ABŞ-ın bir sıra
ştatlarının seçki
orqanlarını təmsil edən qanunvericilərdən ibarət
nümayəndə heyəti Milli Məclisdə
olub
Noyabrın 12-də ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov Azərbaycanda gedən islahatlar, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu irimiqyaslı layihələr barədə ətraflı məlumatlar verib. Bildirib ki, dünyada və regionda gedən mənfi proseslərə baxmayaraq, ölkəmizdə sabitlik hökm sürür və iqtisadiyyatımız sürətlə inkişaf edir.
Azərbaycanın ABŞ-la enerji sahəsində uğurlu əməkdaşlığına toxunan Səməd Seyidov diqqətə çatdırıb ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən neft-qaz layihələrini ABŞ daim dəstəkləyib və bu dəstək bu gün də davam edir.
Söhbət zamanı qonaqlara Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri barədə də məlumat verilib. Bildirilib ki, ölkəmizdə milli və dini tolerantlıqla bağlı vəziyyət, konfessiyalararası dözümlülük, multikultural dəyərlərin təşviqi hər zaman nümunəvi xarakter daşıyıb. Dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycan bütün dinlərin həmrəyliyinə çalışan ölkə kimi ad qazanıb.
Nümayəndə heyətinin rəhbəri, Montana ştatı Senatının sədri Raymond Skott Seyls ABŞ-Azərbaycan münasibətlərinin inkişafı, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.
Söhbət zamanı Azərbaycanla ABŞ-ın həm federal, həm də ştatlar səviyyəsində mövcud əməkdaşlığının genişləndirilməsinin vacibliyi, bu istiqamətdə qanunverici orqanların rolu barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası
əlaqələr üzrə işçi
qrupunun üzvləri Sahibə Qafarova, Ülviyyə Ağayeva
və Asim Mollazadə iştirak
ediblər.
Azərbaycan.-
2019.- 13 noyabr.- S.8.