Kadrlar dəyişsə də, tələblər dəyişmir
Prezident İlham Əliyev: "Şəffaflıq,
dürüstlük hər bir
dövlət məmuru üçün həyat
tərzi olmalıdır”
Dövlət baçısının son günlər həyata keçirdiyi kadr islahatlarının dalğası Prezident Administrasiyası, Nazirlər Kabineti və nazirliklərdən sonra yerli icra orqanlarına çatdı.
Bu baxımdan belə genişmiqyaslı kadr dəyişiklikərinin böyük rezonansa səbəb olması, KİV-də müzakirə edilməsi təbii və başadüşüləndir.
Dövlət başçısı özü bunun səbəbini belə izah edir: "İndi Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm”.
Azərbaycan Prezidenti belə hesab edir ki, ölkə iqtisadiyyatının inkşafı üçün ən zəruri addımlardan biri də gənc və yaşlı nəsillərin arasında təcrübə mübadiləsinin daha geniş və dərin spektrdə aparılmasıdır: "Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik”.
Dövlət başçısı bildirir ki, müstəqillik illərində idarəetmə sistemində islahatlar zəminində qazanılan böyük təcrübə gənc nəslə mükəmməl bir tərzdə aşılanmalıdır. Nəsillər arasında elə bir körpü yaradılmalıdır ki, bütün müsbət tendensiyalar yaşlılardan gənclərə dinamik və ağrısız ötürülsün. Məhz bu baxımdan bəzi qüvvələrin kadr islahatlarını kampaniyaya çevirməklə kimlərisə sıxışdırmaq, vəzifəsindən kənarlaşdırmaq cəhdləri təhlükəlidir. Prezident bu fikrə düşən rəhbərlərə bu mesajı göndərdi: "Ona görə hər kəs bilsin ki, mən bu kampaniyaya yol verə bilmərəm”.
Yəni Azərbaycan dövlətçiliyinin, iqtisadiyyatının inkişafında fəal iştirak edən, islahatların yüksək səviyyədə aparılmasında biliyini və təcrübəsini əsirgəməyən kadrlar həmişə dövlət tərəfindən yüksək qiymətləndiriləcək və onlara qarşı heç bir kampaniyanın aparılmasına yol verilməyəcək.
Prezident İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən əvvəlki görüşlərində olduğu kimi, kadr islahatlarına toxundu, özünün və Azərbaycan dövlətinin bu islahatlardan nə gözlədiyini izah etdi.
Dövlət başçısı yeni təyinat alan kadrlara sələflərindən danışmış, Şəmsəddin Xanbabayevin Naxçıvanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Baş Nazir, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışdığını, təcrübəli olduğunu və ən ağır dövrdə Heydər Əliyevə arxa durduğunu diqqətə çatdırmışdır. Ş.Xanbabayev son illər Xaçmaz rayonunda xeyli abadlıq işləri görmüş, böyük infrastruktur layihələrinin icrasında, aqroparkların, kənd yollarının salınmasında əməyini əsirgəməmişdir. Görüşdə həmçinin Yevlaxın böyük potensialı qeyd olunmuş, rayonda reallaşan böyük infrastruktur layihələrindən danışılmışdır.
İlham Əliev həmçinin yeni təyinat alan gənc icra başçılarına rəhbərlik edəcəkləri rayonların perspektivlərindən danışmış, bütünlükdə Şimal zonasının geniş turizm imkanları olduğunu qeyd etmiş, Qusarda özünün şəxsi təşəbbüsü ilə MDB məkanında ən yüksək səviyyəli dağ-xizək mərkəzlərindən birinin yaradıldığını bildirmişdir: "Şahdağ kurortu bu gün nəinki MDB-də, dünya miqyasında ən gözəl dağ-xizək kurortlarından biridir”.
Bununla belə, dövlət başçısı nəzərə çatdırmışdır ki, Xaçmazın özünəməxsus gözəl təbii şəraiti, Nabran kimi nadir məkanı olsa da, rayonun turizm infrastrukturu müasir standartlara cavab vermir: "Mən Xaçmaz rayonuna son səfərim zamanı oradakı turizm imkanları ilə tanış oldum, gördüm ki, indiki Azərbaycanın inkişaf səviyyəsinə uyğun gəlmir. Bir sıra istirahət zonaları çox primitivdir, xidmət səviyyəsi də çox aşağıdır. Ona görə bu məsələyə çox böyük diqqət göstərilməlidir”. Prezident dövlət xətti ilə rayonlara lazımi kömək göstəriləcəyini bildirsə də, yerli icra orqanlarının bu sahəyə böyük diqqət ayırmasını tələb kimi qarşıya qoymuş, kənd təsərrüfatının böyük potensialından faydalanmağın zəruriliyini qeyd etmişdir: "Sizin qarşınızda duran əsas vəzifələr rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir. Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz. Sizin işiniz kabinet işi olmamalıdır. Düzdür, əlbəttə ki, hər bir rəhbərin işi, o cümlədən qəbul edilən qərarlar, görülən işlər, keçirilən müşavirələr - bütün bunlar hər bir rəhbər işçinin gündəlik həyat tərzidir. Ancaq siz çox mobil başçılar kimi fəaliyyət göstərməlisiniz”.
Prezident hər iki RİH başçısının qarşısında ciddi tələb kimi qoydu ki, onlar vətəndaşların qayğıları ilə yaşamalı, əhalinin problemlərini öyrənməli, düzgün təhlil aparmalı və rayon səviyyəsində həll olunmalı məsələləri yoluna qoymalıdırlar. Gücləri çatmayanda isə mərkəzi icra orqanlarına, o cümlədən Prezident Administrasiyasına müraciət etməlidirlər. Vətəndaşlarla daimi ünsiyyətdə olmaq, hamını narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görmək lazımdır.
Dövlət başçısının toxunduğu ən vacib məsələlərdən biri də bütün xoşagəlməz hallara son qoyulması, rüşvətxorluğun və korrupsiyanın kökünün kəsilməsi ilə bağlı oldu: "Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır”.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2019.- 2 noyabr.- S. 4.