Kölgənin düşdüyü
hər yer vətəndir...
Sevgili bayrağım!
Ənginliyi andıran mavini, atəş dilimi tək alışıb yanan rəngini, ümidin simvolu zümrüdünü göylərin bağrında dalğalanan görəndə fərəhlənirəm...
Qürurlanıram ay-ulduzun günəşin altında bərq vuranda...
Səmada qartaltək süzəndə, fırtınalı dərya kimi çalxalananda, dəli rüzgar olub coşanda tamaşana durmaq gərəkdir...
Minillərin o tayından adlayıb gələn bayrağım, nə sınaqlara tuş gəldin, cəng meydanlarında döyüşdün, nizələrə taxıldın, amma heç zaman əyilmədin...
Daim uca, Tanrıya yaxın oldun...
Vətənimin simvolusan. Milyonların arzusundan
doğulmusan, azadlıq
zərrələrindən yoğrulmusan,
müqqədəs and yerimizsən...
Məğrursan, qürurlusan,
yolun haqq yoludur...
Kölgənin düşdüyü
hər yer vətəndir!
Üçrəngli bayrağın
kölgəsində mən
Qaraca torpağı vətən
görmüşəm.
Zəfər güllərini
dövri-qədimdən
Bayraq işığında bitən
görmüşəm.
Bayraq mənliyimdir,
bayraq kimliyim,
Bayraq - öz yurduma öz hakimliyim.
Bayrağımın izi
ilə...
Ulu babalarımız həmişə
bayrağa sancaq deyiblər, yəni "sanc” mənasında. Qəhrəmanlarımızın döyüşlərdə öz bayraqlarını sancdıqları yer onlar üçün müqəddəs məkana,
ana yurda çevrilib.
Azərbaycan bayrağının
tarixi çox qədimlərə gedib çıxır və hələ dünyanın
bir çox ölkələrində dövlət,
millət anlayışının
formalaşmadığı bir vaxtda onun
qədim dövləti
də olub, bayrağı da...
Tarixin müxtəlif dövrlərində
Azərbaycan ərazisində
güclü dövlətlər
mövcud olub. Bunların sırasında
Azərbaycanın Şirvanşahlar,
Qaraqoyunlu, Ağqoyunlu,
Səfəvilər kimi
güclü dövlətləri
tariximizdə silinməz
izlər qoyub. Bu dövlətlərin hər birinin müstəqillik rəmzi olan bayraqları da var idi.
Bəzilərinin üzərində
qurd başı, ağ, qara
qoç, şir, günəş təsvir edilib, bəzilərində
yaşıl rəng üstünlük təşkil
edib. O cümlədən,
Qarabağ, Şəki,
Bakı, İrəvan
xanlıqlarının da
özlərinə məxsus
bayraqları olub ki, onlardan bəzilərinin
nümunələri bu
gün də hifz olunur.
9 noyabr
1918-ci il
1918-ci il noyabrın 9-da Azərbaycan
Xalq Cümhuriyyəti
Nazirlər Şurası
hökumətin başçısı
Fətəli xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın
yeni üçrəngli
- mavi, qırmızı,
yaşıl zolaqlardan
ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli
ulduz təsviri olan milli bayrağının
təsdiq edilməsi haqqında qərar qəbul edir.
Yeni bayraq ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının
yerləşdiyi binada,
kütləvi şəkildə
isə noyabrın 17-də
Bakıda dəniz vağzalında ingilis generalı Tomsonun qarşılanma mərasimində
qaldırılıb.
Üçrəngli bayrağımızın milli
varlıq fəlsəfəsi
də özünəməxsusdur.
Milli bayrağımızdakı
göy rəng - türkçülüyü, qırmızı
rəng - müasirliyi,
yaşıl rəng -
islam ideologiyasını
ifadə edir.
Bütün türk milləti üçün böyük
bir ideala və məqsədə çevrilən bu üçlük şüarının
müəllifi türk
dünyasının böyük
mütəfəkkiri olan
həmvətənimiz Əli
bəy Hüseynzadədir. 1907-ci ilin
iyul ayının 10-da
Bakıda özünün
nəşr etdiyi
"Füyuzat” (xeyir,
fayda mənasındadır)
jurnalındakı bir məqaləsində "Türk
hissiyyatlı, islam etiqadlı, firəng qafalı” kimi ilk dəfə təqdim etdiyi bu fikri
sonradan böyük mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: "Türk qanlı, islam imanlı, Avropa mədəniyyətli”.
Maraqlıdır ki, üçrəngli bayrağımızın rənglərinin
hansı mənanı
və ideyanı ifadə etməsi ilə bağlı dəqiq məlumatlar olsa da, onun
üzərindəki aypara
və səkkizguşəli
ulduzun mənaları barədə müxtəlif
versiyalar səsləndirilir.
Məsələn, bəzi fikirlərə əsasən, aypara bir vaxtlar Bizans
imperiyasının paytaxtı
Konstantinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan
sonra bu gerb Osmanlı imperiyası tərəfindən
islam dininin
bir rəmzi kimi qəbul edilib, həmin dində olan başqa xalqlara da keçib və bayraqların üzərindəki aypara türk xalqlarının simvoluna çevrilib. Bununla yanaşı, ay və ulduzun bir yerdə
olmasının qədim
türklər tərəfindən
xoşbəxtlik simvolu
kimi dəyərləndirildiyi,
qəməri təqvimə
işarə olduğu
da deyilir.
Səkkizguşəli ulduzun mənasına gəlincə, bu, "Azərbaycan” sözünün
əski əlifbada yazılışı ilə
bağlıdır. Belə ki,
əski əlifbada
"Azərbaycan” sözü
səkkiz hərflə
yazılır. Səkkizguşəli
ulduzun əbədiyyət,
sonsuzluq, möhtəşəmlik,
davamlılıq və
davamiyyət rəmzi olduğu fikirləri də söylənilir...
1920-ci ildə endirilən bayrağımız 70 ildən
sonra Heydər Əliyev tərəfindən
dalğalandırılır
1920-ci il
mayın 3-də bayrağımız
Azərbaycan parlamentinin
binası üzərindən
endirilir, amma onu qəlblərdən silmək mümkün olmur...
SSRİ imperiyasına
qarşı meydanlarda
qaldırılan bayrağa
ilk hüquqi status isə
1990-cı ildə verildi. Azərbaycan
Xalq Cümhuriyyətinin
yadigarı olan həmin bayraq 1990-cı il noyabrın
17-də Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin
Sədri, xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və
rəhbərliyi ilə
keçirilən sessiyada
Naxçıvan Muxtar
Respublikasının dövlət
bayrağı kimi təsdiq edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR
Ali Soveti qarşısında
bu bayrağın Azərbaycanın rəsmi
dövlət rəmzi
kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası
Ali Soveti vəsatətə
baxıb və bu bayrağın yenidən Azərbaycanın
dövlət bayrağı
kimi qəbul edilməsi haqqında qərar verib.
2009-cu il
noyabrın 17-də Prezident
İlham Əliyev
"Azərbaycan Respublikasının
Dövlət Bayrağı
Gününün təsis
edilməsi haqqında”
sərəncam imzalayıb.
Həmin il
dekabrın 4-də isə
Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı
Günü kimi rəsmiləşdirib.
2010-cu il
sentyabrın 1-də Prezidentin
iştirakı ilə
Dövlət Bayrağı
meydanının - Bakı
şəhərinin Bayıl
sahəsində yerləşən
memorial abidə-istirahət parkının təntənəli
açılışı olub. Meydanda Dövlət Bayrağı
Muzeyi də yaradılıb.
İndi dövlət bayrağı
respublikamızın dövlət
qurumlarının və
diplomatik nümayəndəliklərinin
binaları üzərində
ucalır, mühüm
beynəlxalq tədbirlər,
mötəbər mərasimlər
və məclislərlə
yanaşı, irimiqyaslı
ictimai-siyasi toplantılarda,
mədəni tədbirlərdə
və idman yarışlarında qaldırılaraq
milli varlığı
təcəssüm etdirir.
İşğaldan azad edilən Lələtəpə
yüksəkliyinə sancılaraq,
Cocuq Mərcanlının
üzərində zəfər
nəğməsi oxuyur...
Məbədlər başına
tac olan
hilal
Daim ucalarda, Qarabağımızın ən
hündür zirvələrində
dalğalan, bayrağım!..
Dalğalan Şuşada,
Laçında, Kəlbəcərdə,
Ağdamda, Zəngilanda,
Qubadlıda!..
Dalğalan ki, böyük yaradılışının
şahidi olanların,
uğrunda canlarından
keçənlərinin ruhu
şad olsun!..
Hər qıvrılıb
açılanda, hər
qabarıb çəkiləndə
yağının bağrına
ox kimi sancıl!..
Dalğalan ki, düşmən əzəmətin
qarşısında əzilsin,
diz çöksün
önündə!..
Aləmə nur saçdı tarix boyunca
Məbədlər başına
tac olan
hilal.
Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər
çalmış şəhid
önündə
Səni alqış üçün
əyilən görüm.
Yasəmən MUSAYEVA
Azərbaycan.-
2019.- 9 noyabr.- S.2.