İlham Əliyevdən Ermənistana daha bir zərbə

 

Azərbaycan Prezidenti MDB ölkələrinin ordu generalları ilə görüşdə də işğalçı ölkənin faşizm ideologiyasını növbəti dəfə ifşa etdi

 

Beynəlxalq konfrans və forumların, zirvə görüşlərinin, sammitlərin keçirildiyi məkan kimi tanınan paytaxtımız Bakı şəhəri oktyabrın 30-da daha bir mühüm toplantıya - MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının 77-ci iclasına evsahibliyi etdi.

Xatırladaq ki, təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair prinsipial mövqe MDB Dövlət Başçıları Şurasının oktyabrın 11-də Aşqabadda və Hökumət Başçıları Şurasının oktyabrın 25-də Moskvada keçirilən iclaslarında bir daha təsdiqlənib.

 

Hərbi əməkdaşlıq konsepsiyası təsdiq edildi

 

Nazirlərin görüşündə MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyası təsdiq edildi. Bu konsepsiya hərbi sahədə əlaqələri yeni üst səviyyəyə çatmaq məqsədi daşımaqla bərabər, təhlükəsizliyin təmin edilməsi, müasir çağırış və təhdidlərə qarşı mübarizə sahəsində MDB dövlətlərinin milli maraqlarını, birgə prioritetlərini əks etdirir.

Bununla yanaşı, iclasda MDB üzvü olan dövlətlərin müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətlə əlaqədar birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri nəzərdən keçirildi. Həmçinin "Beynəlxalq Ordu Oyunları-2019”un yekunları, MDB ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, "Elmə başlanğıc” İnnovativ Elmi İdeyalar Beynəlxalq Festivalının keçirilməsi və İkinci Dünya müharibəsində Qələbənin 75 illiyinin qeyd edilməsinə hazırlıq məsələləri müzakirə olundu. Eyni zamanda Birlik ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələrinin yekunları müzakirə edildi. İclasda MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı təsdiq edildi.

Nazirlər hərbi əməkdaşlığın inkişafına dair vəziyyəti müzakirə etdi və gələn il, həmçinin yaxın perspektivdə keçiriləcək birgə tədbirləri müəyyənləşdirdilər. Bəlli oldu ki, gələn il, həmçinin MDB ortaq hava hücumundan müdafiə qoşunlarının birgə kompüter komanda-qərargah təlimləri ("Regional təhlükəsizlik-2020”) keçiriləcək.

 

Azərbaycan hərbi əməkdaşlığın inkişafına davamlı töhfələr verir

 

Bütün zamanlarda Azərbaycanın beynəlxalq hərbi əməkdaşlığının məqsəd və tapşırıqları ölkəmizin milli maraqları, müdafiə və xarici siyasəti ilə müəyyən olunub və bu gün də yeni inkişaf mərhələsindədir.

Müxtəlif dövlətlərin maraqlarının kəsişmə məkanında, Şərqlə Qərb arasında, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi regionda yerləşən və zəngin enerji ehtiyatlarına malik Azərbaycanın sülh və müharibə dövründə hərbi təhlükəsizliyinin təmin olunmasında, həmçinin xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar çərçivəsində tərəfdaşlıq münasibətlərinin qurulmasında Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq fəaliyyətinin rolu xüsusi əhəmiyyətə malikdir.

Beynəlxalq hərbi əməkdaşlıq fəaliyyəti Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələri ilə əlaqəli şəkildə, Azərbaycanın müdafiə və xarici siyasət kursuna müvafiq olaraq həyata keçirilir.

Həmçinin beynəlxalq hərbi əməkdaşlıq Müdafiə Nazirliyinin hərbi, hərbi təhsil, hərbi-siyasi və hərbi-texniki sahələrdə xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli formatda həyata keçirdiyi kompleks fəaliyyətlərdir.

Beynəlxalq hərbi əməkdaşlığa gəlincə, bu gün Azərbaycanın bir çox nüfuzlu təşkilatlarla ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq əlaqələri mövcuddur. Bunların sırasında NATO, ATƏT, MDB, BQXK (Beynəlxalq Qızıl Xaç Komitəsi) və CISM (Beynəlxalq Hərbi İdman Şurası) ilə əməkdaşlıq, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı göstərmək olar.

İşğalçı Ermənistan istisna olmaqla MDB ölkələri ilə çoxsahəli hərbi əməkdaşlığın inkişafında maraqlı olan Azərbaycan bu əlaqələrin daha da şaxələnməsinə davamlı töhfələr verir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov da vurğulayıb ki, MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında qəbul olunan qərarlar MDB formatında çoxtərəfli əməkdaşlıq sisteminin təkmilləşdirilməsinə yönəlib və hərbi sahədə qarşılıqlı, səmərəli tərəfdaşlıq əlaqələrinin inkişafına töhfə verəcək: "Ümid edirik ki, bu iclas ölkələrimiz arasında əməkdaşlığın inkişafına və dərinləşməsinə əlavə stimul verəcək, əməkdaşlığın yeni perspektivlərini müəyyən edəcək, habelə dövlətlərimizdə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək”.

 

Azərbaycanda Qələbənin 75 illiyinə çox fəal hazırlıq gedir

 

MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarının qəbulu zamanı Prezident İlham Əliyev vurğuladı ki, Bakıda keçirilən bu tədbir özlüyündə çox böyük əhəmiyyət kəsb edir. Bu, ölkələri daha sıx birləşdirir, ikitərəfli gündəliyə dair söhbət etmək üçün yaxşı imkan yaradır.

Bu yaxınlarda Aşqabadda dövlət başçılarının Zirvə görüşünü xatırlayan dövlət başçısı onun çox uğurlu keçdiyini və MDB üzvü olan digər ölkələr kimi, Azərbaycanın da bu təşkilatda iştiraka böyük əhəmiyyət verdiyini söylədi: "Bir sıra məsələlərə dair bizim konstruktiv mövqeyimiz də MDB çərçivəsində qarşılıqlı fəaliyyətin daha da möhkəmlənməsinə töhfə verir. Əlbəttə, xüsusən müasir mərhələdə bizim regionda mövcud olan və yarana biləcək təhlükələr nəzərə alınmaqla hərbi sahədə əməkdaşlıq çox böyük əhəmiyyət kəsb edir. Zənnimcə, buna görə MDB üzvü olan ölkələrin sabitliyi və davamlı inkişafı çox cəhətdən dövlətlərimizin təhlükəsizliyini təmin edən orqanların qarşılıqlı fəaliyyətindən asılıdır”.

Qeyd edək ki, dövlət başçılarının Aşqabad Zirvə Görüşü çərçivəsində müzakirə edilən mövzulardan biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə hazırlıq məsələsi idi. Prezident ölkəmizin də buna çox fəal hazırlaşdığını deyərək vurğuladı ki, bu, ümumi Qələbədir və Azərbaycanda 9 May günü uzun illərdir dövlət bayramı kimi qeyd edilir. Ölkədə veteranlara qayğı dövlətin gündəlik işinin ayrılmaz tərkib hissəsidir. Veteranlar diqqət və qayğı ilə əhatə olunub, onların maddi vəziyyəti təmin edilir. Onlar hər kəs üçün qəhrəmanlıq nümunəsidir: "Böyük Vətən müharibəsində ümumi Qələbəyə Azərbaycan xalqının da sanballı töhfəsi olub. Xalqımızın 600 mindən çox nümayəndəsi müharibədə iştirak edib, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Sovet İttifaqı qəhrəmanlarından 170 nəfəri Azərbaycanın nümayəndələridir. Bu, xalqımızın qürur mənbəyi, böyüməkdə olan nəsil üçün örnəkdir”.

 

Ermənistanda nasizm dövlət səviyyəsində təbliğ edilir

 

Cənab İlham Əliyev görüşdə Aşqabad zirvəsində səsləndirdiyi fikirləri bir daha diqqətə çarpdıraraq bu gün erməni faşizminin dünya üçün qlobal təhdid olduğunu söylədi. Qeyd etdi ki, bəzən kimlərsə tarixin saxtalaşdırılması, faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi, tarixin yenidən yazılması kimi cəhdlər edir. Bu da əlbəttə ki, təəssüf doğurur. Azərbaycan da bu məsələyə çox həssas yanaşır. Çünki bu, təkcə tarixin təhrif edilməsi baxımından deyil, gələcək nəsillər üçün də böyük təhlükədir.

Ona görə də müharibənin səbəbləri haqqında, təcavüzkarın kim olması və həm ölkəsini, həm də dünyanın yarısını XX əsrin bu taunundan xilas etmiş sovet xalqının qəhrəmanlığı barədə həqiqətin dünyaya çatdırılması üçün ümumi səylərlə çox fəal iş aparılmalıdır: "Aşqabad Zirvə görüşü zamanı mən belə bir məsələ də qaldırdım ki, MDB məkanında da təəssüf ki, faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi faktları var. Məhz Ermənistanda faşist cəllad Ter-Arutyunyan qəhrəman səviyyəsinə qaldırılıb. Ermənistanda meydanlara, küçələrə onun adı verilib. Bir neçə il bundan əvvəl isə Ermənistan paytaxtının mərkəzində ona təqribən 6 metr hündürlüyündə heykəl qoyulub. Bu adam deyirdi ki, "Almaniya uğrunda ölənlər Ermənistan uğrunda ölür”. Bu adam SMERŞ tərəfindən tutularaq uzunmüddətli həbs cəzasına məhkum edilib və onun şərəfsiz ömrü Vladimir həbsxanasında başa çatıb”.

Ermənistanın əvvəlki hakimiyyəti tərəfindən qoyulan bu heykəl hələ də götürülməyib. Bu isə onu təsdiq edir ki, işğalçı ölkədə nasizm dövlət səviyyəsində təbliğ edilir. Hətta MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. Prezident bunu MDB məkanında yolverilməz hərəkət kimi qiymətləndirdi və bildirdi ki, bu, erməni tərəfin səmimiyyəti barədə çox böyük suallar doğurur: "Erməni tərəfi deyir ki, o da qəhrəmanların xatirəsinə ehtiram bəsləyir. Bu, nonsensdir, ona görə ki, onlar faşistlərin əlaltılarının xatirəsinə ehtiram bəsləyir, yəni, əslində, bu mənfur əməllərə qarşı mübarizədə canlarından keçmiş insanların xatirəsinin təhqir edildiyini görürük. Buna görə biz öz tərəfimizdən bundan sonra da həm birlik ölkələrinin, həm də digər dövlətlərin ictimaiyyətinin bu məsələyə diqqətini Qələbənin 75 illiyinə hazırlıq prizmasından cəlb edəcəyik. Düşünürəm ki, biz birgə səylərimizlə bundan sonra da işimizi bu istiqamətdə davam etdirəcəyik ki, Böyük Vətən müharibəsi haqqında həqiqət bütün dünya birliyinin, xüsusən gənc nəslin diqqətinə çatdırılsın”.

Görüş zamanı Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu vurğuladı ki, tarixi yenidən yazmaq, qalibləri məğlublar, məğlubları isə qaliblər kimi qələmə vermək məqsədilə göstərilən hər hansı cəhdlərə qarşı mübarizə aparmaq üçün nə mümkündürsə etmək lazımdır. Eyni sözlər bu böyük savaşın, ağır müharibənin gedişində törədilmiş cinayətlərə də aiddir:

"Bu gün bir tərəfdən tarixi yenidən yazmaq, digər tərəfdən qaliblərin məğlub sayılması üçün əlindən gələni etmək istəyənlərin sayı get-gedə artmaqdadır. Biz bunu nəzərə alaraq, bütün həmkarlarımızı Moskvada keçiriləcək bayram tədbirinə dəvət etmişik ki, birlik ölkələrindən olan hərbi kontingent Qızıl Meydanda Qələbə paradında iştirak etsin. Ümidvaram ki, azərbaycanlı hərbi qulluqçular da əvvəllər olduğu kimi, bu tədbirdə çox fəal iştirak edəcəklər”.

Əməkdaşlığa gəldikdə isə Sergey Şoyqu qeyd etdi ki, əlaqələr birlikdə baxılan və təsdiq etdilən planlar üzrə inkişaf edir. Bu gün Rusiyanın beynəlxalq terrorizmə qarşı mübarizədə böyük təcrübə qazandığını söyləyən ordu generalı bu təcrübəni həmkarları ilə bölüşməyə hazır olduqlarını da söylədi. Onun fikrincə, bu, həm beynəlxalq terrorizmə qarşı mübarizə, həm humanitar kömək, o cümlədən minalardan təmizləmə, tibbi yardım və bir sıra başqa məsələlərə aiddir.

Ümumiyyətlə, MDB ölkələrinin müdafiə nazirlərinin hər bir görüşü təsdiq edir ki, üzv dövlətlərin hərbi əməkdaşlığının genişləndirilməsində ümumi maraqlar üst-üstə düşür. MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının Bakıdakı 77-ci iclasında və Prezident İlham Əliyevlə keçirilən görüşdə səslənən fikirlər isə bir daha təsdiq edir ki, aparılan müzakirələr, qəbul edilən qərarlar tərəflər arasındakı əməkdaşlığın daha da möhkəmlənməsinə kömək edəcək.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan. - 2019.-2 noyabr.- S.1; 3.