“Mənə ömrümün ən
gözəl anlarını bəxş etdiyiniz
üçün sizə də, Azərbaycana
da minnətdaram”
Səyyah haqqında nə bilirik? Nə üçün insanlar ev-eşiyindən qopub dünyanın o biri başına yola düşür, dincliklərini pozur, həyatlarının adi axarına xılt qatırlar? Onların axtardıqları nədir və gözləntilərinin əvəzini ödəyən nəsə tapa bilirlərmi? Bu səyahət onlara nə bağışlayır, ruhlarında, düşüncələrində nəyi dəyişir, hansı yeni mənəvi qidanı verir? Bütün bu suallara cavab tapmaq üşün İtaliyanın Toronto şəhərindəki fotostudiyanın əməkdaşı Aleksey Pivovarovla birlikdə italiyalı xanım Liziya Dell Olionun dağlara səfərini birlikdə izləməyə qərar verdik.
Bircə onu deyək ki, Liziya Alekseylə birlikdə Azərbaycana gəlib, həm onun rəfiqəsi, həm də köməkçisidir. Bu səfərdə biz Liziyanı irəli buraxıb, özümüz sadəcə müşahidəçilərə çevrildik və ölkənin şimalına, zirvələrə sarı yola düşdük. Gözlənilməz səhnələrlə qarşılaşdıq, heç ağlımıza da gəlməzdi ki, adi bir əcnəbinin səfərinə kənardan baxmağımız bu qədər ecazkar və romantik olacaq.
"Yolçu yolda gərəkdir” dedik və dan yeri söküləndə Bakıdan çıxdıq. Qubaya da tez çatdıq, şəhəri gəzib-dolaşdıq, Qusara baş çəkdik. Liziyanı Bakıdan Qubayadək kim gördüsə, "azərbaycanlıdır” dedi. Qusarda bazarlıq edəndə isə onun italyan olduğuna and içsək də, ləzgi qadınları inanmadılar, "bizim rayonun Mucuq kəndinin qızlarına bənzəyir” dedilər. Qızı ləzgicə danışdırdılar, o da italyan dilində cavab verəndə könülsüz inandılar ki, doğrudan da italiyalı imiş. Hətta bir az kefləri də pozuldu. Qırmızı qəsəbədə yəhudilər də onu özününkü saydılar. Liziya Azərbaycanda müxtəlif millətlərin onu özününkü saymasını hədsiz sevinclə qarşıladı: - Məni İtaliyada kiməsə oxşadıblar, hansısa bir qohumuna, ya da tanışına bənzədiblər. Amma buradakı kimi yox, heyrətamizdir, inanılası deyil! Mən qürur duyuram, qürbətdə deyiləm, sanki İtaliyanın cənubunda, öz evimdəyəm. Mənəvi cəhətdən çox xoşbəxtəm. Bilirsinizmi, İtaliyanın cənubunda qadının elə sizdəki kimi öz yeri var. Biz hətta süfrə arxasına əyləşəndə belə masanın bir tərəfinə kişilər, digər tərəfinə də qadınlar əyləşir.
Liziyanı hamının özününkü və doğma saymasının başqa bir izahı da var. Bu, dünyanın heç yerində rast gəlinməyən unikal Azərbaycan tolerantlığı ilə bağlıdır. Bu tolerantlıq əslində Azərbaycanda yaşayan bütün xalqların və milli azlıqların ümumi sərvətidir. Biz xalq kimi həmişə digər millətlərə böyük dəyər vermişik, rəğbətlə yanaşmışıq, ən başlıcası, özümüzdən ayırmamışıq, qaynayıb-qarışmışıq.
Bizim üçün Quba Rayon İcra Hakimiyyətinin ayırdığı "Niva”ya minib dağlara yola düşürük. Əlik İƏD icra nümayəndəsinin müavini Mübariz Rüstəmovla Əlik kəndində görüşüb maşınımızı dəyişirik və ən çətin yolları ram edə bilən "Uaz”la Haput kəndinə üz tuturuq.
Qubanın bənzərsiz özəlliklərindən biri də rayonda azərbaycanlılarla birlikdə digər millətlərin əsrlər boyu dinc və mehriban yaşamalarıdır. Burada dağlarda elə kəndlər var ki, hərəsi bir zirvədə qərar tutub, hərəsinin öz dili, adət-ənənələri var. Xınalıq, Qrız belə kəndlərdəndir. Mübariz müəllim bizə Əlik bələdiyyəsinə daxil olan 5 kəndin də etnik qruplara daxil olduğunu deyir, onların hərəsinin öz dili olsa da, bir-birlərini rahat başa düşürlər. Sadəcə, ləhcələrində fərq var. Adam ağzını açan kimi bilirik ki, hansı kənddəndir - çeklidir, yoxsa əlikli. Amma fərqi nədir, hamımız azərbaycanlıyıq, hamımızın bir dili, bir vətəni, bir torpağı var.
Dağların qanunu belədir: zirvələr nə qədər uca, yollar nə qədər enişli-yoxuşlu olsa, insanlar da bir o qədər çox bir-birinə yaxındır, bağlıdır. Mübariz müəllim bizi qardaşının evində qonaq saxladı. Gecə yarıdan keçənədək söhbət etdik, Liziya da bekar oturmadı, kitabçasını çıxarıb Azərbaycan dilində öyrəndiyi sözləri qeyd etdi: "Çox sağ olun”, "dadlıdı”, "uca dağlar”, "gözəldir” və sair. Söhbətə samovar çayı ilə yekun vurduq.
Səhər oyananda Aleksey bizə Liziyanın təəssüratlarını tərcümə edib dedi ki, ev sahibəsi Mehparə onun dilini bilmədiyindən əllə başa salıb ki, bura sənin yerindir, yat, amma mənim hələ işim var, qab-qacağı yumalıyam. "Mən yata bilmədim, mətbəxə keçib Mehparə ilə birlikdə qab-qacağu yuduq, işarələrlə danışdıq, yalnız işimizi bitirdikdən sonra yataq otağına keçdik. Mən bizə görə dincliyini pozan, bizə süfrə açan qadının əməyinə hörmətsizlik edə bilməzdim. Elə əvvəldən də ona kömək etmək istəyirdim, amma utandım, dağ insanlarının vərdişlərini pozmağa ürək etmədim. Bəzən insana ünsiyyət qurmaq üçün dil yox, ürək lazımdır. Ən gözəl sözləri jestlərlə də demək mümkündür. Biz baxışlarımızla, jestlərlə danışdıq, ünsiyyət problemini yaşamadıq. Hər şey olduqca gözəl və təəccübləndiricidir”.
Səhər tezdən hər kəsin öz işi var idi. Aleksey fotokameralarını götürüb mənzərələri çəkirdi, biz qeydlərimizi edirdik. Bir də gördük ki, Liziya yəhərsiz-yüyənsiz atın belindədir. İtaliyadan gələn şəhər qızının dağlarda ürək edib at belinə minməsi bizə qədərindən artıq cəsarətli gəldi. Qorxmursanmı? - deyib soruşduq. Aleksey həm də tərcüməçimiz idi. Liziya izah etdi ki, bilirsinizmi, bağlı yerdə yaşayan at olsaydı, mən, təbii ki, qorxardım. Bu atlar bu dağların, bu yerlərin sahibi kimi hər şeyi bilir, dərk edir. Mən ona inandım və etibar etdim. Burada kosmik bir əhvali-ruhiyyə var, ucalıqlarda, zirvələrin başında olduğumu hiss edirəm. Atın belində isə adama elə gəlir ki, əllərini göyə qaldırsan, buludlara toxunacaqsan! Mən ömrümdə ağlıma gəlməyən ən gözəl hissləri yaşadım. Dağlar nə qədər ucadırsa, insanlarınız da bir o qədər qürurludur!..
Günortaya yaxın məktəbdən çıxan uşaqlar çəmənlikdə iki dəstəyə bölündülər - qızlar ayrı, oğlanlar ayrı. Balaca kişilər güclərini sınadılar. Kişik xanımlar da Liziyanı çəkib apardılar, onu da oyunlarına qatdılar. Uzaqdan baxanda deməzdin ki, onlar bir-birinin dilini bilmirlər. Uşaq mahnıları oxuyurdular, sözləri də aramla, astadan elə deyirdilər ki, Liziya da onların ardınca təkrar edə bilirdi. Onu otuzdurur, yenidən ayağa qaldırır, saçlarını toxuyur, başına şal bağlayır, ən əziz qonaqları kimi qucaqlayıb öpürdülər.
Bir sözlə, əylənirdilər. Liziya artıq azərbaycanca 20-30 söz öyrənə bilmişdi. Qalanlarını da balaca qızlar ona öyrətdilər.
İtalyan qızının uşaqlarla, ümumiyyətlə, ətrafındakı insanların hamısı ilə ünsiyyət qurmasının başqa bir səbəbi də var idi. Liziya ali təhsillidir, İtaliyadakı işi sosial qayğı ilə bağlıdır. Vəzifəsi əlillərə, tək analara, çətin həyat şəraitinə düşən insanlara psixoloji yardım etməkdir. Bizə danışdı ki, işi o qədər də asan deyil və öhdəsindən gəlmək üçün bir qədər də psixoloq olmaq lazımdır, ona görə ki, yardım etdiyi insanların çətin anları olur. Adi köməkdən başqa onların mənəvi dəstəyə də ehtiyacı olur.
Haput kəndinin uşaqları Liziya üçün tapıntı kimi idi:
- Çox gözəl uşaqlardır, onlar ağıllıdır, tərbiyələrinin yüksək olması o saat hiss olunur. Bu uşaqlar dağ yerində çətin şəraitdə yaşasalar da, kobud və cod deyillər, hiss olunur ki, yüksək əxlaq və tərbiyənin sahibidirlər. Onlar həm də təbiidirlər, olduqları kimi qala bilirlər, özündən böyüklə rəftarda inanılmaz dərəcədə mehriban və nəzakətlidirlər. Bilirsinizmi, onlar mənə tədricən yaxınlaşdılar, isinişdilər. Hətta öz dillərində mahnını elə oxuyurdular, sözləri elə deyirdilər ki, ardlarınca təkrar edə bilim. Məni qucaqlayırdılar, üzümü ovuclarına alırdılar, mənə alışırdılar və mənimlə birlikdə əylənirdilər. Ola bilər ki, o uşaqlar böyüyəndən sonra məni unutsunlar, yaddan çıxarsınlar, lakin mən onların heç birini heç zaman unudan deyiləm. Onlarla keçirdiyim anlar da yaddaşıma qızıl hərflərlə həkk olundu.
Liziya danışdıqca Aleksey tərcümə edirdi ki, bu uşaqlar dünyanın ən ucqar və ən qeyri-adi guşələrindən birində yaşayırlar. Burada həyat gözəl olduğu qədər də çətin və keşməkeşlidir. İnsanlar da mətin olduqları qədər qonaqpərvər və mehribandırlar. Bir-birinin əlindən tutmağı bacarırlar. Görünür, zirvələrin əhatəsində ayrı cür yaşamaq qeyri-mümkündür.
Liziya Qusardan corab almaq istəyirdi, nəsə onu qane etmədi deyə almadı. Amma Haput kəndində ev sahibəsi Mehparə ona öz cəhrəsində əyirib boyadığı saplardan toxuduğu bir cüt corab bağışlayanda sevincinin həddi-hüdudu yox idi. Aleksey də aşılanmış bir qoyun dərisi almaq istədi, axtarıb tapdılar. Qiymətini öyrənmək istəyəndə güldülər, sidq ürəkdən "hədiyyədir” dedilər. Və əlavə də etdilər ki, bu dağlarda hər şey satılmır.
Axşamtərəfi Haput kəndində adamlarla
sağollaşıb geri, Bakıya dönürük. Aleksey
yenə Liziyanın dediklərini səbirlə tərcümə
edir: "Dağlarla insanlar arasında ecazkar bir harmoniya var.
Hər insan sanki ayrı bir planet idi, günəş kimi nur saçırdı. Həmçinin dağların da insanlarla harmonik uzlaşan bir aurası var idi. Elə bil, hamısı
eyni dərəcədə
canlı idi, mühit və insanların harmonik simfoniyasını dinlədim,
rəqsini gördüm.
Təmənnasız insanlarla
tanış oldum. Buna sevinirəm
və çox xoşbəxtəm. Mənə ömrümün
ən gözəl anlarını bəxş
etdiyiniz üçün
sizə də, Azərbaycana da minnətdaram”.
Bahadur İMANQULİYEV
Akif ƏLİYEV
Azərbaycan.- 2019.- 30 may.- S.11.