Azərbaycanda ilk: UNEC tələbələrinə “Smart tələbə kart”ları təqdim olundu

 

UNEC-də ilk dəfə olaraq "Smart tələbə kartı”nın təqdimolunma mərasimi keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Bankın və UNEC-in təşəbbüsü, "Kapital Bank” və "Mastercard”ın dəstəyi ilə həyata keçirilən "Smart tələbə kartı” layihəsi Azərbaycan Prezidentinin sərəncamına əsasən təsdiq edilən "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə həyata keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev, UNEC-in rektoru, professor Ədalət Muradov, "Mastercard”ın Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar, bank rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, Təhsil Nazirliyinin rəsmiləri, universitetin müəllim-tələbə heyəti və media nümayəndələri iştirak ediblər.

Rektor Ədalət Muradov UNEC-də dünyanın aparıcı universitetlərinin tətbiq etdiyi "Smart tələbə kartı” ilə bağlı iki il öncədən hazırlıqlara başlanıldığını bildirib. Layihənin uğurla nəticələndiyini deyən rektor, UNEC tələbələrinin ölkədə ilk dəfə olaraq tətbiq olunan "Smart tələbə kart”larına sahib olmalarından qürur duyduğunu ifadə edib. Professor Ədalət Muradov UNEC-də son 5 ildə uğurla tətbiq olunan Elektron Universitet Modelinin üstünlüklərindən söz açıb, "Smart tələbə kartı”nın həmin model çərçivəsində həyata keçirildiyini qeyd edib.

Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev Azərbaycan Prezidentinin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiqlənən "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilən bu layihənin müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsində, ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafında mühüm dəstək olacağını qeyd edib. Ali təhsil müəssisələri tələbələrinin bu layihəyə cəlb edilməsinin bütövlükdə təhsillə bank sistemi arasında sıx əməkdaşlığa yeni imkanlar yaratdığını vurğulayıb. "Smart tələbə kartı”nın ölkə ali təhsil müəssisələri arasında ilk dəfə UNEC-də tətbiqinin təsadüfi olmadığını deyən Mərkəzi Bankın rəsmisi, universitetin son 5 ildə innovativ layihələri ilə öndə olduğunu diqqətə çatdırıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov dünyanın aparıcı universitetlərinin "Smart tələbə kartı” təcrübəsinin Azərbaycan universitetlərində tətbiqini yüksək qiymətləndirərək, kartın əhəmiyyətindən danışıb. Nazir müavini bildirib ki, bununla bağlı ali təhsil müəssisələrində mövcud olan tələbə biletinin yeni vahid standartının təsdiq edilməsi, onun əsasında müasir ödəniş funksionallı tələbə kartlarının hazırlanması və ölkədə təhsil alan tələbələrə təqdim olunması istiqamətində işlər aparılır.

Tədbirdə çıxış edən "Mastercard”ın Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar Azərbaycanda belə bir layihənin ilk dəfə reallaşdırılmasında iştirak etdiklərindən qürur duyduğunu bildirib və "Smart tələbə kartı”nın tələbələrə verəcəyi üstünlüklərdən danışıb.

Sonra "Kapital Bank”ın nümayəndəsi "Smart tələbə kartı” barədə təqdimat nümayiş etdirib. Bildirilib ki, kart vasitəsilə tələbələr təqaüdlərini alacaq, ölkə daxilində və xaricdə həmin kartlarla istənilən ödənişlərini həyata keçirəcəklər. Regionlarda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcək. Tələbələr "Smart kartdan universitetə, UNEC-in 24/7 kitabxanasına və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə bu kartın əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunmasının nəzərdə tutulduğu vurğulanıb.

Sonda UNEC-in birinci kursunda oxuyan 20 nəfər Prezident təqaüdçüsünə "Smart tələbə kart”ları təqdim olunub.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.-2 noyabr.- S.4.