Qlobal əməkdaşlığın rəmzinə
çevrilən tədbir
26-cı Beynəlxalq Xəzər Neft və Qaz
Sərgisində
Bakı Ekspo Mərkəzində 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi davam edir. İlk dəfə 1994-cü ildə keçirilən və artıq ənənə halını alan bu sərgi ötən dövr ərzində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş qlobal beynəlxalq əməkdaşlığın simvoluna çevrilib.
Prezident
İlham Əliyevin, hər il olduğu kimi, bu dəfə də sərginin
açılışında iştirak
etməsi tədbirin yüksək statusunu bir daha təsdiqləyir. Adətən bir sıra ölkələrin,
o cümlədən ABŞ-ın dövlət
başçıları Xəzər Neft
və Qaz Sərgisinə təbrik məktubu
ünvanlayırlar ki, bu
da onun beynəlxalq standartlara cavab verən tədbir
olduğunu göstərir. Sərginin
yüksək statusunu sponsor
heyətinin tərkibi də əks etdirir.
Budəfəki sərginin baş tərəfdaşı
kimi SOCAR çıxış edir. Qızıl sponsor BP, gümüş sponsor isə TPAO-dur. Bürünc sponsorlar da var ki,
bunlar "Azeri MI Drilling Fluids”, "AZFEN”,
"Baku Steel Company”, "Bos Shelf”,
"Caspian Drilling Company” və başqalarıdır.
Bu şirkətlər
sərgi pavilyonlarında
da əhəmiyyətli
yer tuturlar. Tərəfdaşları ilə birlikdə son illərin ən uğurlu layihələrinə
imza atan SOCAR-ın və BP-nin sərgi sahələrində "Azəri-Çıraq-Günəşli”nin
(AÇG) nailiyyətlərini göstərən ekspozisiyalar
xüsusilə diqqəti
cəlb edir. Bu da təsadüfi
deyil.
Çünki cari ilin sentyabrında
AÇG-nin tammiqyaslı
işlənməsi üçün
imzalanan möhtəşəm
sazişin - "Əsrin
müqaviləsi”nin imzalanmasının
25 ili tamam olacaq.
Builki sərgi Azərbaycanın,
eləcə də bütün regionun həyatında tarixi hadisə sayılan bir sıra digər
layihələrin də
yubileyinə təsadüf
edir. Məsələn, 20 il əvvəl
"Şahdəniz”də böyük
qaz və kondensat ehtiyatları olduğu təsdiqlənib.
Keçən il bu vaxt
"Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimi
keçirilib. Bundan az sonra
TANAP istismara verilib. Bütün bu layihələr sərgidə öz əksini tapıb.
Beləliklə, Xəzər Neft və Qaz Sərgisi
bir növ Azərbaycanın və regionun bu sahədəki
uğurlarının salnaməçisinə
də çevrilib. Məlum olduğu
kimi, AÇG-nin işlənməsinin müddəti
2049-cu ilin sonunadək
uzadılıb. Bu da yeni bir
layihənin həyata keçirilməsini gündəmə
gətirib. Həmin layihə
çərçivəsində Xəzərdə, AÇG ərazisində
növbəti platforma
quraşdırılacaq.
"Azəri-Çıraq-Günəşli”nin
dəniz və sualtı işlər üzrə layihə rəhbəri Anıl Şenol bu barədə
belə dedi: "Hazırda iki yeni layihə üzərində işləyirik.
Bunlardan biri qaz-lift layihəsidir.
Aydındır ki, AÇG-dən
hasilat davam etdikcə laylar boşalır. Ona görə
də quyulara qaz və su
vurulur ki, təzyiq sabitləşsin,
yaxud yüksəlsin.
Bu əməliyyatları platformalar arasında çəkəcəyimiz boru
xətləri həyata
keçirəcək. İkinci layihə isə tikiləcək yeni "Azəri Mərkəzi Şərqi” platforması
ilə bağlıdır.
Bununla əlaqədar sualtı bağlantıları həyata
keçirən bir çox boru xətləri çəkiləcək.
A.Şenol neft-qaz sərgisinin yüksək səviyyədə
təşkil olunduğunu
da vurğuladı. O, bu tədbirdə birinci dəfədir iştirak edir. Çünki əvvəllər "MakDermott”, "Saypem” şirkətlərinin əməkdaşı
kimi Asiya və Afrikada neft-qaz tikintisi ilə məşğul olub. BP şirkətində
altı ildir ki, çalışır.
Bir il
yarımdır fəaliyyəti
AÇG ilə bağlıdır.
Deyir ki, sərgi pavilyonunu bircə dəfə gəzməklə
neçə-neçə həmkarımla,
dostumla rastlaşdım,
çox məmnun qaldım.
"Bos
Shelf” şirkətinin ictimai
əlaqələr üzrə
mütəxəssisi Əli
Mustafayev də neft və qaz
sərgisinin həmkarların
işgüzar görüş
məkanına çevrildiyini
təsdiqlədi. Bildirdi ki, şirkət 2005-ci ildən bəri bu tədbirin daimi iştirakçısıdır:
- Biz bu tədbirdə imkanlarımızı
nümayiş etdirə,
yeni tərəfdaşlıq
əlaqələri qura
bilirik. İmkan və uğurlarımız
çoxdur. Belə
ki, "Bos Shelf” 2001-ci
ildən Heydər Əliyev adına
Bakı Dərin Özüllər Zavodunda
(BDÖZ) fəaliyyət göstərir.
Bu, 100 faiz Azərbaycan
şirkətidir və
2012-ci ildən BDÖZ-ün
yeganə eksklüziv operatorudur. Biz beynəlxalq səviyyəli
neft-qaz tikinti layihələrinin gerçəkləşməsində
BDÖZ-ün geniş
imkanlarından səmərəli
istifadə edirik.
Xatırladaq ki, indiyədək "Bos Shelf” şirkəti
BDÖZ-də "Azəri-Çıraq-Günəşli”
platformalarının mühüm
hissələrini hazırlayıb. 2013-2017-ci illərdə burada dünyamiqyaslı "Şahdəniz”
yatağı üçün
iki platformanın dayaq hissəsi inşa edilib. Bu, çox çətin və məsuliyyətli iş idi.
Bu gün
"Bos Shelf” yenə də Xəzər dənizindəki layihələr
üçün tapşırıqlar
yerinə yetirir. SOCAR-ın "Qarabağ” qaz yatağında quraşdıracağı özülün
sualtı dayağı
inşa olunur.
"TOTAL” şirkətinin "Abşeron” yatağı üçün nəzərdə
tutduğu işlər
həyata keçirilir.
Bütün bunlar Azərbaycanın
neft-qaz sektoruna mühüm töhfədir
və "Bos Shelf”in əməkdaşları
nailiyyətlərini sərgi
pavilyonundakı ekspozisiyalarında
nümayiş etdirməkdən
haqlı olaraq qürur duyurlar.
Qeyd edək ki, bu il sərgidə dünyanın onlarca ölkəsini təmsil edən 300-dən çox
şirkət iştirak
edir. Onların arasında həm tədbirin daimi iştirakçıları, həm
də debütantlar
var. İştirakçıların ümumi sayının 24 faizini debütantların təşkil etməsi Xəzər Neft və Qaz Sərgisinə
marağın getdikcə
artdığını göstərir.
Belə ki, bu il sərgiyə Çindən,
Qazaxıstandan, Türkiyədən,
Monakodan, Niderland Krallığından, Hindistandan
və digər ölkələrdən yeni
şirkətlər gəlib.
Debütantlar arasında
Azərbaycan şirkətləri
də az
deyil. Onlar sərginin daimi iştirakçıları ilə,
ABŞ, Almaniya, Böyük
Britaniya, Fransa, İtaliya, Rusiya və digər ölkələrdən gəlmiş
qlobal neft, qaz və energetika
şirkətləri ilə
yanaşı, özlərinin
geniş çeşidli
avadanlıqlarını, uniforma
və digər məhsullarını, eləcə
də xidmətlərini
təqdim edirlər.
Sərgi iştirakçıları bir
qayda olaraq əməkdaşlığı genişləndirmək, yeni
tərəfdaşlar tapmaq,
xüsusilə də Azərbaycanla işgüzar
əlaqələr qurmaq,
yaxud mövcud əlaqələri möhkəmləndirmək
arzularını bildirirlər. Başqa sözlə,
ölkəmizin yaratdığı
beynəlxalq əməkdaşlıq
və tərəfdaşlıq
formatı yeni, daha mühüm mərhələyə qədəm
qoyur. Bu formatın yaradılmasında
26-cı dəfədir Bakıda
keçirilən Beynəlxalq
Xəzər Neft və Qaz Sərgisinin
rolu və əhəmiyyəti danılmazdır.
Flora SADIQLI
Azərbaycan.- 2019.- 31 may.- S.1; 4.