Özbəkistanda Azərbaycan mədəniyyətinə və ədəbiyyatına böyük maraq var

 

Özbəkistanın Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində vilayət hakimi Fərxad Ermanov Bakıdan və Daşkənddən Urgənc şəhərinə gələn nümayəndələrlə görüşüb.

AZƏRTAC xəbər verir ki, Fərxad Ermanov qədim Xarəzm torpağında Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsindən məmnun olduğunu bildirib. O, qədim Xivə, onun təkrarsız abidələrindən danışıb, bu ilin doqquz ayında Xarəzmə 2 milyondan çox xarici turistin gəldiyini vurğulayıb. F.Ermanov əmin olduğunu bildirib ki, bundan sonra qədim Xarəzmin mərkəzi Urgəncdə və Bakıda tez-tez belə tədbirlər keçiriləcək.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov gələcək əməkdaşlıq məsələlərindən danışıb, Xarəzm vilayəti ilə Azərbaycanın regionları arasında əlaqələrin yaradılması, ölkəmizin şəhərləri ilə Xarəzm vilayətinin şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsi, Bakı şəhərindəki İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ilə Xivə şəhərindəki İçənqala qoruğu, vilayətin ali məktəbləri, mədəniyyət müəssisələri və Azərbaycanın aidiyyəti qurumları arasında əlaqələrin yaradılması təklifləri ilə çıxış edib.

S.Abbasov ölkələrimiz arasında əlaqələrin dərinləşdiyini qeyd edib, Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tamhüquqlu üzvü olması, Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın dövlət başçısı ilə görüşü haqqında söhbət açıb. O, Özbəkistanın Türk Şurasına üzvlüyünün əməkdaşlıq üçün yeni imkanlar açdığını qeyd edib.

Kaspi” qəzetinin təsisçisi, yazıçı-publisist Sona Vəliyeva Azərbaycan və özbək xalqlarının dostluğundan danışıb, dövlətlərimiz arasında əlaqələrin yüksək səviyyəsini vurğulayıb. O, Özbəkistanda Azərbaycan mədəniyyəti, musiqisi və ədəbiyyatına böyük maraq olduğunu deyib. S.Vəliyeva qədim Xivə şəhərini gəzdiklərini, buradakı təkrarsız abidələrə valeh olduğunu bildirib.

Akademik Kamran Əliyev və özbək alimi və tərcüməçisi Babaxan Şərif əlaqələrin daha da genişləndirilməsi istiqamətində görüləcək işlərdən danışıblar.

Xatırladaq ki, mədəniyyət günləri Mədəniyyət Mərkəzinin, “Özbəkturizm” Dövlət Komitəsinin, Azərbaycandakı “Kaspi” qəzeti və eyniadlı təhsil şirkətinin və Xarəzm vilayət hakimiyyətinin dəstəyi ilə keçirilir.

 

Azərbaycan.- 2019.- 8 noyabr.- S.2.