Sumqayıtlılar istirahətlərini teatrda
keçirməyi xoşlayırlar
"Teatr bir məbəddir” deyimi əbəs yerə yaranmayıb. Çünki orada bütün sosial təbəqənin və müxtəlif yaş qrupunun nümayəndələri ilə gündəlik, canlı təmasda olmaq mümkündür.
2015-ci ildən əsaslı təmir olunan və yenidən qurulan Sumqayıt Dövlət Dram Teatrı həm maraqlı repertuar seçimi, həm də hazırlanan tamaşaların bədii estetik dəyəri ilə öndədir. Yeni mövsümün açılışından sonra bu sənət ocağında vaxtaşırı tamaşaçıları düşündürən, əyləndirən, onların estetik zövqünə xidmət edən tamaşalar təqdim olunur.
Bu həftənin istirahət günlərində Xalq yazıçısı Elçinin "Qatil” pyesinin səhnə versiyasının göstərilməsi nəzərdə tutulub. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firidun Məhərrəmovdur. Teatrın kollektivi balacaları da nəzərə alıb. Belə ki, onlar yenidən hazırlanan "Əlibaba və qırx qıldur” tamaşasına baxa biləcəklər.
Qeyd edək ki, tamaşanı ərəb xalq nağılı əsasında rejissor Vasif Məmmədov səhnələşdirib. Rolları Şəmistan Süleymanlı, Şəhla Məmmədova, Akif Mirzəyev, Sevda Hüseynova, Mətləb Səfərli, Aynur Hümmətova, İlqar İbrahimov, İlham Səfərli, Rövşən Əsgərov, Elmir Mehdiyev və başqaları ifa edəcəklər.
Uşaqlar, həmçinin iki seans olmaqla Abdulla Şaiqin "Qaraca qız” tamaşasının yeni versiyasına, Con Patrikin "Qarını öldürməliyik” dramına baxa biləcəklər.
Teatr repertuarının zənginliyi ilə də seçilir. Böyük maarifpərvər ədib Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları” Əməkdar artist Namis Şirməmmədov tərəfindən səhnələşdirilərək yeni quruluşda tamaşaçılara təqdim olunacaq. Bir sözlə, Sumqayıt Dövlət Dram Teatrının kollektivi həmişə teatrsevərlərin zövqünu oxşamaqla uğurlu layihələrə imza atmaqda davam edir. Bir sözlə, sumqayıtlılar istirahətlərini əsasən teatrda keçirməyi üstün tuturlar.
Akif ƏLİYEV
Azərbaycan.-
2019.- 3 noyabr.- S.6.