Azərbaycan Şahmat
Federasiyasının vitse-prezidentinin rəhbərliyi
ilə şahmatçılarımız Dünya
Şahmat Olimpiadasında fəal iştirak edirlər
Oktyabrın 29-da Türkiyənin Çorum şəhərində start verilən 16 yaşa qədər şahmatçıların Dünya Şahmat Olimpiadasında şahmatçılarımız Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Şahmat Federasiyasının sədri Seymur Talıbovun rəhbərliyi ilə fəal iştirak edirlər. AZƏRTAC xəbər verir ki, ölkəmiz bu nüfuzlu yarışda iki komanda - "Azərbaycan” və "Azərbaycan-Naxçıvan” ilə təmsil olunur.
Azərbaycanın birinci komandasında Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Manafov və Gövhər Beydullayeva iştirak edirlər. "Azərbaycan-Naxçıvan” komandasında isə Xəzər Babazadə, Sadiq Məmmədov, Sadiq Qarayev, Ərturan İsmayılov və Nəsrin Babayeva mübarizə aparırlar.
Olimpiadanın açılışından əvvəl Türkiyənin Cümhuriyyət bayramı ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Şahmat Federasiyasının sədri Seymur Talıbov iştirak edib, Çorum valisi Mustafa Çifçi ilə görüşüb. Vali Seymur Talıbova xatirə hədiyyəsi təqdim edib.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti daha sonra 16 yaşa qədər şahmatçıların Dünya Şahmat Olimpiadasının açılış mərasimində iştirak edib. Açılış mərasimində ilk gedişin edilməsindən sonra 38 ölkənin 48 komandası mübarizəyə başlayıb. Olimpiada 9 turdan ibarət olacaq, komanda qalib gəldiyi təqdirdə 2 xal, heç-heçə olduqda isə 1 xal qazanacaq.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Şahmat Federasiyasının sədri Seymur Talıbov milli komandamızda mübarizə aparan şahmatçılarla görüşüb, onlara uğurlar arzulayıb, hədiyyələr təqdim edib.
Qeyd edək
ki, olimpiada noyabr ayının 6-da başa
çatacaq.
Azərbaycan.- 2019.- 1 noyabr.- S.11.