Gözdən əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilir

 

Dünyada 7 milyard insandan 300 milyonu müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il 45 min artır.

Hər ilin bu günü Beynəlxalq Gözdən Əlillər günü kimi qeyd olunur. Bu təqvim ilk tiflopedaqoqlardan biri, görməyənlər üçün relyefli əlifbanın müəllifi, gözdən əlillər üçün ilk təhsil müəssisələrinin yaradıcısı, məşhur fransalı xeyriyyəçi Valentin Qayuinin doğum gününə təsadüf edir. O, 1784-cü ildə dünyada ilk dəfə Parisdə hökumətin və xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz evində şəxsi vəsaiti hesabına kor uşaqlar üçün "işləyən korların emalatxanası”nı açıb. İlk dəfə həmin məktəbə kimsəsiz uşaqlar qəbul edilib. Özünün ciddi maddi çətinlik çəkməsinə baxmayaraq, Valentin Qayui mətbəə yaradaraq qabarıq-xətti şriftlə korlar üçün ilk kitablar çap edib.

1829-cu ildə isə Paris Milli İnstitutunun şagirdi Lui Brayl kor uşaqlar üçün nöqtə-relyef şriftinin universal sistemini hazırlayıb və bütün dünyada yayılıb.

 

Bakıda gözdən əlilliyi olan şəxslər üçün çoxmənzilli bina inşa ediləcək

 

Hazırda Azərbaycanda 8963 nəfər 1-ci dərəcə, 4426 nəfər 2-ci və 2126 nəfər isə 3-cü dərəcə gözdən əlilliyi olan şəxslər var. Onlar digər həssas qrupdan olan şəxslər kimi, dövlətin sosial təminatı ilə əhatə olunublar. Azərbaycanda gözdən əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərin bir istiqaməti də onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilib.

Prezident İlham Əliyevin 11 iyun 2019-cu il tarixli sərəncamı həmin kateqoriyadan olan vətəndaşların mənzillə təminatına xüsusi qayğının göstəricisi olmaqla, bu istiqamətdə növbəti addımın atılmasına imkan verib. Sərəncamda Bakı şəhərində gözdən əlilliyi olan şəxslər üçün inşa ediləcək çoxmənzilli binanın layihə-smeta sənədlərinin hazırlanması məqsədilə 300 min manat vəsait ayrılması nəzərdə tutulur. Cari ildə müvafiq layihə-smeta sənədlərinin hazırlanması işləri aparılmaqla, paytaxtda gözdən əlilliyi olan şəxslər üçün daha bir çoxmənzilli yaşayış binasının tikintisinə başlanacaq. Binada mənzillə təmin ediləcək gözdən əlilliyi olan şəxslərin rahatlığı üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılacaq. Onların əl və ayaqla hiss etmələrinin asanlaşdırılması məqsədilə müvafiq yerlərdə xüsusi tikinti materiallarından və işarələrdən istifadə olunacaq. Binanın tikintisinin gələn il ərzində yekunlaşdırılaraq istifadəyə verilməsi planlaşdırılır.

 

Heydər Əliyev Fondunun layihəsi çərçivəsində regional informasiya mərkəzləri yaradılıb

 

Bundan əlavə, bu kateqoriyadan olan şəxslərin mənzillə təminatı proqramının davamı olaraq son illərdə Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadəyə verilib. Gözdən əlilliyi olanların reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində atılan addımlardan biri kimi, Bakının Zabrat qəsəbəsində Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi yaradılıb. Heydər Əliyev Fondunun müvafiq layihəsi çərçivəsində respublikamızın ayrı-ayrı bölgələrində gözdən əlilliyi olanların və görmə qabiliyyəti zəif insanların İKT-dən istifadə imkanlarına malik olması üçün regional informasiya mərkəzləri fəaliyyət göstərir.

Gözdən əlilliyi olan şəxslər aylıq sosial müavinət və ya əmək pensiyası ilə təmin olunurlar. Həmin müavinət və ya əmək pensiyası ilə yanaşı, I qrup gözdən əlilliyi olanlara Prezidentin aylıq təqaüdü ödənilir. 15 aprel 2019-cu il tarixli fərmanla isə I qrup gözdən əlilliyi olanlara qulluq edənlər üçün aprelin 1-dən Prezidentin aylıq təqaüdü də təsis edilib. Pensiya qanunvericiliyində I qrup əlilliyi olanlar (o cümlədən gözdən əlilliyi olanlar) üçün tələb olunan sığorta stajı ilə bağlı, habelə pensiyanın hesablanmasında güzəştlər nəzərdə tutulub. Bu kateqoriyadan olanların məşğulluq imkanlarının və əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə də müvafiq işlər aparılır. Prezidentin "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli sərəncamı görmə imkanları məhdud uşaqların sosial reabilitasiyalarının da genişləndirilməsinə şərait yaradıb. Sərəncamın icrası çərçivəsində həmin kateqoriyadan olan uşaqlar üçün də 2 sosial reabilitasiya mərkəzinin yaradılması nəzərdə tutulub.

 

Görmə imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası

 

Bu mərkəzlər görmə imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına şərait yaradılması yönündə müxtəlif formalarda işlər aparacaq. Belə uşaqların mövcud potensiallarını, bacarıqlarını inkişaf etdirməklə, sərbəst yaşamaq imkanlarının artırılması, onlar üçün nəzərdə tutulan inklüziv təhsillərinin dəstəklənməsi və s. üçün sınanmış reabilitasiya metodlarından istifadə ediləcək. Həmçinin layihələr çərçivəsində görmə imkanları məhdud şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı işləri aparılır. Belə layihələrdən biri kimi, görmə imkanları məhdud uşaqlara müxtəlif əsərləri kompütertelefon vasitəsilə dinləməyə imkan yaradan "Danışan kitab” saytı və onun mobil tətbiqi istifadəyə verilib. "Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısının və əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi hazırlanıb. Layihədə əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısına yeni 23 növ reabilitasiya vasitəsi də əlavə edilib.

Yeni layihədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı xüsusi fərqlənməklə sağlamlıq imkanlarını itirmiş (döyüş zamanı yaralanıb ətrafını itirmiş) əlilliyi olan şəxslərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi nəzərdə tutulur. Reabilitasiya vasitələri sırasına əlavə edilməsi nəzərdə tutulan vasitələrin sırasına göz protezləri, "danışan kitab” və s. daxildir.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2019.- 13 noyabr.- S.10.