Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri
arasında iqtisadi əlaqələr
genişlənir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid əl-Mansurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev dedi:
-Xoş gəlmisiniz. Sizi yenidən görməyə şadam.
Sultan bin Səid əl-Mansuri dedi:
-Mən burada olmaqdan çox məmnunam. Burada özümüzü
evimizdəki kimi hiss edirik.
Prezident İlham
Əliyev: Doğrudur. Ümidvaram ki, səfəriniz çox yaxşı, çox uğurlu və səmərəli keçəcək. Sabah Birgə Hökumətlərarası
Komissiyanın iclası
keçiriləcək. Ümidvaram ki, o, çox uğurlu olacaq, çünki fəaliyyətimizin
əhatə dairəsi
artır.
Sultan bin Səid əl-Mansuri: Tamamilə doğrudur.
Prezident İlham
Əliyev: Əlaqələr olduqca müsbət məcrada inkişaf edir. Siyasi əlaqələr çox
güclüdür. Bizim aramızda
çox yaxşı qarşılıqlı anlaşma
və qarşılıqlı
dəstək var. Mən,
həmçinin sizin Qoşulmama Hərəkatının
Zirvə Görüşündə
iştirak edən Xarici İşlər nazirinizi görməyə
çox şad oldum. Bu mühüm
tədbirə verdiyiniz
töhfəyə görə
sizə təşəkkür
edirəm. Bildiyiniz kimi,
hazırda Azərbaycan
bu mühüm təşkilata sədrlik edir. Biz üç il ərzində
buna məsuliyyət daşıyacağıq. Biz sözsüz
ki, dost ölkələrimizi
dəstəkləyəcəyik. Bizim beynəlxalq təşkilatlarda
çox yaxşı qarşılıqlı dəstəyimiz
var, biz hər zaman bir-birimizi dəstəkləyirik. Ticarət dövriyyəmizdə
yaxşı nəticələr
var. Əlbəttə ki,
turizm artır, indi hər iki
istiqamətdə.
Sultan bin Səid əl-Mansuri: Bəli, çox
əla.
Prezident İlham
Əliyev: Ölkəmizə
səfər edən Birləşmiş Ərəb
Əmirlikləri vətəndaşlarının
sayı artır və əlbəttə ki, Azərbaycan vətəndaşları sizin
gözəl ölkənizə
səfər etməkdən
çox məmnundurlar.
Əminəm ki, komissiya çərçivəsində siz əməkdaşlığın
yeni sahələrini müəyyənləşdirəcəksiniz, ənənəvi sahələrdə
əməkdaşlığı intensivləşdirmək üçün
addımlar atacaqsınız
və biz gələcəkdə
dostluğumuzu gücləndirəcəyik.
Sultan bin Səid əl-Mansuri: Cənab
Prezident, bizi qəbul etdiyinizə görə təşəkkür
edirik. Mən bilirəm ki,
Siz Birləşmiş
Ərəb Əmirliklərinin
ən böyük dostlarından birisiniz.
Mən Birləşmiş
Ərəb Əmirliklərinin
Prezidenti Əlahəzrət
Şeyx Xəlifə
bin Zayed Al Nəhyanın
və qardaşınız
Şeyx Məhəmməd
bin Rəşid Al Məktumun
salamlarını çatdırmaq
istəyirəm. Cənab
Prezident, bildiyiniz kimi, Azərbaycan bizim qəlbimizdə xüsusi yer tutur. Biz görüşəndə
dərhal bunu hiss edirik. Bu gün
mən hava limanından şəhərə
otelə gələndə
ətrafı seyr etdim. Azərbaycanda möhtəşəm dəyişikliklər baş
verib. Zati-aliləri, ikinci məsələ
ondan ibarətdir ki, biz Birləşmiş Ərəb Əmirlikləri
və Azərbaycan arasında iqtisadi əlaqələrə çox
sadiqik.
Prezident İlham
Əliyev Birləşmiş
Ərəb Əmirliklərinin
Prezidenti Əlahəzrət
Şeyx Xəlifə
bin Zayed Al Nəhyanın
və Birləşmiş
Ərəb Əmirliklərinin
vitse-prezidenti və Baş Naziri, Dubay Əmiri Şeyx Məhəmməd
bin Rəşid Al Məktumun
salamlarına görə
təşəkkürünü bildirdi, onun da salamlarını Birləşmiş Ərəb
Əmirliklərinin Prezidentinə
və ölkənin vitse-prezidenti və Baş Nazirinə çatdırmağı xahiş
etdi.
Görüşdə ölkələrimiz
arasında iqtisadi əlaqələrin inkişaf
dinamikasının önəmi
vurğulandı, sərmayə
qoyuluşu, nəqliyyat
və digər sahələrdə əməkdaşlığın
perspektivləri ilə
bağlı məsələlər
müzakirə edildi, sabah Bakıda keçiriləcək Azərbaycan
Respublikası Hökuməti
və Birləşmiş
Ərəb Əmirlikləri
Hökuməti arasında
iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə
Birgə Hökumətlərarası
Komissiyanın növbəti
iclasının bu əməkdaşlığın daha da genişləndirilməsi
işinə töhfə
verəcəyinə əminlik
ifadə olundu.
Azərbaycan.- 2019.- 13 noyabr.- S.3.