Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib

 

Noyabrın 12-də Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid əl-Mansuri, digər qurumların təmsilçiləri, hər iki tərəfdən biznes nümayəndələri iştirak ediblər.

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Hamil Əl-Qubeysi ticarət məclisinin tərəfdaşlarının sayının ildən-ilə artdığını, hazırda məclisdə 50 şirkətin təmsil olunduğunu bildirib.

Diplomat Azərbaycan və BƏƏ adamlarının əməkdaşlığından da danışıb.

Nazir Sultan bin Səid əl-Mansuri çıxışında bildirib ki, hər iki ölkənin şirkətləri müxtəlif sərgilərdə öz məhsullarını qarşılıqlı təqdim edirlər. Bundan başqa, ölkələrimiz arasında qeyri-neft sektorunda ticarət əlaqələri sürətlə inkişaf edir.

Nazir Mikayıl Cabbarov iki ölkə arasında əlaqələrin tarixi köklərə əsaslandığını deyib. O, ticarət əlaqələrimizin gücləndiyini, lakin hələ daha çox görülməli olduğunu qeyd edib. İqtisadi əməkdaşlığın təşviq olunacağını vurğulayan nazir turizm sektorunda da ciddi artımların müşahidə edildiyini söyləyib. Bildirib ki, son dövrlərdə ticarət dövriyyəsi artıb. İqtisadi əlaqələrin genişlənməsi investorların da fəaliyyətinə mühüm təsir göstərib.

Mikayıl Cabbarov ticarət məclisinin ölkələr arasında iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün vacib platforma olduğunu bildirib. O, həmçinin Azərbaycanın investisiya mühiti, biznes üçün yaradılan şərait, logistika mərkəzləri, sənaye zonaları, investisiya təşviqi mexanizmi barədə məlumat verib,

Qeyd edək ki, ticarət məclisində BƏƏ tərəfdən 20-dən çox nümayəndə iştirak edib.

 

Azərbaycan.- 2019.- 13 noyabr.- S.8.