Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil
edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:
-Ölkəmizdə kadr islahatları
davam edir. Kadr islahatları ümumi islahatların tərkib hissəsidir.
Keçənilki prezident seçkilərindən sonra yeni
islahatlar dövrünə start verildi və bu islahatlar davam
etdirilir. Sual yarana bilər ki, əgər ölkədə
sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac
varmı? Birmənalı olaraq cavab verə bilərəm ki, bəli,
islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə deməkdir,
islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar
tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə
etmiş ölkələrin təcrübəsinə nəzər
salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi
hesabına əldə edilibdir.
Son 16 il ərzində Azərbaycanda
sürətli inkişaf dövrü yaşanır. Bu
inkişaf özünü bütün sahələrdə
büruzə verir. Ölkəmizin beynəlxalq nüfuzu
böyük dərəcədə artmışdır. Bu
gün biz dünya miqyasında çox böyük hörmətə
layiq ölkə kimi öz fəaliyyətimizi aparırıq.
Qoşulmama Hərəkatının bu yaxınlarda Bakıda
keçirilmiş Zirvə Görüşü bunu bir daha təsdiqlədi.
Biz artıq BMT-dən sonra dünya miqyasında ikinci
böyük təşkilat olan Qoşulmama Hərəkatına
sədrlik edirik və üç il ərzində sədrliyi
davam etdirəcəyik. Bu sədrlik 120 ölkənin rəyi əsasında
yekdil qərarla əldə edilibdir. Yəni, bu, onu göstərir
ki, dünya birliyinin ən azı üçdəiki hissəsi
Azərbaycanı dəstəkləyir və bizim siyasətimizə
böyük qiymət verir.
Eyni zamanda, siyasi islahatlar
aparılır. Son illərdə demokratiyanın
inkişafı istiqamətində, insan haqlarının
qorunması işində böyük nailiyyətlər əldə
edilib. Həmişə dediyim kimi, Azərbaycanda siyasi və
iqtisadi islahatlar vəhdət təşkil edir.
O ki qaldı, iqtisadi sahəyə,
hesab edirəm ki, Azərbaycanın əldə etdiyi nəticə
dünya miqyasında rekord göstəricidir, 15 il ərzində
- 2003-2018-ci illərdə bizim iqtisadiyyatımız
üç dəfədən çox artmışdır.
Bütün digər göstəricilər onu təsdiq edir ki,
iqtisadi artım, eyni zamanda, vətəndaşların sosial təminatına
da müsbət təsir göstərmişdir. Beləliklə,
Azərbaycanda yoxsulluq təxminən 50 faizdən 5 faizə
düşmüşdür. Xarici dövlət borcu ən
aşağı səviyyədədir, ümumi daxili məhsulun
cəmi 17 faizini təşkil edir və bu göstəriciyə
görə biz dünya miqyasında doqquzuncu yerdəyik.
Böyük infrastruktur layihələri
icra edilib və bu gün ölkəmizdə
qazlaşdırmanın səviyyəsi 96 faizdir. Elektrik
enerjisinin əlçatanlıq əmsalına görə Davos
Ümumdünya İqtisadi Forumu Azərbaycanı dünya
miqyasında ikinci yerə layiq görübdür. Bu, çox
böyük nailiyyətdir. Yolların tikintisi - 15 ildə 15
min kilometr yol çəkilib, o cümlədən magistral,
şəhərlərarası, kənd yolları çəkilib.
Digər infrastruktur layihələri, o cümlədən sosial
infrastrukturla bağlı layihələr uğurla icra edilib,
3200-dən çox məktəb, 640-dan çox tibb müəssisəsi
tikilib, yenidən qurulub, yaxud da ki, təmir edilib. Yəni, əldə
edilmiş bütün bu nəticələri sadalamaq
üçün saatlarla vaxt lazım olacaq.
Bildirməliyəm ki, texnoloji
inkişaf istiqamətində böyük uğurlar əldə
edilib. Azərbaycan indi kosmik klubun üzvüdür,
üç peykimiz var. Deyə bilərəm ki, bu yaxınlarda
çox gərgin yarış nəticəsində Azərbaycan
2022-ci ildə Dünya Astronavtika Konqresinə ev sahibliyi edəcək.
Məlumat üçün bildirmək istəyirəm ki, bizim
rəqiblərimiz Rio-de-Janeyro, Dehli və Sinqapur şəhərləri
idi. Yəni, bu şəhərlərin nə qədər
inkişaf etmiş şəhərlər olması haqqında əlavə
sözlərə ehtiyac yoxdur. Azərbaycan bu yarışda da
qalib gəldi. Nəyin hesabına? Ona görə ki, dünya
miqyasında bizim siyasətimizə çox böyük dəstək
var, rəğbət var. Bizim sözümüzlə əməlimiz
birdir. Azərbaycan dünya miqyasında özünü
çox məsuliyyətli ölkə kimi artıq təsdiqləyibdir.
Eyni zamanda, sosial islahatlar uğurla
aparılır. Yoxsulluğun aşağı səviyyəyə
düşməsinin əsas səbəbi də ondan ibarətdir
ki, bizim iqtisadi islahatlarımız, o cümlədən sosial
sahə böyük diqqətlə əhatə olunur. Bu il 4
milyon 200 mindən çox insan çox geniş sosial paketlə
əhatə olunubdur və minimum əməkhaqqı, minimum
pensiya əhəmiyyətli dərəcədə
artmışdır. Minimum əməkhaqqı təxminən 2
dəfə, minimum pensiya 70 faizdən çox, müavinətlər
2 dəfə artmışdır. Bu il orta əməkhaqqı
35 faiz artmışdır. Mənə bu yaxınlarda verilən
statistik məlumata görə, hazırda Azərbaycanda orta əməkhaqqı
723 manat təşkil edir. Əminəm ki, gələcək
illərdə bu rəqəm artacaq. İlk növbədə,
ona görə ki, həm maaşlar artacaq, eyni zamanda, biz
kölgə iqtisadiyyatına qarşı ciddi mübarizə
apararaq, artıq 100 mindən çox iş yerini kölgədən
çıxarıb və onları rəsmiləşdirə
bilmişik və bu proses davam edəcək. Biz hələ
işin başlanğıc mərhələsindəyik. Amma
orta əməkhaqqının 35 faiz artırılması və
723 manata çatdırılması, əlbəttə ki,
sosial siyasətimizin bariz nümunəsidir.
Son illərdə energetika, nəqliyyat
sahələrində qarşımızda duran bütün vəzifələr
icra edildi. Bu vəzifələri icra etmək üçün
çox böyük səylər göstərilmişdir.
Çox mürəkkəb geosiyasi vəziyyətdə həm
Bakı-Tbilisi-Ceyhan, həm də Bakı-Tbilisi-Ərzurum
neft-qaz kəmərləri istismara verildi. TANAP kimi tarixi layihə
artıq fəaliyyətdədir və Cənub Qaz Dəhlizinin
icrasının yekunlaşmasına demək olar ki, bir il vaxt
qalıbdır. İnşallah, biz bu layihəni də
uğurla başa vuracağıq.
Azərbaycanda nəqliyyat infrastrukturu
müasirləşir. Yenə də Davos Ümumdünya
İqtisadi Forumunun son hesabatına qayıtmaq istəyirəm.
Orada göstərilir ki, dəmir yollarının səmərəliliyinə
görə Azərbaycan dünya miqyasında 12-ci yerdədir,
hava nəqliyyatının səmərəliliyinə görə
isə 11-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə
görə Azərbaycan dünya miqyasında 27-ci yerdədir və
MDB-də birincidir. Yəni, eyni zamanda, Şimal-Cənub və
Şərq-Qərb nəqliyyat dəhlizlərinin fəaliyyəti
də böyük dərəcədə bizim uğurlu siyasətimizdən
asılı idi və bu layihələrə artıq start
verildi. Azərbaycan uzunmüddətli formatda bu layihələrdən
həm böyük siyasi, həm də iqtisadi dividendlər
götürəcək.
Əlbəttə ki, bütün bu
müsbət nəticələri qorumaq və onları
artırmaq üçün mütləq kadr islahatı da
aparılmalıdır. Bu məqsədlə Azərbaycanda
hazırda çox ciddi kadr islahatları aparılır. Həm
təcrübə qazanmış kadrlar daha da səmərəli
öz işlərini qururlar, eyni zamanda, gənclərə də
böyük meydan verilir. Bu, təbiidir, çünki gələcəkdə
ölkəmizi bugünkü gənclər idarə edəcəklər.
Onlar gərək həm təcrübə toplasınlar,
peşəkar olsunlar, eyni zamanda, Vətənə bağlı
olsunlar. Ona görə gənclərə vətənpərvərlik
hissləri aşılamaq hər birimizin borcudur ki, onlar gələcəkdə
Vətənə bağlı olsunlar və hər hansı bir
xarici təsirdən azad olsunlar. Çünki ölkəmizin
nüfuzu artır, imkanları artır. Bizim
iştirakımız, razılığımız olmadan
regional müstəvidə heç bir təşəbbüs,
yaxud da ki, layihə icra edilə bilməz. Əlbəttə,
belə olan halda bizə həm maraq artır, həm də ki,
bəzi dairələr tərəfindən təzyiqetmə cəhdləri
də arta bilər. Düzdür, son 16 ilin təcrübəsi
onu göstərir ki, kənardan edilən hər hansı bir təzyiqə
Azərbaycan çox böyük məharətlə və ləyaqətlə
davam gətirə bilir. Bizə qarşı ünvanlanmış
bütün bu oxlara, silahlara tutarlı cavab verə
bilmişik. Bu cavabın əsas mahiyyəti ondan ibarətdir
ki, xalq-iqtidar birliyi bugünkü sabitliyin və müstəqil
həyatımızın əsas təminatçısıdır.
Ancaq yenə də deyirəm, gənclər mütləq məhz
vətənpərvərlik ruhunda tərbiyə almalı və
təcrübə toplamalıdılar. Ona görə son
dövrün kadr islahatlarının məqsədlərindən
biri də odur ki, biz gənclərə daha geniş imkanlar
yaradaq, geniş meydan verək ki, onlar həm təcrübə
toplasınlar, həm də gələcəkdə öz
işləri ilə ümumi işimizə töhfə versinlər.
Bu gün kadr islahatlarının yeni
dövrüdür. Bu gün bir neçə rayona icra
başçıları təyin olunur. Onların bəziləri
artıq neçə ildir ki, icra başçısı vəzifəsində
işləyirlər, bəziləri bu gün bu məsul vəzifəyə
təyin olunurlar. Biz burada təcrübə ilə yeniliyin
sintezini, vəhdətini görürük və bu,
uğurlarımızın əsas bazasıdır.
Yeni təyin olunan icra
başçılarına mənim sözüm odur ki, siz, ilk
növbədə, vəziyyəti düzgün qiymətləndirməlisiniz,
çox ciddi təhlil aparmalısınız,
çatışmayan cəhətləri üzə çıxarmalısınız
və mövcud olan problemlərin həlli üçün səylərinizi
göstərməlisiniz. O problemlər ki, həlli mərkəzi
icra orqanlarından asılıdır, siz mütləq mərkəzi
icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər
Kabinetinə, digər müvafiq qurumlara müraciət etməlisiniz.
O məsələləri ki, özünüz həll edə
bilərsiniz, özünüz də həll etməlisiniz.
Başlıca məsələ ondan ibarətdir ki, sizin
işinizdə əsas prinsiplər bərqərar olsun. Birinci
halda ləyaqətlə xidmət etməlisiniz. Bu, həm bu
gün yeni təyin olunan icra başçılarına, həm
də artıq icra başçısı vəzifəsində
işləmiş və digər rayon və şəhərlərə
göndərilən icra başçılarına aiddir. Xalqa
xidmət etmək hər bir dövlət məmurunun borcudur və
dəfələrlə demişəm ki, mən Prezident kimi
öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək.
Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə
çox böyük dəstək göstərir.
Yenə də Davos İqtisadi Forumunun
hesabatına qayıtmaq istəyirəm. Orada göstərilir
ki, hakimiyyətin dəyişikliklərə, islahatlara meyili və
əhali tərəfindən rəhbərliyə olan dəstək
sahəsində Azərbaycan dünya miqyasında birinci
onluğa daxil edilib. Bu dəstək nəyin hesabınadır?
Ona görə ki, xalqa xidmət etmək mənim borcumdur və
bundan sonra da əsas borcum olaraq qalacaq.
Digər tərəfdən, icra başçıları peşəkar olmalıdırlar, bilikli olmalıdırlar və onlar işlədikləri rayonda, şəhərdə nüfuz qazanmalıdırlar. Bu, onların sırf öz işindən asılıdır. Prezidentin etimadı artıq xalqa bir mesajdır ki, Prezident bu şəxslərə etimad göstərir. Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər. Bu, artıq sizin işinizdən asılıdır. Siz işi elə qurmalısınız ki, vətəndaşlar sizi dəstəkləsinlər, sizə dayaq olsunlar. Əgər siz hansısa bəd əmələ düçar olsanız, əlbəttə ki, biz dərhal bundan xəbər tutacağıq və cəzanızı alacaqsınız. Elə işləməlisiniz ki, xalq sizdən razı olsun. İlk növbədə, xalqa xidmət etmək və öz vəzifənizin öhdəsindən peşəkarcasına gəlmək sizin borcunuzdur. Digər tərəfdən, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalısınız. Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir. Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər. Əgər gözlərini yumurlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışırlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar və almalıdırlar. Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik. O da həqiqətdir ki, bəzən hansısa şəxsi zəmində dövlət məmurlarına qarşı əsassız ittihamlar irəli sürülür. Xüsusilə özünü müxalifət adlandıran antimilli və tamamilə rəzil olmuş qorxaq dəstə bu işlərdə ön sıralardadır. Çünki onların əlindən heç nə gəlmir. Onların işi ancaq qarayaxma kampaniyaları aparmaq və bizim işimizə maneçilik törətməyə cəhd göstərməkdir. Ancaq tarix və həqiqət onu göstərir ki, ayağımıza dolaşmaq istəyən bu antimilli qorxaq dəstə bizim işimizə zərrə qədər ziyan vura bilməz. İndi onlar ancaq sosial şəbəkələrdən, bəzi internet resurslarından istifadə edərək dövlət məmurlarına qarşı qarayaxma kampaniyası aparırlar. Ona görə yerlərdən gələn hər bir siqnala obyektiv baxılacaq və sizin fəaliyyətinizə obyektiv qiymət veriləcək. Ona görə siz elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda işlər yaxşı getsin. Siz çalışmalısınız ki, rayonlara sərmayə qoyulsun, investorları inandırmaq üçün səylər göstərməlisiniz. Yəni, gözləməməlisiniz ki, dövlət gəlib hansısa işi görəcək, onsuz da biz bunu görürük. Hazırda 4-cü regional inkişaf proqramının icrası davam edir. Əminəm ki, növbəti 4 il ərzində bu günə qədər öz həllini tapmamış məsələlər də öz həllini tapacaq. Ancaq siz hər bir rayonda mövcud olan problemlərə diqqət göstərməlisiniz, reaksiya verməlisiniz və çalışmalısınız ki, bu məsələlər öz həllini tapsın.
Ona görə vətənpərvərlik, dürüstlük, şəffaflıq, vətəndaşlara xidmət, dövlətçilik prinsiplərini əsas tutmaq, investorları cəlb etmək, rayonların sosial-iqtisadi inkişafını təmin etmək sizin əsas vəzifəniz olmalıdır. Yenə də deyirəm, həm sənaye, həm də kənd təsərrüfatı istehsalı sahələrinə dövlət xətti ilə çox böyük dəstək göstərilir. Təsadüfi deyil ki, bu ilin 9 ayının yekunlarına görə qeyri-neft sənayemiz 15 faizdən, kənd təsərrüfatı 7 faizdən çox artıb. Artıq pambıq yığımı mövsümü başa çatır, mənə verilən məlumata görə, bu il biz rekord göstəriciyə nail olmuşuq. Biz keçən ilə nisbətən əkin sahələrini azaltdıq, 132 min hektardan 100 min hektara endirdik, çünki bəzi yerlərdə torpaqlar düzgün seçilməmişdi. Ancaq məhsuldarlıq artdı. Hazırda yığım davam edir və hektardan məhsuldarlıq 27 sentnerə çatıb, keçən il 17 sentner idi. Keçən il biz 132 min hektardan 233 min ton pambıq yığmışdıqsa, bu il 100 min hektardan artıq 270 min tondan çox pambıq yığmışıq. Mən təkcə pambığı deyirəm. İndi taxılçılıqda da böyük irəliləyiş var. Ümumi göstərici hektardan 32 sentnerə çatıb. Bu, çox yaxşı göstəricidir. Daha da artacaq. Meyvəçilikdə, fındıqçılıqda da məhsuldarlıq artır. Yəni, kənd təsərrüfatı sahəsində dövlət xətti ilə çox böyük işlər görülür. Siz də öz dəstəyinizi verməlisiniz və sahibkarlara diqqət göstərməlisiniz, onları incitməməlisiniz. Əgər hansısa sahibkar vəsait qoymaq, hansısa iş görmək istəyirsə, birinci olaraq siz ona dəstək verməlisiniz. Bəzi hallarda sahibkarlara qarşı ədalətsizlik edilir və onlardan nəsə əldə etmək cəhdləri göstərilir. Buna qətiyyən yol vermək olmaz. Sahibkarlara da deyirəm ki, əgər belə xoşagəlməz halla üzləşsələr, dərhal bizə məlumat versinlər.
Ölkəmizin ümumi inkişafı müsbətdir və mən gələcəkdə hər hansı bir ciddi problem görmürəm. Çünki ölkəmiz siyasi cəhətdən çox möhkəmdir, sabitlik Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Bizim siyasətimizə ləkə vuran hər bir adam öz cəzasını alacaqdır. Biz bu qədər səy göstəririk, bu qədər işlər görürük, əgər hansısa yaramaz məmur öz şəxsi maraqlarını təmin etmək üçün hansısa bəd əməl törədərsə, mütləq cəzasını alacaq və artıq tarix bunu göstərir.
Əminəm ki, siz bu
yüksək etimadı doğruldacaqsınız və elə
işləyəcəksiniz ki, rəhbərlik edəcəyiniz
rayon və şəhərlərdə inkişaf daha da sürətli
olsun.
Azərbaycan.-
2019.- 13 noyabr.- S.1; 3.