Xalqa xidmət
missiyası
Prezident
İlham Əliyev yeni kadr islahatları ilə daha çevik,
daha mobil və müasir çağırışlara dərhal
reaksiya verə bilən struktur formalaşdırır
"Ölkəmizdə kadr islahatları
davam edir. Kadr islahatları ümumi islahatların tərkib hissəsidir.
Keçənilki prezident seçkilərindən sonra yeni
islahatlar dövrünə start verildi və bu islahatlar davam
etdirilir. Sual yarana bilər ki, əgər ölkədə
sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac
varmı? Birmənalı olaraq cavab verə bilərəm ki, bəli,
islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə deməkdir,
islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar
tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə
etmiş ölkələrin təcrübəsinə nəzər
salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi
hesabına əldə edilibdir”.
Noyabrın 12-də Şirvan şəhər,
Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai
rayonlarına yeni təyin olunan icra hakimiyyəti
başçılarını qəbul edən Prezident
İlham Əliyev bir daha bəyan etdi ki, ölkədəki
siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir.
Dövlət
başçısının bu görüşlər
zamanı səsləndirdiyi fikirlərdən bəlli olur ki,
kadr ishalatları getdikcə daha da dərinləşəcək.
Elə son 15 gün ərzində 2 şəhər, 5 rayon icra
hakimiyyəti başçısının vəzifədən
azad olunub yerlərinə gənc kadrların təyin edilməsi
bunu deməyə əsas yaradır.
Əgər dövlət
başçısı 2018-ci il prezident seçkisindən
sonra ölkədə sosial-iqtisadi islahatların daha da dərinləşəcəyini
söyləmişdisə, bu il oktyabrın 17-də
keçirdiyi iqtisadi müşavirədə isə struktur və
kadr islahatlarının anonsunu vermişdi. Bu gün həm
dünya birliyi, həm də ölkə ictimaiyyəti bu
islahatlara şahidlik edir. Hazırkı mərhələ daha
çox kadr islahatları mərhələsi kimi görünsə
də, bir qədər diqqət etsək, bunun digər
komponentlərlə paralel həyata keçirildiyini görə
bilərik.
Öncə son ildə həyata
keçirilən uğurlu sosial islahatlar xalqın rifah
halının yaxşılaşmasına xidmət edir.
Dövlət başçısının söylədiyi
kimi, yoxsulluğun aşağı səviyyəyə
düşməsinin əsas səbəbi ondan ibarətdir ki, həyata
keçirilən iqtisadi islahatlar, o cümlədən sosial sahə
böyük diqqətlə əhatə olunur. Bu il 4 milyon 200
mindən çox insan çox geniş sosial paketlə əhatə
olunub və minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli
dərəcədə artıb. Minimum əməkhaqqı təxminən
2 dəfə, minimum pensiya 70 faiz, müavinətlər isə
2 dəfə çoxalıb.
Bu il həmçinin orta əməkhaqqı
35 faiz artıb və hazırda Azərbaycanda orta əməkhaqqı
723 manat təşkil edir. Prezident bu rəqəmin yüksələcəyini
də əminliklə vurğuladı: "Əminəm ki, gələcək
illərdə bu rəqəm artacaq. İlk növbədə
ona görə ki, həm maaşlar artacaq, eyni zamanda, biz
kölgə iqtisadiyyatına qarşı ciddi mübarizə
apararaq, artıq 100 mindən çox iş yerini kölgədən
çıxarıb və onları rəsmiləşdirə
bilmişik və bu proses davam edəcək. Biz hələ
işin başlanğıc mərhələsindəyik. Amma
orta əməkhaqqının 35 faiz artırılması və
723 manata çatdırılması, əlbəttə ki,
sosial siyasətimizin bariz nümunəsidir”.
Beynəlxalq təşkilatların
da hazırladıqları hesabatlarda Azərbaycanda sosial-iqtisadi
islahatların uğurla aparıldığı qeyd olunur.
Dünya Bankının "Doing Business 2020” hesabatında da Azərbaycanın
dünyanın ən çox islahat aparan 20 ölkəsindən
biri kimi seçilməsi, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən
aparılan rəy sorğusunda əhalinin mütləq əksəriyyətinin
Prezident İlham Əliyevi - islahatların rəhbərini dəstəkləməsi
söylənilənlərin real təsdiqidir.
Əlbəttə ki, Prezidentin
söylədiyi kimi, bütün bu müsbət nəticələri
qorumaq və onları artırmaq üçün mütləq
kadr islahatı da aparılmalıdır. Bu məqsədlə
Azərbaycanda hazırda çox ciddi kadr islahatları gedir:
"Təcrübə qazanmış kadrlar daha da səmərəli
öz işlərini qururlar, eyni zamanda, gənclərə də
böyük meydan verilir. Bu, təbiidir, çünki gələcəkdə
ölkəmizi bugünkü gənclər idarə edəcəklər.
Onlar gərək həm təcrübə toplasınlar,
peşəkar olsunlar, eyni zamanda, vətənə bağlı
olsunlar.
Ona görə gənclərə vətənpərvərlik
hissləri aşılamaq hər birimizin borcudur ki, onlar gələcəkdə
vətənə bağlı olsunlar və hər hansı bir
xarici təsirdən azad olsunlar”.
Struktur islahatları ilə
bağlı cənab İlham Əliyevin müəyyənləşdirdiyi
strateji kurs ondan ibarətdir ki, icra strukturları çevik,
mobil, yeni çağırışlara dərhal reaksiya verən
olmalı, eyni zamanda az resurslardan istifadə etməklə
şəffaf fəaliyyəti təmin etməlidirlər.
Dövlət başçısı vəzifəyə yeni təyin
etdiyi icra hakimiyyəti başçıları ilə
görüşdə səsləndirdiyi fikirlərlə ilk
növbədə onlara öz gündəlik fəaliyyətini
nümunə göstərir. Cənab İlham Əliyev
nümunəsi göz önündədir. Hər zaman vədəndaşın
yanında olmaq, xalqın sevimlisinə çevrilmək,
problemini dinləyib onların həlli ilə bağlı dərhal
tapşırıqlar vermək... Bu, xalqa xidmət
missiyasıdır.
Yeni təyin olunan icra
başçılarına tapşırıqlarını
çatdırarkən Prezident həmçinin bu məsələyə
toxundu və vurğuladı ki, icra başçıları
ilk növbədə xalqa ləyaqətlə xidmət etməlidirlər.
Çünki xalqa xidmət etmək hər bir dövlət məmurunun
borcudur: "Dəfələrlə demişəm ki, mən
Prezident kimi öz vəzifəmi bunda görürəm - xalqa
xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan
əhalisi bizə çox böyük dəstək göstərir”.
Dövlət
başçısı yeni icra hakimiyyəti başçılarını
qəbul edən zaman məmurların diqqətinə
çatdırdı ki, qarşılarında duran əsas vəzifə
rəhbərlik edəcəkləri rayonların sosial-iqtisadi
inkişafına nail olmaqdır. Eyni zamanda, yeni kadrlar daim vətəndaşlarla
ünsiyyət əsnasında rayonun problemlərini və insanları
narahat edən məsələləri daha dərindən
öyrənib adekvat tədbirlər görməlidirlər.
Əks təqdirdə ciddi şəkildə cəzalandırılacaqlar:
"Mən sizə şəxsən bu göstərişi
verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola
gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız.
Bunu bəri başdan bilin və bütün başqa yerli icra
orqanlarının nümayəndələri, rəhbərləri
məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa
qarşı Azərbaycanda amansız mübarizə
aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir
və gələcəyə olan planlarımızı
sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə
var. Amma əsas məsələ ondadır ki, rəhbərlik
bu məsələyə necə münasibət göstərir.
Azərbaycanda şəffaflıq, dürüstlük hər
bir dövlət məmuru üçün həyat tərzi
olmalıdır. Ona görə bu məsələ ilə
bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə
çox ciddi fəaliyyət göstərməlisiniz, tamamilə
şəffaf vəziyyət yaradılmalıdır”.
Prezident həmçinin yerlərdən
gələn hər bir siqnala obyektiv baxılacağını,
icra başçılarının fəaliyyətinə
doğru qiymət veriləcəyini də bəyan etdi. Yəni
onların fəaliyyətləri daim Prezidentin diqqətində
olacaq.
Göründüyü kimi, ölkədə
kadr islahatlarının yeni dövrü başlayıb.
Bütün bunlar, yəni Prezidentin sosial-iqtisadi və siyasi
islahatlarının uğurları onu deməyə əsas
verir ki, bugünkü sabitliyin, müstəqil həyatın əsas
təminatçısı olan xalq-iqtidar birliyi getdikcə daha
da möhkəmlənir.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.
- 2019.- 14 noyabr.- S. 1; 4.