Seulda OANA-nın XVII Baş Assambleyası işini davam etdirib

 

AsiyaSakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVII Baş Assambleyası noyabrın 8-də Seulda işini davam etdirib.

Baş Assambleya AZƏRTAC-ın sədrliyi və Koreya Respublikasının Yonhap agentliyinin təşkilatçılığı ilə keçirilir. İclasda 28 ölkədən 32 xəbər agentliyinin rəhbərləri və nümayəndələri iştirak edirlər.

Assambleyanın ikinci günündə “Jurnalistika üçün yeni çağırışlar: texnoloji yeniliklər və xəbərlərin etibarlılığı” mövzusunda konfransın 2-ci və 3-cü sessiyaları keçirilib. Sessiyalarda xəbər buraxılışı və yayımında tətbiq edilən texnoloji yeniliklər, həmçinin mediaya etimadfeyk məlumatlarla mübarizə məsələləri müzakirə olunub.

Avstraliyanın Associated Press agentliyinin baş redaktoru Antoni Gilles və Aralıq Dənizi Xəbər Agentlikləri Alyansının baş katibi Georgios Penintaksın moderatorluğu ilə keçən sessiyalarda Dennis Veitziq, Duan Atkins, Troy MakQraf təqdimatlarla çıxış ediblər. Çıxışlarda xəbər agentlikləri tərəfindən buraxılan fotoların internetdə müəlliflik hüququnun qorunması, izlənməsi, xəbərlərin statistikasının aparılması kimi proqram təminatları barədə məlumat verilib. Eyni zamanda, feyk xəbərlərin informasiya mühitinə təsiri, yalan məlumatlarla mübarizə yolları, mediaya etimadın vacibliyi barədə fikirlər bildirilib.

Assambleya çərçivəsində OANA İcraiyyə Komitəsinin 45-ci iclası keçirilib. OANA-nın prezidenti Aslan Aslanovun sədrliyi ilə keçən iclasda Baş Assambleyada müzakirəyə çıxarılacaq məsələlərə baxılıb. Növbəti Baş Assambleyanın yeri və vaxtı, yeni üzvlərin qəbulu, təşkilatın Nizamnaməsinə dəyişikliklər, İcraiyyə Komitəsinin tərkibi ilə bağlı məsələlər müzakirə olunub.

 

Azərbaycan.- 2019.- 9 noyabr.- S.5.