Bakı Ali Neft Məktəbinin tələbəsi Ramil Şükürov Beynəlxalq Astronavtika Konqresində iştirak edib

 

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi etmək hüququnu qazanıb.

Bu mötəbər tədbirə evsahibliyi etməyə namizəd olan şəhərlər arasında Sinqapur, Rio-de-JaneyroNyu Dehli şəhərləri də olub.

68 ölkəni təmsil edən 398 təşkilatın üzv olduğu federasiya kosmik sahədə fəaliyyət göstərən ən mötəbər beynəlxalq təşkilatdır. 1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqresi təşkilatın əsas tədbiridir. Konqres zamanı iştirakçılar kosmos sahəsinə aid aktual trendləri və ən son innovasiyaları izləmək fürsəti əldə edir.

Azərbaycan builki Beynəlxalq Astronavtika Konqresində geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunub. Nümayəndə heyətinin tərkibində Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının magistrantı Ramil Şükürov da təmsil olunub. Mötəbər beynəlxalq tədbir barədə fikirlərini bölüşən Ramil Şükürov bildirib ki, bu konqresin iştirakçısı olduğu üçün çox sevinir: "70-ci illərdə Beynəlxalq Astronavtika Konqresinin Vaşinqton şəhərində keçirilməsi, əslində, heç də təsadüfi hal deyildi. Bu konqres Aya enişin 50-ci ildönümünə həsr olunduğu üçün məhz ABŞ-ın paytaxt şəhərində keçirildi. Tarixə bir qədər nəzər salsaq, görərik ki, konqres düz 46 il bundan əvvəl - 1973-cü il oktyabr ayında keçmiş Sovet İttifaqında yalnız bir dəfə məhz Bakı şəhərində keçirilib. Bu da, öz növbəsində, Azərbaycan dövlətinin kosmonavtika tarixinin təməlini qoyub. Nəticə etibarilə növbəti ildə təbii ehtiyatların tədqiqi üzrə kosmik texnologiyaların köməyi ilə elmi mərkəz yaradılıb və kosmik tədqiqatların aparılmasına start verilib. Həmin illərdə tədbirdə dünyanın 17 ölkəsindən 1500-dən çox nümayəndə heyəti iştirak edib. Hazırda isə bu konqres kosmos ictimaiyyətinin 6000-dən çox nümayəndə heyətini bir araya toplamağa nail olub. Bu il Bakı şəhəri hər il keçirilən beynəlxalq konqresə evsahibliyi etmək üçün öz namizədliyini irəli sürüb. Bakı şəhərinin 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi etmək hüququ qazanmasında Cənubi Qafqazda ilk peyk operatoru olan "Azərkosmos”un böyük əməyi var. Bu konqres Azərbaycanın turizm sektoruna öz müsbət təsirini göstərməklə yanaşı, ölkəmizin adət-ənənələrini, tarixini və həqiqətlərini dünyaya bir daha nümayiş etdirməyə imkan yaradacaq. Müsbət təsirlərə turizm sektoru ilə birlikdə kosmik sahənin sürətli inkişafı və bu sahədə əlaqələrin genişləndirilməsi faktorunu da əlavə etmək olar”.

R.Şükürov konqresə dünyanın bir çox universitetlərindən tələbələrin qatıldığını və tədbir boyunca kosmosun gələcəyi ilə bağlı keçirilən müxtəlif texniki sessiyalarda iştirak etdiyini də əlavə edib.

 

Azərbaycan.- 2019.- 1 noyabr.- S.3.