bəziləri
isə Nərimanovun öz tələbəlik dostunu həbsxanadan
qurtardığını yazırlar.
Gerçək
olmayan ümid...
Laçına yetişən
Xosrov bəy qardaşları Sultan bəy və İsgəndər
bəylə İrana yollandı. Gedəndə tezliklə
geri dönəcəklərinə, Azərbaycan Xalq
Cümhuriyyətinin yenidən bərqərar olacağına
ümidliydilər. İranda nə erməni
daşnakları, nə də bolşeviklər onlardan əl
çəkdilər. İsgəndər bəy
mühacirətdə sovet hökumətinin xüsusi təyinatlı
dəstələri tərəfindən qətlə yetirildi.
Xosrov bəylə Sultan bəy Türkiyəyə
getmək məcburiyyətində qaldılar.
General Xosrov bəy Sultanovun
1923-cü ildən başlanan mühacirət həyatı
uzanırdı. O, yenə vətənin azadlığı uğrunda
mübarizəsini davam etdirirdi. Qürbətdə
sədri seçildiyi "İttihad” partiyasının xarici
ölkələr bürosunu formalaşdırmağa və
ittihadçıları bir təşkilat ətrafında birləşdirməyə
çalışırdı. Azərbaycan
istiqlalı ilə bağlı məqalələr
yazırdı.
Xosrov bəy İranda,
Türkiyə, Fransa və Almaniyada yaşadı. Almaniyada Tibb
Universitetində professor vəzifəsində
çalışdı. İkinci Dünya
müharibəsi illərində yüzlərlə azərbaycanlı
əsirin müalicəsi, xilası, onlardan ibarət xüsusi
dəstələrin yaranmasında səy göstərdi.
O zaman bütün siyasi mühacirlər kimi, almanların
hücumundan ümidlənən Xosrov bəy fəaliyyətini
daha da genişləndirdi. Ancaq vətənə
qovuşmaq yenə ümiddən, arzudan gerçəkliyə
dönmədi. Müharibədən sonra da
o, siyasi fəaliyyətini davam etdirdi.
Qardaşı Sultan bəy
1942-ci ildə Qars ətrafında, Köçkoy kəndində
vətən həsrəti ilə dünyadan
köçdü. Xosrov bəyin isə 1947-ci ildə
Trabzonda vəfat etdiyi söyləndi. 2016-cı ilin
fevralında məzarının yeri dəqiqləşdirildikdən
sonra onun 1943-cü il yanvarın 7-də
dünyasını dəyişdiyi, məzarının
İstanbulun Feriköy qəbiristanlığında olduğu
məlum oldu.
Azərbaycanın
bütövlüyü, müstəqilliyi uğrunda mübarizə
aparmış, məmləkətinin düşmənləri tərəfindən
sonunda ən ağır cəzaya - ömrünü qürbətdə
başa vurmağa məhkum edilmiş bütün mücahidlərimiz
kimi, Xosrov bəy Sultanov da bu dünyadan arxayın getmədi. Azərbaycan
Xalq Cümhuriyyətinin uzaqgörən ilk hərbi naziri, millətinin
düşmənlərini yaxşı tanıyan vətənpərvər
sanki uzun illər sonra - XX əsrin sonlarında baş verə
biləcəklərdən narahat, Zəngəzurdan, Zəngilandan,
Qubadlıdan, Laçından, Şuşadan, Xankəndidən...
bütöv vətənindən nigaran idi.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2019.- 30 may.- S.11.