Yeni seçkilər bələdiyyələrin fəaliyyətinin
daha səmərəli olmasına xidmət
edəcək
Bələdiyyə seçkiləri
Azərbaycan tarixinin müxtəlif
dövrlərində yerli seçkili idarəetmə
qurumları mövcud olsa da, dövlət müstəqilliyi bərpa
edildikdən sonra ölkəmiz əsl demokratik dəyərlərə
malik bələdiyyələri yaratmaq imkanı
qazanmışdır.
Bələdiyyələrin hüquqi statusunun qanun çərçivəsində müəyyənləşdirilməsi ilk dəfə olaraq məhz Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapdı. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə bu institut yaranmağa başladı və bələdiyyələrin hüquqi bazasını formalaşdıran normativ aktlar qəbul edilməyə başlandı. Bu aktlarda bələdiyyələrin bir qurum olaraq hüquqi statusunun müəyyən olunması, onların fəaliyyətinin əsas prinsipləri, maliyyə-iqtisadi təminatları və digər məqamlar öz əksini tapdı.
Ötən 20 il ərzində Azərbaycan Respublikasında yerli özünüidarəetmə orqanlarının səmərəli fəaliyyəti üçün dövlət tərəfindən sistemli tədbirlər həyata keçirilmiş, mükəmməl qanunvericilik bazası və institusional təsisatlar yaradılmış, bələdiyyə institutu tam olaraq formalaşmışdır.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dövlətin idarəetmə sistemi daha da təkmilləşdirilmiş, bələdiyyələrin səlahiyyətlərinin və fəaliyyətinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmiş və bu tədbirlər hal-hazırda da davam etdirilməkdədir. Nəticədə bələdiyyələr də özünün inkişaf yolunu keçmiş, vətəndaşların maraq və mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində yaxından iştirak etməyə çalışmışlar.
Dünya təcrübəsi onu göstərir ki, bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması, iqtisadi və maliyyə potensialının gücləndirilməsi yollarından biri də onların birləşməsidir. Xatırladaq ki, yarandığı dövrdə ölkəmizdə 2700-dən çox bələdiyyə fəaliyyət göstərirdi. Bununla əlaqədar bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından istifadənin səmərəsinin yüksəldilməsinə, yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına və kadr potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilərək "Bələdiyyələrin birləşməsi, ayrılması və birgə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2009-cu ildə bələdiyyələr birləşərək sayı 1718-ə salınmış, 2014-cü ildə isə növbəti birləşmə prosesi nəticəsində bələdiyyələrin sayı 1607-yə qədər azalmışdır.
Yerli özünüidarəetmə orqanlarında xidmət, bələdiyyəyə rəhbərlik, onun fəaliyyətinin təşkili idarəçilik bacarığı, bilik, yüksək intellekt və ixtisas tələb edir. Bu səbəbdən də bələdiyyə üzvlərinin və sədrlərin keyfiyyət tərkibi daim aktual olan məsələdir.
Bələdiyyələrin qarşısında duran vəzifələrin icrası, onların fəaliyyətinin səmərəliliyinin artırılması, mövcud resursların yerli səviyyədə müəyyən edilmiş hədəflərə, sosialyönümlü məsələlərin həllinə yönəldilməsi bələdiyyə kadrlarından birbaşa asılıdır. İlk iki bələdiyyə seçkilərinə nəzər salsaq görərik ki, bələdiyyə üzvlərinin əksəriyyəti yerli özünüidarəetmə haqqında kifayət qədər təsəvvürə malik olmamışlar.
Bələdiyyələrin həmin dövrdə olan durumu, bələdiyyə üzvlərinin zəif fəaliyyətləri ilə razılaşmayan seçicilər 2009-cu ildə müvafiq nüfuza və təcrübəyə malik olan şəxslərə etimad göstərmişlər. Nəticə olaraq seçilmiş üzvlər arasında ali təhsillilərin sayı 29,7 faiz, qadınların sayı 22 faiz, gənclərin sayı isə 25 faiz artmışdır. Keyfiyyət tərkibinin gücləndirilməsi bələdiyyələrin fəaliyyətinin məzmunca yeni mərhələsinin əsasını qoymuşdur.
Göstərilən rəqəmləri və ölkə bələdiyyələrinin 20 illik inkişaf proseslərini nəzərə alaraq belə bir qənaətə gəlmək olar ki, qarşıdan gələn bələdiyyə seçkilərində seçici fəallığı daha yüksək olacaqdır. Həmçinin keçən müddət ərzində ölkənin yerli özünüidarəetmə orqanlarında kifayət qədər təcrübəli və bələdiyyə idarəçiliyi üzrə ixtisaslaşmış kadr ordusunun formalaşmasını və eyni zamanda ölkəmizin və xarici dövlətlərin ali məktəblərində bələdiyyə menecmenti üzrə təhsil almış gənclərin də bələdiyyə üzvü olaraq yerli idarəetmədə fəal iştirak etmək istəklərini nəzərə alsaq, heç şübhəsiz ki, bizi qarşıda qızğın seçki mübarizəsi gözləyir. Qeyd etdiyimiz bu amillər seçki marafonunda qalib gəlmiş bələdiyyə üzvlərinin daha çox təhsilli, liderlik bacarığı olan gənclərdən və peşəkar bələdiyyə menecerlərindən olmasına gətirib çıxaracaqdır. Nəticədə bələdiyyə üzvlərinin keyfiyyət tərkibi daha da yaxşılaşacaq və bu da bələdiyyələrin fəaliyyətinin növbəti illərdə daha səmərəli olacağından, bələdiyyələrin vətəndaşlara göstərdikləri xidmət səviyyəsinin daha yüksələcəyindən xəbər verir.
Kamran BAYRAMOV,
Milli Məclisin deputatı
Azərbaycan.-
2019.-8 noyabr.- S.1; 6.