Milli Məclisdə dövlətin iqtisadi
konstitusiyasının müzakirəsi başlayıb
Ötən həftə Milli Məclisin bütün komitələrində müsbət rəy alan "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin dünən parlamentin plenar iclasında geniş müzakirəsi başlandı.
Baş Nazir Əli Əsədov və hökumət üzvlərinin iştirak etdiyi iclasda çıxış edən Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, gündəliyinə 11 məsələnin daxil edildiyi bugünkü iclas əlamətdar bir günə - Konstitusiya Gününə təsadüf edir. 1995-ci il noyabr ayının 12-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Konstitusiyası qəbul edilib.
Düşünülmüş siyasət innovativ
inkişafı, dövlətə etimadı daha da möhkəmləndirib
Gündəliyin təsdiqindən sonra parlamentin Sədri dövlət büdcəsi haqqında məlumat verərək dedi ki, Prezident İlham Əliyevin uğurlu inkişaf strategiyası 2019-cu ilin ötən dövründə də iqtisadiyyatın yüksəlişini təmin edib.
Ölkənin bütün makroiqtisadi göstəricilərində artım müşahidə olunur. Keçən ilin aprel ayında cənab İlham Əliyevin andiçmə mərasimindəki çıxışında müəyyənləşdirdiyi strateji istiqamətlər üzrə həyata keçirilən islahatlar iqtisadi inkişafa yeni dinamika gətirib. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi sahəsində, xüsusən vergi və gömrük sistemində islahatlardan sonra bu gün geniş-miqyaslı struktur islahatları aparılır, dövlət idarəçiliyinə yeni yanaşmalar tətbiq edilir, o cümlədən gəncləşdirmə siyasəti həyata keçirilir.
Ona görə də tamamilə məntiqlidir ki, Dünya Bankının hazırladığı sonuncu "Doing Business 2020” hesabatına əsasən, Azərbaycan dünyanın 20 ən islahatçı ölkəsindən biri olub. Biznesə başlama göstəricisinə görə ölkəmiz dünyada 9-cu yeri tutur. Azərbaycanda ardıcıl xarakter daşıyan islahatlar iqtisadi inkişaf üçün əvvəlki illərdə yaradılmış potensialı daha da möhkəmləndirir və artırır: "Bu gün Milli Məclisdə müzakirəsinə başladığımız büdcə zərfi sənədləri ölkə iqtisadiyyatında müşahidə olunan müsbət dəyişiklikləri dolğun əks etdirir. Oktyabrın 15-də keçirilmiş iqtisadi müşavirədə dövlət başçısı İlham Əliyevin dediyi kimi, "Son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər”.
Oqtay Əsədov ötən 9 ayda ölkənin sosial-iqtisadi göstəricilərinə nəzər yetirərək bildirdi ki, ölkəmizin valyuta ehtiyatları son 1 ildə 9 faizdən çox artaraq 48,5 milyard dollar təşkil edib. Bu müddətdə ölkə iqtisadiyyatına 10 milyard manatdan çox investisiya yatırılıb. Bu vəsaitin 60 faizindən çoxu qeyri-neft sektoruna yönəldilib. 9 ayda əhalinin gəlirləri 8,9 faiz artıb, inflyasiya isə 2,6 faiz təşkil edib. Bunlar əhalinin sosial rifahının daha da yüksəlməsinin mühüm göstəriciləridir.
Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət innovativ inkişafı və dövlətə etimadı daha da möhkəmləndirib: "Parlamentə təqdim edilən sənədlərdən aydın olur ki, iqtisadi göstəricilərin artımı 2020-ci ildə də davam edəcək. İlk növbədə bunu söyləmək lazımdır ki, gələn il dövlət büdcəsinin gəlirləri 24,1 milyard manat, xərcləri 26,9 milyard manat olacaqdır. Bu, cari ilin göstəricilərindən müvafiq olaraq 4,2 faiz və 6,8 faiz çoxdur. Proqnozlara görə, əsas iqtisadi göstərici olan ümumi daxili məhsul 3 faiz, o cümlədən qeyri-neft sektorunda yaradılacaq məhsul 3,8 faiz artacaqdır. Bunun nəticəsində ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 70 faizə yaxınlaşacaq.
4 milyon 200 min nəfəri
əhatə edən 2 sosial paket
Hər il olduğu kimi,
2020-ci ilin dövlət büdcəsi də əhalinin sosial
rifahının yüksəlməsinə, dövlətin milli
təhlükəsizliyinin və müdafiə qabiliyyətinin
güclənməsinə, iqtisadiyyata investisiya qoyuluşunun
daha da artmasına, kənd təsərrüfatının
stimullaşdırılmasına, dövlət borcu üzrə
öhdəliklərin icrasına möhkəm maliyyə əsasları
yaradır”. Növbəti ilin dövlət büdcəsinin xərclərinin
strukturunda diqqəti çəkən mühüm məqamlardan
biri cari xərclərin həcminin artmasıdır. Belə
ki, 2020-ci ildə cari xərclərin həcmi bu ilə nisbətən
ciddi şəkildə, yəni 40 faizə yaxın, ölkə
üçün strateji sahələr olan təhsil xərcləri
38 faizdən çox, elm xərcləri 42 faiz, müdafiə və
təhlükəsizlik xərcləri 21 faiz artırılacaq. Digər strateji sahələrdə də ciddi
artımlar nəzərdə tutulur.
Spikerin sözlərinə
görə, büdcə sənədlərindən
göründüyü kimi, 2020-ci ilin büdcəsi də
sosialyönümlü olacaqdır. Gələn il
sosial müdafiə və sosial təminat xərcləri 31 faiz
artırılacaq. Nəticədə dövlət büdcəsinin
xərclərində sosialyönümlü xərclərin
xüsusi çəkisi 39 faizə yaxınlaşacaq:
"2019-cu ildə həyata keçirilmiş iki sosial paketin
icrasının gələn il davam etdirilməsi
üçün 4 milyard manatadək əlavə vəsait nəzərdə
tutulub. Bu sosial paketlərin əhatə dairəsinə
4 milyon 200 min nəfər, bütövlükdə isə hər
bir azərbaycanlı ailəsi düşür. 2020-ci ildən icbari tibbi sığortanın tətbiqi
ilə əlaqədar olaraq səhiyyə xərcləri 1
milyard 369 milyon manata çatdırılır. Məcburi köçkünlərin sosial müdafiəsinin
gücləndirilməsinə və mənzil-məişət
şəraitinin yaxşılaşdırılmasına
göstərilən daimi diqqət gələn il də davam
etdiriləcək”.
Sonda isə Oqtay Əsədov
nəzərə çatdırdı ki, dövlət büdcəsinin
layihəsi və büdcə zərfinə daxil olan sənədlər
parlament komitələrinin birgə iclaslarında ətraflı
müzakirə olunub və müzakirələrdən sonra
komitələr dövlət büdcəsini Milli Məclisin
plenar iclasına tövsiyə ediblər. Hesablama
Palatası da büdcə zərfinə öz müsbət rəyini
bildirib.
Hərbi xərclərin
artması obyektiv zərurətdən doğur
Çıxış edən
Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə
bildirdi ki, Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsindədir. İllər
keçdikcə Azərbaycan dövləti Prezident İlham
Əliyevin rəhbərliyi ilə öz büdcə parametrlərinin
daha da yaxşılaşdırılması üçün tədbirlər
görür.
Büdcə layihəsi
"Büdcə sistemi haqqında” qanuna uyğun olaraq
vaxtında Milli Məclisə təqdim edilib və
bütün komitələrdə geniş müzakirə
aparılıb. Səslənən təkliflərə
münasibət bildirilib. Komitə sədrinin
sözlərinə görə, gələn ilin büdcəsi
həm sosial, həm də investisiyayönümlüdür.
Büdcə layihəsi başlıca iqtisadi sənəd
olaraq 2020-ci ildə həyatımızın müxtəlif
istiqamətlərini əhatə edən, dünya və
ölkə iqtisadiyyatında gözlənilən meyillərin
təhlilinə uyğun hazırlanıb.
Ziyad Səmədzadənin sözlərinə
görə, Azərbaycanın dövlət büdcəsi son
illər dəfələrlə artıb və bundan sonra daha
çox artacaq: "Bəzi təşkilatlar bizi tənqid edir
ki, Azərbaycanda müdafiə xərcləri də artır. Lakin diqqət yetirmək vacibdir ki, hərbi xərclərin
artması obyektiv zərurətdən doğur. Bu sahəyə
bundan sonra da diqqət yönəldiləcək: "Artıq
Azərbaycanın çox güclü müdafiə
potensialı var. Bu, bölgədə ən güclü
potensialdır və biz bunu daha da artırmalıyıq. 2020-ci ilin büdcəsi bu tələblərə
cavab verir. Azərbaycan həm müdafiə
qabiliyyətini, həm iqtisadi təhlükəsizliyini gücləndirmək,
həm də ölkənin iqtisadi gücünün artması
və bu əsasla əhalinin keyfiyyətli yaşayış səviyyəsini
yüksəltməsi istiqamətində daha cəsarətli
addımlar atmaq imkanına malik olmalıdır”.
Büdcənin
sosialyönümlülüyü təmin ediləcək
Gələn ilin dövlət büdcəsinin
əsas parametrləri barədə məlumat verən Maliyyə
naziri Samir Şərifov bildirdi ki, 2020-ci il və ortamüddətli
dövrdə Azərbaycanın milli iqtisadiyyatının
başlıca sektorları üzrə strateji yol xəritələrinin
icrası, o cümlədən dövlət büdcəsinin vəsaiti
hesabına həyata keçirilməsi nəzərdə
tutulmuş dövlət proqramlarının və tədbirlərinin
maliyyələşdirilməsi büdcə xərclərinin əsas
istiqamətlərindən biri olacaq.
Ənənəvi olaraq
büdcənin sosialyönümlülüyü təmin ediləcək. Bu əsasda əməyin
ödənişi, təqaüdlər və sosial müavinətlər,
o cümlədən əhalinin aztəminatlı təbəqələrinin
sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə
maliyyə təminatının yaradılması prioritet istiqamətlərdən
olacaq. Ölkənin müdafiə qabiliyyətinin və
təhlükəsizliyinin təmin edilməsi, xüsusi
müdafiə xarakterli layihələr və tədbirlər
üçün maliyyə təminatının
yaradılması 2020-ci il və ortamüddətli
dövrdə də davam etdiriləcək. İnsan
kapitalının inkişafı, əmək məhsuldarlığının
artırılması, kompetensiyalı işçi qüvvəsinin
yaradılması üzrə tədbirlər büdcə siyasətinin
əsas istiqamətlərindən biri olaraq qalacaq. Bu əsasda
təhsil islahatlarının davam etdirilməsi, məktəbəqədər
təhsilin maliyyə təminatı, habelə ali
məktəblərə dövlət sifarişi əsasında
tələbə qəbulunun daha da genişləndirilməsi məqsədilə
müvafiq maliyyə təminatı ayrılacaq. Xərc
siyasətinin digər mühüm istiqaməti ərzaq təhlükəsizliyinin
təmin edilməsi olacaq. Bununla əlaqədar
aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının
aparıcı sahələrinin inkişaf etdirilməsi
üçün müvafiq təşviq mexanizmləri
formalaşdırılacaq, maliyyə dəstəyi və
subsidiyalar ayrılacaq. 2020-ci ilin xərc
siyasətinin əsas istiqamətlərindən biri səhiyyə
sahəsində islahatların dəstəklənməsi olacaq.
Belə ki, 2020-ci ildən başlayaraq ilk dəfə
olaraq bütün ölkə ərazisində icbari tibbi
sığortanın tətbiqi planlaşdırılır ki,
bu məqsədlə dövlət büdcəsində əhəmiyyətli
maliyyə vəsaiti nəzərdə tutulub. 2020-ci il və
ortamüddətli dövrdə nəqliyyat, kommunal infrastruktur,
meliorasiya, sənaye və energetika, kənd təsərrüfatı
kimi prioritet sahələrdə infrastruktur layihələrinin dəstəklənməsi,
habelə təhsil, səhiyyə, idman, mədəniyyət
obyektlərinin, əlil və şəhid ailələri
üçün evlərin tikintisi dövlət əsaslı
vəsait qoyuluşunun prioritet istiqamətlərindən olacaq.
Dövlət Neft
Fondundan büdcəyə 11 milyard 350 milyon manat transfert olacaq
2020-ci il
üçün icmal və dövlət büdcəsinin gəlirləri
hesablanarkən neftin bir barelinin qiyməti 55 ABŞ dollarına
bərabər götürülüb. Bütövlükdə
ortamüddətli dövr üçün də icmal və
dövlət büdcəsinin layihələri hazırlanarkən
həmin qiymətin əsas götürülməsi planlaşdırılır.
Dövlət büdcəsinin gəlirlərinin
tərkibində neft gəlirləri 56,1
faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və
ya 10,6 milyard manat nəzərdə tutulur. Cari
illə müqayisədə xüsusi çəki nisbətində
neft gəlirləri 3 faiz bənd azalıb, müvafiq olaraq isə
qeyri-neft gəlirlərinin xüsusi çəkisi 3 faiz bənd
artıb. Vergi orqanlarının xətti ilə dövlət
büdcəsinə 7 milyard 875 milyon manat daxilolma nəzərdə
tutulur ki, bu da cari illə müqayisədə 559 milyon manat və
ya 7,6 faiz çoxdur. Gömrük orqanlarının
xətti ilə büdcəyə 4 milyard manat, yəni 2019-cu
ilə nisbətən 298 milyon manat və ya 8 faiz çox vəsait
daxil olması proqnozlaşdırılır.
Növbəti ildə Dövlət
Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon
manat və ya cari illə müqayisədə 14 milyon manat az transfert nəzərdə tutulur.
İcmal büdcəsinin gəlirləri
27 milyard 533 milyon manat təşkil edəcək. İcmal büdcə xərclərinin
yuxarı həddi 29 milyard 488 milyon manat olacaq ki, bu da 2019-cu illə
müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz
çoxdur. İcmal büdcənin kəsiri 1 milyard 955 milyon
manat və ya proqnozla nəzərdə tutulan ümumi daxili məhsulun
2,3 faizinə bərabər olacaq.
Elm, təhsil, səhiyyə,
sosial təminat xərclərinə 8 milyard manat ayrılır
2019-cu illə müqayisədə
növbəti ildə elm xərclərinə 42,1 faiz, təhsil
xərclərinə 38,3 faiz, səhiyyə xərclərinə
31,3 faiz, sosial müdafiə və sosial təminat xərclərinə
31,1 faiz, mədəniyyət, informasiya, bədən tərbiyəsi
və gənclər siyasətinə 29,3 faiz, müdafiə və
hüquq mühafizə orqanlarının saxlanması xərclərinə
22,5 faiz çox vəsait nəzərdə tutulub.
Dövlət büdcəsinin
10 milyard 210 milyon manatı konkret proqram və tədbirlərin
maliyyələşdirilməsinə yönəldiləcək.
Nazir bildirdi ki, sosial xərclər
büdcənin prioritetini təşkil edəcək. Sosialyönümlü xərclər
10 milyard 642 milyon manat təşkil edəcək ki, bu da cari
illə müqayisədə 2 milyard 874 milyon manat çoxdur.
Əhalinin aztəminatlı təbəqəsinin sosial durumunun
yaxşılaşdırılması istiqamətində gələn
il ehtiyac meyarı həddinin və
yaşayış minimumunun məbləğinin
artırılması nəzərdə tutulub.
Gələn il üçün elm, təhsil,
səhiyyə, sosial təminat, mədəniyyət, informasiya,
bədən tərbiyəsi və gənclər siyasəti xərclərinə
8 milyard 402 milyon manat vəsait sərf olunacaq. İcbari
tibbi sığortanın tətbiqi də nəzərə
alınmaqla səhiyyə xərclərinin məbləği 1
milyard 369 milyon manata yüksələcək. Sosial müdafiə və sosial təminat xərcləri
3 milyard 245 milyon manat olacaq.
Müdafiə və təhlükəsizliyin
təmin edilməsi, məhkəmə hakimiyyəti, o cümlədən
hüquq mühafizə orqanları, prokurorluğun
saxlanması xərcləri üçün 5 milyard 827 milyon
manat vəsaitin ayrılması nəzərdə tutulur.
Milli Məclisə
keçiriləcək seçkilər üçün 51
milyon manat...
Hərbi qulluqçuların
mənzillə təmin olunması, əhalinin güzəştli
şəkildə mənzil əldə etməsi, ipoteka kreditləri
ilə dəstəklənən məsələlərə də
maliyyənin ayrılması nəzərdə tutulub. Bu tədbirlərin
maliyyələşdirilməsi üçün 245 milyon manat
vəsait ayrılacaq.
Beynəlxalq münasibətlər
və beynəlxalq təşkilatlara üzvlük haqları ilə
bağlı xərclərin maliyyələşdirilməsinə
413 milyon manat nəzərdə tutulub. Həmin vəsaitin 226
milyon manatı beynəlxalq tədbirlərin keçirilməsi
ilə bağlı xərclərə, 145 milyon manatı isə
xaricdəki diplomatik nümayəndə və səfirliklərin
saxlanması xərclərinə yönəldiləcək.
Azərbaycanın xaricdə
fəaliyyət göstərən ticarət nümayəndəliklərinin,
səfirliklərin nəzdindəki mədəniyyət mərkəzlərinin
saxlanmasına, diaspor fəaliyyətinin dəstəklənməsinə
20 milyon manat vəsaitin ayrılması nəzərdə
tutulur. Milli Məclisə keçiriləcək seçkilər
üçün büdcədən 51 milyon manat ayrılacaq.
Bununla yanaşı, İnsan hüquqları
üzrə müvəkkilin, bələdiyyələrin fəaliyyətinin
təmini üçün də maliyyənin ayrılması nəzərdə
tutulur. Siyasi partiyalara və qeyri-hökumət
təşkilatlarına 40 milyon manat ayrılması
proqnozlaşdırılır.
Neftin 1 barelinin
qiyməti 55 dollardan götürülüb
İqtisadiyyat naziri
Mikayıl Cabbarov bildirdi ki, dövlətin iqtisadi sənədi
Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyasının
proqnoz göstəriciləri, "Büdcə sistemi
haqqında” qanuna əsasən qlobal iqtisadi
çağırışlar, ölkə
iqtisadiyyatının inkişaf meyilləri və dövlət
başçısı tərəfindən müəyyən
edilmiş hədəflər nəzərə alınmaqla
hazırlanıb.
Beynəlxalq təşkilatların
proqnozları, fiskal dayanıqlığın təmin edilməsi
məqsədləri əsas götürülməklə
neftin 1 barelinin qiyməti proqnozlaşdırılan dövr
üçün 55 dollar qəbul edilib: "Gələn il
neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli
artım gözlənilir. Dövlət
başçısı çıxışlarında dəfələrlə
qeyd edib ki, Azərbaycan artıq postneft dövründə
yaşayır. Bu dövrdə daha
dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək
üçün dərin islahatlar aparılmalıdır.
Bu gün milli iqtisadiyyatın inkişafında
neft-qaz sektoru öz lokomotiv rolunu saxlamaqda davam edir və
qeyri-neft iqtisadiyyatının inkişafına dəstək
göstərir. Ancaq bu, bizi
arxayınlaşdırmamalıdır. Azərbaycanın
sabit, dayanıqlı iqtisadi artımı sosial rifahın
davamlı şəkildə inkişafını təmin etmək
üçün hökmən yeni inkişaf drayverlərini
işə salmalıdır”.
Nazirin sözlərinə görə,
həyata keçirilən kompleks tədbirlər nəticəsində
2020-ci ildə qeyri-neft sahəsində 8,8
faiz artım proqnozlaşdırılır. Ümumi daxili məhsulun
gələn il 3, növbəti illərdə isə 3,3 faiz artacağı proqnozlaşdırılır.
Gələn il üçün
inflyasiyanın 4,6 faiz, sonrakı il
üçün isə 4 faiz ətrafında olacağı
proqnozlaşdırılır: "Gələn il neft-qaz
sektorunda 1,6 faiz, növbəti illərdə isə 3 faiz
artım proqnozlaşdırılır. Bu ilin 9 ayında
qeyri-neft sənayesində əlavə dəyər 16,6 faiz artıb. Növbəti ildə aqrar
sektorda 4,8 faiz, sonrakı 3 ildə orta
hesabla 4,3 faiz artım gözlənilir”. Nazir qeyd
etdi ki, görülən işlər nəticəsində
qeyri-neft sahəsində ildən-ilə artım qeydə
alınır. Bu tendensiyanın növbəti illərdə
də davam edəcəyi gözlənilir: "Prezident
İlham Əliyev tərəfindən uğurla həyata
keçirilən siyasət, iqtisadiyyatın
dayanıqlığının qorunub saxlanılması
üçün görülən tədbirlər növbəti
ildə yeni iqtisadi model çərçivəsində əhalinin
sosial durumunun daha da yaxşılaşmasına səbəb
olacaq”.
Büdcənin
proqnozlaşdırılması çox çətin və
mürəkkəb prosesdir
Hesablama Palatasının sədri
Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun
büdcə ilə bağlı hazırladığı rəyi
təqdim etdi.
Bildirdi ki, "Azərbaycan Respublikasının 2020-ci il
dövlət büdcəsi haqqında” qanun layihəsinə
Hesablama Palatasının rəyi "Hesablama Palatası
haqqında”, "Büdcə sistemi haqqında” qanunların tələblərinə,
həmçinin "Dövlət büdcəsi və büdcədənkənar
dövlət fondlarının büdcələri haqqında
qanun layihələrinə Azərbaycan Respublikası Hesablama
Palatasının rəyinin hazırlanması, baxılması
və təsdiq edilməsi Qaydaları”na uyğun
hazırlanıb.
Vüqar Gülməmmədovun
sözlərinə görə, büdcənin
proqnozlaşdırılması çox çətin və
mürəkkəb prosesdir. İlin əvvəlində
nəzərdə tutulmayan və gözlənilməyən xərclərin
icra prosesində meydana çıxması dövlət
büdcəsində ehtiyat vəsaitlərin nəzərdə
tutulmasını zərurətə çevirir. Onun fikrincə, 2020-ci ilin dövlət büdcəsində
dövlət borcunun yuxarı hədlərinin
azaldılması nəzərdə tutulur. Eyni
zamanda, 2020-ci ilin dövlət büdcəsində xərclərin
həcmi 2019-cu ildəkinə nisbətən artacaq. Bu isə dövlətin sosialyönümlü xərclərinin
artması ilə bağlıdır.
Vüqar Gülməmmədov
vurğuladı ki, 2020-ci ilin dövlət büdcəsi layihəsi
yeni vahid büdcə təsnifatına əsasən tərtib
edilmiş ilk büdcədir. Növbəti ildən
qüvvədə olacaq təsnifat dövlət maliyyəsinin
beynəlxalq metodologiyaya uyğunlaşması istiqamətində
uğurlu addımlardan biridir. Onun sözlərinə
görə, növbəti il həm mərkəzləşmiş,
həm də yerli gəlirlərdə artım
proqnozlaşdırılır. Hesablama
Palatası tərəfindən hazırlanan rəydə
büdcə layihəsinin icrası ilə bağlı rəy
və tövsiyələr verilib. Palata
hesab edir ki, təqdim edilən rəy dövlət maliyyəsinin
şəffaflaşmasına xidmət edir.
Qeyri-neft sektorunun
inkişafı diqqət mərkəzində
saxlanılmalıdır
Nazirlərin və Hesablama
Palatasının sədrinin təqdimatından sonra iclasda
müzakirələr başlandı. İlk
çıxış edən deputat Vahid Əhmədov bildirdi
ki, ölkədə qeyri-neft sektorunun inkişafı diqqət
mərkəzində saxlanılmalıdır. Deputatın sözlərinə görə, bu sahədə
əsaslı vəsait qoyuluşuna daha geniş imkan
yaradılmalıdır. Çünki qeyri-neft sektorunun
inkişafında imkanlar həddən artıq
böyükdür: "Son illər ölkəmizdə sənaye
parkları istifadəyə verilib. Bu sənaye
parklarının istifadəsinə 3,3
milyard dollar vəsait xərclənib. Bu parklarda 1,5 milyard manata yaxın məhsul istehsal edilib,
306 milyon manata yaxın məhsul isə xaricə ixrac edilib. Biz
sənaye müəssisələrini 7 il
müddətinə vergidən azad etmişik. Düşünürəm
ki, 7 il bəs edər ki, həmin sənaye müəssisələri
kifayət qədər effektiv işləsinlər və Azərbaycanın
dövlət büdcəsinə vergi versinlər”.
Milli Məclisin Ailə, qadın və
uşaq məsələləri komitəsinin sədri Aqiyə
Naxçıvanlı isə dedi: "Çoxuşaqlı ailələrə
verilən müavinət sisteminə yenidən baxılsın
və mümkün olduğu təqdirdə bir qədər də
artırılsın”. Deputat güzəştli
ipoteka kreditlərinin verilməsi şərtlərinin
çoxuşaqlı ailələrə və müəllim
ailələrinə şamil olunmasını da təklif etdi.
Onun fikrincə, uşaqların asudə
vaxtlarının səmərəli təşkil edilməsi
üçün dövlət səviyyəsində istirahət
mərkəzlərinin yaradılması üçün vəsait
ayrılmasına böyük ehtiyac var.
Deputat Gövhər Baxşəliyeva
gələn il üçün elm sahəsinə
ayrılan vəsaitin artırılmasını dəstəklədi.
Deputat vurğuladı ki, xarici ölkələrdə
olan Azərbaycan xalqına məxsus əlyazmalar ölkəyə
gətirilməlidir. Bunun üçün isə əlavə
vəsait tələb olunur: "Ürək ağrısı
ilə qeyd edirəm ki, əsrlər boyu xalqımızın
milli müstəqilliyi olmadığına görə
qeyri-maddi mənəvi sərvətlər, əlyazmalar
talanıb, digər ölkələrə aparılıb. Misal olaraq Füzulinin ərəb divanı uzun
onilliklər ərzində mütəxəssislər tərəfindən
axtarılsa da, son nəticədə Sankt-Peterburqda yerləşən
kitabxanadan tapıldı. Xarici ölkələrdə
Azərbaycana məxsus kütləvi şəkildə əlyazmalar
var. Düşünürəm ki, bu işlə məqsədyönlü
şəkildə məşğul olmalı, dünya
kitabxanalarında mövcud olan əlyazmaları ölkəmizə
gətirməliyik”.
Deputat Qənirə Paşayeva, Musa
Qasımlı çıxış edərək qeyd etdilər
ki, növbəti ilin dövlət büdcəsi Prezident
İlham Əliyevin sosial-iqtisadi islahatlarının
uğurlarını real təcəssüm etdirir.
Deputatlardan təklif:
siyasi partiyalara ayrılan vəsait artırılsın
Günün ikinci
yarısında büdcə ilə bağlı müzakirələr
davam etdirildi.
Deputatlardan Fəzail Ağamalı, Tahir Rzayev, Rəşad
Mahmudov, Sahibə Qafarova, Elman Nəsirov çıxış
edərək bildirdilər ki, 2019-cu il ölkəmizin həyatında
əhəmiyyətli hadisələrlə zəngin olub. Kadr və struktur islahatları cəmiyyətimizə
yüksək töhfə verməkdədir. Bu il əldə edilən uğurlar Prezident
İlham Əliyevin islahatlarının alternativsizliyini bir daha
təsdiq edir. 2019-cu ildə ölkəmizdə əksər
sahələrdə əldə edilən uğurlar 2020-ci ilin
dövlət büdcəsində öz əksini tapıb.
Deputatlar hesab edirlər ki, gələn il
qeyri-neft sektorunun inkişafında mühüm mərhələ
olacaq.
"Büdcə müzakirələrinin
formatı dəyişdirilməlidir. Hər bir nazir öz
sahəsi üzrə ayrıca büdcə
hazırlamalıdır, xərcləmələr sayəsində
nə fayda görəcəyi ilə bağlı məlumat
verməlidir”. Bunu isə deputat Fazil Mustafa
söylədi. Deputatın digər təklifi
isə kommunal xidmətlərlə bağlı idi. Belə ki, F.Mustafa düşünür ki, əhaliyə
kommunal xidmətlər göstərən bir sıra şirkətlərin
əlverişli şərtlərlə xarici investorlara ən
azı 50 illik konsessiya müqaviləsi əsasında idarəetməyə
verilməsi zərurətdir. Bu addım
dövlət büdcəsinin yükünü azalda bilər.
"Bu büdcə Azərbaycan
müstəqilliyini əldə etdikdən sonra ən
böyük büdcədir. Sosial sahəyə
ayrılan vəsait göstərir ki, 2020-ci ilin büdcəsi
sosialyönümlüdür”. Bu fikirləri səsləndirən
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin
sədri Siyavuş Novruzov hesab etdi ki, xalq Azərbaycan
Prezidentinin rəhbərliyi ilə ölkə
iqtisadiyyatının inkişaf etməsinin, dövlət
büdcəsinin daha geniş şəkildə
artmasının şahidi olur. Ancaq Azərbaycan inkişaf
etdikcə, büdcəsi artdıqca düşmənlər
aktivləşirlər: "Həmin qüvvələr ölkəmizin
inkişafını istəmirlər. Onlar Azərbaycanın
digər ölkələr kimi ağır vəziyyətdə
olmasını, başqa dövlətlərin əlinə
baxmasını istəyirlər. Milli Məclisdə
oturan deputatların hər biri büdcəni müzakirə
edir, öz dairələri, təmsil olunduqları ərazidə
problemlərin həllini təklif edirlər. Bir qrup isə Bakı Şəhər İcra Hakimiyyəti
qarşısında piket edir. İndi
soruşmaq lazımdır ki, onlar xalqın problemləri ilə
maraqlanır, yoxsa parlamentdə oturanlar?
Əgər onlar BMT-nin ofisi
qarşısında belə piket keçirsəydilər, onu
başa düşərdim. Çünki
işğal altında olan torpaqların sakinləri bələdiyyə
seçmək hüququndan məhrum olublar. Bir dəfə də olsun Dağlıq
Qarabağın adını çəkməyən insanlar
gedib piket keçirirlər. Onların
piketi nəticəsində bütün nəqliyyat dayanıb,
təhsil sistemi pozulub”.
Siyavuş Novruzov qeyd edib ki, Azərbaycan
Prezidenti, hökuməti görülən işləri hərtərəfli
təqdim edir: "Əgər hər hansı məsələ
ilə bağlı iradınız varsa, şikayət edin. Heç bir sahədə narazılığa səbəb
olan heç nə tapa bilmirlər. Ortaya
iqtisadçı çıxararaq, terminlərlə nəsə
demək istəyirlər. Amma onların
büdcədən başları çıxmır”.
Gələn il
parlament seçkilərinin keçiriləcəyini
xatırladan komitə sədri dedi ki, büdcədən siyasi
partiyalara ayrılan vəsait artırılarsa, müsbət
addım kimi qiymətləndirilər.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə də təkliflə çıxış etdi. Deputatın fikrincə, ölkədə sosial evlərin tikintisi daha da genişləndirilməlidir. Paytaxtda, regionlarda bu məsələyə xüsusi diqqət ayrılmalıdır.
Deputat Əli Məsimli isə təklif etdi ki, büdcə layihəsi ilə bağlı rəyini hazırlayan Hesablama Palatasının irəli sürdüyü 30-a yaxın tövsiyəyə diqqətlə nəzər yetirilsin. Deputatlardan Novruzəli Aslanov, Elman Nəsirov, Musa Quliyev, Kamilə Əliyeva, Bəxtiyar Əliyev, Aytən Mustafayeva, Qüdrət Həsənquliyev, Nəsib Məhəməliyev, Fərəc Quliyev, Tahir Mirkişili, Cavid Osmanov, Aydın Hüseynov, Azər Badamov, Elmira Axundova, Mirkazım Kazımov çıxış edərək bildirdilər ki, 2020-ci ilin büdcəsi müstəqillik dövrünün ən böyük büdcəsidir. Yeni büdcə layihəsi 3 il müddətində xalqın sosial rifah halının yaxşılaşdırılmasına mühüm töhfəsini verəcək. Büdcədə xərclərin 39,5 faizinin sosial sahəyə həsr edilməsi bir daha təsdiq edir ki, dövlət əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atır. Müxtəlif təkliflər səsləndirən deputatlar siyasi partiyalara, QHT-lərə və KİV-lərə ayrılan vəsaitin artırılmasını istədilər.
Qanun layihəsinin müzakirəsi bu gün davam etdiriləcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2019.-13 noyabr.- S.1; 5.