Şərəflə yaşanan alim ömrü

 

Təbiətin saysız-hesabsız nadir və əsrarəngiz gözəlliklərinin "müəllifi” olan torpağın dili ilə danışmağı bacarmaq, onu insanlara daha yaxın etmək torpaqşünas alimlərin üzərinə düşür. Bu, zamanın və təbiətin tələbidir. AMEA-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru, Əməkdar elm xadimi, professor Məmmədəmin Salayev belə alimlərdəndir. M.Salayev keçən əsrin 30-cu illərində Azərbaycan Politexnik İnstitutunun Kənd təsərrüfatı fakültəsində təhsil almışdır.

İnstitutu bitirdikdən sonra Gəncə şəhərində Təcrübə-Seleksiya Stansiyasının aqrokimya şöbəsində əmək fəaliyyətinə başlamışdır. Burada elm adamlarının təcrübələrindən bəhrələnən gənc mütəxəssis 1933-cü ildə Bakıya qayıtdıqdan sonra Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Kimyalaşdırma stansiyasında fəaliyyətini geniş formada davam etdirmişdir. Onun torpaqşünaslıq elminə olan marağı elm adamlarının diqqətindən yayınmır. Odur ki, iki ildən sonra Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına göndərilir. Burada torpaqşünaslıq elminin korifeylərindən olan professor V.Gemerlinq, D.Vilenski, İ.Şulqabaşqa görkəmli alimlərin təcrübəsini yetərincə mənimsəyir, bu sahənin problemləri ilə məşğul olmaqdan yorulmur. Nəhayət, 1941-ci ildə "Şimali Muğanın şorlaşmış torpaqlarında asan həll olunan duzların hərəkəti” mövzusunda namizədlik dissertasiyası müdafiə edib geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi alır.

Gənc alim bundan sonra elmi fəaliyyətini SSRİ EA Azərbaycan filialının Torpaqşünaslıq bölməsində professor V.Smirnov-Loginovun rəhbərliyi altında davam etdirir. Onun regional elmi araşdırmaları 1939-1940-cı illərdə Samur-Dəvəçi düzənliyinin xam torpaqlarında suvarma kanalının tikintisi ilə əlaqədar olur. Məqsəd ərazi torpaqlarının iri miqyasda xəritələşdirilməsi, kənd təsərrüfatı üçün münbit, perspektivli torpaq sahələrinin müəyyənləşdirilməsi, onların əkinəyararlı olması üçün şoran torpaqların meliorativ proqnozus. idi.

Böyük Vətən müharibəsi illərində SSRİ Müdafiə Nazirliyinin bir sıra tapşırıqları (xüsusi xəritələrin tərtib edilməsi, ərzaq proqramı ilə əlaqədar çay bitkisi üçün yararlı torpaqların seçilməsi, kartofçuluğun suvarılan rayonlarda inkişaf etdirilməsi və s.) M.Salayev tərəfindən layiqincə yerinə yetirilmişdir.

M.Salayev Azərbaycan Gəncə-Qazax-Ceyrançöl Dövlət meşə zolaqlarının salınmasının təşkilatçısı və rəhbəri olmuşdur. Burada aparılan tədqiqat işlərinin nəticəsində Azərbaycan quru-bozqır zonası torpaqlarının meşəyə yararlılıq dərəcəsini müəyyənləşdirən xəritələr tərtib edilmişdir. Onun Kür-Araz düzənliyinin su təsərrüfatı tikintisi ilə əlaqədar torpaq-meliorativ tədqiqatları da uğurlu olmuşdur. 1950-ci illərdə Dağlıq Qarabağ suvarma kanalının və Mingəçevir su qovşağının tikilməsi, habelə xam torpaqların istifadəyə verilməsi kimi problemlərin öhdəsindən əsl alim bacarığı ilə gəlmişdir. Elmi-əməli təklifləri əsasında Dağlıq Qarabağ kanalının inşası üçün hazırlanmış texniki layihə əsas kimi qəbul edilmişdir.

M.Salayevin Azərbaycanın dağlıq ərazisi hesab olunan Kiçik Qafqaz torpaqlarının tədqiqi və xəritələşdirilməsində də xüsusi əməyi olmuşdur. Alim zonal torpaq tiplərinin müfəssəl diaqnostik səciyyəsini və sistematikasını vermiş, aşınma tiplərinin qanunauyğunluqlarını müəyyən etmiş, habelə vilayətin bütün torpaqlarını rayonlaşdırmışdır. Beləliklə, dağlıq ərazidə torpaqların litogenliyinə diqqət yetirməklə torpaq əmələ gətirən süxurlar ilə torpağın formalaşma səciyyəsi arasındakı sıx əlaqəni tədqiqata cəlb etməklə 1966-cı ildə Moskvada V.V.Dokuçayev adına Torpaqşünaslıq İnstitutunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.

Respublikamızda ilk dəfə olaraq torpağın aşınma tipləri, Kiçik Qafqazın əsas və kövrək torpaq əmələ gətirən süxurlarının fiziki-kimyəvi, mineraloji səciyyəsini M.Salayev vermişdir. 1991-ci ildə Azərbaycan torpaqlarının yeni təsnifat sxemi məhz M.Salayev tərəfindən təklif edilmişdir. Alimin elmi araşdırmalarına əsasən bu cür geniş ekoloji-genetik yanaşma torpaqların istehsal xüsusiyyətlərini daha ətraflı müəyyənləşdirməyə və həmin təsnifatdan genişmiqyaslı torpaq tədqiqatlarında istifadə etməyə imkan vermişdir.

Torpaqşünas alimlə uzun müddət bir yerdə işləmişik, elmi məsləhətçim olmaqla alim-mütəxəssis kimi yetişməyimdə böyük əməyi olub. Namizədlik işimə opponent olarkən tövsiyə və təkliflərinin gələcəkdə elmi fəaliyyətimə işıq saçacağına böyük ümidlər bəsləyirdim. Hər bir aspirant kimi mən də elmi işimi vaxtında başa çatdırmağa çalışırdım. Araşdırmalarımı M.Salayevə təqdim edəndə mütləq nə isə bir nöqsan tapırdı. Belə hallarda o, çox sakit tərzdə: "Get bir az gəz, dolan, sonra gələrsən, danışarıq” deyirdi. Həmin gün, ya bir gün sonra yazdıqlarımı yenidən müzakirə edirdik və rəhbər kimi mənə öz dəyərli məsləhətlərini verirdi. O, sözün əsl mənasında, böyük alimböyük pedaqoq idi.

M.Salayevin mənə olan münasibətini: elmi işimin müəyyən hissələrini dönə-dönə işlətməyi, yeni mənbələrlə zənginləşdirməyi bəzən bezdirici, açıq desəm, qərəzçilik kimi qəbul edirdim. Heç yadımdan çıxmır. Bir dəfə unudulmaz M.Salayev alimlərlə söhbət zamanı dedi: "Siz Qərib Məmmədovdan, birQurban Əzizovdan muğayat olun, onların gələcəyinə inanın, işlədin, bilin ki, Azərbaycan torpaqşünaslıq elmi üçün çox yaxşı alim olacaqlar”. Deməli, M.Salayev barəsində düşündüklərim həqiqətə uyğun deyilmiş. Anladım ki, onun mənə münasibəti qərəzçilik yox, qayğı imış. O an ataların "ağladan yanında ol, güldürən yanında yox” misalı yadıma düşdüM.Salayev təkcə torpaqşünas alim kimi deyil, ata, ağsaqqal kimi ürəyimdə əbədiləşdi.

Hərdən yazılarımı nəzərdən keçirəndə torpağın qiymətləndirilməsi ilə bağlı fikirlərimi soruşardı. "Sən buna necə baxırsan?” deyə rəyimi öyrənərdi. Hər dəfə ondan ayrılanda içimdə dünya boyda işıq yanardı. Bir dəfə dedi ki, "oğul, top hansı güclə yerə dəyirsə, eyni güclə yüksəkliyə qalxır. Gənc yaşlarında nə qədər çox işləsən, öyrənsən, gələcəkdə elmin kəhkəşanlı yollarında addımlamaq sənə bir o qədər asan olar”.

M.Salayevin hörmətlə xatırlanan alim ömrü təkcə alimlik zirvəsinə ucaltdığı aspirantlarının, tələbələrinin talelərində deyil, yazdığı elmi əsərlərində də yaşayır. Onun çoxillik elmi tədqiqatları "Azərbaycan torpaqlarının təsnifatı və diaqnostikası” (1991) adlı monoqrafiyasında toplanmışdır. Burada təqdim olunan torpaq təsnifatında torpaq tiplərinin bioiqlim şəraiti ilə coğrafi landşaftı arasındakı ekoloji-genetik asılılıq daha ətraflı şərh edilmişdir.

Azərbaycanda torpaqların genetik indeksi ilk dəfə M.Salayev tərəfindən hazırlanmışdır. Alimin "Zaqafqaziya subtropik torpaqlarının genetik tipləri” kitabında yalnız Zaqafqaziyanın deyil, habelə dünya subtropik rayonlarının torpaqları geniş araşdırılmış, subtropik torpaq-əmələgəlmənin elmi nəzəriyyəsi diqqətə çatdırılmışdır. Alimin dəyərli əsərləri gələcək nəsillərə, gənc tədqiqatçılara əvəzsiz töhfədir. Akademik elmin inkişafına xidmət etməyi bacaran kadrlar yetişdirilməsində çox israrlı idi. Bu istəyin nəticəsidir ki, o, yetişdirdiyi 28 nəfər elmlər namizədi və elmlər doktorunu özünün şah əsəri sayırdı. Böyük torpaqşünas alim rəhbəri olduğu hər bir aspirantın qayğısına qalmaqdan, onlara yaradıcı məsləhətlər verməkdən zövq alırdı. İnsanlıq elminin fövqündə dayananları əsl alim hesab edirdi, ixtisasına incəliklərinə qədər bələd olmayanları yaxşı qəbul etmirdi. M.Salayev həm də uzun illər Bakı Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsində torpaq coğrafiyası fənnindən dərs demiş, yüksəkixtisaslı kadrların hazırlanmasına böyük əmək sərf etmişdir.

M.Salayevin rəhbərliyi ilə taxıl, otlaq və pambıq bitkiləri torpaqlarının keyfiyyət səviyyəsi və bonitirovkası üzrə tədqiqatlar aparılmışdır. Onun təşəbbüsü ilə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda "Torpaqların aqroekologiyası və bonitirovkası” laboratoriyası yaradılmışdır. Bu gün mövcud nəzəri və təcrübi tədqiqatlarla yanaşı, respublika dövlət kadastrı üzrə işlər də həmin laboratoriyada yerinə yetirilir. Bundan başqa, görkəmli alimin təklifi əsasında torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi və müasir torpaqların ekoloji şəraitinin dərindən öyrənilməsi məqsədilə 1984-1987-ci illərdə "Torpaq ehtiyatları” və "Torpaqların stasionar tədqiqatları” laboratoriyaları fəaliyyətə başlamışdır. Məhz 1986-1996-cı illərdə onuntorpaqşünas coğrafiyaçılar kollektivinin gərgin əməyi sayəsində 84 planşetdən ibarət ortamiqyaslı (1:100000) "Azərbaycan Respublikasının Dövlət Torpaq Xəritəsi”nin tərtibi başa çatmışdır. M.Salayev 200-dən artıq elmi əsərin, müxtəlif xəritələrin və 6 monoqrafiyanın müəllifidir. Müasir torpaqşünas alimlərin müəllimi olmuş Məmmədəmin Salayevin həyat yolu hamımız üçün nümunədir.

1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilən M.Salayev elmi-pedaqojiictimai xidmətlərinə görə bir sıra dövlət mükafatlarına, 1979-cu ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanına, 1990-cı ildə Əməkdar elm xadimi adına layiq görülmüşdür. M.Salayev SSRİ Nazirlər Sovetinin ElmTexnika üzrə Komissiyasının üzvü, Ümumittifaq Torpaqşünaslar Cəmiyyətinin fəxri üzvü, Azərbaycan EA Rəyasət Heyətinin nəzdindəki "Kənd təsərrüfatının elmi əsasları” komissiyasının, Azərbaycan EA Torpaqşünaslıq və kənd təsərrüfatı üzrə terminologiya komissiyasının, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin elmi-texniki şurasının, Azərbaycan Nazirlər Soveti yanında Təbiəti müdafiə üzrə elmi-texniki şuranın üzvüs. ictimai işlərdə fəaliyyətini davam etdirməklə şərəfli alim ömrü yaşamışdır. SSRİ Torpaqşünaslarının II, III, IV, V, VI qurultaylarında müxtəlif mövzularla çıxış və iştirak etməklə Azərbaycanda torpaqşünaslıq elminin inkişafına imza atmışdır.

1993-1998-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ali Attestasiya Komissiyasının Biologiya və kənd təsərrüfatı sahələri üzrə ekspert komissiyasının üzvü, AMEA Biologiya Elmləri Bölməsində büro üzvü, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın sədri kimi fəaliyyət göstərən M.Salayev "Torpaqşünaslıq və Aqrokimya terminləri lüğəti” (2004) kitabının hazırlanmasında yaxından iştirak etmişdir. Bundan başqa, AMEA-nın müxbir üzvü M.Salayevin tələbələri ilə müştərək hazırladığı "Azərbaycan torpaqlarının morfo-genetik profili” (2004) monoqrafiyası mütəxəssislər və tədqiqatçıların stolüstü kitabına çevrilmişdir.

M.Salayev 1953-1954, 1983-1987-ci illərdə Azərbaycan Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsində çalışmışdır. Qürur duyuram ki, Məmmədəmin Salayev kimi görkəmli torpaqşünas alimpedaqoqla uzun müddət təmasda olmuşam. 2003-cü ildə hazırladığımız "Azərbaycan Dövlət Torpaq Xəritəsinin Legendası”, tərtib etdiyim "Torpaqşünaslıq və Torpaq Coğrafiyasının əsasları” (2007) adlı ali məktəblər üçün dərsliyin müxtəlif fəsillərində və "Coğrafi informasiya sistemləri əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymət xəritələrinin tərtibinə dair metodiki göstəriş”in hazırlanmasında M.Salayevin yaradıcılığından istifadə etməyi elmi qanunauyğunluq, böyük alimin adının bugünkü və gələcək coğrafiyaşünas, torpaqşünas mütəxəssislərin yaddaşlarında əbədiləşdirməyi özümə borc bilmişəm.

 

Qərib MƏMMƏDOV,

Azərbaycan Milli Elmlər Akademiyasının

Aqrar məsələlər üzrə müşaviri, akademik

 

Azərbaycan.- 2019.-1 noyabr.- S.7.