Azərbaycan neftçilərinin qəhrəmanlıq
abidəsi
Neft Daşları unikal sənaye obyekti olaraq dünyada
ilk dəniz neftinin hasil edildiyi məkandır.
"Neft Daşları” yatağı Xəzər dənizinin akvatoriyasında, Abşeron neftli-qazlı rayonunda, Bakı şəhərindən 110, Pirallahı adasından 50 kilometrlik məsafədə yerləşir. Yataq "Neft Daşları” Neft və Qazçıxarma İdarəsi (NQÇİ) tərəfindən istismar olunur. İdarənin istismar etdiyi digər yataq "Palçıq Pilpiləsi”dir. İndiyədək bu yataqlarda 2286 quyu qazılıb, 185 milyon 710 min ton neft, 14 milyard 327 milyon kubmetr qaz hasil edilib.
"Möcüzələr adası” adını almış bu məkan polad dirəklər üstündə qərar tutan əfsanəvi dəniz şəhəri kimi 70 ildir dünyanı heyrətə gətirir.
"Neft Daşları” bir müəssisə kimi şöhrətini qoruyaraq köhnə yataqlarda hasilatı nəinki sabit saxlamağa, hətta artırmağa nail olur.
"Neft Daşları” dərinliyindəki zəngin qara qızıl sərvəti ilə Azərbaycana hələ çox töhfələr verəcək.
"Yeddi gəmi adası”
Xəzər dənizi akvatoriyasında neftin varlığı barədə ilk mənbələr XVIII əsrə təsadüf edir. Neft Daşlarının təbii yanacaq sərvətləri haqqında akademik Q.V.Abix hələ 1863-cü ildə məlumat verib. Burada XIX yüzillikdə və XX əsrin birinci yarısında da tədqiqatlar aparılıb. 1943-1944-cü illərdə keçmiş SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının sessiyalarında Pirallahı adasında böyük neft yatağının, Çilov adasında və "Qara daşlar”da neft təzahürünün olması barədə məruzələr edilib.
1945-ci ildə geoloq Ağaqurban Əliyevin başçılığı ilə SSRİ Elmlər Akademiyasının ekspedisiyası "Neft Daşları”nın tədqiqatına başlayır və bu iş 1948-ci ilə qədər davam edir.
Lakin istər Bakıda, istərsə də Moskvada kəşfiyyat və qazma işlərinin aparılması əleyhinə çıxan qüvvələr işə mane olmağa cəhd göstərirlər. Bunlar əlbəttə ki, erməni millətinin rəhbər dairələrdə oturan nümayəndələri idi. Lakin geologiya-mineralogiya elmləri doktoru, professor Ağaqurban Əliyev Azərbaycanın görkəmli alim və mütəxəssislərinin müdafiəsi və respublika rəhbərliyinin dəstəyi ilə Neft Daşlarının işlənməsi təklifinin qəbul edilməsinə nail olur.
Neft dənizin dibindən baş qaldırıb bir hissəsi suyun üzərinə çıxan qara daşlar yaxınlığında müşahidə olunduğundan buranı ilk vaxtlar "Qara daşlar” adlandırıblar. Böyük neft təşkilatçısı Sabit Orucovun, təcrübəli qazma mühəndisi Yusif Səfərovun və kəşfiyyatçı geoloq Ağaqurban Əliyevin təklifi ilə Bakı gəmi təmiri zavodlarında istifadədən silinmiş 7 iritonnajlı gəmi gətirilərək "Qara daşlar”ın yanında basdırılıb. Bundan sonra ərazini "Yeddi gəmi adası” adlandırmağa başlayıblar. Bu qeyri-adi ada Xəzərin fatehlərini fırtınalardan qoruyan sığınacağa və dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrilib.
1948-ci ilin sonunda ilk quyunun
qazılacağı yer təyin edilir. 1949-cu ilin əvvəlində Neft
Daşlarına Bakı vaqon təmiri zavodunun
hazırladığı ilk ev gətirilir.
Həmin ilin aprel ayında buruğun, daha sonra qazma
avadanlığının quraşdırılmasına
başlanır və bu iş tezliklə sona
çatdırılır. Kəşfiyyat Qazma
İdarəsi rəhbərinin əmri ilə Mixail
Kaveroçkin ilk qazma briqadasının ustası təyin
edilir. İyunun 24-də isə birinci kəşfiyyat
quyusunun qazılmasına başlanır.
Quyudan götürülən
nümunələr debiti 100 tona yaxın ilk neft
fontanının yaxınlaşmasını xəbər verir. Beləliklə, 1949-cu il noyabrın 7-də Xəzərin
açıq qoynunda ilk neft quyusu fontan vurur. Ertəsi
gün "YAK-6” kateri ilə buraya SSRİ-nin və Azərbaycanın
bir qrup rəhbər işçisi, alim və mütəxəssisi
gələrək neftçilərin sevincinə şərik
olur.
70 il əvvəlin
təqvimindəki 7 noyabr günü sonralar Neft Daşları
adını almış mədən-şəhərin
"doğum günü” olmaqla bərabər, həm də
tarixə dünyada dəniz nefti erasının
başlandığı gün kimi düşüb.
Xəzərlə
ülfət bağlayanlar
1951-ci ildən "Neft
Daşları”nın, 1963-cü ildən isə
"Palçıq Pilpiləsi”nin sənaye əhəmiyyətli
işlənməsinə başlanıb. Həmin
vaxtdan indiyədək bu yataqlardan fasiləsiz olaraq neft və
qaz çıxarılır. "Neft
Daşları” NQÇİ-nin hər iki yataqdan ümumilikdə
qalıq çıxarıla bilən neft ehtiyatı 23 milyon
577 min ton təşkil edir.
İstismar quyu fondu 520 quyudan
ibarətdir. Onlardan 504-ü fəaliyyətdə olan
quyulardır. İdarənin gündəlik
neft hasilatı 3014 ton təşkil edir. Son
dövrlərdə göstəricilər ildən-ilə
yaxşılaşır. Ötən 5 ilə
aid rəqəmlər bunu bir daha təsdiqləyir. Belə ki, idarədə 2013-cü ildə 820,
2014-cü ildə 838, 2016-cı ildə 907, 2017-ci ildə 924,
2018-ci ildə 945 min ton neft hasil olunub.
Qazçıxarmada keçən il son
onilliklərin ən yüksək göstəricisi
qazanılıb - 83 milyon kubmetr hasil edilib. Cari
ilin 9 ayında da tapşırıqlara artıqlaması ilə
əməl olunub. 721 min ton neft, 66 milyon
kubmetr qaz çıxarılıb.
Bütün bunlar Xəzərin
fırtınalı qoynunda ekstremal şəraitdə işləyən
Azərbaycan neftçisinin fədakar əməyinin, ona hərtərəfli
qayğısını getdikcə artıran Azərbaycan
dövlətinin dəstəyinin nəticəsidir.
...Estakadalar sağdan-soldan bir-birinə
calanaraq açıq dənizdə müxtəlif istiqamətlərə
doğru şaxələnib. Uzaqdan baxanda onlar
yollara bənzəyir. Amma bunlar adi yollar
deyil. Sularla əhatə olunduqları
üçün hər iki yandan polad məhəccərlərlə
örtülüb. İndi dəniz şəhərindəki
bu bənzərsiz yolların uzunluğu 200 kilometri
ötür.
Estakadalar boyunca rəngbərəng
borular uzanır. Bu yaşıl, mavi, qırmızı, sarı, ağ boruların təyinatları da müxtəlifdir.
Biri neft, digəri qaz,
üçüncüsü lay suları daşıyır.
Başqa biri ehtiyat xətdir. Onlara estakadaüstü kəmərlər də
deyirlər. Bir sözlə, bütün
bunların hamısını neftçilər özləri
daha yaxşı bilirlər.
Bu da neftçilər... Operatorlar, ustalar, qazmaçılar, təmirçilər,
inşaatçılar. Hərə öz
işi ilə məşğuldur.
32 ildir Neft Daşlarında
çalışan Murad Adıgözəlov dənizdə
neft-mədən hidrotexniki qurğular sahəsinin rəis
müavinidir.
Deyir ki, düşünməyin, Neft
Daşları qocalır. O bir yandan yaşa dolduqca, bir yandan
gəncləşir. Sıradan çıxan
qurğular təzələnir, yəni yeni estakadalar,
meydançalar tikilir.
Son 5 ildə "Neft
Daşları” yatağında onlarca stasionar dəniz
özülü, geniş sahəsi olan estakadayanı
meydançalar, ümumi uzunluğu 100 metrlərlə
ölçülən estakadalar inşa edilib. Növbəti 5 il ərzində "Neft Daşları” və
"Palçıq Pilpiləsi” yataqlarının hər birində
dörd meydançanın tikintisi planlaşdırılıb.
Bütün qurğuların saz vəziyyətdə
olması daim diqqət mərkəzindədir. Odur ki, mütəmadi olaraq yataqların ərazisində
cari təmir işləri də həyata keçirilir.
İkinci neft və
qazçıxarma sahəsinin ustası Namiq Səmədov əlavə
edir ki, bu cavanlaşma kollektiv üzvlərinin tərkibində
də özünü göstərir. Məsələn, onun
işlədiyi sahədə həm yaşlı, həm cavan
neftçilər çalışır. Təcrübəli
işçilər öz səriştə və
bacarıqlarını səxavətlə gənclərə
ötürürlər. Burada hamı
bir-birinə kömək, arxa-dayaqdır. Elə
bu birliyin nəticəsidir ki, 2-ci sahədə də
tapşırıqlar artıqlaması ilə yerinə
yetirilir. Yeri gəlmişkən, sahənin
sutkalıq neft hasilatı planı 368 tondur.
Dəniz neftçilərinin
dostluğu möhkəm, yoldaşlığı etibarlı
olur. Dəli-dolu Xəzər onları çox sınaqdan
keçirir. Elə burada da həmin fədakar
neftçilərdən daha bir neçə nəfəri ilə
- qara qızılı dənizin dərin qatlarından üzə
çıxarmaq üçün qazma işləri aparan
insanlarla, qazmaçılar Niftalı Abbasov, Oqtay Rzayev,
qazmaçı köməkçisi Rüstəm Nəzirovla
rastlaşırıq. Bura son illərdə tikilən
meydançalardan biri - 331 nömrəli meydançadır.
Qazmaçılar burada artıq 3 yeni quyu qazaraq
mənimsəyib, 4-cü quyuya keçiblər.
Həmsöhbət
olduğumuz bu insanların hər biri özlərinin neçə-neçə
həmkarının adlarını çəkir, işləri,
cəsurluqları barədə danışırlar. Hamısının
adını, soyadını yazmaqla siyahı bitən deyil.
Odur ki, Neft Daşlarındakı tibb-sanitar hissəsində həkim-oftalmoloq
işləyən Məlahət Cabbarovanın sözlərini
fikrimizə söykək tuturuq: "Neft Daşlarında
işləyən qardaşlarımızın hərəsi bir
qəhrəmandır. Bir ömrün
yarısını açıq dənizin, özü də Xəzər
kimi bir coşqun dənizin qoynunda keçirmək
asandırmı? İradəsi möhkəm, məqsədi
aydın olmayan kəs buradan elə birinci qasırğanı
görəndən sonra çıxıb gedər...”
Qalanlar isə Xəzərlə
ülfət bağlayan, dənizi seçənlər və dənizin
seçdikləridir.
Unudulmaz xatirələr
Ulu Öndər Heydər
Əliyev dəniz neftçilərinə həmişə
qayğı göstərirdi. Hələ 1967-ci ildə
təhlükəsizlik orqanlarında rəhbər vəzifədə
işləyərkən Heydər Əliyev Neft Daşlarına
gəlmiş, müdafiə, təhlükəsizlik məsələləri
ilə bağlı mühazirələr oxumuş, fərdi
söhbətlər aparmışdı. Neft
Daşları rəhbərliyi ilə görüşərək
klubda, kitabxanada, yaşayış evlərində olmuş,
neftçilərin şəraiti, məişəti, istirahəti,
asudə vaxtının təşkili ilə
maraqlanmışdır.
1969-cu il avqust
plenumunda Heydər Əliyevin təklifi ilə Azərbaycan KP
MK-nın neft sənayesinin inkişafını sürətləndirmək
tədbirləri barədə qəbul etdiyi qərar respublikada
"qara qızıl” hasilatının enmə tempinin
qarşısını almaq üçün geniş proqram
müəyyənləşdirdi. Neftçilər
qürurla qeyd edirlər ki, bundan sonra Neft Daşları da yeni
inkişaf mərhələsinə qədəm qoydu.
O zaman "Neft Daşları” Neft və
Qazçıxarma İdarəsinin tərkibində istismar
olunan "Günəşli” yatağında ilk quyuların
qazılması, ilk platformanın qoyulması, daha dərin yerlərdə
özüllərin qurulmağa başlaması və digər
önəmli işlər dəniz neftində inqilab yaratdı.
1972-ci ildə respublikanın
rəhbəri Heydər Əliyev başda olmaqla böyük
bir nümayəndə heyəti Neft Daşlarına gəldi. Kiyev Şəhər
Partiya Komitəsinin birinci katibinin rəhbərlik etdiyi heyət
də bu tərkibdə idi. Neft
Daşlarında gözəl tədbir düzənləndi.
Ulu Öndərin ömür-gün
yoldaşı, akademik Zərifə xanım Əliyeva ilə
görüşlər, səmimi söhbətlər
neftçi qadınların ürəyincə oldu, uzun müddət
xatirələrdən silinmədi.
1975-ci ildə Azərbaycan KP
MK Neft Daşlarının 25 illik yubileyinin qeyd olunması barədə
qərar qəbul etdi. Yubiley təntənələri 1975-ci il
iyunun 17-də keçirildi. Ümummilli Lider Heydər
Əliyev və digər nümayəndələr
"Möcüzələr adası”na gəmi ilə gəldilər.
Gəmi meydançasında neftçilər Ulu
Öndəri böyük sevinclə, gül-çiçəklə
qarşıladılar. Heydər Əliyevlə
birlikdə SSRİ Neft Sənayesi naziri V.A.Şaşin,
respublikamızın nümayəndələri və incəsənət
ustalarından ibarət böyük bir dəstə gəlmişdi.
Mitinqdə Heydər
Əliyev çıxış edərək dəniz neftinin
tarixindən, neftçilərin uğurlarından ətraflı
söhbət açdı, qabaqcılların təltifat mərasimini
keçirdi.
Ulu Öndər elə oradaca yenicə bünövrəsi
qoyulmuş beşmərtəbəli yaşayış
binalarının inşasını sürətləndirmək
barədə əlaqədar təşkilatlara göstəriş
verdi. Neft Daşlarında söylənən
bütün təklif və qeydlərə həssaslıqla
yanaşan Ulu Öndər məsələlərin həllinə
dair konkret tapşırıqlar verdi. O
cümlədən, neftin sahilə boru xətti ilə nəql
olunması, elektrik stansiyasının tikilməsi və digər
əhəmiyyətli məsələlər Ümummilli Lider
Heydər Əliyevin köməyi ilə öz müsbət həllini
tapdı.
Yubiley tədbirləri ertəsi
gün Bakıda, indiki Heydər Əliyev Sarayında davam
etdirildi.
1999-cu ildə Neft
Daşlarının 50 illiyi artıq müstəqil ölkəmizdə
böyük təntənə ilə qeyd olundu.
Neft Daşlarına bu
münasibət Azərbaycan dövlətinin bugünkü
iqtisadi siyasətində, Prezident İlham Əliyevin dəniz
şəhərinin inkişafına və onun əməkçilərinə
göstərdiyi qayğıda öz təcəssümünü
tapır. Neft Daşlarının 55 və 60 illik yubileylərində
dövlət başçısı polad özüllər
üzərində qurulmuş şəhərin, fədakar
neftçilərin qonağı olmuş, 65 illik yubileyində
isə "Möcüzələr adası”nın əməkçilərinin
böyük bir dəstəsini yüksək mükafatlarla təltif
etmişdir.
Onlar bu
qayğıya layiqdirlər
Azərbaycan dövləti
neftçi əməyini yüksək dəyərləndirir. Prezident İlham Əliyev
demişdir: "Neft Daşları Azərbaycan xalqının,
Azərbaycan dövlətinin ayrılmaz bir dəyəridir,
çox gözəl inkişaf nümunəsidir. Azərbaycanda neftçilər bütün dövrlərdə
böyük hörmətə malik adamlar olmuşlar, bu gün
də belədir. Neftçi peşəsi
çox şərəfli peşədir və neftçilər
həmişə dövlət tərəfindən yüksək
qiymətləndirilir və bundan sonra da belə olacaqdır”.
Bu, özünü onlar
üçün yaradılan iş və məişət
şəraitində də aydın göstərir. Ətraf mühitin ekoloji təmizliyinə,
işçilərin təhlükəsizlik şəraitində
çalışmasına böyük diqqət göstərilir.
Onların hamısı xüsusi geyimlə təchiz
edilib.
Neft Daşlarında "Xəzər
İaşə” MMC-nin yeməkxanası və çörək
zavodu fəaliyyət göstərir. Neftçilər
yeməkxanadan səhər, günorta və axşam məmnuniyyətlə
istifadə edirlər. Yeməklərin və
çörəyin keyfiyyətindən çox
razıdırlar. Deyirlər ki, hətta sahilə dönəndə
buradan evlərinə də "dəniz çörəyi”
alıb aparmaq istərdilər...
İşdən yorğun
qayıdan neftçiləri 5 və 9 mərtəbəli yataqxanalarda
işıqlı, səliqəli otaqlar gözləyir. Hər birində
soyuducu, kondisioner, televizor quraşdırılıb. Yataqxanalara gecə-gündüz fasiləsiz olaraq isti
və soyuq su verilir.
Neft Daşlarında - bir qarış
torpağı olmayan ərazidə yamyaşıl park
salınıb, cürbəcür gül-çiçək əkilib.
Əlbəttə, qurudan torpaq gətirməklə... (Bu da "Möcüzələr adası”nın daha
bir möcüzəsi).
İstirahət saatlarında
ikimərtəbəli "Çay evi”, qapalı idman zalı
neftçilərin üzünə öz qapılarını
geniş açır.
Sosial şöbənin əməkdaşı
Rahin Abbasov təkcə bu ilin əvvəlindən
işçilərin rahatlığı üçün
görülən tədbirlərdən danışdı:
- Bütün ərazidə, o
cümlədən yataqxana korpuslarında, işçilərin
sərnişin gəmisinə minib-düşmə
meydançalarında təmizlik işləri aparılıb,
400 qızılgül kolu alınaraq mərkəzi parkda
basdırılıb. Neft və
qazçıxarma sahələrinə, stasionar dəniz
özüllərinə ehtiyaclarından asılı olaraq əşya
və avadanlıqlar, məsələn, elektrik samovarı və
sobası, su dispenseri, soyuducu, yataq dəstləri və s.
verilib. Yeməkxana üçün
soyuducular, ətçəkən və şirəçəkən,
xəmiryoğuran cihazlar və s. alınıb. Dəniz şəhərinə doqquz ay ərzində
gəmi ilə 64 min tona yaxın içməli su gətirilib.
Bundan əlavə, ƏKS OSMOS qurğularında
gündəlik tələbata uyğun həcmdə dəniz
suyu təmizlənərək və qızdırılaraq
yataqxana korpuslarına verilir.
Neft Daşlarında
bütün dövlət bayramları və milli bayramlar,
tarixi günlər təntənə ilə qeyd edilir. Bunlar
neftçinin rahatlığı üçün həyata
keçirilən tədbirlərin yalnız bir hissəsidir.
...Bu bənzərsiz məkana hər
gün yenə də vertolyotlar enir, gəmilər yan alır. Buradakı bütün qurğu və tikililər
kimi onlar da müasirləşib. Yaşının
üstünə yaş gəldikcə dəniz şəhərində
neftçi nəsilləri dəyişir. Qurbanların,
Mixaillərin, İsrafillərin, Bəxtiyarların hünəri
indi Firatların, İlqarların, Azərlərin, İsraillərin
işində-əməlində yaşayır. Ulu
Öndər Heydər Əliyevin Azərbaycan neftçilərinin
qəhrəmanlıq abidəsi adlandırdığı Neft
Daşlarının qəhrəmanlıq salnaməsi davam edir.
Flora SADIQLI
Azərbaycan.-
2019.- 5 noyabr.- S.1; 5.