Multikulturalizm Azərbaycan xalqının həyat
tərzidir
Azərbaycanın Qoşulmama Hərəkatına üzv ölkələrin XVIII Zirvə Görüşünə uğurla evsahibliyi etməsi və üç il müddətinə BMT-dən sonra sıralarında dünyanın ən çox ölkəsini birləşdirən bu təşkilata sədrliyi öz üzərinə götürməsi ölkəmizin uğuru kimi tarixə düşmüşdür. Yer kürəsində yaşayan insanların yarıdan çoxu Qoşulmama Hərəkatının üzvü olduğu ölkələrdə yaşayır.
Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışında Yer kürəsi əhalisinə mesaj kimi səslənən "Azərbaycan zəngin tolerantlıq, multikulturalizm ənənələrinə malikdir. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. 2011-ci ildə əvvəl İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin iştirakı ilə başladığımız "Bakı Prosesi” təşəbbüsü BMT tərəfindən də dəstəklənir. BMT-nin Baş katibi Antonio Quterreş "Bakı Prosesi”ni 2008-ci ildən bəri mədəniyyətlər arasında dialoqun təbliğinin ön cəbhəsi kimi dəyərləndirmişdir. "Bakı Prosesi”nin məntiqi davamı olaraq təsis edilmiş və iki ildən bir ölkəmizdə keçirilən Mədəniyyətlərarası dialoq üzrə Ümumdünya Forumu artıq BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanınmışdır” fikirləri rəğbətlə qarşılanmışdır.
Bu o deməkdir ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Ölkəmizdə yaşayan müxtəlif millətlərə və dinlərə mənsub insanların mədəni müxtəliflikləri dövlət səviyyəsində qorunur, onların inkişafı və harmonizasiyasına, azsaylı xalqların milli mədəniyyətinə inteqrasiyasına diqqət göstərilir.
Azərbaycanda milli azlıqların dilləri və təhsili, ümumiyyətlə, onların etnik-mədəni dəyərlərinin düzgün tənzimlənməsi sahəsində əldə olunan nailiyyətlər Avropanın, eləcə də dünyanın əksər ölkələrində yoxdur. Ölkəmizdə 18 ümumtəhsil məktəbində tədrisin sırf rus dilində aparılması, 326 ümumtəhsil məktəbində 90 mindən çox şagirdin rus dilində təhsil alması və sair bu kimi amillər dediklərimizə bariz nümunədir. Azərbaycanda milli azlıqların dillərində qəzet, jurnal və kitabların dərc olunması, televiziya və radio verilişlərinin aparılması dünyaya bəllidir.
Müasir dövrdə Azərbaycan cəmiyyətdə etnik-mədəni müxtəlifliyin düzgün tənzimlənməsi sahəsində örnək dövlətlərdən biridir. Bunun əsas göstəricisi etnik, dini və irqi zəmində heç bir qarşıdurmanın, münaqişənin olmamasıdır.
Azərbaycan multikulturalizm siyasətinin ilk dəfə meydana gəldiyi Qərb dövlətlərindən də səmərəli multikulturalizm modeli təklif edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan zəngin tolerantlıq, multikulturalizm ənənələrinə malikdir. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Ölkəmiz dünyada multikulturalizm mərkəzi kimi tanınır və bu sahədəki mövqeyi yüksək qiymətləndirilir. Xarici ölkələrin mətbuatı da dəfələrlə Azərbaycanın multikulturalizm sahəsində təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd etmişdir: Prezident İlham Əliyev bununla bağlı demişdir: "Bizim təcrübəmiz öyrənilir. Əminəm ki, başqa ölkələrdə Azərbaycan təcrübəsi tətbiq olunduqda o ölkələrdə də dinlərarası, millətlərarası münasibətlər sağlam zəmində öz həllini tapacaqdır”.
Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti ölkəmizi çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun məkanı etmişdir. Bu gün mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.
Azərbaycanda tolerantlıq mühiti ən yüksək səviyyədə olduğu üçün ölkəmizdə keçirilən millətlər və dinlər arasında münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar son illər ənənə halını alıb. Qoşulmama Hərəkatının dünyanın 60-dan çox ölkəsinin dövlət və hökumət başçılarının iştirak etdiyi XVIII Zirvə Görüşünün də Bakı şəhərində keçirilməsi bilavasitə Azərbaycanın beynəlxalq aləmdə tanınması, tolerantlıq mühitinin genişlənməsi və inkişafı ilə bağlıdır. Səkkiz ildir ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu forumlar UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, ISESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır.
Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikuturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğində Heydər Əliyev Fondunun çox böyük xidməti var. Azərbaycanda və xarici ölkələrdə mədəni-kütləvi tədbirlər Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilir. Multikulturalizmin müxtəlif modellərinin - ABŞ, İsveç, Avstraliya, Kanada modellərinin olmasına baxmayaraq, Azərbaycanın dünyaya təqdim etdiyi model xarici ölkələrdə rəğbətlə qarşılanır və tətbiq edilir. Bu model tarixi köklərə bağlı olduğu üçün daha dayanıqlıdır. ABŞ-ın Yuta və Oreqon ştatlarının senat və nümayəndələr palataları tərəfindən Azərbaycanın tolerantlıq modelini təqdir edən geniş bəyannaməsi buna misal ola bilər.
Bu gün
multikulturalizmin alternativi
yoxdur. Odur ki, mənəvi
dəyərlər baxımından
ölkəmizin bu sahədə liderə çevrilməsi və dünya xalqları üçün nümunə
göstərilməsi qürurvericidir.
Rəhman SALMANLI,
Azərbaycan.- 2019.- 3 noyabr.- S.1; 6.