Azərbaycan ədəbi dili tarixinə daha bir töhfə

 

Dilimizin tarixi keçmişini yaşadan söz ustadlarının miras qoyub getdiyi ədəbi-bədii nümunələr yetərincədir. Bu nümunələrlə dilimizin fonetik, leksik, həmçinin qrammatik sistemi barədə zəngin bilgilər alır, onun müəyyənləşməsi, formalaşması, həm də keçdiyi tarixi inkişaf yollarını öyrənirik.

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayevanın da yeni çapdan buraxılan "XVII əsr Azərbaycan ədəbi dilinin fonetikleksik norma demokratizmi” və "XVII əsr Azərbaycan ədəbi dilinin qrammatik norma demokratizmi” monoqrafiyaları bu baxımdan elmə sanballı töhfə hesab edilir.

Hər iki monoqrafiyada dildaxili yeni differensasiya, sabitləşmə, demokratikləşmə proseslərinin başlanğıc mərhələsi olan XVII əsr Azərbaycan ədəbi dil normalarının tarixi təkamülü araşdırılır. "Azərbaycan ədəbi dilinin fonetikleksik norma demokratizmi” adlı monoqrafiyada XVII əsr Azərbaycan ədəbi dilinin vokalkonsonant sisteminin, eləcə də leksik yarusların məkanında yer alan hadisə və qanunlara yeni rakursdan baxılır.

Həmin dövrü təmsil edən dil materiallarını izləməklə tarixi orfoqrafiyamızın, imlamızın, eləcə də dilimizin fonetik prinsipləri üzə çıxarılır. Burada müəyyənləşdirilir ki, xəlqiləşdirməni mayalandıran canlı danışıq dilinin təsiri nəticəsində on yeddinci yüzillikdə klassik kitab dili öz ənənəvi çərçivəsindən çıxaraq, dili xəlqiləşdirməyə doğru istiqamətləndirilir. Elə bu yönləmə onun milliləşməsinə rəvac verir.

Bununla yeni dildaxili proseslər leksik sistemdə də demokratikləşməyə öz təsirini göstərir. Belə ki, bu dövr ədəbi dilimizdə qeyri-ümumişlək ərəbizm və farsizmlərin dildən çıxma axını güclənir. Türkizmlər, eləcə də türkləşmiş ərəb və fars sözləri isə bir tərəfdən kəmiyyət çoxluğuna və intensivliyə imza atır, digər tərəfdən isə dildə oturaqlığını, yəni "yerini bərkidir”. Nəticədə XVII əsr Azərbaycan ədəbi dilinin lüğət tərkibi millilik baxımından yenidən təşkil olunur.

Elmi redaktoru mərhum akademik, filologiya üzrə elmlər doktoru, professor Tofiq Hacıyev, rəyçiləri akademik Nizami Cəfərov, Filologiya üzrə elmlər doktorları, professor Elbrus Əzizov, Məmmədəli Novruzov, Məhərrəm Məmmədli olan hər iki monoqrafiya ali məktəblərin filologiya fakültəsinin müəllimləri, magistrantları, tələbələri, ümumilikdə dil tarixçiləri üçün faydalı olacağı annotasiyada xüsusi qeyd edilir.

"XVII əsr Azərbaycan ədəbi dilinin qrammatik norma demokratizmi” monoqrafiyasında isə XVII əsr Azərbaycan ədəbi dilinin qrammatik normasında gedən demokratikləşmə üzə çıxarılır. İzahetmələrdə belə demokratikləşmənin getdiyi qeydə alınır. Burada həmçinin qrammatik sistemdə reallıq tapan "oğuz” və "cağataydil faktları paralelliyində oğuz elementlərinin aparıcılığı və sabitliyi dəqiləşdirilməklə təsdiqlənir. Müasir Azərbaycan ədəbi dilinəqədərki yolu qət edə bilməyənlər üzə çıxarılır və onların normativləşməməsində ümumxalq dilinin rolu diqqətə çatdırılır, cümlə tirajları ekvivalentlik və fərqlənmələr fonunda təqdim olunur.

Tədqiqat tarixi-müqayisəli araşdırma yolu ilə aparıldığından monoqrafiyalarda inteqrallıq və differensiallıq müəyyənliyi ilə üzə çıxarılır. Məhz dilimizin bu tarixi mərhələsində nağıl, təhkiyə dili əruza yol açır. Monoqrafiyalardan alınan təəssürata görə, zəngin və faktiki dil materiallarına söykənən müəllif tərəfindən XVII əsr həm də "xəlqiləşmənin yenidən təşkili” adlı dildaxili yeni prosesin getdiyi bir zaman kəsiyi, ümumxalq dilinin funksional imkanlarının genişləndiyi tarixi mərhələ kimi səciyyələndirilir.

Monoqrafiyaların zənginliyini təsdiq edən faktorlar burada az deyil və təbii ki, onları sadalamağa ehtiyac duyulmur. Lakin elə məqamlar var ki, onların üstündən ötüb keçmək insafsızlıq olardı. Monoqrafiyalarda izahlı lüğət (çünki ərəb-fars mənşəli terminlərdən yetərincə istifadə olunur) sadə oxucunu belə, dil mütəxəssisi olmasa da, özünə cəlb edir. Nümunələrin izahı elmi və ədəbi dilin imkanlarına əsaslanır.

Ümumiyyətlə, XVII əsr Azərbaycan ədəbi dil normalarının bütün dil yarusları üzrə ilk dəfə olaraq tədqiqata cəlb olunması dilçilik elmi üçün bir yenilik hesab edilir. Nəticə olaraq adıçəkilən hər iki monoqrafiya bu zaman kəsiyindəki boşluğu doldurur.

Bütün hallarda XVII əsr ədəbi dil norması onun şifahi və yazılı qolları arasında yaxınlaşmanı təmin edərək uçurum yaranmasının qarşısını alır. Beləliklə, normallaşmalardakı bu yeni inkişaf həddi XVII əsr Azərbaycan ədəbi dilini canlı danışıq dilinə doğru istiqamətləndirir. Bu, həmin əsrin sonunadək davam edir. Ədəbi dilin bu axarda zirvələşməsi isə daha çox xalq şeiri janrlarının əhatə dairəsinin genişlənməsi sayəsində baş verir.

Bu baxımdan müəllifin hər iki monoqrafiyası dil elminin inkişafına bir töhfədir.

Elm xadimlərinin, mütəxəssislərin, filoloq alimlərin mükəmməl hesab etdikləri monoqrafiyaların müəllifi Qızılgül Abdullayeva qarşısına qoyduğu məqsədə çatmaq üçün əsaslı araşdırmalar aparıb.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.-9 noyabr.- S.11.