Qəhrəmanların xatirəsi yad edilib

 

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və liseyin birgə təşkilatçılığı ilə 1995-ci ildə Bakı metrosunda baş vermiş faciədə liseyin şəhid olmuş zabiti, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Çingiz Babayevin, eləcə də “İgidliyə görə” medalı ilə təltif edilmiş kursantlar Ruslan İsayev, Samir Məmmədov və Nicat Səfərovun anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Mərasimdə 1995-ci il oktyabrın 28-də “Ulduz” stansiyasından “Nəriman Nərimanov” stansiyasına gedən 21 nömrəli qatarın dördüncü vaqonundakı partlayış və yanğında yaralananlara kömək edən şəhidlərin keçdiyi xidmət yolu və qəhrəmanlıqları haqqında danışılıb.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin üzvləri tərəfindən qəhrəmanlığı vətənpərvərliyi tərənnüm edən mahnılar ifa olunub.

 

Azərbaycan.- 2019.- 1 noyabr.- S.11.