Prezident İlham Əliyev: “İcra orqanlarının rəhbərləri
vətəndaşların qayğıları ilə
yaşamalıdırlar”
Dövlət başçısı Anar Tağıyevi
Yevlax Şəhər İcra Hakimiyyətinin
başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra
Hakimiyyətinin başçısı vəzifələrinə
təyin olunmaları ilə əlaqədar qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:
-Mən sizi icra başçısı vəzifəsinə təyin edirəm. Siz bu günə qədər icra başçısının müavini vəzifəsində işləmisiniz, müəyyən təcrübə toplamısınız. İndi isə sizə böyük etimad göstərərək Xaçmaz və Yevlax rayonlarına icra başçısı vəzifəsinə təyin edirəm. Bu, böyük etimaddır və siz bu etimadı doğrultmalısınız.
Xaçmaz rayonunda uzun illərdir ki, Şəmsəddin Xanbabayev işləyir. Şəmsəddin Xanbabayev Naxçıvanda ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Baş Nazir vəzifəsində işləmişdir. Ondan sonra Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində işləmişdir. Əvvəlki nazir onu işdən çıxarmaq istəmişdi, mən qoymadım. Çünki Şəmsəddin Xanbabayev həm təcrübəli insandır, eyni zamanda, ən ağır dövrdə Heydər Əliyevə öz dəstəyini göstərmişdi və Heydər Əliyev onu Naxçıvanın Baş Naziri vəzifəsinə təyin etmişdi.
Son illər ərzində Xaçmaz rayonunda abadlıq işləri aparılıbdır, böyük infrastruktur layihələri icra edilibdir. Mənim təşəbbüsümlə modul tipli elektrik stansiyası tikilib, aqroparklar işə başlayıb, həm Bakıdan Xaçmaza qədər, eyni zamanda, kənd yolları çəkilib. Xaçmaz rayonunun çox böyük turizm potensialı var və hesab edirəm ki, gələcəkdə biz bu imkanlardan daha geniş şəkildə istifadə etməliyik. Şimal zonasının turizm imkanları doğrudan da çox genişdir. Bildiyiniz kimi, Qusar rayonunda, MDB məkanında ən yüksək səviyyəli dağ-xizək mərkəzlərindən biri fəaliyyət göstərir – Şahdağ kurortu. O da mənim təşəbbüsümlə yaradılmışdır. İlk dəfə mən o dağlara gələndə orada heç bir yaşayış, heç bir infrastruktur yox idi. Biz yollar çəkdik. Quba və Qusar rayonlarının sərhədində müasir elektrik stansiyası yaradıldı, qazlaşdırma aparıldı, elektrik enerjisi, su təchizatı təmin edildi. Yəni, bir sözlə Qusar rayonunun çox böyük inkişaf layihəsi icra edilmişdir. Bir daha demək istəyirəm ki, Şahdağ kurortu bu gün nəinki MDB-də, dünya miqyasında ən gözəl dağ-xizək kurortlarından biridir.
Xaçmaz rayonunun da özünəməxsus gözəl təbii şəraiti vardır. Təkcə Nabran bölgəsini qeyd etmək kifayətdir. Doğrudan da nadir təbii məkandır. Əlbəttə ki, orada turizm infrastrukturu müasir standartlara cavab verməlidir. Əfsuslar olsun ki, hazırda bu, belə deyil. Mən Xaçmaz rayonuna son səfərim zamanı oradakı turizm imkanları ilə tanış oldum, gördüm ki, indiki Azərbaycanın inkişaf səviyyəsinə uyğun gəlmir. Bir sıra istirahət zonaları çox primitivdir, xidmət səviyyəsi də çox aşağıdır. Ona görə bu məsələyə çox böyük diqqət göstərilməlidir. Dövlət xətti ilə lazımi kömək göstəriləcək. Ancaq yerli icra orqanları da bu sahəyə böyük diqqət göstərməlidirlər. O cümlədən Xaçmaz rayonunun böyük kənd təsərrüfatı potensialı vardır və orada yaradılmış Yalama aqroparkı çox böyük investisiya tutumlu layihədir. Digər sahələr üzrə də işlər düzgün aparılmalıdır. Yerli vətəndaşların müraciətlərini nəzərə alaraq, orada böyük suvarma layihələri icra edildi. Yəni, rayonun çox böyük potensialı var. İnfrastruktura gəldikdə, həm Olimpiya Mərkəzi, eyni zamanda, xəstəxana yaradılmışdır, abadlıq işləri aparılmışdır. Bu işlər davam etdirilməlidir, ancaq müasir səviyyədə, müasir tələblərə uyğun şəkildə.
Yevlax rayonunun da çox
böyük potensialı vardır. Orada da böyük
infrastruktur layihələri icra edilmişdir. Düzdür, içməli su və kanalizasiya layihələri
hələ ki, başlamamışdır. Xaçmaz
rayonunda bu layihələr başa çatıb. Bir neçə gün bundan əvvəl "Azərsu”
Səhmdar Cəmiyyətinə göstəriş verildi ki,
Yevlax rayonunun içməli su və kanalizasiya layihəsinə
start verilsin. Hazırda Azərbaycanda cəmi beş şəhərdə bu layihələr
başlamayıb. Ancaq müvafiq göstərişlər
verilib və bu işlər də davam etdirilməlidir.
Əlbəttə ki, kənd
təsərrüfatı sahəsində böyük imkanlar
var. Sənaye baxımından çox böyük potensial var.
Yəni, icra başçıları bütün bu işlərdə
fəal olmalıdırlar. Düzdür, əsas
işi dövlət qurumları görür. Yol çəkilişi, elektrik enerjisi təchizatı,
qaz təchizatı - bütün bunlar dövlət investisiya
proqramı çərçivəsində həll olunan məsələlərdir.
Yerli icra orqanları, sadəcə, burada
çox fəal olmalıdırlar və bütün bu layihələrin
icrası üçün öz səylərini göstərməlidirlər.
Sizin qarşınızda
duran əsas vəzifələr rəhbərlik edəcəyiniz
rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir. Siz vətəndaşlarla
daim təmasda olmalısınız, bütün kəndləri
gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz.
Sizin işiniz kabinet işi olmamalıdır.
Düzdür, əlbəttə ki, hər bir rəhbərin
işi, o cümlədən qəbul edilən qərarlar,
görülən işlər, keçirilən müşavirələr
- bütün bunlar hər bir rəhbər işçinin
gündəlik həyat tərzidir. Ancaq siz çox model
başçılar kimi fəaliyyət göstərməlisiniz.
Mən bir neçə dəfə
demişəm, əgər ölkəmizin bütün kəndlərinin
problemləri həll olunarsa, deməli, bütün problemlər
də həll olunacaq. Xüsusilə nəzərə alsaq ki,
hazırda regionların sosial-iqtisadi inkişafı üzrə
dördüncü dövlət proqramı icra edilir. Hesab edirəm ki, dördüncü proqramın
icrası nəticəsində bu günə qədər həll
olunmamış məsələlər tam şəkildə
öz həllini tapacaqdır. Bu
proqramın icrası Xaçmaz və Yevlax rayonlarını
da əhatə edir. Siz vətəndaşların
qayğıları ilə yaşamalısınız, onların
problemlərini öyrənməlisiniz, düzgün təhlil
aparmalısınız. Hansı məsələ
rayon səviyyəsində həll oluna bilərsə,
onları həll etməlisiniz. Əgər
gücünüz çatmasa, onda mərkəzi icra
orqanlarına müraciət etməlisiniz, o cümlədən
Prezident Administrasiyasına ki, biz mövcud olan problemləri həll
edək.
Eyni zamanda, siz vətəndaşlarla
daim ünsiyyət əsnasında rayonun problemlərini və
vətəndaşları narahat edən məsələləri
daha dərindən öyrənib adekvat tədbirlər görməlisiniz. Bütün
xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq,
korrupsiya tamamilə
yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi
verirəm. Əgər eşitsəm, bilsəm
ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız.
Bunu bəri başdan bilin və bütün
başqa yerli icra orqanlarının nümayəndələri,
rəhbərləri məni yaxşı eşitsinlər.
Korrupsiyaya, rüşvətxorluğa
qarşı Azərbaycanda amansız mübarizə
aparılmalıdır. Bu yara bizim
inkişafımızı ləngidir və gələcəyə
olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə
var. Amma əsas məsələ ondadır ki, rəhbərlik
bu məsələyə necə münasibət göstərir.
Azərbaycanda şəffaflıq,
dürüstlük hər bir dövlət məmuru
üçün həyat tərzi olmalıdır. Ona görə bu məsələ ilə
bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə
çox ciddi fəaliyyət göstərməlisiniz, tamamilə
şəffaf vəziyyət yaradılmalıdır.
Rayonların
abadlıq-quruculuq işlərinə diqqət yetirilməlidir,
mövcud obyektlərin işlək vəziyyətdə
olması da çox önəmlidir. Mənə verilən
məlumatlara görə, bir neçə rayonda mənim
iştirakımla açılmış Gənclər Mərkəzi
indi bağlıdır, qapıya qıfıl vurulub və sadəcə
olaraq görüntü naminə fəaliyyət göstərir.
Bu, dözülməzdir, buna vəsait xərclənib.
Gənclər mərkəzlərində gənclər
öz asudə vaxtlarını keçirməlidirlər, orada
maraqlı tədbirlər, intellektual oyunlar, vətənpərvərliklə
bağlı tədbirlər təşkil olunmalıdır.
Bu mərkəzlər tikilir, bir çox hallarda
istifadə olunmur. Heydər Əliyev mərkəzləri
demək olar ki, hər bir rayon mərkəzində vardır.
Nədir bu mərkəzlərin məqsədi?
Odur ki, o mərkəzlərə vətəndaşlar
gəlib öz asudə vaxtlarını keçirsinlər, o mərkəzlərdə
dərnəklər fəaliyyət göstərməlidir, o mərkəzlərdə
sərgilər keçirilməlidir. O mərkəzlər
rayonun mədəni həyatının ayrılmaz hissəsi
olmalıdır. Ancaq mənə verilən məlumata
görə, bəzi hallarda açılışdan sonra yenə
də qapıları qıfıllanır və faktiki olaraq bu
mərkəzlər işləmir. Siz bu məsələ
ilə çox ciddi məşğul olun. Yəni,
rayonlarda həyat daha da dinamik xarakter almalıdır. Əlbəttə ki, rayonlarla böyük şəhərlər
arasında fərq var, hər bir ölkədə. Ancaq biz bu fərqi azaltmalıyıq. Rayon yerində elə şərait
yaradılmalıdır ki, oradakı vətəndaşlar elə
orada yaşasınlar. İş yerləri
olmalıdır. İndi dövlət xətti
ilə bu proqram icra olunur, o cümlədən ödənişli
ictimai işlər yaradılıbdır. Bu il 40 minə yaxın ödənişli ictimai
iş yeri yaradılıb. Ancaq əvvəlki mənzərə
necə idi? Bəzi icra
başçıları saxta adamların adlarını
siyahıya yazdırırdılar, onlara düşən vəsaiti
mənimsəyirdilər və beləliklə
talançılıqla məşğul idilər. Onların artıq cəzası verilibdir. Ona görə bu sahədə də tam şəffaflıq
təmin edilməlidir. Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə siz ən
kasıb təbəqəni bu işlərə cəlb etməlisiniz
ki, onlar işsiz qalmasın. Mən demək istəyirəm
ki, bu ödənişli iş yerlərinin böyük əksəriyyəti
bizə lazım deyil. Ancaq biz bunu ona görə edirik ki,
işsizlik aşağı səviyyədə olsun və
rayonlarda iş axtaran işlə təmin olunsun. Yenə də
demək istəyirəm ki, bu işlərdə artıq 40 minə
yaxın vətəndaş işləyir və eyni zamanda,
onların arasında bağbanlar, binaları təmir edənlər
də var. O da bizə lazımdır. Ona görə
bu sahəyə çox ciddi diqqət göstərilməlidir
və elə etməlisiniz ki, vətəndaşlar sizin fəaliyyətinizdən
razı qalsınlar.
İctimai nəzarət
rayonlarda daha güclü olmalıdır. Buna nail
olmaq üçün müvafiq təkliflər
hazırlayın. İctimaiyyəti bizim ümumi
işimizə cəlb etməliyik. Həm
ictimaiyyət nümayəndələri öz səylərini
göstərsinlər, həm də sizin işinizə,
dövlət orqanlarının işinə nəzarət
etsinlər. Əgər biz buna nail
olsaq, onda hər hansı bir xoşagəlməz hadisə
baş verərsə, biz dərhal ondan xəbər tutub
lazımi tədbirləri görəcəyik. Bir
çox hallarda rayonlardan gələn məlumat belədir ki, hər
şey əladır, hər şey yaxşıdır, biz
burada bütün işləri ən yüksək səviyyədə
qururuq. Amma dərindən baxanda
görürsən belə deyil, bəzi icra
başçıları tərəfindən yalan məlumatlar
ötürülür. Özlərini göstərmək,
yaxud da ki, nöqsanlarını ört-basdır etmək
üçün yalan raportlar verilir, rayonların
inkişafı ilə bağlı, mövcud problemlərlə
bağlı həqiqəti əks etdirməyən məlumatlar
verilir. Ona görə mən də rayonlara
tez-tez gedirəm ki, o problemləri xalqın dilindən
eşidim. Biz bu problemləri həll etməliyik.
Əgər kimsə problemləri malalamaq istəyirsə,
səhv yoldadır. Sizə də
tapşırıram, hər bir ölkədə problem var, biz
o problemləri ört-basdır etməməliyik. Əksinə, üzə çıxarmalıyıq.
O cümlədən mən media nümayəndələrinə
də dəfələrlə müraciət etmişəm,
demişəm ki, siz mənim köməkçilərimsiniz. Bəzi hallarda mən dözülməz vəziyyətlə
bağlı mediadan xəbər tuturam. Bax,
son hadisəni demək istəyirəm ki, Şamaxı rayonunda
zəlzələ olub, oraya böyük vəsait
ayrılıb. Mən oraya getmişəm,
yeni tikilmiş evlərin açarlarını vətəndaşlara
təqdim etmişəm. Ancaq o günləri
televizorda baxıram ki, məktəb binasının
yarısı uçubdur, çatlar var, uşaqlar qorxudan orada
otura bilmirlər. Bəs yaxşı, bunun
üstündən səkkiz ay keçibdir, bunu etmək
mümkün deyilmi? Vəsait
ayrılıb, göstəriş verilib, bir çox evlər
tikilib, bu məktəb belə yararsız vəziyyətdə
ola-ola bununla necə barışmaq olar? İndi
əgər mediada, televizorda bu reportaj getməsəydi, mən
bilməyəcəkdim. Mən bilən kimi
dərhal göstəriş verdim. İndi
orada işlər başlayacaq və o məktəb binası ya
sökülüb yenidən tikiləcək, ya da ki, əsaslı
təmir olunacaq. Ona görə ictimai nəzarət
olmalıdır. Siz də bundan
qorxmamalısınız, əksinə, ictimaiyyət sizə dəstək
verməlidir.
Siz gəncsiniz, birinizin 37,
digərinizin 38 yaşı var. İndi Azərbaycanda gəncləşmə
siyasəti aparılır. Bu, təbiidir, nəsillər
dəyişir, yeni təfəkkürlü insanlar irəli
çəkilir. Bu, təbii prosesdir və
biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri
almamalıdır. Çünki mənə
məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək
istəyirlər və sınanmış, təcrübəli,
bir qədər yaşlı insanlara qarşı bu
kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən
bilirəm kim nəyə qadirdir, kimin
hansı xidmətləri olub əvvəlki dövrdə və
bu gün. Ona görə Azərbaycanda təcrübə
ilə gənclərin dinamizmi arasında vəhdət
yaradılmalıdır. Bunun sintezi sayəsində
biz gözəl nəticələrə çata bilərik.
Bir də ki, yaşlı nəsil öz təcrübəsini
bölüşməlidir. Ona görə hər
kəs bilsin ki, mən bu kampaniyaya yol verə bilmərəm.
Müəyyən dərəcədə xidmət
göstərmiş insanlar, əlbəttə ki, dövlət
tərəfindən də qiymətləndirilir və biz
kampaniyaya yol verməyəcəyik. Eyni
zamanda, təbii ki, gəncləşmə prosesi getməlidir və
burada söhbət təkcə yaşda deyil, təfəkkürdədir,
işə yanaşmadadır. Siz indi mənim
təyin etdiyim kadrlar kimi, elə işləməlisiniz ki, həm
Yevlax camaatı, həm Xaçmaz camaatı minnətdarlıq
bildirsin. Əgər siz bu etimadı
doğrultmasanız mən sizi işdən
çıxaracağam və cəzalandıracağam.
Gedin işə
başlayın və bir daha deyirəm ki, Prezidentin və
xalqın yüksək etimadını doğruldun.
Azərbaycan.- 2019.- 1 noyabr.- S.1-2.