Mənim polisim

 

Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır.

 

Heydər ƏLİYEV

 

...Lənkərandan qayıdırdıq, maşını oğlum idarə edirdi, bacıoğlu da bizimlə idi. Yolun tən yarısından bir xeyli keçmişdi ki, oğlum benzinin artıq tamam tükənməsinə işarə edən işığa baxıb heyifsiləndi:

- Gərək şəhərdən çıxanda benzin vuraydıq. Qorxuram yanacaq qurtara, yarı yolda qalaq.

Mən onu benzindən yana narahat olub geniş, hamar və sürətli yolda diqqəti yayınmasın deyə xatircəm etmək istədim:

- Narahat olma, oğul, səhv etmirəmsə, irəlidə yanacaqdoldurma məntəqəsi olmalıdır...

Amma deyəsən, özüm də unutmuşdum ki, yol yeni çəkildiyindən ətrafında hələ lazımi sayda yanacaqdoldurma məntəqəsi yoxdur və yolda qala bilərik. Necə deyərlər, ağlımıza gələn başımıza gəldi...

Oğlum maşının artıq təntiyərək sürətdən düşdüyünü görüb onu yolun kənarında saxladı, qəza işıqlarını yandırdı, mühərrik sanki bunu gözləyirmiş kimi astadan bir-iki dəfə "öskürüb” səsini xırp kəsdi...

 

***

 

Artıq qürub günəşinin al-qırmızı şəfəqləri üfüqlərin arxasında qeyb olurdu, qaş qaralırdı. Biz səbirlə yanımızdan sürətlə şütüyən maşınları izləyirdik. Mən də gözləyə-gözləyə ötən illərin bəzi məqamlarını xatırlayırdım.

Uzun illərdir ki, yollardayam, sürücü həmrəyliyinin necə yüksək bir dəyər olduğuna, belə çətin məqamlarda yazılmamış qanun kimi dərhal işə düşdüyünə bələd idim. Sürücülərin təmənnasız yardıma tələsib bir-birini yolda qoymadıqlarını çox görmüşdüm. Ona görə ötən illərin təcrübəsindən gələn bir əminliklə gözləyirdim ki, elə indicə sürücülərdən biri maşınını yanımızda əyləyəcək, dərdimizi öyrənib, azacıq benzin verəcək. Sonra biləcəkdik ki, yanacaqdoldurma məntəqəsi də bir elə aralıda deyilmiş, cəmi bir-iki litr benzin bizə bəs edərmiş. Gözlə, təqribən saata qədər vaxt keçdi, amma çifayda, yanımızda bir nəfər də saxlamadı. Məndən də çox bu duruma cavanlar sıxılırdılar.

Birdən uzaqdan bir Dövlət Yol Polisi avtomobilinin sayrışan işıqlarını yandırıb bizə tərəf irəlilədiyini gördük. Bərabərimizə çatıb əylədi, iki gənc yol polisi əməkdaşı idi.

Biri aşağı düşüb nə baş verdiyini, nə kömək lazım olduğunu soruşdu. Durumu izah edincə, dedi ki, qarşıda yanacaqdoldurma məntəqəsi var. Cavanlardan birinin onlarla gedib benzin gətirməsini məsləhət gördü və əlavə etdi ki, onların maşınında benzin üçün balaca qab da var. Bacıoğlu onların avtomobilinə əyləşdi, sürüb getdilər, aradan heç on dəqiqə keçmədi ki, yenidən geri qayıtdılar. Polis əməkdaşları benzini maşınımıza tökməyə yardım göstərdilər, oğlum mühərriki işə saldı, xudahafizləşib ayrılmaq istəyəndə onlardan ad və soyadlarını soruşdum.

Biri gülümsünərək dilləndi:

- Yəqin, bunu təşəkkür etmək üçün soruşursunuz. Amma üzrlü sayın, nizamnaməmizə zidd olsa da, bu dəfə özümüzü təqdim etməyəcəyik. Çünki biz böyük bir iş görmədik. Sadəcə vəzifə borcumuzu yerinə yetirdik. Bunun üçün də heç bir təşəkkürə gərək yoxdur. Yolunuza sağ-salamat davam edin, bu bizə yetər. Sizə yaxşı yol!

İsrarımın heç bir nəticə verməyəcəyini görüb mən də ölkəmin bu gənc polis əməkdaşlarına öz şərəfli xidmətlərində uğurlar arzulayıb, maşına əyləşdim. Yolumuza davam edib, qarşıdakı benzindoldurma məntəqəsində maşının çəninə lazımi qədər yanacaq vurduq. Bacıoğlu dedi ki, o, bayaq polis əməkdaşlarını yoldan çox saxlamamaq üçün geri taksi ilə qayıtmaq istəyib, amma onlar buna razı olmayıblar, onu geriyə də öz maşınlarında gətiriblər.

Gənclər yol boyu polislərimizin bu nümunəvi hərəkətindən heyranlıqla danışırdılar. Söz sözü gətirir, polislə bağlı şahid olduqları, rast gəldikləri, dost-tanışdan eşitdikləri başqa belə xoş nümunələr də yada düşürdü.

Onu da qeyd edim ki, polislər heç məni tanımamışdılar da...

 

***

 

Həmin polislərin bizə etdiyi kömək, özlərinin də dediyi kimi, mahiyyətcə bəlkə elə böyük bir yaxşılıq sayılmazdı. Amma bəzən hansısa anlarımızda başqasının adicə sözü, kiçicik nəcib hərəkəti, xeyirxahlığı bizdən ötrü o qədər böyük mənəvi dəyər yaradır ki, onu heç bir ölçü meyarı ilə qiymətləndirə bilmirsən. Başımıza gələn o yol əhvalatı da belə hallardan idi. O iki polis əməkdaşının hərəkətindən riqqətə gəlmişdim, əhvalım çox durulmuşdu, elə bilirdim, ömrümə illər calanıb.

Bəlkə də bunu adi yol maşını sürücülərindən biri eləsəydi, heç bu qədər təsirlənməyəcəkdim. Çünki yaxşılıq, xeyirxahlıq, başqalarına təmənnasız kömək xalq olaraq qanımızdadır, adət-ənənələrimizdən gəlir. Nə vaxtsa mən də yolda qalanı darda qoymamışam, nə vaxtsa məni də yolda qoymayanlar olub. Əcdadlardan üzü bəri belə hərəkətlər bizim üçün o qədər gündəlik həyat lövhələrinə çevrilib ki, artıq adiləşib və belə olması deyil, belə olmaması adama qəribə gəlir.

Bizə kömək edən o polislərinsə maşınlarında, uniformalarında dövlət gerbimizin təsviri vardı...

Onlar Azərbaycan dövlətinin rəmzləri idi...

Onların timsalında dövlətimiz özü yarı yolda qalmış vətəndaşlarının köməyinə yetişmişdi... Üzləşdiyimiz problemi cəmi bir neçə dəqiqənin içində yoluna qoymuşdu. Necə ki, bizim şəxsən şahid olmadığımız, görmədiyimiz, bilmədiyimiz on minlərlə belə vəziyyətlərdə, bundan da qat-qat ağır durumlarda Azərbaycan dövləti dərhal öz vətəndaşının yardımına tələsir, çarəsiz anında ona əl uzadır, dadına çatır...

Ən çox buna duyğulanmışdım...

 

***

 

Bir tərəfdən də maşınımızın yanıb-sönən qəza işıqlarını, yol kənarında kömək ümidi ilə nəzərlərini onlara dikmiş bir ahıl, iki cavan yol adamını sanki heç görmürmüş kimi yanımızdan şütüyüb keçən maşınlar, onların sürücüləri, sərnişinləri gəlirdi ağlıma...

Və öz-özümə sual verirdim ki, biz niyə belə olmuşuq, görəsən?! Axı bu cür görməmişdik, bu cür yaşamamışdıq! Doxsanıncı illər idi. Öz şəxsi "Jiquli”mdə incəsənət muzeyinin qabağı ilə üzüyuxarı qalxırdım. Maşın birdən-birə titrəyərək söndü. Mən "Jiquli”dən düşüb "kapot”u açdım. Ancaq heç nədən başım çıxmırdı. Yalandan bir az qurdalanandan sonra çəkilib bir qıraqda dayandım. Bir anın içində maşının qabağında və arxasında bir neçə avtomaşın dayandı.

Sürücülər mənə yaxınlaşıb nə baş verdiyini soruşdular. Mən cavab əvəzinə çiyinlərimi çəkdim. Onlar məsələni anlayıb mühərrikxanaya baxdılar. Xülasə, maşını düzəldib, məni yola saldılar. Bax belə də olurdu!

Həmin gün Bakıya çatana qədər daxili dünyamda o yol əhvalatından yaddaşıma köçmüş iki mənzərə üz-üzə dayanmışdı. Bir tərəfdən bizə məhəl qoymadan yanımızdan ötüb keçən insanlar, zəifləyən milli dəyərlər, adət-ənənələr, bu biri tərəfdən də Azərbaycan polisinin nümunəvi davranışı...

Bununla belə, ürəyimdə bir əminlik də vardı və yenə də var ki, ay ötəcək, il dolanacaq, insanlarımız müasirlik adı altında bizə sırınan saxta həyat tərzlərinin puçluğunu dərk etdikdən, bir-birinə soyuqluqdan biganəlikdən usandıqdan sonra yenidən milli-mənəvi dəyərlərə üz tutacaqlar, onlardan möhkəm-möhkəm yapışacaqlar, görəcəklər ki, ata-babalarımızın yaratdıqları örnəklərin alternativi yoxdur və biz gələcək nəsilləri də bu örnəklər ruhunda böyüdə biləcəyik.

Təki o gördüyüm polislər misalı bütün görəvlilərimiz öz vəzifələrini vicdanla, sevgi ilə yerinə yetirsinlər, dövlətimiz güclü olsun, hər bir vətəndaşımız bu dövlətin güclənməsindən ötrü üzərinə düşən məsuliyyəti hiss edə bilsin.

 

***

 

"Polis” sözü, qədim yunanca, bildiyim qədər elə "dövlət” deməkdir. Azərbaycan polisi öz adına sadiqliyini, bu dövlətin ərazi bütövlüyü, ayaqda durması, vətəndaşlarımızın təhlükəsizliyi naminə fədakarlığını, igidliyini yaxın tariximiz boyu dəfələrlə sübuta yetirib.

Müstəqil dövlətimiz ötən il elan olunmasının 100 illiyini böyük sevgi ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğu kimi, Azərbaycan polisi də cümhuriyyətimizin şərəfli yadigarlarındandır.

Polis orqanlarımızın bir əsrdən də çox müddəti əhatə edən fəaliyyətində Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövrü xüsusi yer tutur. Ümummilli Liderin hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi istiqamətində ardıcıl işlər görülmüşdü.

Tarixin yeni dönəmləri sübuta yetirdi ki, Ulu Öndərin daxili işlər orqanları əməkdaşlarında formalaşdırdığı milli dövlətçilik düşüncəsi, vətənə sevgi hissi, Azərbaycan zabiti şərəfinə sadiqlik ruhu cəmiyyətimiz üçün nə qədər böyük önəm daşıyırmış.

Ötən əsrin 80-ci illərinin sonlarında Ermənistan öz mənfur planlarını işə salıb ölkəmizə qarşı hərbi təcavüzə başlayanda vətənin sərhədlərinin müdafiəsinə yollanan ilk və yeganə qüvvə məhz polislərimiz oldu. Polis dəstələrimiz, sonralar isə Daxili Qoşun hissələrimiz uzun müddət düşmənə qarşı rəşadətlə vuruşub qəhrəmanlıq göstərdi.

İndi hansısa ağzının sözünü bilməyənlər Azərbaycan polisinin ünvanına artıq-əskik danışmağa başlayanda yaxın tariximizlə bağlı çox ağrılı, amma bir o qədər də qürur duyası rəqəmlər düşür yadıma. Azərbaycanın ərazi bütövlüyü uğrunda daxili işlər orqanlarımızın düz 1695 əməkdaşı və hərbi qulluqçusu şəhidlik məqamına yüksəlib, 1710 nəfər yaralanıb. Müstəqillik illərində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan daxili işlər orqanlarının 99 əməkdaşı həyatını itirib, 2640 nəfər xəsarət alıb. 67 nəfər Milli Qəhrəman adına, 1143 nəfər orden və medallara layiq görülüb.

Belə baxanda elə bilirsən ki, adi statistikadır, oxudun keçdi. Amma bu rəqəmlərin hər birinin kölgəsində bir lay divar övladımızın ağrılı taleyi var. Bu rəqəmlərin hər birinin arxasından bir ailənin, nəslin, el-obanın əzab-əziyyətləri görünür. Amma eyni zamanda bu rəqəmlərin hər birinin arxasından həm də onların öz ölümləri, yaralanıb sağlamlıqlarını itirmələri ilə xilas etdikləri minlərlə insanımızın minnətdarlıq dolu çöhrələri boylanır.

Bu gün Azərbaycanda mövcud olan sabitlik və inkişaf mühiti, insanların təhlükəsiz şəraitdə, hüzur içində rahat həyatını yaşaması, öz gündəlik iş-gücü ilə məşğul ola bilməsi o rəqəmlərdən başlanır: şəhidlik məqamına yüksələn o igidlərimizin nakam ömürlərindən, yaralanıb sağlamlığını itirən o qəhrəmanlarımızın qorxmazlığından, dəyanətindən.

Onlar bu fədakarlığı bizim üçün ediblər...

Biz də cəmiyyət olaraq bunun dəyərini bilməliyik, yaşadığımız əmin-amanlıq mühitinin hansı çətinliklər bahasına başa gəldiyinin fərqində olmalıyıq. Və Azərbaycan polisi bizi cinayətkarlardan, cəmiyyətə təhlükə törədən ünsürlərin təhdidlərindən canı-qanı ilə qoruduğu kimi, biz də öz polisimizi məqsədli şəkildə onun nüfuzuna qara yaxmaq istəyənlərdən, təxribatçılardan qorumağa çalışmalıyıq. Bunu hər birimiz özümüzə vətəndaşlıq borcu bilməliyik.

Müstəqillik illərində böyük inkişaf yolu keçmiş və dövlətimiz kimi fəaliyyət tarixinin bütün parametrlər üzrə ən güclü səviyyəsinə gəlib çatmış Azərbaycan polisinin özlüyündə bəlkə də buna ehtiyacı yoxdur heç. Amma axı bizim cəmiyyət olaraq özümüzün buna çox böyük ehtiyacımız var.

Cəmiyyət qanunları da təbiət qanunları kimidir. Məsələn, ağına-bozuna baxmadan ağacları baltalasan, axar suyun gözünü tutsan, qısa müddətdən sonra meşəliyin səhraya çevrilməsi labüddür. Bu, Ana Təbiətin insanın yanlışlarına verdiyi reaksiyadır. Bunların əksini edəndə isə ətraf mühitin necə yaxşılaşıb, göz oxşadığına özün şahid olacaqsan.

Cəmiyyət də bizim doğru və yanlışlarımıza qiymətini əməllərimizin, davranışlarımızın nəticələri ilə verir: haradasa oxumuşdum ki, istənilən ölkədə polisə qarşı mənfi münasibətin formalaşması, insanların polisə nifrət ruhunda köklənməsi qısa zamanda orada cinayət hallarının statistikasını bir neçə dəfə artırır.

Bunları əsla özümdən yazmıram. Elmi-tədqiqat mərkəzləri onillər ərzində belə məsələləri öyrəniblər, statistik təhlillər aparıblar, aydın nəticələrə gəliblər. Ona görə də polis haqqında mənfi rəy yürüdən hər kəs əvvəlcə düşünməlidir: bununla gələcəyin neçə cinayətkarına yardım göstərirəm, neçə ağır cinayətə, neçə insanın cinayət qurbanı olmasına vəsilə oluram?!.

 

***

 

Sovet vaxtı belə bir ifadə çox məşhur idi: "mənim milisim məni qoruyur”. Sovet milisi bu ifadəni xüsusilə İkinci Dünya müharibəsindən sonra cəmiyyətdə cinayətkarlıq hallarına qarşı mübarizədə göstərdiyi fədakarlıqlara, ictimai asayişin, insanların təhlükəsizliyinin təmin olunması sahəsindəki fədakarlıqlarına görə haqq etmişdi.

Söhbəti çox uzatmayacağam: o illərdə çəkilmiş "Görüş yerini dəyişmək olmaz”, "Arxadan vurulan zərbə” kimi sovet trillerlərini xatırlasaq, daxili işlər orqanları əməkdaşlarının o vaxtlar da necə mətinliklə çalışdıqlarını, bu sistemdə necə çətinliklər bahasına güclü ənənələrin formalaşdığını və bu ənənələrin təcrübəli peşəkarlardan gənc davamçılara ötürüldüyünü görərik.

Əfsuslar olsun ki, ötən əsrin 90-cı illərinin əvvəllərində çox qısa zaman içində bu ənənələr sıradan çıxarıldı. Adını yenicə dəyişmiş polisə qarşı məqsədli təxribatlar işə düşdü. Əsl peşəkarlar kənarlaşdırıldı, yerlərinə - geyindiyi formanın, daşıdığı poqonların məsuliyyətini qətiyyən dərk etməyən, öz vəzifə borcunu yerinə yetirib ictimai asayişi təmin etmək əvəzinə siyasətlə məşğul olan və polisi də siyasi təxribatlara çəkib öz oyunlarına alət etmək istəyən təsadüfi adamlar gətirildi.

Əyani təsəvvür yaratmaqdan ötrü bircə faktı xatırladacağam: AXC-Müsavat iqtidarı dövründə daxili işlər naziri vəzifəsini tutan şəxs həm də siyasi partiya sədri idi. Bu, indi xüsusən gənc oxuculara absurd görünə bilər. Amma bu tarixi, bu reallıqları biz yaşamışıq.

Yeni iqtisadi münasibətlər dövründə yenicə təşəkkül tapmağa başlayan sahibkarlara, imkanlı adamlara qarşı polisin reketlik fəaliyyətinə başlaması barədə xoşagəlməz söz-söhbətlər də o dövr üçün adi hal idi.

Müstəqilliyin ilk illərində yaşananlar, şahidi olduğumuz hərc-mərcliklər haqqında çox danışırıq, xatirələrimizi bölüşürük, nə gizlədim, hərdən ifrata da varırıq, küçəyə belə çıxmağa ehtiyat etdiyimiz o günlərin, narahat gecələrin ağır müharibə şəraitində, qıtlıq, sıxıntı, sosial-iqtisadi böhran, ümidsizlik mühitində yaşandığını bəzən unutduğumuz da olur. Amma bütün hallarda axı bunlar bir reallıq idi. Bəzən dəyişikliklər elə baş verir ki, bir vaxtlar şahid olduqlarının sanki heç yaşanmadığını düşünürsən. Adama belə gəlir ki, elə əvvəldən hər şey indiki kimiymiş...

Amma 1992-1993-cü illərdə baş verənləri necə unudasan? Cəmiyyət, dövlət, idarəçilik sistemi elə vəziyyətə gətirilmişdi ki, vətəndaş özünü güvəndə hiss edə bilmirdi, polis vətəndaşın təhlükəsizliyini qorumağa çətinlik çəkirdi, hansısa yollarla bu sistemə soxulmuş ünsürlərsə polis mundiri altında əldə silah özləri vətəndaş üçün təhlükə doğururdular.

Bu acınacaqlı duruma yalnız Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra son qoyuldu. 1994-cü ilin 29 aprelində keçirilmiş məşhur müşavirədən sonra Heydər Əliyev Azərbaycan polisi ilə bağlı qəti qərarını verdi. Polis sıralarını təsadüfi şəxslərdən təmizlədi, bu sistemdə baş verənləri ürək ağrısı ilə kənardan izləyən, amma vəziyyəti dəyişmək iqtidarında da olmayan əsl peşəkarları iş başına qaytardı, polisin itirilmiş ictimai nüfuzunu bərpa etdi, onu hər cür siyasi oyunların, ictimai çəkişmələrin fövqünə, öz şərəfli statusuna - vətənə, dövlətə xidmət mənziləsinə yüksəltdi.

Azərbaycan polisi milli dövlətçiliyimizin möhkəmləndirilməsində, hüquqi dövlət, demokratik cəmiyyət quruculuğunda, ölkəmizdə sabitliyin, əmin-amanlığın təmin olunmasında müstəsna rol oynayaraq özü də bu prosesin içində böyük inkişaf yolu keçdi.

Bu inkişaf xətti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə də davam etdirilərək Azərbaycan daxili işlər orqanlarının tarixində yeni parlaq səhifələr açdı. Bu sistemdə müstəqillik dövrünün dəyərləri formalaşdırıldı. Daxili işlər orqanlarının bütün səviyyələrində öz vəzifəsini layiqincə yerinə yetirən gənc nəslin yetişdirilməsi, irs və varislik prinsiplərinin, qazanılmış peşəkar təcrübənin, dövlətçilik təfəkkürünün bir nəsildən digər nəslə uğurla ötürülməsi ənənəsi meydana gəldi.

 

***

 

Daxili İşlər Nazirliyinin qeyd etdiyim uğurlarının, daha doğrusu, qeyd etmədiyim minlərlə nailiyyətinin əldə edilməsində uzun illər bu qurumun rəhbəri olmuş və şərəfli xidmətinə, dövlətimizə yüksək sədaqətinə, peşəkarlığına görə böyük ictimai rəğbət qazanmış Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun müstəsna töhfələri olub.

Dövlətçiliyimizə qənim kəsilən qüvvələrə qarşı tək canı ilə çəkinmədən meydana girən, illər boyu ölkəmizin, vətəndaşlarımızın təhlükəsiz yaşaması üçün bitməz-tükənməz fədakarlıqlar göstərən, bütün ümidləri layiqincə doğruldan general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə bu sistemin inkişafının davamlılığı təmin edilir, müasirləşdirilir. Vilayət müəllim nə qədər qətidirsə, nə qədər prinsipialdırsa, o qədər də sadə və təvazökardır. Həmişə insanların dayağı və köməyi olub.

Azərbaycan polisinin görkəmi də, davranışları da, ictimai obrazı da, iş prinsipləri də insanlarımızın arzularına daha uyğun olmağa başlayır. İllər əvvəl gözümüz öyrəşmiş yekəqarın, ya da bunun əksinə, çəlimsiz, üstü-başı əzik-üzük, tökülüb gedən, ayaqqabıları çirkli, danışığı da görkəmi kimi kobud polislərdən indi heç yerdə görə bilməzsən.

Tez-tez qəzetlərdə, informasiya portallarında polisə qəbulla bağlı elanlar rastıma çıxır. Yaş, boy, hərbi xidmət, fiziki hazırlıq tələbləri bu elanlarda xüsusi göstərilir. Lazımi fiziki göstəricilərə, polis olmaq arzusuna, ən əsası isə çiyinlərində daşıdığı poqonların məsuliyyətini dərk edəcək qədər mənəvi keyfiyyətlərə malik gənclərə tam şəffaf şəraitdə bu sistemdə xidmətə başlamaq imkanı yaradılır. Ona görə də indi polislərimizin, demək olar ki, hamısı, maşallah, ucaboy, pəhləvan cüssəlli, şüvərək gənclərdir. Xüsusi zövqlə hazırlanmış dəbli polis mundiri, par-par parıldayan çəkmələri onlara çox yaraşır. Azərbaycan polisinin davranış mədəniyyəti də yüksəlir, cilalanır, nizamnamə tələblərinə tam uyğunlaşır. Bir neçə dəfə Polis Akademiyasına yolum düşüb, orada da polis zabitlərinin hazırlanması işi yüksək səviyyədə qurulub. Tədris, təlim ən müasir standartlara uyğun aparılır.

Əlbəttə, daxili işlər orqanları sistemində hər şeyin tam ideal vəziyyətə gəldiyini, heç bir problemin olmadığını iddia etmək fikrindən uzağam. Olsun ki, bu sistemdə öz məsuliyyətini lazımınca anlamayan, vətəndaşla kobud davranan, rüşvət tələb edən, cinayət hallarına qarşı mübarizədə qeyri-peşəkarlıq göstərən insanlar yenə də var. Amma əsas odur ki, bu cür hallara qarşı çox sərt mübarizə aparılır, diqqətə çatdırılan problemlər dinlənilir, nəticə çıxarılır, nöqsanların aradan qaldırılması üçün operativ tədbirlər görülür, vətəndaşların polisə etimadının daha da gücləndirilməsi üçün həllər tapılır.

Bu günlərdə oxuyuram ki, yeni nazir "102” xidməti barədə əmr imzalayıb. Əmrə əsasən, cinayətlər barədə "102” xidmətinə məlumat verən şəxslər daha fakt üzrə ilkin ərizənin alınması üçün polisə dəvət olunmayacaqlar. Bu qəbildən müraciətlərlə əlaqədar sənədləşdirmə işləri onlar üçün rahat şəraitdə, yaşadıqları və ya olduqları ünvana gələn polis əməkdaşları tərəfindən aparılacaq.

Əlbəttə, vətəndaşın polis idarəsinə getməsində bir qəbahət yoxdur. Bütün sivil cəmiyyətlərdə insanlar hansısa problemlə üzləşəndə polisə gedir, çəkinmədən dərdini anladır, kömək istəyir. Bizdə də bu düşüncə tədricən formalaşacaq. Amma etiraf edək ki, hələlik vətəndaşlarımız polis idarələrinə gedib ifadə verməyə sanki bir qədər tərəddüd göstərirlər, gecikirlər, nəyisə düz demirlər, bu isə son nəticədə polisin işini çətinləşdirir.

Bu baxımdan "102” xidməti ilə bağlı yeniliyi çox bəyəndim. Bu, mütərəqqi addımdır. Vətəndaş-polis münasibətlərinin daha sivil xarakter almasına, cinayət və hadisələrlə bağlı məlumatlara baxılması işində operativliyin yüksəldilməsinə, xüsusən vətəndaş məmnunluğunun təmin edilməsinə yönəlib.

Bundan başqa, mühafizə polisinin işində də yeni standartlar, müasir texnologiyalar tətbiq edilir. Bu imkanlardan xəbərdar olan insanların canı evini, bağını, obyektini oğru-əyridən qorumaq dərdindən, qapıları daha qalın dəmirdən etməkdən, pəncərələri az qala dəmiryol relsi qalınlığında barmaqlıqlarla qapamaq dərdindən qurtarıb. Çox cüzi bir aylıq xidmət haqqı qarşılığında sistemə qoşulursan, əgər hansısa nadürüst oğurluq niyyətilə mülkiyyətinə əl uzatmaq fikrinə düşsə, heç içəri keçməyə macal tapmamış mühafizə polisi cəmi iki-üç dəqiqənin içində başının üstünü kəsdirir...

 

***

 

Müsbət dəyişikliklər yol hərəkətinin tənzimlənməsində də özünü göstərir. Mən gənc olanda şəhər yollarında işıqforların sayı o qədər çox deyildi. Yollarda hərəkət axınını əsasən Dövlət Yol Polisi işçiləri tənzimləyərdi. İşıqforlar artandan sonra bu prosesdə polisin iştirakına o qədər də ehtiyac qalmamışdı. Hərəkət ahəngini cəmi üç işığın "dili” ilə tənzimləmək olurdu. Amma son illər maşınların sayının qat-qat artmasını və tıxac yaranması ehtimalını nəzərə alaraq artıq yol polisi də işıqfor olan bir çox yerlərdə paralel tənzimləmə funksiyasını yerinə yetirir. Yayın istisində, qışın şaxtasında, yağışında, küləyində, saatlarla soyuq asfaltın üzərində dayanıb yollardakı tıxacların qarşısını necə peşəkarlıqla aldıqlarını görəndə bu insanlara heyranlıq duymaya bilmirsən.

Yəqin, sürücülük təcrübəsinə malik oxucular da təsdiqləyər: yol hərəkəti qaydaları bütün dünyada elədir ki, nə qədər gözləyib diqqətli sürməyə çalışsan da, bir də görürsən, ildə bir-iki dəfə də olsa hansısa qaydanı yüngülcə pozmusan. Hərdən sürücüm qanıqara əlindəki kağızı göstərir ki, cərimə gəlib. Yaxud Dövlət Yol Polisi əməkdaşlarının hansısa pozuntuya görə maşınımızı saxlayıb cərimə yazdıqları, hətta maşınımızın cərimə meydançasına aparıldığı, düşüb taksi ilə getdiyim vaxtlar da olur. Çoxu buna əsəbiləşir, əhvalı pozulur, "Həsən ağanın qohumu” misalı öz ictimai statusundan, əlaqələrindən faydalanmağa çalışır, mənə isə, nə gizlədim, bu, ləzzət edir. Qanun-qaydaların hər yerdə işlədiyini və hamının qanunlar qarşısında bərabər olduğunu görməkdən gözəl nə ola bilər ki?!.

...8 Mart Beynəlxalq Qadınlar Günü. Yol polisi ötən qadın sürücünü saxlayır. O, sənəd istəmək əvəzinə qadına bir ədəd qızılgül uzadır və "yaxşı yol” deyir.

 

***

 

Bütün ölkələrdə polisin əsas vəzifələrindən biri də dövləti qəsdlərdən qorumaq, qanuni əsaslarla keçirilən kütləvi tədbirlərdə ictimai asayişi, insanların təhlükəsizliyini təmin etmək, qanunsuz kütləvi aksiyaların qarşısını isə mümkün vasitələrlə almaqdır. Bu, dünyanın hər yerində belədir. Azərbaycan da, bütün normal ölkələr kimi, dövlətə müxalif olanlardan xali deyil. Onlar vaxtaşırı olaraq kütləvi tədbirlər keçirir, vətəndaşların sərbəst toplaşmaq hüquqlarından istifadə edirlər. Dövlətimiz əksər hallarda buna icazə verir. Bəzən isə başqa vətəndaşların təhlükəsizliyini, onlar üçün yarana biləcək narahatlığı, təxribat ehtimallarını nəzərə alaraq ya aksiyalar üçün başqa yer təyin edir, ya da qanunun verdiyi səlahiyyətlərdən istifadə edərək dövlət belə tədbirləri məhdudlaşdırır. Müxaliflərsə buna qane olmayıb qanunsuz aksiyalara çıxmaq istəyəndə Azərbaycan polisi anında bunun qarşısını alır.

Bununla bağlı videokadrlarda dəfələrlə fikir vermişəm: polis qanunun tələblərini pozmaq istəyən vətəndaşlarla əvvəlcə xeyli müddət danışıq aparır. Onlara pozuculuqdan əl çəkmək, dağılışıb getmək tövsiyə olunur. İnsafən, bəzən bu tövsiyəni eşidənlər də tapılır. Amma polisin sözünə qulaq asmayıb qanunsuz hərəkətini davam etdirən aksiya iştirakçıları daha çox olur. Belə hallarda polis ən radikal, aqressiv iştirakçıların əl-qolundan yapışaraq ya ərazidən uzaqlaşdırır, ya da əgər qarşısındakı sözdən anlayan biri deyilsə, polis maşınlarına, avtobuslara mindirib qısa müddətə hərəkətini məhdudlaşdırır ki, ictimai asayişi pozmaqda davam etməsin.

Ən maraqlısı budur ki, belə iştirakçıların çoxunun müxalifətə, müxalif düşüncəyə heç bir aidiyyəti yoxdur. Bu aksiyaların nə məqsədlə, nə məramla keçirildiyi də onları qətiyyən maraqlandırmır. Çünki məqsəd başqadır: bu adamlar əvvəlcədən şərtləşib danışdıqları fotomüxbirlərə polisin onların əl-qollarından tutan yerdə şəkillərini çəkdirib digər saxta sənədlərinin, o cümlədən son illər "mühacirət idarəsi” kimi də fəaliyyət göstərən müxalifət partiyalarının funksionerlərindən rüşvət müqabilində aldıqları arayışın arasına qoyurlar ki, daha rahat həyat xülyası ilə getdikləri Avropa ölkələrində özlərini Azərbaycan hakimiyyətinə qarşı barışmaz mübarizlər kimi təqdim edib sığınacaq istəyə bilsinlər.

Qəribədir, deyilmi? Bunlar həmin şəkilləri o ölkələrə təqdim edirlər ki, oralarda polis qanunsuz aksiyaya çıxmış vətəndaşların əl-qolundan tutmaq nədir, atdöşü edir. Xüsusi təlim görmüş itləri vətəndaşların üstünə qısqırdır. İnsanları gözyaşardıcı qazla, rezin güllələrlə yarımcan hala salır və heç kim polisi bu hərəkətlərinə görə qınayıb ittiham etmək fikrinə düşmür. Çünki nə qədər amansızca davransalar belə, onlar öz vəzifə borclarını yerinə yetirirlər.

Bu imkanların hamısından Azərbaycan polisində də var. Polisimiz istəsə, qanunsuz aksiya keçirənlərin üstünə at da sürər, it də qısqırdar, gözyaşardıcı qaz da püskürdər, rezin güllələr də yağdırar. Amma bunların heç birini etmir! Niyəsini çox düşünüb özüm üçün cavabını tapmışam. Ona görə ki, Azərbaycan polisi o aksiyalara çıxan, radikallıq göstərən, polislə əl-qol hərəkətləri ilə danışan insanların da bizlərdən biriləri olmasının, bu xalqın canından-qanından qopmasının, eyni vətənə, bu vətənin eyni dəyərlərinə aid olmasının fərqindədir!

Bu gün aksiyada ərazidən uzaqlaşdırmaq məcburiyyətində qaldığı yaşlı qadına, kişiyə gənc polis əməkdaşı sabah birgə yol getdikləri avtobusda, metroda böyük kimi ehtiram göstərərək ayağa qalxıb yer verəcək, qanunsuz hərəkətlərinin qarşısını almaqdan ötrü əl-qolundan tutub apardığı gənci sabah tamam başqa bir vəziyyətdə əlisilahlı cinayətkarın qəsdindən qoruyacaq, ondan ötrü sinəsini sipər edəcək.

Bu, Azərbaycan polisinin humanizmidir, vətənpərvərliyidir, comərdliyidir, öz vəzifə borcunu nizamnamə tələblərini qorumaqla yanaşı, həm də milli dəyərlərimizdən gələn kişiyanalıqla yerinə yetirməsidir!..

Əgər xüsusi zərurət yoxdursa, vətəndaşın aqressiyası, radikallığı həddən artıq təhlükə törətmirsə və onun qanunsuz hərəkətlərinin qarşısını daha yüngül üsullarla almaq mümkündürsə, Azərbaycan polisi heç zaman ifrat vasitələrə getməz.

Çavuşundan tutmuş komandirinə, komandirindən nazirinə qədər bu, Azərbaycan daxili işlər orqanları əməkdaşlarının məsləkidir, alicənablığıdır, vətəndaşlara qarşı nəcib davranışıdır...

 

***

 

Bu yazını təxminən iki aya ərsəyə gətirmişəm.

Hər epizodunu fərqli məkanlarda, müxtəlif təəssüratlar içində qələmə almışam. Ona görə də qeydlərim dəyərli oxucuma bir qədər də adda-budda görünə bilər.

Elə bu sətirləri qələmə aldığım vaxtlarda xarici televiziya kanalı İspaniyanın Kataloniya əyalətində polisin vətəndaşlara necə divan tutmasını göstərən kadrlar nümayiş etdirir. İnsanlara qarşı az qala beysbol topu boyda rezin güllələr atırlar. Brüsseldən çəkilmiş və bizim saxtakarlığa adətkərdə olan sosial şəbəkə müxalifətinin təxribat məqsədilə guya Bakıda çəkilibmiş kimi təqdim etdiyi şəkildə isə polis ağır çəkməsi ilə qadının başını tapdayır.

Bu görüntüləri əsla təqdir etmirəm. Heç oralarda da bu cür aşırı zorakı davranışlara ehtiyac yoxdur, düşünürəm. Qanunsuz aksiyalara çıxmış vətəndaşların qarşısını Azərbaycanda olduğu kimi, Avropa ölkələrində də vətəndaş üçün zərərsiz üsullarla almaq mümkündür.

Amma Avropa polisi qətiyyən özünü əziyyətə salmır. Ona verilmiş səlahiyyətin maksimumundan istifadə edir. Azərbaycan polisi isə buna getməməklə həm də özünü təxribatlardan qoruyur. Yaxşı bilir ki, eyni şeyi Avropa polisi edəndə bu, polisin öz qanuni səlahiyyətlərindən istifadə etməsi kimi normal qəbul olunacaq. Azərbaycan polisi etdikdə isə dövlətimizə təzyiq üçün hər an fürsət gözləyən, nəsə qoparmaq istəyən xarici qara qüvvələr, kəmfürsətlər "polis zorakılığı” hay-küyü ilə aləmə həşir salacaqlar.

Bu da dünyanın ikili standartlarından biridir...

 

***

 

Oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirildi. 160-a yaxın dövlətin, beynəlxalq təşkilatın rəhbərləri, dünyanın tanınmış dövlət xadimləri, çoxu da öz xanımları ilə paytaxtımızda qonaq oldular, görməli yerlərimizdə gəzib dolaşdılar. Bakıdan dünyaya önəmli mesajlar verildi.

Bu, son illər Azərbaycanın uğurla evsahibliyi etdiyi möhtəşəm beynəlxalq tədbirlərin daha biridir. Bu cür tədbirlərin təşkilində, ölkəmizin, Bakının dünyanın sülh, dialoq, anlaşma paytaxtına çevrilməsində Azərbaycan polisinin də böyük əməyi var. Bütün bunlar həm də onların fədakar xidməti nəticəsində Azərbaycanda yaradılmış sabitlik, əmin-amanlıq mühitinin xoş mənzərəsidir.

Azərbaycan polisi bizim təhlükəsizliyimizin, rahatlığımızın, rifahımızın keşiyindədir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: "Polis xalqımıza, müstəqil Azərbaycan dövlətinə, onun hər bir vətəndaşına xidmət edir”.

Azərbaycan polisi bizim həyatımızı qoruyur. Biz də öz polisimizin şərəfi, ləyaqəti, məsuliyyəti ilə doğrultduğu adını qoruyaq...

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-publisist

 

Azərbaycan.- 2019.-7 noyabr.- S.1; 4.