Konstitusiyamız və milli ideologiyamız
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Facebook” səhifəsində "Konstitusiyamız və milli ideologiyamız” adlı status paylaşıb.
AZƏRTAC statusu təqdim
edir: Müstəqil Azərbaycan Respublikasının ilk
Konstitusiyasının qəbul edilməsindən 24 il
ötür. Ulu öndər Heydər Əliyevin
rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın
12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul
edilən Əsas Qanun müstəqil Azərbaycanın ilk,
ümumilikdə isə ölkəmizin beşinci
Konstitusiyasıdır. 1918-1920-ci illərdə cəmi 23 ay
mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti
dövlətin əsas qanununu qəbul edə bilməmişdi.
Ona görə də ilk konstitusiya RSFSR-in konstitusiyası əsasında
hazırlanmış və 1921-ci il mayın 19-da qəbul
olunmuş Azərbaycan SSR-in Konstitusiyası hesab olunur. Azərbaycanın
sayca ikinci konstitusiyası 1927-ci ilin mart ayında qəbul
edilib. O zaman
Azərbaycan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının
tərkibində idi və bu şəkildə də SSRİ-yə
daxil edilmişdi. 1936-cı ildə SSRİ-nin
yeni əsas qanunu qəbul edildikdən sonra ona müvafiq olaraq,
1937-ci ildə Azərbaycanın sayca üçüncü
konstitusiyası qəbul olundu. Azərbaycan SSR-in sayca
dördüncü konstitusiyası 1978-ci ildə, 1977-ci il SSRİ Konstitusiyası əsasında qəbul
edildi. Bu konstitusiyanın hazırlanması və
qəbulu o zaman Azərbaycana rəhbərlik edən Heydər
Əliyevin iştirakı ilə həyata keçirilmişdi.
Həmin sənəd milli maraqların
qorunması baxımından əvvəlkilərdən xeyli fərqlənirdi.
Məhz ümummilli lider Heydər Əliyevin təkidi ilə
1978-ci il konstitusiyasında Azərbaycan
dilinin dövlət dili statusu əks olundu. Əvvəlki
konstitusiyalarda Dağlıq Qarabağ Muxtar Vilayətinə ayrıca
fəsil həsr olunmuş, onun hüquqi statusu
şişirdilmişdi. Bu konstitusiyada isə
Dağlıq Qarabağ və onun orqanlarının hüquqi
statusu "Yerli dövlət hakimiyyəti orqanları” fəslinin
içərisinə salınmış, yəni ona müstəsna
əhəmiyyət verilməsinin qarşısı
alınmışdı. Ümummilli lider
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin
qurucusu olduğu kimi, onun milli ideologiyasının - azərbaycançılığın
da, azərbaycançılıq ideologiyasına söykənərək
yaradılan ilk konstitusiyanın da banisi hesab olunur. 1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbulu
müstəqillik tariximizin ən mühüm hadisələrindən
biri olmaqla yanaşı, həm də ulu öndər Heydər
Əliyevin Azərbaycan dövlətçiliyi
qarşısındakı ən böyük xidmətlərindən
biridir. Bu konstitusiya müstəqil dövlət quruculuğu
prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst
bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi,
sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas
normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi
istiqamətində hüquqi baza rolunu oynayan mükəmməl
və mütərəqqi bir sənəddir.
Konstitusiya və milli ideologiyanın vəhdətindən
bəhs edən Ümummilli Lider öz
çıxışlarında vurğulayırdı ki, milli
ideologiyamız, ilk növbədə, dövlətimizin
konstitusiya normalarına, xalqımızın tarixi
keçmişinə, milli-mənəvi dəyərlərinə,
mövcud adət-ənənələrə, ölkəmizin
bu günü və gələcəyinə bağlı
olmalıdır. Görünür, elə bu
yanaşmanın nəticəsidir ki, Heydər Əliyevin
yaratdığı azərbaycançılıq məfkurəsi
və onun məzmununu təşkil edən əsas prinsiplər
ölkə konstitusiyasında konkret formada öz əksini
tapmışdır. Ümummilli Lider dövlətçilik
maraqlarının qorunmasından danışanda, ilk növbədə,
ölkənin ali qanununun müddəalarına
dönmədən əməl edilməsini xüsusi
vurğulayırdı, konstitusiya normalarının hər bir
Azərbaycan vətəndaşının ümummilli vəzifəsi
olduğunu qeyd edirdi. Bu normalar, Əsas Qanunun preambula hissəsində
təsbit olunub və ilk növbədə: ölkənin
müstəqilliyinin, suverenliyinin və ərazi
bütövlüyünün qorunmasını, vətəndaş
cəmiyyətinin bərqərar olunmasını, xalqın
iradəsinə, qanunların aliliyinə əsaslanan hüquqi,
dünyəvi dövlət quruculuğunu, ədalətli
iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat
səviyyəsinin təmin edilməsini, milli-mənəvi dəyərlərə
sadiqliyi, bütün dünya xalqları ilə dostluq, sülh
və əmin-amanlıq şəraitində
yaşamağı və digər ümumbəşəri
dəyərlərə hörmət hissini ehtiva edir.
Heydər Əliyev həm
Konstitusiyamızın, həm də azərbaycançılıq
ideologiyasının əsasına, ilk növbədə,
bütün vətəndaşların sabit, firavan və
dinamik inkişafına cavab verən milli dövlətçiliyi
- müstəqil Azərbaycan Respublikasını qoyurdu. Ulu Öndər
çıxışlarında bu məsələyə belə
şərh verirdi: "Müstəqil Azərbaycan dövləti
bizim üçün ən qiymətli tarixi nailiyyətdir və
onun qorunması, əbədiyaşar edilməsi hər bir azərbaycanlının
müqəddəs borcudur”. Milli ideologiyadan
danışarkən Heydər Əliyev qeyd edirdi ki, "biz,
ilk növbədə, bütün xalqımızı,
bütün soydaşlarımızı Azərbaycanın
müstəqil dövlətçiliyi ətrafında birləşdirməliyik,
gənclərimizi, gələcək nəsilləri dövlətçilik
prinsiplərinə sadiq ruhda tərbiyə etməliyik”. Məzmunundan da göründüyü kimi, həm
Əsas Qanunun, həm də azərbaycançılıq
ideologiyasının mərkəzində, hər şeydən əvvəl
dövlətçilik maraqları - güclü Azərbaycan
dövlətinin yaradılması və bütün sahələr
üzrə inkişafının təmin edilməsi prinsipi
dayanır. Bəhs olunan güclü Azərbaycan
dövləti anlayışı xalqımızın çoxəsrlik
dövlətçilik ənənələrinə söykənərək
onları daim yaşadacaq və zənginləşdirəcək
bir siyasi-iqtisadi və sosial-mənəvi idarəçilik
institutunun mövcudluğunu ehtiva edir. Bu dövlətin
sabit və multikultural ictimai-siyasi həyatı, təkmil mərkəzi
və yerli idarəetmə sistemi, işlək qanunları
olmalı, hər bir vətəndaşının imkan və
bacarıqları hakimiyyət tərəfindən lazımi səviyyədə
dəyərləndirilməli, hər bir vətəndaş
etnik-dini və sosial mənsubiyyətindən asılı
olmayaraq, yalnız şəxsi qabiliyyətinə görə
proseslərə cəlb edilməli, ölkədə tam şəffaf
və tolerant mühit yaradılmalıdır.
Konstitusiyada və azərbaycançılıq
ideologiyasında irəli sürülən digər əsas tələb
(norma) ümumazərbaycançılıq
(ümumvətəndaşlıq) ideyasına söykənən
milli birlik və vətəndaş həmrəyliyi prinsipidir. Bu prinsip müasir Azərbaycan dövlətçiliyinin
təməlində dayanır və bütün digər
siyasi, sosial-etnik maraqlardan üstün tutulur. Ümumazərbaycançılıq
qayəsinin təməlində ədalətli və hamı
üçün məqbul sayılan ictimai həyat
normalarına əməl edilməsi, ölkənin hər bir vətəndaşının
Azərbaycan dövlətinə bağlılığı,
onu özünün güvənc yeri sayması, doğma Vətəni
qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti
olan vətəndaşlarla multikultural birgəyaşayış
normalarının bərqərar olması və s. kimi tələblər
dayanır. Bu tələblərin həyata
keçirilməsi və qorunması Azərbaycanda yaşayan,
fəaliyyət göstərən, bu dövlətin idarəçiliyinə
iddia edən hər bir vətəndaş və təşkilat
üçün əsas olmalıdır. Əgər
hər hansı şəxs və yaxud təşkilat
yaşadığı cəmiyyəti, təmsil etdiyi dövləti,
konstitusiya ilə müəyyənləşdirilmiş ölkədaxili
münasibətlər və dəyərlər sistemini qəbul
edirsə, deməli, dövlətin də bu sistemin təminatçısı
olmasını mütləq qəbul etməlidir. Bir sözlə, bu rakursdan baxdıqda, konstitusiya
normaları və azərbaycançılıq ideologiyası
artıq hansısa bir siyasi liderin, partiyanın, yaxud siyasi təşkilatın
deyil, ölkənin milli maraqlarına söykənərək,
bütün Azərbaycan xalqının ümumi mənafelərinin
ifadəsinə çevrilib. Belə olan
halda, bu ideologiyaya müxalifətdə durmaq ümumxalq
maraqlarına, ümumxalq fikrinə və mövqeyinə
müxalifətdə durmağa bərabərdir.
Bir faktı da xüsusi
vurğulamaq istəyirəm ki, başqa sahələrdə
olduğu kimi, milli-ideoloji baxışlar sisteminin
formalaşmasında da Heydər Əliyev həm tarixilik
prinsipini, həm də varislik ənənələrini qoruyub
saxladı. Ulu öndər Azərbaycanın XIX əsrin sonu, XX əsrin
birinci yarısında yaşayıb-yaratmış milli-vətənpərvər
və maarifçi-demokrat ziyalılarının, Azərbaycan Xalq
Cümhuriyyəti qurucularının birləşdirici ideya
kimi irəli sürdükləri azərbaycançılıq
ideologiyasına müraciət etdi. Həm
də nəinki sadəcə müraciət etdi, onu real və
dolğun məzmunla zənginləşdirərək dövlət
siyasəti səviyyəsinə qaldırdı.
Konstitusiyamızda və milli ideologiyamızda dövlətçilik
maraqları, milli birlik və vətəndaş həmrəyliyi
prinsipləri ilə yanaşı, həm də yeni vətəndaş
amilinə - millətini və xalqını sevən, dövlətinin
yolunda hər bir fədakarlığa hazır olan, milli-mənəvi
dəyərlərini yaşadan, dövlət dilini bilən və
sevən, ədalətli və təşəbbüskar, fəal
mövqeli və iradəli Azərbaycan vətəndaşı
yetişdirilməsi ideyasına xüsusi önəm verilib. Heydər Əliyev Azərbaycan gənclərini sərbəst
düşüncə tərzinə malik, cəmiyyətdə
və dünyada gedən proseslərdən baş çıxara
bilən, vətənpərvər, dövlətçilik təfəkkürü
güclü olan savadlı, bacarıqlı, fəal insanlar kimi
görürdü. Ümummilli lider deyirdi: "Biz elə
bir nəsil yetişdirməliyik ki, o, öz dövlətini
sevsin, onu qorumağı, yaşatmağı və
bütün dünyada layiqincə təmsil etməyi
bacarsın. Gənc nəsil öz milli adət-ənənələrinə
sadiq olmalı, ana dilini, milli mədəniyyətimizi dərindən
öyrənməli, eyni zamanda, bəşəri dəyərləri
mənimsəməlidir”.
Beləliklə, ölkə tarixinin
mürəkkəb və taleyüklü dövründə
dövlətə rəhbərliyin ağır məsuliyyətini
öz üzərinə götürmüş Ulu Öndərin
yaratdığı dövlətçilik təlimi və onun
ayrılmaz hissəsi olan konstitusiya müstəqil Azərbaycanın
bugünkü varlığının və gələcək
inkişafının əsasını təşkil edir,
ölkənin davamlı inkişafı və tərəqqisinə
xidmət göstərir. Təməli Heydər Əliyev tərəfindən
qoyulmuş səmərəli dövlət siyasətini
ardıcıl olaraq uğurla davam etdirən Azərbaycan
Prezidenti İlham Əliyev Ulu Öndərin müstəqil
dövlət quruculuğu istiqamətindəki nəzəri və
praktiki irsinə qiymət verərək demişdir:
"1993-2003-cü illər ölkəmizdə sabitlik və
inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz
o illərdə dövlətçiliyin əsasları qoyuldu,
Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil
dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin
ideoloji əsasları - azərbaycançılıq məfkurəsi
formalaşdırıldı... Heydər
Əliyev tərəfindən yaradılan bu əsaslar
hazırda Azərbaycan xalqına yol göstərir”.
Milli dövlətimiz durduqca,
ümummilli lider Heydər Əliyevin nurlu ideyalarından və
ümumbəşəri dəyərlərdən yoğurulan
Azərbaycan Konstitusiyası və azərbaycançılıq
məfkurəsi dövlətimizin gələcək
inkişafı və tərəqqisi yoluna daim işıq
salacaqdır.
Azərbaycan.- 2019.- 13 noyabr.- S.6.