Mütəfəkkir şairə xalq
məhəbbəti
Bakı Ali Neft
Məktəbində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş
ədəbi-bədii gecə keçirilib
Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Onun irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği isə, əlbəttə, ilk növbədə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir.
"Ədəbi-mədəni fikir tarixində yeri olan, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 noyabr tarixli Sərəncamına uyğun olaraq, ölkə ərazisində keçirilən tədbirlər silsilə xarakter alıb.
Bakı Ali Neft Məktəbi də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirib.
Tədbiri açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi klassik Azərbaycan poeziyasında öz dəstxəti ilə seçilən, anadilli poeziyamızın inkişafında müstəsna xidmətləri olan söz ustadıdır. Rektor onu da qeyd edib ki, Nəsimi yaradıcılığında insanın əzəməti, şəxsiyyətin azadlığı və məhəbbət ideyası mühüm yer tutur: "Onun müxtəlif ideyalarla zəngin bədii irsi özündən sonra gələn Azərbaycan şairlərinin yaradıcılığına və bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına güclü təsir göstərib. Biz çox qürur duyuruq ki, ölkə səviyyəsində geniş miqyasda qeyd olunan "İmadəddin Nəsimi ili” çərçivəsində keçirilən tədbirlərin birini də biz təşkil etdik. Bu gün həm Bakı Ali Neft Məktəbinin, həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllimləri dahi Nəsimi yaradıcılığından kompozisiya, şeir və bəstələr təqdim edəcəklər”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova isə rəhbərlik etdiyi ali təhsil müəssisəsində "İmadəddin Nəsimi ili” çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verərək bildirib ki, bu il mütəfəkkir şair İmadəddin Nəsimiyə ithaf olunan "Hüsnü-cəmal, əqli kamal” adlı bədii qiraət müsabiqəsi keçirilib. Eyni zamanda şairin qəzəlləri əsasında muğamlardan ibarət kompozisiya hazırlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, akademik İsa Həbibbəyli çıxışında xüsusi qeyd edib ki, dünyada Nəsimidən başqa insanı ilahi varlıq səviyyəsinə yüksəldən ikinci sənətkar yoxdur.
Tədbirin bədii hissəsində Bakı Ali Neft Məktəbi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllimlərinin ifasında "Məndə sığar iki cahan, mən bu cahana sığmazam”, "Könlüm”, "Neylərəm”, "Eylədi”, "Etməgil”, "Hardasan?”, "Canan, mənim sevdiyimi can bilir ancaq”, "Yanaram”, "Ayrılır”, "Ey Məsihadəm, niyə can vermədin cansızlara?!”, "İnsan dedilər” qəzəlləri, Xalq artisti, bəstəkar Tofiq Quliyevin "Nəsimi” filminə bəstələdiyi "Söylədi yox-yox” mahnısı, "Qafil, oyan”, "Simayi-Şəms” və eləcə də Nəsiminin qəzəllərindən ibarət kompozisiyalar, "Məndə sığar iki cahan” şur təsnifi tamaşaçılara təqdim olunub.
Tədbir Sami Yusifin "Sığmazam” kompozisiyasının videorekviyemi ilə yekunlaşıb.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2019.-3 noyabr.- S.3.