Mühüm mərhələ
Namizədlərin qeydə alınması şərtləri.
Qeydə alınmış namizədlərin statusu,
onların bərabərliyi və fəaliyyətinin təminatları.
Namizədin namizədlik statusundan imtina etməsi
Hazırda respublikamızın ictimai-siyasi həyatının çox mühüm hadisələrindən olan bələdiyyə seçkilərinə hazırlıq hərəkətləri uğurla davam etməkdədir. Seçki qanunvericiliyində nəzərdə tutulmuş seçki subyektləri tərəfindən namizədliyin irəli sürülməsi, təsdiqi və namizədlərin qeydə alınması prosesi gündən-günə genişlənir.
Seçkilərdə iştirak etmək hüququna malik olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.
Məlumdur ki, passiv seçki hüququna malik olan Azərbaycan Respublikasının vətəndaşları öz təşəbbüsü ilə, seçicilərin təşəbbüs qruplarının təşəbbüsü ilə, siyasi partiyalar və siyası partiyalar bloku tərəfindən bələdiyyə üzvlüyünə namizəd irəli sürülə bilər. İrəli sürülən namizədlik təsdiq olunduqdan sonra namizədin müdafiəsi üçün seçici imzaları qanunvericilikdə nəzərdə tutulan qaydada toplanılır və rəsmiləşdirilir. Bundan sonra seçki prosesinin mühüm mərhələlərindən olan namizədlərin qeydə alınması başlanır.
İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək müvafiq seçki komissiyasına namizədin müdafiəsi üçün toplanmış imzalar olan imza vərəqələrini və digər seçki sənədlərini təqdim etməlidir.
Müvafiq seçki komissiyasına namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri ilə birlikdə seçici imzalarının toplanması haqqında Mərkəzi Seçki Komissiyasının müvafiq təlimatına əlavə edilmiş yekun protokolunun iki nüsxəsi, namizədin öhdəlik ərizəsindəki özü haqqında məlumatlarda dəyişiklik olubsa, bu barədə bildiriş, namizədin seçkilərin təyin edildiyi gündən əvvəlki bir illik dövrü əhatə edən gəlirlərinin miqdarı və mənbələri barədə məlumat, gəlirlər barədə məlumatların alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış, namizədə məxsus əmlak barədə Seçki Məcəlləsinin 5 saylı əlavəsinə uyğun formada tərtib edilmiş məlumat, seçici imzalarının toplanması üçün sərf edilmiş vəsait haqqında məlumatlar da göstərilməklə, namizədin ilkin maliyyə hesabatı təqdim edilməlidir.
Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Siyasi partiyanın, siyasi partiyalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqda müvafiq seçki komissiyası qeydiyyat barəsində qərarında namizədin müvafiq siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürüldüyünü göstərir. Qeydiyyat barədə və ya qeydiyyatdan imtina barəsində qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir.
Namizədin qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində namizədə, namizəd irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməli, qeydiyyatdan imtina olunubsa, həm də bunun əsasları göstərilməlidir.
Seçki Məcəlləsinin 60-cı maddəsində qeydiyyatdan imtina üçün aşağıdakı əsaslar müəyyən edilmişdir:
- imzaların toplanması zamanı Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinin pozulması;
- Seçki Məcəlləsinin 57-ci və 58-ci maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması;
- namizədlərin, siyasi partiyanın, siyasi partiyalar bloklarının Seçki Məcəlləsinin 57-ci və 58-ci maddələrinə uyğun təqdim etdikləri məlumatların düzgün olmaması (siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülən namizədlərə bu əsas o vaxt tətbiq edilə bilər ki, göstərilən düzgün olmayan məlumatlar namizədin təqsirindən buraxılsın);
- namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması;
- namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondunun yaradılması qaydasının və müvafiq seçki fondunun vəsaitinin xərclənməsi qaydasının pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq olunsun);
- Seçki Məcəlləsinin 55-ci maddəsinin tələblərinin siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi, habelə siyasi partiya, siyasi partiyaların bloku və ya namizəd tərəfindən pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq edilsin - bu cür pozuntu digər məsuliyyətə səbəb olmursa).
Onu da qeyd edək ki, göstərilən hallar qeydiyyatdan imtinaya dair qərarın çıxarılması üçün əsas götürüldükdə qərar buraxılan səhvə (qüsura, pozuntuya) mütənasib olmalıdır. Təqdim edilən sənədlərdə səhvlər və pozuntular namizəd və ya siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsini 24 saat müddətində bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədi qeydə alır.
Namizədin hərəkətlərində cinayət məsuliyyətinə və ya inzibati məsuliyyətə səbəb olan hüquq pozuntusu əlamətləri aşkar edildikdə seçki komissiyası qanunvericiliyin pozulmasında təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq sənəd və materialları hüquq mühafizə orqanlarına göndərir.
Müvafiq seçki komissiyaları aidiyyəti seçki dairəsi üzrə qeydə alınmış namizədlər barədə məlumatları qeydiyyatdan sonra 24 saat müddətində kütləvi informasiya vasitələrinə təqdim edirlər. Seçki komissiyaları qeydə alınmış namizədlər barədə məlumatları səsvermə gününə ən azı 15 gün qalmış seçki komissiyasının otaqlarında, məlumat lövhələrində yerləşdirirlər. Namizədin qeydiyyatının ləğv edilməsi barədə məlumatlar da həmin qaydada yerləşdirilir.
Qeydə alınmış hər bir namizədə dairə seçki komissiyası tərəfindən qeydiyyat vəsiqəsi verilir.
Qeydə alınmış bütün namizədlər, onların statusları nəzərə alınmaqla, bərabər hüquqa malikdirlər və bərabər vəzifələr daşıyırlar.
Dövlət orqanlarında işləyən, bələdiyyə qulluğunda olan və ya kütləvi informasiya vasitələrində əmək və mülki hüquq müqaviləsi əsasında işləyən qeydə alınmış namizədlər seçki kampaniyasında iştirak etdikləri müddətdə xidməti vəzifələrini yerinə yetirməkdən azad olunurlar, müvafiq əmrin təsdiq edilmiş surətini qeydiyyat günündən ən geci 3 gün ərzində onları qeydə almış seçki komissiyasına təqdim edirlər. Onlar öz vəzifə və xidməti mövqeyindən imtiyaz qazanmaq və üstünlük əldə etmək məqsədilə istifadə edə bilməzlər.
Vəzifə və xidməti mövqedən üstünlük əldə etmək məqsədilə istifadə olunması nəticəsində bərabərlik prinsiplərinin pozulması halları Seçki Məcəlləsinin 55.2-ci maddəsi ilə müəyyənləşdirilir.
Dövlət vəzifələrində olan qeydə alınmış namizədlərin yalnız öz vəzifələrini icra etməkdən azad olunduğu vaxtda seçkiqabağı təşviqat aparmaq hüququ vardır.
Vəzifəli şəxslər, teleradio verilişləri və kütləvi informasiya vasitələri redaksiyalarında işləyən jurnalistlər və yaradıcı işçilər qeydə alınmış namizəddirlərsə, yaxud qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri və ya səlahiyyətli nümayəndələridirsə, seçkilərin gedişinin kütləvi informasiya vasitələri ilə işıqlandırılmasında iştirak etmək onlara qadağan edilir.
Qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri və səlahiyyətli nümayəndələri, qeydə alınmış namizədlərin vəkil edilmiş şəxsləri, göstərilən şəxslərin təsisçisi, sahibi, üzvü və ya işçisi olduğu təşkilatlar, göstərilən şəxslərin və ya təşkilatların tapşırığı ilə hərəkət edən digər fiziki və hüquqi şəxslər xeyriyyə fəaliyyəti ilə məşğul ola bilməzlər. Göstərilən şəxslərin və təşkilatların fiziki və hüquqi şəxslərə, seçicilərə maddi və maliyyə, yaxud digər xidmətlər göstərmək təklifi ilə müraciət etməsi qadağandır. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun üzvlərinin, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin adından və onların müdafiəsi üçün fiziki və hüquqi şəxslərin xeyriyyə fəaliyyəti ilə məşğul olması qadağandır.
Bundan başqa, seçkilərdə iştirak edən qeydə alınmış namizəd Seçki Məcəlləsinin 2.6-cı maddəsində göstərilən şərtlərlə yanaşı aşağıdakı şərtlərə də riayət etməlidir:
- qeydə alınmış digər namizədlərin seçki kampaniyası zamanı öz siyasi ideyalarını və baxışlarını azad və sərbəst yaymaq hüququna hörmət bəsləmək;
- qeydə alınmış digər namizədlərin, siyasi partiyaların, seçicilərin və ictimai təşkilatların hüquqlarına hörmət bəsləmək;
- seçicilərlə azad ünsiyyətin yaradılmasında qeydə alınmış digər namizədlərə mane olmamaq.
Qeydə alınmış namizədə qanunla müəyyən edilmiş nəqliyyat xərcləri onun qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ödənilir. Taksi və sifarişli nəqliyyat reyslərindən istifadə xərcləri ödənilmir. Şəhərkənarı və şəhərlərarası nəqliyyat xərcləri gediş-gəliş biletinin, şəhər nəqliyyatı üçün isə müvafiq müddətdə istifadə edilmiş gediş-gəliş biletlərinin təqdim edilməsi əsasında ödənilir.
Namizəd qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının, onların vəzifəli şəxslərinin təşəbbüsü ilə işdən, xidmətdən, təhsil müəssisəsindən çıxarıla bilməz və ya razılığı olmadan başqa işə, başqa yerdə işləməyə (oxumağa, xidmət keçməyə) keçirilə bilməz, habelə ezamiyyətə göndərilə bilməz, hərbi xidmətə və ya toplanışa çağırıla bilməz. Qeydə alınmış namizədin seçkilərdə iştirak müddəti qeydə alındığı gündən başlayaraq işlədiyi ixtisas üzrə əmək stajına daxil edilir.
Qeydə alınmış namizəd qeyd edilən müddətdə müvafiq prokurorun razılığı olmadan, namizəd kimi qeydə alındıqdan sonra törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz və məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Qeydə alınmış namizəd cinayət başında yaxalanarsa, tutula bilər. Belə razılıq verildikdə və ya qərar qəbul edildikdə, müvafiq prokuror və ya məhkəmə namizədin qeydə alındığı seçki komissiyasını bu barədə dərhal xəbərdar edir.
Qeydə alınmış namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi müvafiq dairə seçki komissiyasından hüdudları, ünvanı və telefonları göstərilməklə seçki məntəqələrinin, məntəqə seçki komissiyalarının siyahısını və səsvermə yerlərinin ünvanlarını ala bilər.
Seçki qanunvericiliyinin humanizm prinsipinə uyğun olaraq qeydə alınmış namizəd səsvermə gününə azı 10 gün qalmış müvafiq seçki komissiyasına yazılı ərizə verərək namizədliyini geri götürə bilər. Belə ərizə geri götürülə bilməz. Daxil olmuş ərizə əsasında müvafiq seçki komissiyası ərizə vermiş namizədin qeydiyyatının ləğvi barədə 1 gün müddətində qərar qəbul edir.
Qeydə alınmış namizədin öz namizədliyini geri götürməsinə məcburedici əsas, habelə siyasi partiyanın, siyasi partiyalar blokunun qeydə alınmış namizədini geri çağırmasına məcburedici əsas dedikdə, qeydə alınmış namizədin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilərək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan müvafiq tibbi ekspertiza orqanı tərəfindən təsdiqlənmiş ağır xəstəliyi və ya iştirakını mümkünsüz edən səbəblər nəticəsində namizədin seçki kampaniyası dövründə sağlamlığının pozulması başa düşülür.
Namizədin öz namizədliyini geri götürməsi haqqında məlumat dairə və məntəqə seçki komissiyalarının məlumat lövhələrində yerləşdirilir.
Qeydə alınmış namizəd dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının seçki komissiyasının hərəkəti (hərəkətsizliyi) nəticəsində ona dəymiş zərərin ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məhkəməyə müraciət edə bilər.
Validə KAZIMOVA,
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının üzvü
Azərbaycan.- 2019.-9 noyabr.-
S.1; 6.