Müstəqil siyasət, dərin islahatlar,
yüksələn reytinq
Prezident İlham Əliyevin yeni
iqtisadi strategiyasının
formalaşdırdığı möhkəm təməl
inkişafın davamlılığına real
zəmin yaradıb
Hər il olduğu kimi, bu il də sosial-iqtisadi sahədə aparılan dərin islahatlarla ölkə iqtisadiyyatı inkişaf dinamikasını saxlamağa müvəffəq olub, dayanıqlılıq və sabitlik nümayiş etdirib. Reallaşan kompleks islahatlar Azərbaycana "ən islahatçı” ölkə imici qazandırmaqla yanaşı, həmçinin davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edib.
İqtisadi sabitləşmə ilindən böyük sosial islahatlar dövrünə...
Bu ilin fevral ayında Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə dövlət başçısı ötən son 3 ilin göstəricilərini dəyərləndirərkən 2017-ci ili iqtisadi sabitləşmə ili, 2018-ci ili dərin iqtisadi islahatlar ili adlandıraraq, 2019-cu ili həm böyük sosial islahatlar ili, həm də iqtisadi artımın yüksək templərlə təmin ediləcəyi dövr kimi qiymətləndirdi.
Həqiqətən də 2017-ci ildə iqtisadi sahədə atılan çox önəmli addımlar 2018-ci ildə keçirilən Prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə təkan verdi və bu il daha da dərinləşən islahatlar yüksək nailiyyətlərlə özünü göstərdi. İlin əvvəlindən başlayaraq sosial-iqtisadi sferada baş verən köklü və sistemli dəyişikliklərə nəzər yetirdikdə bu uğurlara şahidlik etmiş olarıq.
İlin 9 ayının iqtisadi göstəricilərini müsbət qiymətləndirmək olar. Belə ki, kompleks tədbirlər və köklü islahatlar nəticəsində bu dövrdə ÜDM 2,5 faiz, qeyri-neft ÜDM-i 3,5 faiz artıb. ÜDM-də qeyri-neft sektorunun payı 60,7 faiz təşkil edib. Sənayedə 1,7 faiz, qeyri-neft sənayesində 15,6 faizlik məhsul istehsalının artımına nail olunub. Toxuculuq sənayesi 39,2 faiz, kimya sənayesi 20,6 faiz, tütün məmulatları istehsalı 78,5 faiz, qida məhsulları istehsalı 15,1 faiz, içki istehsalı 40,4 faiz, ağac emalı və istehsalı 99 faiz, mebel istehsalı 29,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 28,2 faiz, kənd təsərrüfatı 7,1 faiz, rabitə xidmətləri 16,4 faiz artıb. Azərbaycanın xarici dövlət borcu ÜDM-in 17 faizini təşkil edir. Bu göstəriciyə görə ölkəmiz dünyada doqquzuncu yerdə qərarlaşıb. 9 ayda əsas kapitala 10,1 milyard manat sərmayə yönəldilib ki, onun da 6,3 milyard manatı qeyri-neft sektoruna, o cümlədən 1,2 milyard manatı qeyri-neft sənayesinə yatırılıb.
İnflyasiya 2,6 faiz təşkil edib, ərzaq məhsulları 3,5 faiz, qeyri-ərzaq məhsulları 1,3 faiz, xidmətlər 2,4 faiz bahalaşıb. Xarici ticarət dövriyyəsi 13,8 faiz artaraq 25,3 milyard dollar, xarici ticarət saldosu müsbət 4,5 milyard dollar təşkil edib.
Qeyri-neft ixracı 15,5 faiz artmaqla 1,4 milyard dollara çatıb, sənaye məhsullarının ixracında 13,1 faiz, kənd təsərrüfatı və emalı məhsullarının ixracında 18,6 faiz artıma nail olunub. Bu dövrdə 186 ölkə ilə ticarət əlaqələri aparılıb.
İki sosial paket - 4,2
milyon vətəndaş
2019-cu ilin sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacağını bəyan edən Prezidentin cari il ərzində təqdim etdiyi iki sosial paket isə əhalinin maddi durumunun yaxşılaşmasına xidmət edir. Bu sosial paketlər həyata keçirilən siyasətin yüksək səviyyədə reallaşmasını, ölkədə sosial inkişaf, sosial rifahın yüksəldilməsi istiqamətində bir-birinin ardınca inqilabi xarakterli addımların atılmasını təmin etdi. Təkcə bu il minimum əməkhaqqı və sosial müavinətlər iki dəfə, minimum pensiya 70 faiz artdı. Ümumilikdə iki sosial paketin əhatə dairəsi 4,2 milyon vətəndaşı əhatə etdi.
Bütün bunları şərtləndirən ən başlıca amil əlbəttə ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımların bəhrəsidir. Yəni ölkənin artan iqtisadi qüdrəti, aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlərin büdcə daxilolmalarını artırması sosial islahatların dərinləşməsinə real zəmin yaratdı.
Bununla yanaşı, həyata keçirilən kompleks islahatlar, möhkəm iqtisadi təməl 2020-ci ildə inkişafın davamlılığına əsas yaradır. Belə ki, ÜDM-in real artımının 3 faiz, o cümlədən neft sektoru üzrə 1,6 faiz, qeyri-neft sahəsində isə 3,8 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Gələn il qeyri-neft sənayesi 8,8 faiz, kənd təsərrüfatı 4,8 faiz artacaq. Proqnozlara görə, 2020-ci ildə ÜDM-də qeyri-neft sektorunun payı 65 faizi ötəcək. 2020-ci ildə əsas kapitala investisiya qoyuluşunun 18,3 milyard manat təşkil edəcəyi gözlənilir. Bunun 12,2 milyard manatı daxili, 6,1 milyard manatının isə xarici investisiyaların payına düşəcəyi proqnozlaşdırılır.
Sonuncu müşavirədə qarşıdakı dövr üçün mühüm vəzifələri müəyyənləşdirən cənab Prezident ölkədə istifadə olunmayan kifayət qədər ehtiyatların olduğunu və bu ehtiyatların aşkar edilməsinin vacibliyini də vurğulayaraq bununla bağlı ciddi göstərişlər verdi. Bəyan etdi ki, bu proseslər həyata keçirilməlidir: "Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”.
Hazırda aidiyyəti dövlət qurumları tərəfindən cənab Prezidentin verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq əlavə iqtisadi artım mənbələrinin iqtisadi dövriyyəyə cəlb edilməsi, işgüzar fəallığın daha da artırılması, iqtisadi subyektlərin əlavə dəyərin yaradılmasında iştirakının genişləndirilməsi üçün tədbirlərin görülməsi istiqamətində araşdırma və təhlillər aparılır. Bütün bunlar isə onu deməyə əsas verir ki, qarşıdakı illərdə ölkə iqtisadiyyatının daha da şaxələnməsi istiqamətində önəmli addımlar atılacaq.
Göründüyü kimi, müstəqilliyin bərpasından ötən 28 ildə Azərbaycan həqiqətən iqtisadi sahədə böyük uğurlara imza atıb. Təkcə iqtisadiyyata yatırılan 270 milyardlıq investisiyanı və 50 milyard dollara yüksələn valyuta ehtiyatlarını göstərmək yetərlidir. Hələ 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramının icrasına başlayarkən Azərbaycan 1,8 milyard dollar valyuta ehtiyatlarına sahib idi. 15 ildə bu ehtiyatlar 27-28 dəfə artıb.
Möhkəm iqtisadi təməl, ən
islahatçı ölkə
Bir vaxtlar iqtisadi müstəqilliyini təmin edə bilməyən, xaricdən aldığı yardımlarla keçinən, zəngin təbii ehtiyatları ola-ola əhalisinin enerjiyə olan tələbatını idxal hesabına ödəyən Azərbaycan bu gün reallaşdırdığı neft-qaz layihələri ilə Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına istinad edərək deyə bilərik ki, elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir.
Azərbaycan, eyni zamanda bir sıra ölkələrin enerji təchizatçısıdır. Asiya və Avropa qitələri arasında körpü rolu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm layihələr - Cənub-Qərb və Şimal-Qərb layihələrinin gerçəkləşdirilməsinə öz töhfəsini verir.
Beynəlxalq təşkilatlardan, böyük dövlətlərdən aldığı yardımlara görə az qala forposta çevrilmək təhlükəsi ilə üzləşən ölkəmiz əldə etdiyi iqtisadi uğurlar hesabına tam müstəqil siyasət yürüdür.
Prezidentin dərin sosial-iqtisadi islahatları, Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə "Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsinə görə isə 5-ci yerdədir.
Əlbəttə ki, bu, hər ölkəyə nəsib olmayan tarixi zəfərdir. Bu uğurları dəyərləndirərkən cənab İlham Əliyev vurğulayıb ki, Azərbaycanın gələcəyə ancaq inkişaf yolu ilə getməsi üçün bütün şərtlərin mövcudluğu ölkənin bundan sonra da sabitlik, inkişaf və tərəqqi yolu ilə addımlayacağını təsdiqləyir. Prezidentin söylədiyi kimi, əldə edilən iqtisadi dividendlər onu deməyə əsas verir ki, bu gün xalqı narahat edən bütün problemlər, yəni infrastruktur, sosial ədalətlə bağlı olan problemlər öz həllini mütləq tapacaq.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2019.- 6 noyabr.- S.1; 3.