2019-cu il dekabrın 23-nə təyin
edilmiş bələdiyyə seçkilərində
səsvermənin yeri və vaxtı barədə
seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması,
sayı və hazırlanması qaydası haqqında
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
Qərar № 11/46
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 104.1-ci maddəsinə əsasən məntəqə seçki komissiyaları səsvermənin yeri və vaxtı haqqında seçiciləri xəbərdar etməlidirlər.
Mərkəzi Seçki Komissiyasının 2013-cü il 5 iyun tarixli 5/28 saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları"nın 2.1-ci bəndinə uyğun olaraq bildirişin mətni, forması, sayı və hazırlanmasına dair tələblər Mərkəzi Seçki Komissiyasının qərarı ilə səsvermə gününə ən azı 40 gün qalmış təsdiq edilməli və müəyyən olunmuş formada və sayda poliqrafiya müəssisəsində hazırlanmalıdır.
Ona görə də seçicinin soyadı, adı, atasının adı ilə yanaşı, özünün və səs verəcəyi seçki məntəqəsinin ünvanı haqqında, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, səsvermə qaydaları və s. bu kimi maarifləndirmə xarakterli məlumatları da özündə əks etdirən bildiriş nümunəsinin hər bir seçicinin ünvanına çatdırılması üçün respublika üzrə daimi seçici siyahılarına daxil edilmiş seçicilərin sayı nəzərə alınmaqla (məcburi köçkün statusu almış seçicilər istisna edilməklə), həmin saydan təqribən 3% artıq olmaqla Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlanması məqsədəmüvafiqdir.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.6-cı, 25.2.11-ci, 28.2-ci, 28.4-cü və 104.1-ci maddələrinə və yuxarıda göstərilən Qaydaların 2.1-ci bəndinə əsasən qərara alır:
1. 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni və forması təsdiq edilsin.
2. Səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin sayı 5 020 287 (beş milyon iyirmi min iki yüz səksən yeddi) ədəd müəyyən edilərək Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlansın.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
05.11.2019-cu il
Azərbaycan.- 2019.- 6 noyabr.- S.6.