Sönməyən həyat eşqi...

 

Onlar görürlər: könüllərinin, duyğularının, hisslərinin həssaslıqları ilə

 

Deyirlər ki, göz könülün aynasıdır, duyğuların ifadəsi isə hisslərdən öncə baxışlarla ifadə edilir. Bu, əlbəttə, təkcə poetik dünyada deyil, bizi əhatə edən aləmdə də belədir. Gözün insan həyatında daşıdığı funksiyanı nə poeziya, nə də fəlsəfi fikir olduğu kimi ifadə edə bilməz. Gözün gərəkliliyini görmə qabiliyyəti zəif olanlar bəlkə də daha gözəl anlayır desək, səhv etmərik. Yəqin buna görədir ki, duyğularla, könlünün gözü ilə görənlər çox həssas olurlar...

...Etiraf edək ki, gözdən fiziki cəhətdən qüsurlu insanlar həyata daha çox bağlanır, qeyri-adi istedadları ilə diqqəti cəlb edirlər. Ümummilli Lider Heydər Əliyev belə insanların xüsusi diqqət və qayğıya daim ehtiyac duyduqlarını belə ifadə edib: "Bizi sevindirən odur ki, fiziki cəhətdən qüsuru, çatışmazlığı olan insanlar nikbin yaşayırlar və öz iradələrinə söykənərək istedadlarını inkişaf etdirirlər və hətta ölkəmizdə keçirilən festivallarda, müsabiqələrdə çıxış edərək onları ictimaiyyətə nümayiş etdirirlər. Bu, insanın ən gözəl xüsusiyyətlərindən biridir...”

Ölkəmizdə gözdən əlil, yaxud zəif görən insanlara həssas yanaşılması hər kəsin vətəndaşlıq borcuna çevrilib. Onların cəmiyyətə inteqrasiyası üçün də müxtəlif növ tədbirlər həyata keçirilir. Bir sıra ictimai təşkilatların və cəmiyyətlərin bu istiqamətdə fəaliyyət göstərmələri heç də təsadüfi deyil. Belə təşkilatlardan biri də Azərbaycan Gözdən Əlillər Cəmiyyətidir. 2002-ci ildən fəaliyyət göstərən bu təşkilatın finksiyasını daşıyan bir qurum hələ 1931-ci ildə yaradılmışdı. Həmin cəmiyyətin tabeliyindəki Mərkəzi Respublika Korlar Kitabxanası isə 1981-ci ildən indiyədək neçə-neçə gözdən əlil gəncin cəmiyyətə inteqrasiyasına səbəb olub.

 

Onların tibbisosial problemlərinin həllinə xüsusi qayğı göstərilir

 

Respublikamızın dilbər guşələrindən biri olan Qaxda dünyaya göz açmış, II qrup gözdən əlil, on dörd yaşından, yəni 1975-ci ildən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvü, milliyyətcə gürcü, şair-tərcüməçi Giya Paçxataşvili ilə söhbətimizdən məlum oldu ki, onlar üçün xüsusi dövlət proqramları fəaliyyət göstərir. Qarşıya çıxan sosialtibbi problemlər aradan qaldırılır: "Son dövrlər əsaslı inkişaf yolu keçmiş ölkəmizdə dövlətin həyata keçirdiyi sosial, iqtisadi, mədəni siyasətin əsas prioritetləri sırasında məhdud fiziki imkanlı şəxslərə qayğı mühüm yer tutmaqdadır. Cəmiyyətimizin 20 min nəfərdən artıq üzvü var. 3 regional mərkəzi fəaliyyət göstərir. İndiyə kimi 300 nəfərədək gözdən əlil mənzillə təmin edilib. 1 saylı tibb kollecində gözdən əlillər üçün xüsusi masaj ixtisası açılıb. Artıq həmin ixtisasa yiyələnən məzunların sayı 20-dəkdir. Onların işlə təmin olunmalarında da problem yaşanmır. Xüsusi internatmusiqi məktəblərində oxuyan şagirdlər arasında Prezident təqaüdçüləri də var. Cəmiyyətimiz akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə sıx əməkdaşlıq edir”.

Yeri gəlmişkən yenicə işıq üzü görmüş "Sözlü-sehirli dünya-XIX” almanaxında 3 istedadlı gözdən əlil şairin də yaradıcılıq nümunələri yer alıb: "Almanaxın tərtibçisi, şair Elman İsrafiloğlu mənim, eləcə də gözdən əlil olsa da, könlünün bəsirət gözü ilə həyata nikbin baxışlarını ifadə edən Sahib Nağıyevin və Cəbrayıl rayonunun Kavdar kəndində doğulan, dünya işığından məhrum, Bakı şəhərindəki "Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbi”nin və Bakı Dövlət Universitetinin məzunu Famil Hacısoyun da şeirlərini həmin kitabda oxuculara təqdim edib. Bir məsələni xüsusi qeyd etmək istərdim: vaxtilə Azərbaycan Korlar Cəmiyyətinin "Dan ulduzu” adlı mətbu orqanı var idi. Orada istedadlılarımız haqqında müntəzəm məqalələr dərc edilirdi. İctimaiyyət onların istedad və qabiliyyətləri haqqında bu qəzetdən məlumat ala bilirdi. Lakin son illər maliyyə imkansızlığından həmin qəzet öz fəaliyyətini dayandırdı. Xeyriyyə təşkilatlarından və adamlarından xahiş edərdik ki, bizim sıralarımızda olan istedadlıların cəmiyyətə inteqarasiya edilməsində vacib rol olan qəzetimizin fəaliyyətinin bərpasına yardım göstərsinlər”.

 

Dünyada zəif görənlərin orta yaşı 50-dən yuxarı olanlardır

 

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bölmə rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva dünya əhalisinin təxminən 40 milyonunun görmə zəifliyi ilə üzləşdiyi faktına onu da əlavə edərək deyir ki, xroniki korluğa aparan əsas səbəblər sırasına katarakta, qlaukoma, sarı nöqtənin degenerasiyası, buynuz qişasının tündləşməsi, traxomauşaqlarda A vitamininin çatışmazlığı daxildir: "Dünyada görmə problemindən əziyyət çəkənlərin əksəriyyətinin yaşı 50 və daha yuxarı olanlardır. 2020-ci ilə qədər görmə problemi ilə üzləşənlərin sayının minimuma endirilməsi və korluğun qarşısını 80 faiz azaltmaq uğrunda mübarizə aparılır...”

Ən diqqətçəkən məqamlardan biri Azərbaycan dövlətinin bu kateqoriyalı vətəndaşların problemlərinin həllinə xüsusi qayğı göstərməsidir. Məhz həmin diqqət və qayğının təzahürüdür ki, hər cür müasir tibbi avadanlıqlarla təchiz edilən, Qafqazda ən böyük oftalmoloji müəssisə ölkəmizdədir. Akademik Zərifə Əliyeva adına Milli Ofalmologiya Mərkəzinin bu sahədə apardığı məqsədyönlü işlər və gördüyü tədbirlərdən söz açarkən qeyd edilməlidir ki, 2005-ci ildən burada yaradılan səyyar klinikada 30 min nəfərdən artıq xəstə müayinədən keçirilibonlardan 3 mininin üzərində uğurlu əməliyyatlar aparılıb. Bu klinikanın əməkdaşları həm paytaxt Bakıdakı bağça və məktəblərdə, həm də bölgələrdə, xüsusilə ucqar yaşayış məntəqələrində müayinələr aparırlar.

...Onlar görürlər, həm də çoxlarımızdan fərqli: könüllərinin, duyğularının, hisslərinin həssaslıqları ilə. Çalışaq ki, " çəlik”lilərin həssas qəlblərinin həyat eşqi azalmasın...

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 13 noyabr.- S.10.