109 yaşlı Məşədi İbad Gəncə Dövlət Filarmoniyasının səhnəsində

 

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” operettası nümayış etdirilib. Musiqili komediya tamaşaçılara Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı truppasının iştirakı və Sevil Hacıyevanın dirijorluğu ilə təqdim edilib.

Qeyd edək ki, "O olmasın, bu olsun” 4 pərdəli musiqili komediya Üzeyir Hacıbəylinin qələmə aldığı ikinci operettadır. Dahi bəstəkar 1910-cu ildə yazdığı bu əsərlə ovaxtkı Azərbaycan reallığını əks etdirib və illər keçməsinə baxmayaraq, "O olmasın, bu olsunda qaldırılan məsələlərin bəziləri hələ də öz aktuallığını qoruyub saxlamışdır.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində ilk dəfə oynanılan "O olmasın, bu olsun” operettası böyük maraqla qarşılanmışdır. Əməkdar incəsənət xadmi Hafiz Quliyevin quruluş verdiyi səhnə əsərində Xalq artistləri Azər Zeynalov (Məşədi İbad), Əkrəm Poladov (Rüstəm bəy), Əməkdar artistlər Gülüstan Əliyeva (Sənəm), İlahə Əfəndiyeva (Gülnaz), Fərid Əliyev (Sərvər) və başqaları rol alıblar. Əsərin əsas qəhrəmanlarından olan Məşədi İbad həyatın mənasını ticarətdə görür. Onun üçün insanın varlığını təyin edən əsas amil puldur. Qoca vaxtında evlənmək eşqinə düşən bu tacir Rüstəm bəylə sövdələşir və onun qızı, özündən 32 yaş kiçik olan Gülnazı alır. Bubundan sonra cərəyan edən hadisələr tamaşaçıları həm gülməyə, həm də düşünməyə vadar edir.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2019.- 1 noyabr.- S.10.