Din təhsili: Azərbaycan İlahiyyat İnstitutunun nümunəsində

 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov Rusiya Federasiyasının paytaxtı Moskva şəhəri Rusiya Milli Nüvə Tədqiqatları Universitetində keçirilən "Elm və təhsil məkanında ilahiyyat: din, mədəniyyət və maarifmövzusunda III Beynəlxalq Elmi Konfransda iştirak edib. Konfransda Rusiyanın dini təhsil müəssisələrinin rəhbər və alimləri iştirak ediblər.

Aİİ rektoru Ceyhun Məmmədov konfransda "Müasir dövrdə Azərbaycanda din təhsili” mövzusunda məruzə ilə çıxış edib. Rektor diqqətə çatdırıb ki, din təhsili hər bir ölkə üçün vacib məsələlərdən biridir. Bir çox müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da din təhsili və dini tədris müəssisələrinin yaradılması islamın bu bölgədə yayıldığı ilkin dövrlərə təsadüf edir.

C.Məmmədov bildirib ki, ölkəmiz müstəqilliyini əldə etdikdən sonra milli-mənəvi və dini dəyərlərin yenidən öz əvvəlki mövqeyini bərpa etməsi üçün bir çox addımlar atılıb və Azərbaycan İlahiyyat İnstitutunun yaradılması bunu əyani olaraq sübut edir. Rektor Azərbaycan İlahiyyat İnstitutunin yaradılması haqqında məlumat verərək bildirib ki, ali təhsil müəssisəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılıb. O, ali təhsil müəssisəsində mövcud ixtisaslar, təqaüd proqramları, ödənişsiz təhsil imkanları, institutun beynəlxalq əlaqələri, xarici universitetlərlə bağlanmış müqavilələr, həmçinin əldə olunan nailiyyətləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, instituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanır. Rektor gənclərin milli-mənəvi təlim və tərbiyəsində dini təhsilin həyata keçirilməsinin həlledici əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirək ki, konfrans ilahiyyat elminin inkişafı, gənc nəslin milli-mənəvi, əxlaqi və vətənpərvərlik ruhunda tərbiyəsi, təhsil sistemində dinlərin öyrənilməsinin əhəmiyyəti baxımından Ümumrusiya miqyasında mühüm hadisələrdən biridir.

 

Aİİ rektoru beynəlxalq konfransda iştirak edib

 

Həmçinin Azərbaycan İlahiyyat İnstitutunun rektoru Rusiya Federasiyası ElmAli Təhsil Nazirliyinin və Tatarıstan Respublikası Müsəlmanları Ruhani İdarəsinin dəstəyi ilə Bolqar İslam Akademiyası və Sankt-Peterburq Dövlət Universitetinin təşkil etdikləri "Müasir təhsil sistemində islamşünaslıq və islam ilahiyyatı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Ceyhun Məmmədov konfransda "Müasir dövrdə Azərbaycanda din təhsili: Azərbaycan İlahiyyat İnstitutunun nümunəsində” mövzusunda məruzə edib. İnstitut rəhbəri ölkəmizdə din təhsilinin tarixindən, Aİİ-nin fəaliyyətinin təşkili istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən ətraflı bəhs edib. C.Məmmədov bildirib ki, tədrisin təşkili istiqamətində Rusiya, Türkiyə, Orta Asiya respublikalarının, Avropa və ərəb ölkələrinin, həmçinin Amerika Birləşmiş Ştatlarının təcrübəsi öyrənilir və bütün bunlarla yanaşı, gələcəkdə institutda elmi tədqiqat mərkəzlərinin, rus, ingilis və ərəbdilli qrupların yaradılması, yəhudilik və xristianlıq üzrə mütəxəssislərin hazırlanması da nəzərdə tutulur. C.Məmmədov beynəlxalq əlaqələrin qurulmasına xüsusi önəm verildiyini, bu məqsədlə Rusiya, Türkiyə, İndoneziya, Malayziya və Özbəkistan kimi ölkələrin bu sahədə tanınmış ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, məqsədimiz institutda təhsil alanların öz sahələrinin peşəkarı olmaqla yanaşı, bütün dinlərə qarşı dözümlü və qərəzsiz olan ilahiyyatçı kadrlar hazırlamaq, milli-mənəvi dəyərləri qorumaqdır. Məlumat üçün bildirək ki, konfransda Rusiya ilə yanaşı, dünyanın bir çox ölkəsindən dinşünasislamşünas alimlər iştirak edib. Konfransın məqsədi ilahiyyat sahəsində mütəxəssislərin hazırlanması, Rusiya və digər ölkələrdə təhsil müəssisələrinin müasir şəraitdə dini və dünyəvi təhsil sahəsində təcrübə mübadiləsinin aparılmasıdır.

 

İlahiyyat İnstitutu ilə Bolqar İslam Akademiyası arasında protokol imzalanıb

Səfər zamanı Azərbaycan İlahiyyat İnstitutu ilə Rusiya Federasiyasının Bolqar İslam Akademiyası arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində əməkdaşlıq protokolu imzalanıb. Sənədi Aİİ-nin rektoru Ceyhun Məmmədov və Bolqar İslam Akademiyasının rektoru Daniyar Abdurrahmanov imzalayıblar. Protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sənəddə tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı bilikərin bölüşdürülməsi, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər yer alıb.

Aİİ xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir. Ali təhsil müəssisəsinin hədəfi tədrisin müasir tələblər səviyyəsində qurulması məqsədilə dünyanın digər qabaqcıl universitetləri ilə yanaşı, Rusiya ali məktəblərinin təcrübəsindən yararlanmaq, tələbə mübadiləsi aparmaq, həmçinin ali məktəblər arasında əlaqələrin genişləndirilməsidir.

Azərbaycan İlahiyyat İnstitutu ötən dövr ərzində müxtəlif ölkələrin universitetləri ilə əlaqələr yaradıb. Türkiyənin Ankara, İstanbul, Mərmərə, 29 Mayıs, Qırıqqala universitetləri, Rusiyanın Moskva İslam İnstitutu, Omsk Dövlət Universiteti, Özbəkistan Beynəlxalq İslam Akademiyası ilə əməkdaşlıq protokolları imzalayıb.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2019.- 8 noyabr.- S.7.