Milli Məclisdə Dağıstan parlamentinin
nümayəndə heyəti ilə görüş
olub
Noyabrın 12-də Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsində Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisi Sədrinin müavini Kamil Davdiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli Azərbaycanla Dağıstan arasında əlaqələrin qədim köklərə, ənənələrə və qardaşlıq münasibətlərinə əsaslandığını söyləyib. O deyib ki, Milli Məclisdə fəaliyyət göstərən Rusiya ilə parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupu ən böyük və çalışqan qruplardan biridir.
Komitə sədri qonaqlara Milli Məclisin strukturu, fəaliyyət prinsipləri, elm və təhsil sahəsində qəbul olunmuş qanunlar, ölkəmizin təhsil sistemi, təhsilin pillələri, elm və təhsilə göstərilən dövlət qayğısı barədə məlumat verib.
Söhbət zamanı təhsil sahəsində təcrübə mübadiləsi, parlamentlərarası əlaqələrin inkişafı və digər mövzular müzakirə edilib.
Kamil Davdiyev Dağıstanda Azərbaycanla münasibətlərə xüsusi önəm verildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın böyük oğlu Əziz Əliyev Dağıstanın rəhbəri olarkən onun dağıstanlılar üçün gördüyü işlər heç vaxt unudulmur, həmişə ehtiramla yad edilir.
Müzakirələrdə Milli Məclisin deputatları Ülviyyə Ağayeva, Kamilə Əliyeva və Sona Əliyeva iştirak ediblər.
Görüşdə elm və təhsil sahəsində əməkdaşlıq,
texniki peşə məktəblərinin fəaliyyəti,
yeni yaradılmış ixtisaslar
barədə fikir mübadiləsi
aparılıb.
Azərbaycan.-
2019.- 13 noyabr.- S.8.