“Bizim həyət” layihəsi
çərçivəsində daha bir həyət abadlaşdırılıb
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət” layihəsi uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, noyabrın 6-da "Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 35, 37, 39 və Qara Qarayev prospekti, 63 ünvanlarında 950 nəfər sakinin yaşadığı dörd binanı əhatə edir.
"Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə süni örtüklü minifutbol meydançası, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançası salınıb. Eyni zamanda, ərazidə 8 söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara yeni dəmir qapılar quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac və kol əkilib, 3 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.
Sözügedən layihənin
Bakının bütün rayonlarında həyata
keçirilməsi nəzərdə tutulur.
Bununla əlaqədar
paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və
tövsiyələrin IDEA İctimai
Birliyinə təqdim edilməsi xahiş olunur.
Azərbaycan.- 2019.- 7 noyabr.- S.7.