Seulda AZƏRTAC-ın sədrliyi ilə OANA-nın XVII Baş Assambleyası işə başlayıb
Asiya və Sakit Okean Ölkələri
Xəbər Agentlikləri Təşkilatının (OANA) XVII
Baş Assambleyası noyabrın 7-də Koreya
Respublikasının paytaxtı Seulda işə
başlayıb.
AZƏRTAC-ın sədrliyi və Koreya Respublikasının Yonhap agentliyinin təşkilatçılığı ilə keçirilən Baş Assambleyada 28 ölkədən 32 xəbər agentliyi iştirak edir. 2004-cü ildən OANA-nın üzvü olan AZƏRTAC 2016-cı ildən bu təşkilatın sədridir. OANA 1961-ci ildə UNESKO-nun himayədarlığı ilə yaradılıb və dünyada ən böyük media qurumlarından biridir.
Baş Assambleya çərçivəsində üzv agentliklərin fotoşəkillərindən ibarət sərgi təşkil olunub. Fotolar “Xəbərlər”, “Mədəniyyət” və “Təbiət” kateqoriyalarını əhatə edir. Sərgidə AZƏRTAC-ın da fotoları təqdim edilib. Ümumilikdə, sərgidə 100-ə yaxın foto nümayiş olunur. Sərginin açılışında xəbər agentlikləri rəhbərləri ilə yanaşı, Koreya Respublikasının Mədəniyyət, İdman və Turizm naziri Park Yanq Vu da iştirak edib.
Açılış mərasimində çıxış edən Yonhap agentliyinin prezidenti Ço Sanq Bo bütün dünyada xəbər agentliklərinin yeni çağırışlarla üzləşdiyini və agentliklərin bu çağırışları yeni imkanlara çevirməli olduğunu deyib. O bildirib ki, indiki dövrdə hansı xəbəri deyil, xəbəri hansı formada yaymaq daha aktualdır. Ço Sanq Bo AZƏRTAC-ın OANA-da sədrliyi dövründə fəaliyyətini yüksək qiymətləndirərək, onun rəhbərliyinə təşəkkürlərini çatdırıb.
OANA-nın hər bir üzv agentlik üçün önəmli olduğunu vurğulayan təşkilatın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov sədrlik dövründə qurumun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Həyata keçirilən layihələr təşkilatın veb-saytı, sosial şəbəkələr və axtarış sistemlərində xəbərlərin yayılması və digər sahələri əhatə edib. Eyni zamanda, AZƏRTAC üzv agentliklərə təkliflər paketi təqdim edib ki, buraya OANA-nın Təlim Akademiyasının yaradılması, illik treninqlərin təşkili, çevik idarəetmə üsulunun tətbiqi və bir sıra digər istiqamətlər aiddir. “Yarım əsrdən çox tarixi olan OANA hər bir üzv agentlik üçün böyük dəyərdir. Çünki bu təşkilat bizim vasitəmizlə xalqlarımızı, ölkələrimizi bir-birinə yaxınlaşdırır, jurnalistika ənənələrini yaşadaraq sonrakı nəsillərə ötürür. Buna görə də təşkilatımızın daim təkmilləşdirilməsi bizim hər birimiz üçün önəm kəsb edir. Bu işdə hər bir agentliyin töhfəsi qiymətlidir”, - deyə Aslan Aslanov bildirib.
Koreya Respublikasının Mədəniyyət, İdman və Turizm naziri Park Yanq Vu feyk xəbərlərin bütün dünyada media üçün əsas çağırışa çevrildiyini deyərək, bu baxımdan etibarlı xəbər agentliklərinin rolunun dəfələrlə artdığını vurğulayıb. “Ümid edirəm ki, ən etibarlı xəbər agentliklərini birləşdirən OANA informasiyaya etimadın vacibliyini dərk edərək, yanlış məlumatların qarşısının alınmasında tutarlı mexanizmlər ortaya qoya biləcək”, - deyə nazir əlavə edib.
Baş Assambleya çərçivəsində “Jurnalistika üçün yeni çağırışlar: texnoloji yeniliklər və xəbərlərin etibarlılığı” mövzusunda konfrans keçirilir. Tədbir çərçivəsində OANA-nın baş katibi Vüqar Seyidovun moderatorluğu ilə “5G dövründə media mühiti və texnoloji üstünlüklər” mövzusunda 1-ci sessiya olub. Burada Koreyanın SK Telecom şirkətinin vitse-prezidenti Yonq Min Li və “Thomson Reuters” şirkətinin texnologiyalar departamentinin rəhbəri Maykl Yanq çıxış edərək mediada yeni texnologiyaların istifadəsindən, onların üstünlüklərindən, xəbərlərin yeni formalarda çatdırılmasından danışıblar.
Konfrans işini noyabrın 8-də davam etdirəcək.
Baş Assambleyada və konfransda Azərbaycandan
“Trend” agentliyinin əməkdaşı
da iştirak edir.
Azərbaycan.- 2019.- 8 noyabr.- S.2.