Prezident İlham Əliyevin islahatlar strategiyası:
davamlı inkişafın yeni keyfiyyət mərhələsi
Respublika Ağsaqqallar Şurasının, "Azərbaycan”
qəzetinin və Lənkəran Şəhər İcra
Hakimiyyətinin birgə konfransı
Müstəqilliyinin bərpasının 28-ci ilini geridə qoyan Azərbaycan özünün sürətli inkişaf, möhtəşəm quruculuq, güclü dövlətçilik dövrünü yaşayır. Əldə edilən bütün nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun və Prezident İlham Əliyevin fədakar fəaliyyətinin nəticələridir.
Bu günlərdə Respublika Ağsaqqallar Şurasının, "Azərbaycan” qəzetinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin Lənkəranda birgə keçirdikləri bölgə üzrə konfransı da Azərbaycanda gedən inkişaf proseslərinə, Prezident İlham Əliyevin islahatlar strategiyasına, bu islahatların gedişinə həsr olunmuşdu. Artıq ölkəmizdə davamlı inkişafın yeni keyfiyyət mərhələsi başlanılıb. Tədbirin iştirakçıları olan ağsaqqallar və gənclərimiz Prezident İlham Əliyevin yeni islahatlar strategiyası, ölkəmizin davamlı inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoyması ilə bağlı fikirlərini bildirdilər.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Lənkəran şəhərində ucaldılmış abidəsi önünə gül qoydular, xatirəsini ehtiramla yad etdilər.
Konfransı giriş sözü ilə Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin komissiya sədri Fəttah HEYDƏROV açdı. Müstəqil Azərbaycanın şərəfli, mənalı, uğurlu dövrünü yaşadığını qeyd edən Fəttah Heydərov vurğuladı ki, istər ölkəmizin yüksəlişi, istər beynəlxalq səviyyədə qazanılan hər bir nailiyyət Azərbaycanın Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yolla, İlham Əliyevin rəhbərliyi ilə inamla addımlayıb inkişaf etdiyini təsdiqləyir:
- Respublikamızın tərəqqisi bütün ölkə ictimaiyyəti tərəfindən sevinc hissi ilə qarşılanır. Təbii ki, bu tədbirimizin iştirakçısı olan ölkə ağsaqqalları və gənclər Prezidentin apardığı siyasəti həmişə dəstəkləyib, onun ətrafında səfərbər olublar. Bu görüşümüzün məqsədi də ölkəmizdə gedən inkişaf prosesləri barədə müzakirə aparmaq, bu yolda ağsaqqalların və gənclərin roluna nəzər salmaqdır.
Ağsaqqallar bilirlər ki, Heydər Əliyev 1969-cu ildə rəhbərliyə başlayanda Azərbaycan 15 respublika içərisində ən axırıncı yerlərdən birini tuturdu. Ulu Öndərin sayəsində Azərbaycanda yeni həyat başladı. Onun müdrikliyi, insanların öz vətəninə, torpağına, Azərbaycan adına yaraşan fəaliyyəti nəticəsində Azərbaycan 15 respublika içərisində tanındı, fərqləndi. Məhz Azərbaycanın yüksəlişinin nəticəsi idi ki, Heydər Əliyev 1982-ci ildə SSRİ rəhbərliyinə irəli çəkildi. Heydər Əliyevin Moskvaya getməsi Azərbaycana daha çox xeyir verməyə başladı. Azərbaycanın problemlərinin həlli daha da asanlaşdı.
Eyni zamanda Heydər Əliyev dünyada tanınmış bir şəxsiyyətə çevrildi. Sovetlər İttifaqının rəhbərləri içərisində onun işıqlı siması, məsələlərin həllinə münasibəti Heydər Əliyevi dünyada tanıtdı. Bunun məntiqi nəticəsi olaraq Heydər Əliyevin mənsub olduğu Azərbaycanın adı da dünyada layiqincə tanınmağa başladı.
Aradan ötən illər bizə bu tarixin əzəmətini, möhtəşəmliyini tam mahiyyəti ilə anlamaq, Heydər Əliyev fenomeninin milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini mahiyyəti üzrə daha dərindən dərk etmək imkanı verir. Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi dövrlərdə xalqın minilliklərlə intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəyə çevrilmiş, milli dövlətçilik ənənələrinin formalaşması prosesi sürətlənmişdir. Bu zaman kəsiyi Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstutision haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması kimi misilsiz tarixi prosesi əhatələyir.
Ona görə biz belə görüşlərdə Heydər Əliyevin xatirəsini ehtiramla anırıq. Heç vaxt unuda bilmərik ki, Heydər Əliyevin rəhbərliyi illərində ermənilər Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edə bilmədilər. Bir qarış da torpağımızı zəbt edə bilmədilər. Azərbaycan xalqına düşmən kəsilən, Heydər Əliyevi gözü götürməyən Qorbaçovun paxıl niyyətləri nəticəsində Heydər Əliyev vəzifəsindən istefa verməli oldu.
Azərbaycanın ovaxtkı rəhbərliyi Heydər Əliyevə qarşı ədalətsiz davrandı. Onun Bakıya qayıtmasına imkan vermədi. Ulu Öndər 1990-cı ilin iyul ayında Naxçıvana gəldi. O, heç bir vəzifə uğrunda mübarizə aparmırdı. Heydər Əliyev Naxçıvanda xalqla birlikdə yalnız blokadada olan Naxçıvanın azadlığı uğrunda mübarizə apardı. Yenə də xalqın təkidi ilə seçkilərə qatıldı. Naxçıvan Ali Sovetinə seçkilərdən sonra ilk iclasda Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın üçrəngli bayrağı ucaldıldı. "Sovet” və "sosialist” sözləri Naxçıvanın adından çıxarıldı. Bütün bunlar inqilabi hadisələr idi. O zaman Heydər Əliyev heç bir vəzifə sahibi deyildi. Amma o, uzaqgörən, müdrik siyasətçi kimi böyük idrak sahibi idi. O, böyük bir xalqın gələcəyini düşünə bilən şəxsiyyət idi ki, bu addımı atdı. Sonrakı fəaliyyəti dövründə Heydər Əliyev Naxçıvanı qorudu, xilas etdi, ermənilərin Naxçıvanla bağlı planlarını alt-üst etdi.
Siz təsəvvür edin. SSRİ-nin dağıldığı dövrdə 15 pespublika içərisində yalnız Azərbaycan işğalla üzləşdi. Ermənilər o vaxt Azərbaycan rəhbərliyində təmsil olunan iqtidarların qətiyyətsizliyindən, ölkədəki siyasi böhrandan, hakimiyyət çəkişmələrindən istifadə edib torpaqlarımızı işğal etdilər.
Hələ sovet hakimiyyəti dövründə Azərbaycanı tənəzzüldən inkişaf yoluna çıxaran Heydər Əliyev müstəqilliyimizin bərkimədiyi 1993-cü ildə də öz yeni missiyasını böyük uzaqgörənliklə yerinə yetirdi. Müdrikliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və dəyanəti ilə müstəqilliyimizi qorudu. Ulu Öndərin bilavasitə rəhbərliyi altında, onun dühası, qətiyyətli siyasəti və dövlətçilik təcrübəsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin etibarlı əsasları yaradıldı. Ona görə Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidməti budur ki, o, ən kəskin və ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycanın dövlətçiliyini qorudu, ölkəni parçalanmaq təhlükəsindən xilas etdi. Bu gün xalqımızın bəhrəsini gördüyü uğurlu neft strategiyasının müəllifi Heydər Əliyev oldu. Eyni zamanda Heydər Əliyev hər bir sahə üzrə islahatın təməlini qoydu. Böhran həddində olan iqtisadiyyatımızda, sənayedə uğurlu islahatlar nəticəsində tərəqqiyə doğru inamlı dönüş yarandı. Hüquqi dövlət quruculuğu həyata keçirildi. Postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda effektli aqrar islahatlar aparıldı. Beləliklə, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı bu gün uğurları ilə qürur duyduğumuz Azərbaycan dövlətinin yaranması ilə nəticələndi.
Bu gün Prezident İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın möhtəşəm inkişaf salnaməsinin parlaq səhifələri yazılır. Heydər Əliyevin strateji inkişaf kursunu müasir mərhələyə uyğun zənginləşdirən dövlət rəhbərinin yürütdüyü məqsədyönlü siyasətin uğurları Azərbaycanın şanlı tarixinə çevrilir. Cəmiyyət dinamik inkişaf edir, müasir dünyada gedən proseslərə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında, insanların yaşayış tərzində, idarəçilikdə müvafiq dəyişikliklər həyata keçirilir.
Bütün bunlar göstərir ki, dövlətimizin qurucusu Heydər Əliyevin həyata keçirdiyi siyasət bu gün uğurla davam etdirilir. Ulu Öndər 16 ildir ki, haqq dünyasına qovuşub. Lakin Heydər Əliyevin dühası, ideyaları yaşayır, xalqımızı yeni-yeni qələbələrə, daha yüksək zirvələrə aparmaqda davam edir. Bir neçə gün əvvəl müstəqilliyimizin bərpasının
28-ci ildönümünü də biz dövlətçilik tariximizin parlaq səhifələrini təşkil edən olduqca möhtəşəm nailiyyətlərlə qeyd etdik. Bəli, bu gün Azərbaycan bölgənin lideri, kosmik klubun üzvü, beynəlxalq enerji təhlükəsizliyində aparıcı dövlət, dünyada söz sahibidir. Şübhə yoxdur ki, yaşadığımız XXI əsrdə Azərbaycan bu yolla inamla irəliləyəcək, Heydər Əliyevin layiqli davamçısı, hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcək, güclənəcək və nailiyyətlərinin miqyasını daha artıracaq.
Hazırda ölkədə
mühüm islahatlar aparılır. Bu islahatların
uğurlu nəticələri ölkənin iqtisadi-sosial həyatında
yaxından duyulur. Prezident İlham Əliyevin hər bir
sahədə inkişafa nail olmaq üçün
keçirdiyi islahatlar uğurlu nəticələr verməklə
Azərbaycanın dinamik yüksəlişinə səbəb
olur. Bu siyasət 2019-cu ilin əvvəllərindən
olduqca mühüm nailiyyətlərlə əlamətdardır
və görünən odur ki, respublikada həyata keçirilən
islahatlar yeni mərhələyə qədəm qoyur. Bu baxımdan artıq yarısı geridə qalan
2019-cu ilin iqtisadi mənzərəsi Azərbaycanın
qarşısına qoyduğu hədəflərə doğru
inamla irəliləyən bir ölkə oduğunu
nümayiş etdirir. Bu dövrün
iqtisadi statistikası İlham Əliyevin həyata
keçirdiyi inkişaf kursunun praktikada özünü tam
doğrultduğunu ortaya qoyur.
Bu gün bu tədbirdə gənclərin
ağsaqqallarla bir yerdə iştirakında da çox
böyük məna var. Azərbaycanda istedadlı, savadlı,
müasir dünyagörüşlü, əxlaqi keyfiyyətləri
ilə digər xalqlara nümunə ola bilən
gənclər ordusu formalaşıb. Bizim gənclərimiz
təkcə Azərbaycanda deyil, digər ölkələrdə
də təhsil alır, dövlətimizin,
xalqımızın adını daim ucaldırlar. Belə bir şərait ona görə yaranıb ki,
Azərbaycanda həyata keçirilən siyasət gənclərin
öz bilik və bacarıqlarını realizə etmələrinə
geniş imkanlar formalaşdırıb. İndiyədək
respublikamızda gənclərlə iş sahəsində
görülən işlər, bu istiqamətdə həyata
keçirilən mükəmməl dövlət siyasəti gəncliyin
inkişafına böyük təkan verib, onun cəmiyyətdə
özünü təsdiq etməsində böyük rol
oynayıb. Gənclərimiz beynəlxalq miqyasda
cərəyan edən ictimai-siyasi proseslərdə də
yaxından iştirak etməklə həm dünyaya inteqrasiya
olunub, həm də ölkəmizi tanıdıb. Azərbaycan gəncləri bundan sonra da dövlət
siyasətindən layiqincə yararlanacaq, layiqli vətəndaşlar
kimi cəmiyyət həyatının bütün sahələrində
fəallıq göstərəcək və bununla da onlara bəslənən
etimadı hər sahədə doğruldacaqlar.
Ölkənin gələcəyi
üçün siz gənclərin üzərinə şərəfli
məsuliyyət düşür. Siz bu işdə Heydər
Əliyev ideyalarına, Ulu Öndərin müəyyən
etdiyi yolun davamçılarının, ağsaqqalların təcrübəsinə
əsaslanmalısınız.
Azərbaycan daha da inkişaf
etməlidir və bu yüksəlişdə hər bir vətəndaşın,
o cümlədən ağsaqqalların və xüsusən gənclərimizin
rolu mühümdür. Biz bu yolda İlham Əliyevin ətrafında
daha sıx səfərbər olmalıyıq.
Prezident İlham Əliyevin
böyük uğurla həyata keçirdiyi islahatların
regionların sosial-iqtisadi və mədəni həyatına da
yeni nəfəs verdiyini deyən Lənkəran Şəhər
İcra Hakimiyyətinin başçısı Taleh QARAŞOV qeyd etdi ki, hər
bir lənkəranlı bu islahatlar kursunun bəhrələrini
özünün gündəlik həyatında, ailəsində,
təhsilində, yaşadığı şəhərin, qəsəbənin,
kəndin simasında aydın görür, bundan qürur duyur:
- Cənab İlham Əliyevin
müdrik rəhbərliyi ilə getdikcə sürətlənən
bu inkişaf proseslərində Lənkəran həmişə
ölkədə öncül yerlərdən birini tutub.
2003-cü ildən bəri dövlət
başçısının 1 dəfə Baş Nazir, 12 dəfə
isə Prezident kimi rayonumuza ardıcıl səfərləri və
bu səfərlər zamanı çoxlu sayda mühüm
sosial əhəmiyyətli obyektlərin
açılışında şəxsən iştirak etməsi,
sakinlərlə mehriban, səmimi görüşləri lənkəranlılar
üçün unudulmaz xoş xatirəyə çevrilib.
Lənkəran
respublikamızın cənub bölgəsində, çox əlverişli
coğrafi mövqedə yerləşir. Hələ qədim
zamanlardan bu yer bölgənin iqtisadi və mədəni mərkəzi
kimi tanınmış, tarixi İpək yolu üstündə
yerləşdiyindən daim inkişaf edib və ətraf
bölgələrin də inkişafında əhəmiyyətli
rol oynayıb. Lakin burada yaşayan insanlar
yaxşı bilirlər ki, Lənkəranın zamanına
görə ən şöhrətli dövrü ilk növbədə
Ulu Öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Məhz Heydər
Əliyevin qayğısı ilə keçən əsrin
70-80-ci illərində Lənkəran hərtərəfli
inkişaf edib, geridə qalmış bir əyalətdən
güclü aqrar-sənaye rayonuna çevrilib, təbii gözəlliyinə
görə isə "cənub mirvarisi”
adlandırılıb. İndi Lənkəran
cənub bölgəsinin iqtisadi rayonunun mərkəzi olmaqla
beynəlxalq əhəmiyyətli şəhərdir. Lənkəran Türkiyənin İsgəndərun,
ABŞ-ın Kaliforniya statının Monterey və İtaliyanın
Çerveteri şəhərləri ilə qardaşlaşma əlaqələri
saxlayır.
Beynəlxalq əhəmiyyətli
Şimal-Cənub nəqliyyat dəhlizinə daxil olan yeni
Ələt-Astara magistral avtomobil yolunun rayonun ərazisindən
keçməsi onun şöhrətini daha da artırıb. Lənkəranda
bütün bölgə üçün müstəsna əhəmiyyəti
olan beynəlxalq hava limanı fəaliyyət göstərir.
Buradan xarici ölkələrə təyyarə reyslərinin
açılması, dünya və Avropa səviyyəli, beynəlxalq
əhəmiyyətli mədəni-kütləvi və idman tədbirlərinin,
hətta Avropa İttifaqının yaranma günü - Şuman
gününün qeyd olunduğu mərasimin keçirilməsi
cənab Prezidentin regionların inkişafına göstərdiyi
diqqətin parlaq sübutudur.
Ötən dövr ərzində
qeyri-neft sektorunun sürətli inkişafı istiqamətində
görülən işlər hesabına ölkəmizin digər
regionlarında olduğu kimi, Lənkəranda da sosial-iqtisadi
inkişaf dinamik şəkil alıb, rayonun iqtisadi imkanları
artıb. Məhz cənab Prezidentin davamlı diqqəti ilə
həyata keçirilmiş iri investisiya tutumlu layihələrin
icrası rayonun simasını tamamilə dəyişib, onu
iqtisadi cəhətdən güclü və turizmin
inkişafı baxımından da perspektivli məkan kimi
tanıtdırıb. Artıq rayonda
güclü turizm infrastrukturu yaradılıb.
Sahibkarlığın inkişafına verilən dəstək, iş adamlarına yaradılan əlverişli
şərait hesabına rayonda turizm potensialı getdikcə
genişlənir.
Zəngin fauna, flora və təbii
ehtiyatları ilə zəngin olan Lənkəranda kurort və
turizmin inkişafı üçün geniş imkanlar var. Xəzər
dənizi və onun sahillərində müalicəvi əhəmiyyətli
qara qumlu çimərliklər, müalicəvi termal sular, sərin
bulaqlar, relikt və endemik bitki örtüklü sıx meşələr
və dağlar, Qızılağac və Hirkan Milli
parkları, qədim tarix, mədəniyyət abidələri,
spesifik yerli mətbəx burada turizmin inkişafına geniş
imkanlar verir. Turizmin inkişafı nəticəsində
yaradılmış infrastruktur və xidmət sahələri əhalinin
məşğulluq problemlərinin həllində də
mühüm rol oynayır.
Rayonda fəaliyyət göstərən
"Qafqaz Sahil”, "Palmalife”, "Lüks Lənkəran”,
"Xan Lənkəran”, "Şah Saray” hotel kompleksləri,
"Bəşəru”, "Palıdlı Sahil”, "Dörd Fəsil”
istirahət mərkəzləri, "Mandarin” uşaq-əyləncə
mərkəzi və digər göz oxşayan turizm obyektləri
təkcə yerli turistlərin deyil, xarici turistlərin də
diqqətini cəlb edir.
2017-ci ildə cənab İlham
Əliyevin açılışında iştirak etdiyi 5
ulduzlu "Xəzər Palace” hotel kompleksi, 2018-ci il
oktyabrın 15-də, prezidentliyinin 15 illiyinin tamam olduğu
gündə təqdimatında iştirak etdiyi "İstisu”
Sağlamlıq və İstirahət Mərkəzi, yeni
Olimpiya İdman Kompleksi nəinki Lənkəranda, eləcə
də regionda ən böyük turizm obyektləridir. Müqayisə
üçün deyim ki, əgər 2003-cü ildə rayona cəmi
1000 nəfər turist gəlmişdisə, 2018-ci ildə bu rəqəm
23 min 128 nəfər təşkil edib. Onların
da 15 faizi əcnəbi turistlərdir.
Ötən dövr ərzində
rayonda geniş miqyasda tikinti-abadlıq və mədəni
quruculuq işləri görülüb, yeni sosial obyektlər,
istehsal müəssisələri inşa edilib, infrastruktur layihələr
icra olunub, yeni iş yerləri
açılıb. Rayonda sosial-iqtisadi
inkişafın sürətləndirilməsi ilə
bağlı cənab Prezident tərəfindən 16 sərəncam
imzalanıb və vaxtında icra olunub. Sosial-iqtisadi
inkişafın sürətlənməsi hesabına 2018-ci ildə
rayonda ümumi məhsul buraxılışı 2003-cü ilə
nisbətən 7,3 dəfə artaraq 448 manata, kənd təsərrüfatı
məhsulları 3,4 dəfə artaraq 105 milyon manata, sənaye
məhsulu istehsalı 7,9 dəfə artaraq 39 milyon manata
çatıb. Əsas kapitala yönəldilmiş investisiyalar
20,3 dəfə artaraq 160 milyon manat, tikinti-quraşdırma
işlərinin həcmi 23,2 dəfə artaraq 143 milyon manat təşkil
edib. Lənkəran rayonu artıq 3-cü ildir
ki, dövlətdən dotasiya almadan yerli budcəsini daxili
imkanları hesabına formalaşdırır. 2003-2018-ci
illərdə Lənkəran rayonunda 31249-u daimi olmaqla 47528 yeni
iş yeri açılıb, cari ildə isə ödənişli
əsaslarla 1310 yeni iş yeri yaradılıb.
Bu dövrdə Lənkəran şəhərində
Beynəlxalq Hava Limanı, Regional Müalicə Diaqnostika Mərkəzi,
Heydər Əliyev Mərkəzi, Heydər Əliyev xatirə
parkı, Gənclər Mərkəzi, Bayraq Meydanı tikilib
istifadəyə verilmiş, Mərkəzi xəstəxana,
Şəhər Mədəniyyət Mərkəzi, Xan
sarayı əsaslı şəkildə təmir edilib.
Cənab Prezidentin xeyir-duası ilə
fəaliyyətə başlamış "Nur süd” zavodu,
"Pal Food” dondurma fabriki, "Gilan-Lənkəran konserv”
zavodu, "Gilan-Lənkəran çay” fabriki kimi istehsal
müəssisələri bu gün Lənkəranı əsl
sənaye şəhəri kimi təqdim edir. Ötən
ildən başlayaraq Lənkəranda xalçaçılığın
inkişafına başlanılıb. Cənab
Prezidentin müvafiq sərəncamı ilə yeni xalça
fabriki istifadəyə verilib. Ötən il
şəhərimizə səfəri zamanı cənab
Prezidentin açılışında iştirak etdiyi
xalça fabrikində 200 nəfərə qədər
qadın xalça ustası çalışır.
2003-cü ildən bugünədək
rayonda təhsilin maddi-texniki bazasının gücləndirilməsi
və xalqın balaları üçün daha yaxşı təhsil
şəraitinin yaradılması məqsədilə dövlət
vəsaiti hesabına ümumilikdə 9236 şagird yerlik 44 məktəb,
o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə
2024 şagird yerlik 9 məktəb binası inşa edilib, 120
yerlik uşaq evi yenidən qurulub və 3676 şagird yerlik 4 məktəb
binası əsaslı təmir olunub. Bu dövrdə
1-i dövlət vəsaiti, digəri isə özəl
investisiya hesabına 2 uşaq bağçası tikilib istifadəyə
verilib.
2019-cu ildə isə dövlət vəsaiti
hesabına birtipli layihə üzrə Şıxəkəran
kənd tam orta məktəbi üçün 432 şagird
yerlik müasir məktəb binası və 4 kənddə qəzalı
vəziyyətdə olan məktəblər üçün
modul tipli binalar tikilib istifadəyə verilib. Hazırda
dövlət vəsaiti hesabına birtipli layihə üzrə
Gəgiran kəndində 264 yerlik təzə məktəbin və
Kosalar kəndində 96 şagird yerlik modul tipli məktəbin,
Heydər Əliyev Fondunun vəsaiti hesabına birtipli layihə
üzrə 360 şagird yerlik Veravul kənd 2 nömrəli tam
orta məktəbi və 632 şagird yerlik Haftoni qəsəbə
tam orta məktəbi üçün yeni binaların tikintisi
davam etdirilir.
Cənab Prezidentin müvafiq sərəncamları
ilə rayonda ümumi uzunluğu 111,7 km olan
Şürük-Vel-Qamışovka, Lənkəran-Vilvan-Osakücə-Tükəncil,
Vilvan-Zövlə-Boladı-Liman, Liman-Nərimanabad-Balıqçılar,
Aşağı Nüvədi-Kənarmeşə-Şürük,
Hirkan-Daşdatük-Biləsər, Hirkan-Mamusta-Siyavər
yaşayış məskənləri istiqamətləri
üzrə magistral asfalt yollar çəkilib, bu yollarda
ümumilikdə irili-xırdalı 50-dən çox
körpü salınıb. Lənkəran-Lerik
magistral avtomobil yolunun yenidən qurulub asfaltlanması da ərazilərdə
yaşayan sakinlər tərəfindən böyük
razılıqla qarşılanır.
Lənkəran şəhərində
ilk dəfə olaraq dünya standartlarına cavab verən
içməli su xətti istifadəyə verilib. Hazırda rayonda
çox iritutumlu layihə olan su-kanalizasiya sisteminin əsaslı
şəkildə yenidən qurulması, yaşayış məntəqələrinin
kütləvi qazlaşdırılması və elektrik təsərrüfatının
müasirləşdirilməsi işləri davam etdirilir.
Rayon subtropik zonada yerləşdiyindən
burada digər sahələrlə yanaşı kənd təsərrüfatının
inkişafı üçün də əlverişli şərait
var. Keçmişdə Lənkəran özünün
dadlı düyüsü, faraş tərəvəzi, ətirli
çayı, sitrus meyvələri, gözəl təbiəti
və digər təbii ehtiyatları ilə
tanınmışdır. Bu imkanlar bu gün də
Lənkəranda var. Əslində, kənd əhalisinin
böyük bir hissəsinin gəlirləri birbaşa bu
imkanlardan asılıdır. Ona görə
də göstərilən sahələrin inkişafı
üçün rayonda əməli işlər
görülür. Xüsusilə cənab Prezidentin
2017-ci ilin sentyabr ayında Lənkərana səfəri
zamanı keçirilmiş çay, çəltik və
sitrus meyvələri istehsalının inkişafı məsələlərinə
dair respublika müşavirəsi rayon sakinlərində əsl
işgüzar ab-hava yaradıb, onları torpaq ehtiyatlarından
səmərəli istifadə etməyə həvəsləndirib.
Əlbəttə, cənab
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata
keçirilən islahatlar kursunun Lənkəran rayonuna bəxş
etdiyi dinamik inkişafın tam təhlilini kiçik bir məruzədə
vermək sadəcə mümkün olmadığından mən
bu inkişafın paramertləri üzrə
görülmüş işlər barədə Sizlərə
mümkün qədər çox məlumatlar
çatdırmağa çalışdım. Ən əsası, bildirim
ki, cənab Prezident İlham Əliyevin uğurla
apardığı islahatlar kursunun bəhrəsi kimi Vətənimiz
Azərbaycanın tərəqqisi fonunda rayonumuzun da sürətli
və hərtərəfli inkişafı lənkəranlıları
hədsiz sevindirir, qəlblərini iftixar hissi ilə doldurur,
onları daha səylə çalışmağa, bu
inkişafa layiqli töhfələr verməyə
ruhlandırır.
Tarixinin ən qüdrətli
dövrünü yaşayan Azərbaycanın son illərdə
yeni islahatlar mərhələsinə qədəm qoyduğunu
deyən Milli Məclisin deputatı, "Azərbaycan” qəzetinin
baş redaktoru Bəxtiyar SADIQOV
diqqətə çatdırdı ki, Prezident İlham
Əliyevin ilin əvvəlindən bəyan etdiyi islahatlar kursu
bütün sahələri əhatə edir:
- Dünya Bankının
hazırladığı "Doing Business-2020” hesabatında Azərbaycanın
20 ən islahatçı ölkə sırasında yer
alması isə cənab İlham Əliyevin
islahatlarının uğurlu nəticələr verdiyini bir
daha təsdiqləyir.
Adətən dövlət
problemlərlə üzləşəndə, çətinliyə
düşəndə islahatlara əl atır. Ancaq cənab
Prezident hesab edir ki, Azərbaycan bundan da sürətli
inkişaf edə və daha yüksək zirvələrə
yüksələ bilər. Məhz buna
görə də həm idarəetmədə, həm kadr siyasətində,
həm də iqtisadiyyatda yeni islahatlar kursu müəyyənləşdirib.
Tarixi, keçmişi unutmaq olmaz!
Çünki keçmişini unudan gələcəyini qura
bilməz! Bizlər 1990-cı illərin əvvəlində
Azərbaycanda baş verən hadisələrin şahidiyik.
Tanrı XX əsrin sonlarında xalqımıza ikinci dəfə
müstəqil dövlət yaratmaq imkanı qismət edəndə
ölkə daxilində nə həqiqi rəhbərimiz var idi,
nə hamının qəbul etdiyi liderimiz! Çox
ağır zamanlar keçirirdik! Xalq çox
acınacaqlı günlər yaşayırdı. Hər kəs ümidsiz vəziyyətdə idi.
Həqiqi rəhbər olmadığına
görə başımıza oyunlar açdılar, müsibətlər
gətirdilər. Ölkədə xaos və
anarxiya bataqlığı, iqtisadi və siyasi böhran
yaradaraq Azərbaycanı yenidən parçalamaq, xanlıqlar
dövrünə qaytarmaq planını cızdılar.
Ancaq Azərbaycan xalqı
özündə qüvvət tapıb vahidliyini, monolitliyini bəyan
etdi və Ulu Öndər Heydər Əliyevi yenidən ölkə
rəhbərliyinə dəvət elədi. Xalqın
çağırışı ilə yenidən ölkə rəhbərliyinə
dönən dahi şəxsiyyət düşmənlərimizin
bütün planlarını alt-üst etdi, Azərbaycanı
xaos və fəlakət burulğanından qurtardı. Üstəlik, müstəqilliyimizi əbədiliyə
və dönməzliyə çevirərək müasir Azərbaycan
dövlətinin memarı və qurucusu oldu.
Hazırda Azərbaycan Heydər
Əliyev siyasi kursu ilə inamla irəliləyir. Cənab
İlham Əliyev bu yolun ən layiqli
davamçısıdır və onu öz təfəkkürü,
uzaqgörən siyasəti və müdrikliyi ilə daha da zənginləşdirir.
Ulu Öndərin gördüyü möhtəşəm
işləri eyni qətiyyət və prinsipiallıqla davam
etdirərək Azərbaycanı sabitlik, əmin-amanlıq
adası kimi qoruyub saxlayır. Cənubi
Qafqazın lider dövlətinə çevirərək
iqtisadi qüdrətini, siyasi nüfuzunu daim artırır,
xalqın güzəranını və rifahını dönmədən
yüksəldir.
Bu bir həqiqətdir ki,
Prezident İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi
ilk günlərdən çox uğurlu xarici və daxili siyasət
yeridir. Bu siyasətin mərkəzində müstəqil Azərbaycanın
mənafeyi, xalqın milli maraqları durur. Son 16 ildə cənab Prezidentin həyata
keçirdiyi müdrik və uzaqgörən siyasət qısa
müddətdə Azərbaycanı dünya birliyinin
sayılıb-seçilən üzvünə, beynəlxalq tədbirlərin,
qloballaşan dünyanın problemlərinin
çözüldüyü məkana çevirib. İnkişafın Azərbaycan modeli, multikulturalizm
modelimiz dünyanın diqqətini özünə çəkib,
bir çox ölkələrdə öyrənilməyə
başlanılıb.
Respublikanın bütün
bölgələrində həyata keçirilən
tikinti-quruculuq, abadlıq işləri regionların
simasını büsbütün dəyişib. Bu gün
Bakıdan istənilən bölgəyə səfər etdikdə
insanın könlü açılır. Hər
bir bölgəyə ən müasir avtomobil yolları çəkilib.
Rayonlarda artıq elektrik enerjisi, içməli
su, mavi yanacaq problemləri yaşanmır. Cənab
İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin
nəticəsidir ki, son illərdə ölkədə 15 min
kilometr avtomobil yolu tikilib, 31 yeni elektrik stansiyası inşa
olunub, 2500 meqavatlıq yeni güc yaradılıb, 4
böyük su anbarı tikilib, ölkə üzrə təbii
qazla təminat 96 faizə çatdırılıb. Bundan başqa, ölkədə 3 min 200-dən
çox məktəb əsaslı təmir edilib və ya yenidən
tikilib, 640 tibb müəssisəsi tikilib və ya yenidən
qurulub, 44 Olimpiya İdman Kompleksi yaradılıb.
Ölkəmizdə sahibkarlıq sinfi
formalaşıb və regionlarda iş adamlarının fəaliyyəti
üçün lazımi şərait yaradılır, onlara
dövlət tərəfindən güzəştli kreditlər
verilir. Kiçik və orta
sahibkarlığın inkişafı ölkə
iqtisadiyyatının yüksəlişinə töhfələr
verir.
Prezident İlham Əliyevin
qlobal miqyaslı təşəbbüsləri ilə həyata
keçirilən transmilli layihələr dünyanın diqqətini
çəkir.
Dövlət başçısı hər
hansı nəhəng layihəni reallaşdırmaq istəyəndə
yalnız özünə, öz dövlətinə və
xalqına güvənməklə bunu uğurla gerçəkləşdirir.
Əgər Ulu Öndər
Heydər Əliyev inkişafın təməl daşı
sayılan "Əsrin müqaviləsi” neft sazişinin
bağlanmasına nail oldusa, cənab İlham Əliyev onun
müddətini daha 30 il - 2050-ci ilədək uzatdı. Bakı-Tbilisi-Ceyhan
əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum təbii
qaz ixracı boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu,
Cənub qaz dəhlizi, Bakı Beynəlxalq Dəniz Ticarəti
Limanının tikintisi bu uğurlar sırasındadır.
Azərbaycan həm də Şimal-Cənub,
Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin
yaradılmasında fəal iştirak edir və üzərinə
düşən bütün öhdəlikləri vaxtında
icra edir. Bütün bunlar isə son 16 ildə
görülən işlərin bir qismidir.
Bu uğurlarla yanaşı
Azərbaycan siyasi cəhətdən də yüksəlişinin
pik həddindədir. Cənab İlham Əliyev ölkəmizi
dünyada söz sahibinə, etibarlı tərəfdaşa
çevirib. Paytaxtımız Bakı isə
ən mühüm forum və konfransların, Zirvə
görüşləri və sammitlərin keçirildiyi məkan
kimi tanınıb. Təkcə ötən ay Bakıda
keçirilən mühüm toplantılara, dövlətimizin
əldə etdiyi siyasi uğurlara nəzər yetirsək
görərik ki, oktyabrda Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının VII Zirvə
Görüşü baş tutdu və təşkilata sədrlik
Qırğızıstandan Azərbaycana keçdi. ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq
Astronavtika Federasiyasının Baş Assambleyasında
keçirilmiş seçkilər zamanı 2022-ci ildə
keçiriləcək konqresə evsahibliyi etmək istəyən
şəhərlər sırasında olan Bakı şəhəri
Sinqapur, Rio-de-Janeyro və Nyu-Dehli şəhərlərindən
daha çox səs topladı. 3 ildən sonra Bakıda 68
ölkəni təmsil edən 398 təşkilatın üzv
olduğu federasiyanın 6 mindən çox üzvünün
iştirakı ilə möhtəşəm konfrans
keçiriləcək. Oktyabrın 25-26-da Azərbaycan
müstəqillik tarixində ən mühüm konfranslardan birinə
evsahibliyi etdi. Bakıda BMT-dən sonra
ikinci böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının
XVIII Zirvə Görüşü reallaşdı və quruma
sədrlik Venesueladan Azərbaycana keçdi.
Azərbaycan Prezidenti Bakı
zirvəsində çıxış edərək
torpaqlarımızın 20 faizinin işğalda olduğunu bir
daha dünyaya bəyan etdi və hətta BMT-nin
özünü də tənqid edərək islahatların
vaxtının çatdığını söylədi. Eyni zamanda,
dünyada gedən problemlərin həlli yollarını
göstərdi.
Göründüyü kimi,
cənab İlham Əliyev Azərbaycanı multikultural və
beynəlxalq forumların, konfransların keçirildiyi məkana
çevirməklə yanaşı, ölkəmizi dünyaya
sülh carçısı kimi də tanıdır.
Bir sözlə, Azərbaycan
etibarlı, strateji tərəfdaş kimi dünyaya qucaq
açır.
Dünyanın humanitar, qlobal siyasi prosesləri
Azərbaycanda müzakirə olunur, mühüm bəyanatlar, qətnamələr
qəbul edilir. Bu isə ölkəmizin,
onun liderinin yüksələn nüfuzunun göstəricisidir,
cənab İlham Əliyevin diplomatiyasının
uğurlarıdır.
Biz də bu qətiyyətli
siyasəti ilə Azərbaycana uğur gətirən
Prezidentimizə inanırıq, güvənirik. Məhz onun
müdrikliyinə, qətiyyətinə görə Azərbaycan
bu gün inamla danışır. Rusiyada
keçirilən "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI
illik iclasında cənab İlham Əliyev dünyanın
böyük dövlətlərinin siyasətçiləri
qarşısında qətiyyətlə bəyan etdi ki,
"Qarabağ Azərbaycandır və nida işarəsi”.
Bu müdrik ifadənin arxasında güc və
özünəəminlik durur. Cənab
İlham Əliyev bir daha dünyaya bəyan edir ki, Azərbaycan
bu işğalla heç vaxt barışmayacaq.
MDB Dövlət
Başçıları Şurasının Aşqabadda
keçirilən toplantısında isə Azərbaycan
Prezidenti işğalçı Ermənistanın faşist
xislətini ifşa etdi. Bu ölkənin baş naziri N.Paşinyan
da cənab İlham Əliyevin yanında oturmuşdu. Lakin yenə də Azərbaycan Prezidentinin fikirləri
qarşısında acız qaldı. Əlbəttə
ki, belə Prezidentlə ancaq fəxr etmək olar.
Ancaq dövlət
başçısı bu uğurlarla da razılaşmayaraq bu
gün ölkədə yeni mərhələnin
başlandığını deyir və gördüyü
işlərin nəticəsi göz önündədir.Təkcə
bu ilin ötən dövrdəki sosial-iqtisadi yüksəlişinə
nəzər yetirsək, buna şahidlik etmiş olarıq. Bu il
qeyri-neft sektorunda iqtisadi artım 3 faiz, qeyri-neft sənayesində
isə 15 faiz olub. Valyuta ehtiyatlarımız
artıq 50 milyard dollara yüksəlib. Şahibkarlara
130 milyon manat güzəştli kredit verilib. 186 ölkə
ilə ticarət əməliyyatı aparılıb və
xarici ticarət dövriyyəsi 25,3 milyard
dollara çatıb. İxrac məhsullarının
çeşidlərinin sayı artaraq 2780-ə, qeyri-neft
ixracı 15,5 faiz artaraq 1,4 milyard dollar
yüksəlib.
Prezidentin böyük sosial paketi 4,2 milyon insanın maddi vəziyyətini
yaxşılaşdırıb və bir ildə maaşlar,
pensiyalar, təqaüdlər, müavinətlər 2 dəfə
qaldırılıb. Maaş və
pensiyaların daha da artacağını söyləyən
dövlət başçısı son günlər idarəetmə
sisteminə də yenilik gətirib. Görünən
odur ki, cənab Prezident idarəetmənin daha dinamik, daha təkmil
olması istiqamətində çalışır.
Prezident yeni vəzifələrə
təyin olunan məmurları qəbul edərək onlara ciddi
tapşırıqlarını verir. Dövlət
başçısı hesab edir ki, yeni vəzifəyə təyin
edilən gənc kadrlar savadlı, bilikli, ilk növbədə,
vətənə bağlı, hər hansı bir xarici təsirdən
azad və vətənpərvər olmalıdırlar ki,
ölkənin inkişafı üçün öz səylərini
göstərə bilsinlər. Bu, ilk
növbədə, dövlət rəhbərinin ölkədə
müxtəlif sferaların inkişafında gənclərə
böyük etimad göstərməsinin əyani təzahürüdür.
Eyni zamanda, Prezidentin də dediyi kimi, məqsəd
yaşlı nəslin vəzifədən
uzaqlaşdırılması və ya gənclərin vəzifələrə
gətirilməsi deyil. Əsas məqsəd
işinin öhdəsindən gələ bilməyənlərin,
vəzifəsini düzgün yerinə yetirməyənlərin
əvəzlənməsidir. Hazırda
ölkəmizdə çox təcrübəli, işinin
öhdəsindən yüksək səviyyədə gələn
yaşlı kadrlar var və gənc nəsil onların təcrübəsindən
bəhrələnməli, öyrənməlidir.
Hər birimiz doğma Vətənimizi
sevirik. Ancaq
bu ölkəni istəməyən qüvvələr də
var! Hətta təəssüflər olsun ki,
antiazərbaycançı şəbəkəyə xidmət
edən "sapı özümüzdən olanlar” da
mövcuddur. Onlar bu ölkənin
uğurlarına kölgə salmağa
çalışır, Azərbaycana qara yaxmaqdan ötrü
çirkin oyunlara əl atırlar. Hesab
edirəm ki, düşmənə və xəbis niyyətlilərə
yalnız birliyimiz, səmimi və səmərəli fəaliyyətimiz,
vətənə və dövlət müstəqilliyinə məhəbbətimiz
və fədakar əməyimizlə qalib gələ bilərik.
Bu yolda hamı və hər kəs bacarığını əsirgəməməlidir!
Azərbaycanın ən böyük
uğuru iqtidarla xalqın birliyi, vəhdətidir! Ən
böyük nailiyyət ölkədə formalaşan möhkəm
və dönməz sabitlikdir! Bu gün biz ağsaqqallarla, gənclərin
nümayəndələri ilə bir araya gələrək bu
sabitliyi, vəhdəti yaradan cənab Prezidentə dəstək
olduğumuzu növbəti dəfə bəyan edirik!
İnanırıq ki, cənab İlham Əliyev Azərbaycanı
daha möhtəşəm gələcəyə aparır və
ölkəmiz hər ötən il daha
möhtəşəm uğurlara imza atacaqdır.
Ali Baş Komandan İlham Əliyevin
yürütdüyü siyasətlə Dağlıq Qarabağ
problemini də həll edərək,
dünyanın nümunə götürə biləcəyi
dövlətə çevriləcəyik!
Çıxışına
Ümummilli Lider Heydər Əliyevin "Yaşlı nəsil
milli-mənəvi dəyərlərimizin qızıl fondudur”
sözləri ilə başlayan Yeni Azərbaycan Partiyası
Yardımlı rayon təşkilatının Gənclər Birliyinin
sədri Əfsanə
MAHMUDZADƏ bildirdi ki, son illər Azərbaycan
xalqının həyatına əlamətdar dövrlərdən
biri kimi daxil olub:
- Dövlət
başçısı İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan çox böyük uğurlar əldə
edib. Bu gün ölkəmizdə böyük
quruculuq işləri aparılır. Sevindirici
haldır ki, bu proseslərdə gənclər də fəal
iştirak edirlər. Azərbaycan gəncliyi
kifayət qədər vətənpərvərdir. Biz bunun ən yaxşı nümunəsini Aprel
döyüşlərində gördük. Azərbaycan gəncləri bir yumruq kimi Ali Baş
Komandanın əmri ilə birləşməyə və
işğalçını məhv etməyə hazır
olduqlarını ən yüksək səviyyədə
göstərdilər.
Biz müharibə şəraitində
yaşayırıq. Buna görə daim döyüş
ruhumuz, vətənə bağlılığımız,
tariximizə dəyər verməyimiz ən yüksək səviyyədə
olmalıdır. Azərbaycanın qədim
dövlətçilik ənənələri və zəngin
mədəni tarixi var. Bu tarixin və mədəniyyətin təbliği
üçün Azərbaycan gəncliyi bütün imkanlardan
istifadə edir. Təbii ki, gəncliyimizin
belə vətənpərvər ruhda yetişməsinin ölkədə
həyata keçirilən uğurlu gənclər siyasəti
ilə birbaşa bağlılığı var.
Ölkəmizin aparıcı siyasi
qüvvəsi olan, milli maraqların müdafiəsi və təmin
edilməsi istiqamətində uğurla fəaliyyət göstərən,
Cənubi Qafqazın ən böyük partiyası olan YAP
ötən müddət ərzində Azərbaycanın
müasir və dinamik inkişaf edən ölkə kimi
nüfuzunun daim artmasında mühüm rol oynayıb. Bu
möhtəşəm proses indi də davam edir. Prezident
İlham Əliyevin rəhbərliyi altında YAP milli
maraqların ifadəçisi kimi Azərbaycanın hərtərəfli
inkişafına öz töhfəsini verir, hər bir vətəndaşın
siyasi və iqtisadi iradəsinin ən yüksək formada təmin
olunmasına şərait yaradır. Bu gün əminliklə
demək olar ki, yaradıcısı Ümummilli Lider olan
YAP-ın fəaliyyətində Heydər Əliyevin ideya və
arzuları ən ali səviyyədə həyata
keçirilir.
2019-cu ilin ölkəmizin müstəqillik
tarixinə böyük uğurlar, sürətli inkişaf, tərəqqi
dövrü kimi yazılacağını deyən Lerik Rayon
Ağsaqqallar Şurasının sədri Həmzə
VƏLİMƏMMƏDOV bildirdi ki, Ulu Öndər Heydər
Əliyevin "şah əsəri” olan Azərbaycan İlham
Əliyevin rəhbərliyi ilə sabaha doğru inamla
addımlayır:
- Bu il
xalqımız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə
gəlməsinin 50 illiyini qeyd etdi. Tale Heydər
Əliyevi Azərbaycan xalqına bəxt ulduzu kimi bəxş
etmişdi. Heydər Əliyev az zaman
kəsiyində Sovet İttifaqı kimi böyük bir dövlətdə
istedadlı rəhbər, müdrik ağsaqqal kimi
tanındı. Ağsaqqallıq sanki onun boyuna
biçilmişdi. Ona
ağsaqqallığı tale özü vermişdi. Taleyin verdiyi payı heç bir qüvvə ala bilmədi.
Heydər Əliyevin rəhbərliyi altında
işləmək, üç dəfə onun müqəddəs
əlini sıxmaq, xeyir-duası ilə uzun illər rəhbər
vəzifələrdə çalışmaq mənə də
nəsib olmuşdu.
Ataların yolu
oğulların yoludur, deyirlər. Azərbaycan ən
güclü və qüdrətli dövrünü
yaşayır. Ulu Öndərin siyasətini
onun layiqli varisi, dövlət başçısı, beynəlxalq
aləmdə tanınmış lider cənab İlham
Əliyev davam etdirir. İlham Əliyevin 16 il prezidentliyi dövründə əldə
etdiyimiz nailiyyətlər hər birimizin qəlbini fərəhlə
doldurur. Ölkəmiz inkişaf dinamikasına
görə ön sıradadır. Azərbaycan
təkcə iqtisadi-sosial amillərlə deyil, mənəvi dəyərləri,
mədəniyyəti, incəsənəti ilə
dünyanı heyran qoyur.
Ağsaqqallar dövlət
başçısının rəhbərliyi altında
quruculuq işlərində fəal iştirak edir, zəngin həyat
təcrübələri ilə gənclərə nümunə
göstərirlər. Bunu Lerikin timsalında da aydın görmək
olar. Cənab İlham Əliyev Lerikə
dörd dəfə səfər etmişdir. Bu səfərlərdən
sonra dəniz səviyyəsindən 2400 metr yüksəklikdə
yerləşən dağ kəndlərinə 184 kilometr asfalt
yol, 54 kəndə 422 kilometr uzunluğunda qaz kəməri
çəkilmişdir. 4650 ailə mavi yanacaqdan
istifadə edir. 74 kənddə müasir tələblərə
cavab verən yeni məktəblər qapılarını
şagirdlərin üzünə açmış, neçə-neçə
həkim məntəqəsi, kitabxana, poçt şöbəsi,
ticarət, ictimai iaşə obyekti istifadəyə
verilmiş, yaşayış məntəqələrinə
avtobus marşrutları açılmış,
yaraşıqlı evlər tikilmiş, bağ-bağçalar
salınmışdır. Rayon mərkəzi Lerik şəhər
statusu almış, dağların ağ
şəhərinə çevrilmişdir. Şəhərə
dağlardan ikinci su kəməri çəkilib istifadəyə
verilmişdir. Leriklilər 24 saat bulaq
suyundan istifadə edirlər.
Cənab İlham Əliyevin
müəllifi olduğu yeni islahatlar
inkişafımızın sürətlənməsinə
böyük töhfələr vermişdir. Onun son vaxtlar
respublikada apardığı kadr islahatlarını biz
ağsaqqallar da bəyənib dəstəkləyirik. Biz öz dövrümüzü
yaşamışıq, xalqımıza, vətənimizə
şərəflə xidmət etmişik. İndi
estafet cavanlarındır. Bizim vəzifəmiz
onları dəstəkləmək, fəaliyyətlərini
düzgün istiqamətləndirməkdir.
Regionun ağsaqqalları,
ziyalıları, gəncləri həmişə Prezidentin
yanındadırlar. İlham Əliyev hər bir azərbaycanlının
Prezidentidir. Bunu xalqına və vətəninə
xidməti, xeyirxah əməlləri ilə sübut edib.
Onun sosial islahatları bütün bölgələrdə
olduğu kimi, Lerikdə də sakinlərin rifahının
yüksəlməsinə səbəb olub.
Hazırda ölkədə yeni
islahatlar kursunun həyata keçirildiyini deyən Yeni Azərbaycan
Partiyası Biləsuvar rayon təşkilatı Gənclər
Birliyinin sədr müavini Sahil HÜSEYNZADƏ bildirdi ki, bu,
inkişafın Azərbaycan modelinin yeni mərhələsidir:
- "Sabitlik olmadan heç
bir ölkə inkişaf edə bilməz. Sabitlik hər
bir ölkənin inkişafı üçün
başlıca şərtdir” - bu ifadə Prezident İlham
Əliyevin Azərbaycanın inkişafı və rifahı
üçün dəyişməz fəaliyyət
strategiyasıdır. Hazırda cənab
Prezident tərəfindən yeni islahatlar kursu həyata
keçirilir. Bu, onu göstərir ki, Azərbaycan
öz inkişafının yeni mərhələsinə qədəm
qoyub.
Azərbaycan Prezidentinin
uğurlu siyasəti ölkəmizin sürətlə
inkişafına böyük töhfələr verməklə
yanaşı, həm də qlobal məkandan gələn maneələrdən,
mənfi təsirlərdən qoruyur. Prezidentimizin
"Valday” Beynəlxalq Diskussiya Klubunda qətiyyətlə
vurğuladığı "Qarabağ Azərbaycandır və
nida işarəsi” fikri bu gün istər ordumuzda, istərsə
də vətəndaşlarımızın dilində devizə
çevrilib. Bizi birləşdirən,
ruhlandıran yeni ideyaya dönüb. Müdrik
xalqımız da hər zaman öz liderini, onun iradəsini dəstəkləyir.
Əzmkar fəaliyyəti, güclü iradəsi
ilə cənab İlham Əliyev hər bir azərbaycanlının
Prezidentidir.
Azərbaycanda uğurla
reallaşan dövlət gənclər siyasəti gənclərin
öz bilik və bacarıqlarını realizə etməyə
geniş imkanlar açıb. Bunun nəticəsidir
ki, cəmiyyət həyatının ən müxtəlif sahələrində
gənclərin xüsusi çəkisi ildən-ilə
yüksəlməkdədir. Respublikamızda
gənc nəslin inkişafına göstərilən yüksək
dövlət qayğısı, onların fəaliyyətinin
stimullaşdırılması həm də kreativ təşəbbüsləri
və qabiliyyətləri ilə fərqlənən gənc
liderlərin formalaşması ilə müşahidə olunur.
Hazırda gənclər cəmiyyətimizin
fəal təbəqəsidir. Çox şadam ki, bu
gün Azərbaycan gəncləri çox fəaldırlar, vətənpərvərdirlər.
Bugünkü gənclik etibarlı gələcəyin
təminatçısıdır. Son
dövrlərdə gənclərimizin daha çox
inkişafı, onların beynəlxalq aləmdə Azərbaycanımızı
uğurla təmsil etməsi bizi hədsiz sevindirir.
Bu gün Azərbaycan gənci
idman və bilik olimpiadalarının qalibidir. Azərbaycan gənci
Lələtəpəyə bayraq sancan qəhrəman əsgərdir.
Azərbaycan gənci öz yüksək
intellekti ilə dünyanı heyrətləndirən
ixtiraçıdır. Azərbaycan gənci
bacarıqlı iş adamıdır, nümunəvi dövlət
məmurudur.
Bu gün dünyada ciddi
böhranların baş verdiyi, münaqişələrin,
müharibələrin getdiyi bir dönəmdə cənab
İlham Əliyev Azərbaycanı
sabitlik adasına çevirib. Gənclər də bu
imkandan maksimum yararlanaraq böyük uğurlar qazanırlar.
Ona görə də əminliklə söyləyə
bilərik ki, cənab İlham Əliyev Azərbaycan gənclərinin
böyük hamisidir. Gənclər də
öz növbəsində hər zaman İlham Əliyev siyasətinin
dəstəkçisi və bu siyasətin
davamçılarıdırlar. Gənclər
əmindirlər ki, Azərbaycan məhz cənab İlham
Əliyevin rəhbərliyi ilə xoşbəxt, parlaq gələcəyə
qovuşacaq və bu yolda bir vətəndaş olaraq gənclər
də cənab Prezidentin yanında olacaqlar.
Şirvan Şəhər
Ağsaqqallar Şurasının sədri Fəxrəddin RƏHİMOV qeyd etdi ki, Ulu Öndər
Heydər Əliyevin xalq, vətən qarşısında ən
böyük xidmətlərindən biri də İlham
Əliyev kimi praqmatik düşüncəli, məntiqli,
geniş dünyagörüşünə malik bir şəxsiyyət
yetirməsidir:
- Ümummilli Lider Heydər
Əliyevin daxili və xarici siyasət kursu, dövlət
quruculuğu konsepsiyası möhtərəm Prezidentimiz
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab
İlham Əliyevin prezidentlik dövrü ölkə həyatı
üçün strateji əhəmiyyət kəsb edən
sosial-iqtisadi inkişaf proqramlarının hazırlanması və
işlək mexanizmlər əsasında həyata keçirilməsi,
müxtəlif sahələrdə intibah və tərəqqi
prosesinin geniş vüsət alması ilə səciyyələnir.
Bu gün Azərbaycan
iqtisadiyyatının bütün sahələrində, o
cümlədən regionlarda ciddi islahatlar aparılır. Ölkədə
uğurla həyata keçirilən islahatlar Prezident İlham
Əliyevin qətiyyətli siyasi iradəsi əsasında
reallaşır.
Möhtərəm Prezidentimiz bölgələrin
tarazlı və davamlı inkişafının təmin
olunması, yeni iş yerlərinin açılması, vətəndaşlarla
birbaşa ünsiyyət qurmaq üçün Azərbaycanın
müxtəlif şəhər və rayonlarına
vaxtaşırı səfərlər edir. Biz
şirvanlılar bunu şəhərimizin timsalında daha
aydın görürük. Prezident İlham Əliyevin
son 16 ildə 8 dəfə Şirvan şəhərində səfərdə
olması, yeni təhsil, səhiyyə və mədəniyyət
ocaqlarının, istehsal müəssisələrinin,
yaşayış binalarının, Müdafiə Sənayesi
Nazirliyinin Telemexanika və "Araz” zavodlarının yeni
istehsal sahələrinin, Olimpiya İdman Kompleksinin, "Cənub”
Elektrik Stansiyasının, Bayraq meydanının, Kür
çayı üzərində körpünün təməlqoyma
və açılışı mərasimlərində
iştirakı, şəhərin içməli su kəməri
və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində
görülən işlər bunu bir daha təsdiq edir. Biz şirvanlılar möhtərəm Prezidentimiz
İlham Əliyevin şəhərimizə verdiyi bu töhfələri
hər bir şəhər sakininə göstərdiyi diqqət
və qayğının təzahürü kimi dəyərləndiririk.
Ölkə Prezidenti İlham
Əliyevin bir kəlamını diqqətə
çatdırmaq istəyirəm: "Xalq-iqtidar birliyi bizim
uğurlarımızın əsas şərtidir və
xalq-iqtidar birliyi bu gün göz qabağındadır. Bizim uğurlu siyasətimizin təməlində xalq
tərəfindən göstərilən dəstək
dayanır. Bu müsbət meyillərin
gücləndirilməsi, əlbəttə ki, ölkəmizin
uzunmüddətli, dayanıqlı inkişafını təmin
edəcəkdir”.
Bəli, Azərbaycanda
xalq-iqtidar birliyi beynəlxalq təşkilatlar tərəfindən
də yüksək dəyərləndirilir. Dünya
İqtisadi Forumunun "Siyasətçilərə ictimai
etimad” adlanan kateqoriyasında ölkəmizin dünyada 20-ci yerə
yüksəlməsi əhali arasında aparılan sorğulara
əsaslanıb.
İslahatlardan
danışarkən Prezident İlham Əliyevin milli maraqlara
söykənən sosial siyasətini qeyd etmək olduqca
vacibdir. Cari
ilin əvvəlindən ölkəmizdə həyata
keçirilən islahatlar nəticəsində əməkhaqqı,
pensiya, müavinətlər, təqaüdlərin
artırılması, aztəminatlı insanların, tələbələrin,
əlillərin, şəhid ailələri və
veteranların sosial müdafiəsinin təşkili və s.
buna bariz nümunədir.
Bu gün ölkəmizdə
sabitlik hökm sürür, əhalinin maddi rifah halının
yüksəldilməsi istiqamətində Prezident İlham
Əliyev islahatları uğurla davam etdirir. Biz
hamılıqla əl-ələ verib ölkədəki
sabitliyin qorunmasına çalışmalıyıq. Hər sahədə biz ölkə Prezidentinə
dayaq, dəstək olmalıyıq.
Konfransda Masallı Ağsaqqallar
Şurasının sədri Ələşrəf
NİFTİYEV, Neftçala Ağsaqqallar Şurasının sədri
Zakir SAİLOV, Salyan Ağsaqqallar Şurasının sədri
Beydulla İMANOV, Cəlilabad Ağsaqqallar Şurasının
sədri Əliheydər ƏSƏDOV, Cəbrayıl rayonu Gənclər
və İdman İdarəsinin rəisi Emil
MƏSTƏLİYEV, YAP Astara rayon təşkilatı Gənclər
Birliyinin sədri Asiman QASIMLI, Hacıqabul rayon Gənclər və
İdman İdarəsinin rəisi Saleh ƏLƏSKƏROV, Lənkəran
şəhər Gənclər və İdman İdarəsinin
rəis müavini Elbəy FƏTƏLİYEV də
çıxış etdilər.
Çıxışlarda
qeyd olundu ki, müstəqil Azərbaycan bütün həyatını
ölkəsinə və xalqına həsr etmiş Ulu Öndər
Heydər Əliyevin bizim üçün ən əziz və
müqəddəs yadigarıdır. Ulu Öndərin siyasi
varisi, Azərbaycan Prezidenti İlham Əliyev bu əmanəti
göz bəbəyi kimi qoruyaraq məqsədyönlü siyasəti
ilə inkişafa, tərəqqiyə doğru inamla aparır.
Xalqın etimadını layiqincə doğruldan
cənab İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan
dünyanın ən sabit, ən mütərəqqi və
sürətlə inkişaf edən ölkələrindən
birinə çevrilmişdir.
Ölkəmizdə hər
sahədə güclü inkişaf və tərəqqi var.
Ardıcıl qəbul olunmuş dövlət proqramlarının
icrası respublikamızın həm iqtisadi, həm də
sosial sahədə olduqca dinamik və hərtərəfli
inkişafını təmin edir. Ulu Öndərin "Azərbaycan
dünyaya bir günəş kimi doğacaq” məşhur ifadəsi
bu gün çiçəklənən Azərbaycanımızda
bütün möhtəşəmliyi ilə özünü
göstərir. Bu inkişafın təməlində
həm də ölkəmizdəki siyasi sabitlik, xalqla rəhbərin
sarsılmaz birliyi dayanır.
Konfrans
iştirakçıları onu da bildirdilər ki, ağsaqqal
sözünə həmişə böyük ehtiyac olub. Bu gün gənclərimizin
vətənpərvərlik ruhunda tərbiyə edilməsində
ziyalıların, ağsaqqalların və veteranların
bugünkü fəaliyyətini yüksək qiymətləndirmək
lazımdır. Bu cür konfransların
keçirilməsi isə yaşlı nəslin nümayəndələrinin
həyat təcrübəsinin öyrənilməsində, gənclərə
vətənpərvərlik ruhunun aşılanmasında, onlarda
dövlətçiliyə sədaqət, ölkənin
inkişafında daha fəal iştirak etmək kimi hisslərin
formalaşmasında və güclənməsində
böyük önəm kəsb edir.
Bu gün ağsaqqallar öz
missiyalarını uğurla yerinə yetirir, gənclərimiz
isə dövlət və xalq qarşısında öz vəzifələrini
layiqincə dərk edirlər. Bütün bunlar bizi
həm də ölkədə həyata keçirilən siyasət
ətrafında daha da sıx həmrəy edir. Çünki Heydər Əliyevin
başlatdığı, İlham Əliyevin həyata
keçirdiyi bu siyasət dövlət və xalqın milli
maraqlarını özündə ehtiva edir.
Respublikamızın suverenliyinin
qorunması, sosial-iqtisadi inkişafın sürətlənməsi,
milli-mənəvi dəyərlərin təbliği və nəsildən-nəslə
ötürülməsi kimi vacib məsələlərin bu
gün xüsusi prioritet təşkil etdiyini vurğulayan
Prezident Administrasiyasının məsul əməkdaşı
Rasim MİRZƏYEV qeyd etdi ki, həqiqətən də
ağsaqqallarla gənclər arasında təmaslar mütəmadi
xarakter daşımalı və belə görüşlər
tez-tez baş tutmalıdır:
- Gənclərin ağsaqqallardan
öyrənəsi hələ çox məsələlər
var. Bu, onların həyat təcrübəsini daha da artırar
və dünyagörüşünü zənginləşdirər.
Bütün bunların səmərəli
olması üçün gənclərin ağsaqqallara
güvənməsi və məsləhətlərinə əməl
etməsi vacibdir.
Ümumiyyətlə, hər
bir xalqın inkişafında sağlam, vətənpərvər
gənclik mühüm rol oynayır. Bu gün Azərbaycan ərazisinin
20 faizinin Ermənistan tərəfindən işğal
olunduğu bir vaxtda gənclərin vətənpərvərlik
tərbiyəsinin düzgün təşkili daha böyük
aktuallıq kəsb edir.
Gəncliyin
qarşısında duran birinci məsələ isə vətənpərvərlikdir. Vətənpərvərlik
ruhuna müxtəlif parametrlərdən, həm dini, həm
siyasi, həm də ideologiya baxımından çox ciddi
yanaşılmalıdır. Bu gün
reallıqda Ali Baş Komandan nümunəsi var. Prezident
İlham Əliyevin vətənpərvərliyi, mükəmməl
dünya görüşü, siyasi mədəniyyəti, daim
xalqın içində olması çox gözəl
nümunədir. Vətənpərvərlik tərbiyəsi
öz vətəninə sevgi və məhəbbət hissinin,
vətəndaş məsuliyyətinin, hər an
vətəninin və xalqının müdafiəsinə
qalxmağa hazırlığın formalaşması
üçün olduqca vacibdir. Təsadüfi
deyil ki, dövlət gənclər siyasətinin ən
mühüm istiqamətlərindən biri kimi ölkəmizdə
gənc nəslin vətənpərvər ruhda tərbiyəsi
daim diqqət mərkəzindədir.
Sevindirici haldır ki, bu
gün ona bəslənən etimadı doğruldan Azərbaycan
gəncliyi cəmiyyətin bütün sferalarında aktiv fəaliyyəti
ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin
həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin
gənclərin fəaliyyəti üçün
yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə
cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Gənclərin
ağsaqqalların təcrübəsindən faydalanması
çox vacib məqamdır. Gənclərin vətənə
məhəbbət, milli-mənəvi dəyərlərə və
adət-ənənələrimizə hörmət ruhunda tərbiyə
edilməsində ağsaqqalların rolu böyükdür.
Dünyada gedən qloballaşma prosesləri onu
göstərir ki, bu gün ağsaqqallar və müdriklər
Azərbaycan gəncliyinə doğru yolu göstərməli,
onların düzgün istiqamətdə irəliləməsi
üçün bütün vasitələrdən istifadə
etməlidirlər.
Ağsaqqallarımız gənclərimizə
böyük ümidlər bəsləyirlər. Biz onlarla
birlikdə vətənimizin doğma parçası olan
Qarabağın azad edilməsi üçün əlimizdən
gələni əsirgəməyəcəyik. Gənclərə göstərilən dövlət
qayğısı göz önündədir və
çalışmalıyıq ki, bu tempi aşağı
salmayaq. Gənc nəslə qayğı
göstərək ki, ondan sonrakı gənc nəsil də bu ənənəni
davam etdirsin.
Konfransa yekun vuran Fəttah HEYDƏROV dedi:
- Hesab edirəm ki, çox məzmunlu,
maraqlı konfrans keçirdik. Ağsaqqallarımız
və gənclərimiz ölkədə gedən quruculuq,
inkişaf və islahat prosesi barədə qənaətlərini
bölüşdülər. Hər
birimizin mövqeyi aydındır. Hamımız
Prezident İlham Əliyevin inkişaf strategiyasını birmənalı
dəstəkləyir, bu işdə ona hər cür yardım
göstərməyi borcumuz hesab edirik.
Göründüyü kimi, Prezident İlham Əliyevin müəllifi olduğu milli inkişaf prosesində regional yüksəliş mühüm yer tutur. Abadlıq, quruculuq rayonlarda əsas fəaliyyət istiqamətidir. Kəndlər şəhər görkəmi alır, bölgələr müasirləşir, zəruri infrastrukturlar yaradılır. Yeni sosial islahatlar konsepsiyası bölgələrdə əhalinin güzəranında real təzahür edir. Həmçinin Heydər Əliyev Fondu regionlarda xeyirxahlığın, mərhəmətin və quruculuğun əsas ünvanına çevrilərək ümumi inkişaf prosesinə böyük töhfə verir.
Prezident İlham Əliyev hər bir azərbaycanlının prezidentidir və bunu daim sübut edir. Dövlət başçısının son sosial islahatları, maaşların, təqaüdlərin, müavinətlərin artımı bölgələrdə sakinlərin rifahını yüksəldir. Bu gün Prezidentimizin arxasında möhtəşəm xalq iradəsi, millət dəstəyi dayanır.
Bütün inkişafın zəmini Heydər Əliyev siyasi kursunun uğurlu davamıdır. Ən əsası isə Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar kursu milli inkişafın davamlılığına və sürətlənməsinə mühüm töhfə verir.
Ağsaqqalların əsas vəzifəsi ölkədəki sabitliyin qorunmasına çalışmaq və uğurlar barədə gəncləri düzgün məlumatlandırmaqdır. Bugünkü tədbirdə bir daha aydın oldu ki, gənclər də İlham Əliyevin yeni islahatlar kursunu tam dəstəkləyir və Ali Baş Komandanın çağırışına əsasən Zəfər Nidasını Qarabağda qoymağa tam hazrdırlar.
Bu gün Prezident İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yeni şanlı səhifələrini yazır. Yeni inkişaf, quruculuq salnamələrini yaradır. Xalqımız bu şərəfli yolda daim Pezidentimizə dəstəkdir.
Azərbaycan.- 2019.- 6 noyabr.- S.4-5.