Bütün nəqliyyat infrastrukturu yeniləşir,
müasirləşir
Prezident İlham Əliyev "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, son illər Azərbaycanın dəmir yollarında görülən işlər və qarşıda duran vəzifələrdən danışan Prezident İlham ƏLİYEV dedi:
-Son illər dəmir yolu
infrastrukturuna böyük investisiyalar qoyulur. Bu
investisiyalar hesabına dəmir yolu infrastrukturu böyük dərəcədə
inkişaf etmişdir. Təsadüfi deyil
ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir
yollarının səviyyəsinə və keyfiyyətinə
görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir.
Bu, kifayət qədər yüksək göstəricidir,
son illərdə aparılan işlərin təzahürüdür.
Onu da əlavə etməliyəm ki, nəqliyyat
infrastrukturunun səviyyəsinə görə biz dünyada
31-ci yerdəyik. Yəni, Azərbaycanda bütün nəqliyyat
infrastrukturu yeniləşir, müasirləşir, keçən
il yeni dəniz ticarət limanı, 2017-ci
ildə Bakı-Tbilisi-Qars tarixi dəmir yolu istifadəyə
verilib, daxili dəmir yolları müasirləşir. Bir sözlə, Davos hesabatında bizim yüksək
yerə malik olmağımız reallığı əks
etdirir. Ancaq bununla paralel olaraq biz gələcəkdə
bu sahəyə daha böyük diqqət göstərməliyik.
Çünki ölkəmizin uğurlu
inkişafı, o cümlədən nəqliyyat infrastrukturundan
asılıdır.
Bu gün Azərbaycan
etibarlı tranzit ölkə kimi öz xidmətlərini
göstərir. Ümumi rəyə görə, - bu, beynəlxalq
təşkilatların hesabatında da əks olunur, - Azərbaycan
çox etibarlı və önəmli tranzit ölkəyə
çevrilibdir. Mən dəfələrlə
demişəm ki, hər bir ölkənin öz tranzit
potensialını inkişaf etdirmək üçün, ilk
növbədə, qonşu ölkələrlə
yaxşı münasibətləri olmalıdır və bu
gün bu, reallıqdır. Təkcə son bir-iki ay ərzində
mənim dörd qonşu ölkənin rəhbərləri –
Rusiya Prezidenti, Türkiyə Prezidenti, İran Prezidenti və
Gürcüstanın Baş Naziri ilə görüşlərim
olubdur. Bu görüşlərdə, o cümlədən
bizim nəqliyyat sahəsində əməkdaşlığa
da kifayət qədər böyük vaxt
ayrılmışdır. Bir sözlə,
bizim tranzit potensialımız gələcəkdə qeyri-neft
sektorunun inkişafına daha da böyük dərəcədə
xidmət göstərəcək. Bu
gün də qeyri-neft sektorunun ümumi daxili məhsuldakı
payının çoxaldılması istiqamətində nəqliyyat
sektorunun rolu artmaqdadır. Biz hazırda Bakı-Tbilisi-Qars
dəmir yolunun imkanlarından daha geniş miqyasda istifadə
edirik, keçən il təqribən 300
min tona yaxın yük daşınmışdır. Önəmli
məsələ ondan ibarətdir ki, biz artıq
təkcə Asiya ölkələrindən gələn
yüklərlə kifayətlənmirik, eyni zamanda, Avropa məkanında
da fəal əməkdaşlıq edirik və bəzi Avropa
ölkələrinin bu yoldan istifadə etməsi artıq
reallığa çevrilib. Biz artıq
Çindən konteyner qatarları qəbul etməyə
başlamışıq. Çin-Qazaxıstan-Azərbaycan-Avropa
dəhlizi fəaliyyət göstərir. Eyni
zamanda, son müddət ərzində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa
istiqamətinə yüklər daşınır. Biz Lapis-Lazuli dəmir yolu ilə Bakı-Tbilisi-Qars dəmir
yolunu birləşdirə bilmişik. Bu da
böyük imkanlar yaradır. Mənim Orta
Asiya respublikalarının prezidentləri ilə keçirdiyim
görüşlər əsnasında dəmir yolu
daşınmaları haqqında kifayət qədər
geniş fikir mübadiləsi aparılmışdır. Hazırda Özbəkistan və Tacikistanla bizim dəhlizimizdən
istifadə imkanlarını müzakirə edirik və əminəm
ki, bu istiqamətdə də uğurlar əldə olunacaq.
Yəni, onu demək istəyirəm
ki, vaxtilə Azərbaycanın təşəbbüsü ilə
başlanan və bizim böyük maliyyə dəstəyimizlə
reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu çox
mühüm əhəmiyyət daşıyır. Mən əvvəllər
də, biz dəmir yolunun təməlini qoyanda da bunu demişəm
ki, bu layihə dünyanın nəqliyyat xəritəsini yenidən
tərtib edir və bu layihə açıq dənizə
çıxışı olmayan Azərbaycanı beynəlxalq
nəqliyyat mərkəzinə çevirəcəkdir. Eyni zamanda, biz Şimal-Cənub nəqliyyat dəhlizinə
də çox böyük diqqət yetirmişik. Azərbaycan ərazisində bütün işlər
yekunlaşıb, o cümlədən İran sərhədinə
qədər uzanan dəmir yolunun tikintisi də artıq 2 ildir
ki, tamamlanıb. O cümlədən dəmir yolu
körpüsü tikilib və hazırda Şimal-Cənub nəqliyyat
dəhlizi işləyir. 2018-ci ildə bu dəhlizlə
daşınan yüklərin həcmi 8 dəfə, bu ilin 9
ayında daha 70 faiz artmışdır. Yəni,
böyük potensial var və eyni zamanda, Şimal-Qərb nəqliyyat
dəhlizi işləyir. Rusiyadan, həmçinin
İrandan gələn yüklər Qərb istiqamətinə
Azərbaycan ərazisindən daşınır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat
dəhlizlərinin iştirakçıları bir çox
ölkələrdir. Ancaq onların
arasında yeganə ölkə Azərbaycandır ki, hər
iki layihədə iştirak edir və hər iki layihənin
reallaşmasına öz dəyərli töhfəsini
vermişdir. Bu, bizə gələcəkdə
həm siyasi, həm iqtisadi dividendlər gətirəcək,
artıq gətirir. Dəmir yolu nəqliyyatı
sahəsindəki əməkdaşlıq ölkələri
bir-birinə daha da yaxın edir, təhlükəsizliyi
möhkəmləndirir, bölgədə vəziyyəti daha
da müsbət istiqamətdə inkişaf etdirir və hər
bir ölkəyə böyük iqtisadi dividendlər gətirir.
Eyni zamanda, mənim göstərişimlə
ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi
istiqamətində addımlar atılır, o cümlədən
Bakı şəhərətrafı yolun tikintisi gedir. Bu, Bakı qəsəbələrini
şəhərin mərkəzi ilə bağlayan yollardır.
Eyni zamanda, bizim turizm mərkəzlərindən
biri olan Qəbələ şəhərinə dəmir yolunun
çəkilişi layihəsi davam etdirilir. Sovet vaxtında Qəbələyə dəmir yolu
çəkilməmişdir, buna ehtiyac yox idi, ancaq hazırda
buna böyük ehtiyac var. Mən bu təşəbbüsü
irəli sürəndə bəziləri fikirləşirdilər
ki, buna ehtiyac yoxdur. Halbuki bu yaxınlarda Qəbələdə
olarkən mənə məlumat verildi ki, bu ilin 9 ayında Qəbələyə
150 min turist gəlmişdir. Ancaq söhbət
otellərdə yerləşən turistlərdən gedir.
Əgər fərdi qaydada evlərdə kirayədə
qalan turistləri nəzərə alsaq, bu, əlavə 150 min
olacaq. Yəni, bir ayda Qəbələyə
300 min turist gəlib. Qəbələyə
bir yol var – Şamaxı-Qəbələ yolu. O yol da
artıq mənim göstərişimlə yenidən qurulacaq. Əlbəttə ki, bu yol artan turizm qrafikini
götürə bilməyəcək. Ona
görə Ləkidən Qəbələyə dəmir
yolunun çəkilməsi xüsusi əhəmiyyət
daşıyır.
Eyni zamanda, baxmayaraq ki,
Şimal-Cənub nəqliyyat dəhlizi işləyir, ancaq
Bakı-Yalama və Ələt-Astara dəmir yollarının
vəziyyəti bizi qane edə bilməz. Çünki
vaxtilə orada təmir işləri
aparılmamışdır. Yollar tamamilə
yenidən qurulmalıdır ki, qatarların sürəti
artsın. Hazırda qatarlar saatda təqribən
40, maksimum 50 kilometr sürətlə gedir. Bu, böyük yükləri daşımağa və
sərnişinlərə keyfiyyətli xidmət göstərməyə
imkan vermir. Ona görə bizim məqsədimiz
həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat
dəhlizlərinin dəmir yolu hissəsinin modernləşdirilməsidir.
Elə etməliyik ki, qatarlar saatda minimum 140
kilometr sürətlə hərəkət edə bilsin. Artıq Bakı-Yalama və Ələt-Astara dəmir
yollarının modernləşdirilməsi prosesi
başlanmışdır.
Ona görə mən sizi dəvət
etmişəm ki, görülmüş işlərlə
bağlı məlumat verəsiniz. Bu ilin sonuna qədər hansı
işlər görüləcək və ən əsası,
gələn il biz hansı işləri
görməliyik? Çünki gələn ilin
investisiya proqramında dəmir yollarının tikintisi nəzərə
alınmalıdır. Məruzə edin.
"Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid QURBANOV dedi:
-Təşəkkür edirəm,
möhtərəm cənab Prezident. Əlbəttə
ki, bu işlərin əvəzi yoxdur. Ölkəmizdə
15 min kilometrdən çox yol çəkilib, körpülər,
aeroportlar tikilib, o cümlədən Azərbaycanın dəmir
yollarında bir növ inqilab olub, yenilik edilib. Bunların
hamısı Sizin dəstəyiniz və
xüsusi qayğınız hesabınadır.
İcazənizlə, əvvəlcə
Bakı dairəvi dəmir yolu barədə məlumat verim. Əvvəllər
"elektriçka” adı ilə mövcud olmuş bu yol uzun
illərdir ki, işləmirdi. Son 25 ildə sadəcə
5-10 elektrik qatarı var idi ki, onlar da 40 ildən
çox idi işləyirdi və istismar müddəti
çoxdan bitmişdi.
Sizin göstərişinizlə
biz bu yolun yenidən tikintisinə başlamışıq. Yan yolları
ilə birlikdə bu yolun ümumi uzunluğu 200 kilometrə
yaxındır. Uzun illər ərzində
yol yatağı sıradan çıxmışdı. Sizin göstərişinizlə bütün yol kəsişmələrini
eyni səviyyəlilərdən müxtəlif səviyyəlilərə
keçirdik, insanların rahatlığı
üçün. Bunu bir növ Abşeron
dairəvi dəmir yolu adlandırmaq olar. Çünki
bu dəmir yolu Xırdalan şəhəri də daxil olmaqla,
bütün Abşeronu birləşdirir. Burada dəmir
yolu üzrə işlərin 80 faizi, elektrik, rabitə və
işarəvermə işlərinin isə 70 faizi yerinə
yetirilib, 11 yeni, modern stansiya tikilib. Yol üzərində
18 piyada və 6 avtomobil keçidi inşa olunub. Bütün yolboyu çirkab və tullantı
sularını yığışdırmışıq.
Metal hasarın da təqribən 70 faizə qədərini yerinə
yetirmişik.
Birinci hissə, Abşeron dairəsini
- yəni, Bakıdan çıxaraq Biləcəri,
Xırdalan, Sumqayıt, oradan isə Novxanı, Fatmayi, Məhəmmədi,
Zabrat-1, Zabrat-2, Zabrat-3, Sabunçu, Bakıxanov,
"Koroğlu” və nəhayət, Bakını birləşdirən
yol ilin axırınadək tamamlanır.
Prezident İlham
ƏLİYEV: İlin axırına tamamlanır, çox
yaxşı.
Cavid QURBANOV: İndi Bakı-Sumqayıt
dəmir yolu ilə hər gün 12 min sərnişin
daşınır. Hesab edirik ki, dairə
tamamlananda təqribən 25-30 min sərnişin daşımaq
imkanımız olacaq.
Prezident
İlham ƏLİYEV: Bu, daha rahat nəqliyyat
növüdür. Eyni zamanda, vətəndaşlar daha da
qısa müddət ərzində mənzil başına,
iş başına çata biləcəklər.
Çünki indi avtomobil yollarında kifayət qədər
tıxaclar var. Düzdür, bir çox yollar salınıb,
yeni körpülər, yeni yol qovşaqları tikilib, amma yenə
də pik saatlarda tıxaclar var. Ona görə bu yol həm
insanlara rahatlıq verəcək, həm də avtomobil yolunun
yükünü azaldacaq. Ona görə ilin sonuna qədər
nəzərdə tutulan bütün layihələr başa
çatmalıdır və gələn il
də bu işlər davam etdiriləcək.
Bakı-Sumqayıt dəmir
yolunun fəaliyyəti, onun əhəmiyyəti haqqında nə
deyə bilərsiniz? Ümumiyyətlə, bu yol ilə nə qədər
sərnişin daşınır?
Cavid QURBANOV: Artıq bu yol ilə hər
gün 12 min sərnişin daşınır.
Prezident İlham
ƏLİYEV:
12 min?
Cavid QURBANOV: Bəli,12 min. Amma bu,
açılandan sonra həm bu tərəfdən Sumqayıta
gedən, həm də əks tərəfdən gedən o
yollar birləşəndə, avtobusların gediş-gəlişi
də tənzimlənəndə gündə təqribən
25-30 min sərnişin daşınacaq. Bu da yəqin
ki, ən azı 300-500 avtobusun işini azaldacaq. Həm ekoloji cəhətdən təmizdir, həm
çox yüksək səviyyəli və sürətli
qatarlardır, içərisində bütün
rahatlığı var, həm də vaxt təqribən
iki-üç dəfə azalıb.
Prezident İlham
ƏLİYEV: Bəli,
mən getmişəm o yolu, çox rahatdır.
Cavid QURBANOV: Sürəti də 140-a artırmaq istəyirik.
Prezident İlham
ƏLİYEV:
Müasir "Stadler” vaqonları da alınıb, onlar da
işləyir.
Cavid QURBANOV: Bəli, hamısı
işləyir.
Prezident İlham
ƏLİYEV:
Bakı-Gəncə dəmir yolu necə işləyir indi? Gəncədə son dəfə olarkən gəncəlilərə
söz vermişdim ki, bu yol işləyəcək, artıq
bu, fəaliyyətdədir. Bizim
planımız var ki, Gəncədən Gürcüstan sərhədinə
qədər də həmin o vaqonlar işləsin və sərhəd
rayonlarında yaşayan vətəndaşlar da bundan
faydalansınlar.
Cavid QURBANOV: Hazırda hər gün bir
qatar gedir, bir qatar gəlir.
Prezident İlham
ƏLİYEV:
Neçə saata gedir?
Cavid QURBANOV: Dörd saata gedir, cənab
Prezident. Amma bu, bizi qane etmir. Yolumuzun infrastrukturu imkan verir ki, bu sürəti biz
Siz söylədiyiniz kimi, 140-a qaldıraq. Bu
da o deməkdir ki, biz 3 saata Gəncə şəhərinə
çata bilərik.
Prezident İlham
ƏLİYEV:
Üç saata?
Cavid QURBANOV: Bəli.
Prezident İlham
ƏLİYEV:
Çox gözəl.
Cavid QURBANOV: Sizin
tapşırığınızdan sonra biz yenidən bu məsələ
ilə məşğul olmuşuq. Bu gün Gəncə
şəhərindən Ağstafa şəhərinə qədər
olan yolda işləri tam bitirmişik. Orada
112-yə yaxın yol ötürücüsü var idi,
onların da 67-sini artıq tamamlamışıq. Fikrimiz odur ki, Ağstafaya gediş-gəliş təqribən
dörd saat yarıma olsun. Gəncəyə
ən geci üç saat yarıma çatsın. Beləliklə,
sərnişinlərin məmnunluğu, rahatlığı Sizin göstərişinizlə tam təmin
olunacaq.
Prezident İlham
ƏLİYEV:
Əlbəttə, vətəndaşlar indi dəmir yolu ilə
getməyi seçəcəklər, çünki həm
rahatdır, təhlükəsizdir, həm də məsafə
və vaxt baxımından daha da əlverişlidir. Bəs, Ləki-Qəbələ yolunun tikintisi nə
yerdədir?
Cavid QURBANOV: Ləki-Qəbələ
yolunun tikintisi davam edir. Bu yolun uzunluğu 46
kilometrdir.
Prezident İlham
ƏLİYEV:
Amma hələlik torpaq işləri aparılır?
Cavid QURBANOV: Bəli, torpaq işləri
aparırıq, yolun 11 kilometrini artıq qoymuşuq. Süni qurğular 100 ədəddir. Bunun 100-nü də artıq yerləşdirmişik,
körpülər, istinad dayaqları və sair. İş davam edir.
Prezident İlham
ƏLİYEV: Nə
vaxt hazır olacaq?
Cavid QURBANOV: Bizim hesablamalarımıza
görə, gələn ilin ortalarına, təqribən
avqust-sentyabr aylarına artıq istifadəyə hazır olacaq.
Prezident İlham ƏLİYEV:
Çalışın, yay mövsümünə qədər
istifadəyə verilsin. Çünki yay
aylarında o bölgələrə daha çox vətəndaş
gedir. Ona görə,
çalışın, yay mövsümünə qədər
başa çatdırasınız.
Cavid QURBANOV: Baş üstə, cənab
Prezident. Bizim dəmir yollarımızın 60
faizi Sovetlər Birliyi dövründə elektrikləşdirilmiş
yollardır. Bu, həm Zaqatala-Qəbələ
tərəfdədir, həm Astara zonasındadır. Sizin
tapşırığınızdan sonra biz bu yollar
üçün də 2-3 dizel qatarı
sifariş etmişik. İki yeni qatarımız
da gəlir. Qəbələyə işləyəcək
bu qatarları sınaqdan keçirmək üçün Gəncə
dəmir yoluna buraxacağıq.
Prezident İlham
ƏLİYEV:
Yaxşı. Bəs, Ələt-Astara dəmir
yolunda hansı işlər görülür?
Cavid QURBANOV: Ələt-Astara yolu ilə
bağlı Siz o vaxt göstəriş vermişdiniz ki, Lənkəran
şəhərinin gözəlliyini, dənizə
yaxınlığını, dənizi qorumaq
üçün, ekologiyası üçün həmin yol kənardan
aparılsın. Bu gün biz o yolla məşğuluq.
Bütün layihələndirmə işləri
görülüb. Siz dediyiniz kimi,
Astara-Astara yolunun 17 kilometrlik hissəsi artıq tikilib. Həm körpü inşa olunub, həm də biz o tərəfdə
böyük terminal tikmişik. Terminal bu
gün işləyir. İlin
axırınadək orada daha 7-8 yol tikəcəyik. Avtomobil yolları da tikiləndən sonra orada bir dənə
avtomobil terminalı tikmək lazım gələcək. Yəqin ki, bizim oradakı ərazimizdə tikiləcək.
Dəmir yolu ilə daşımalarda artım
var, bu gün maraq çoxdur.
Prezident İlham
ƏLİYEV: Bəli,
biz bu yolu mütləq yenidən qurmalıyıq. Birincisi, mövcud yol artan yükdaşımanı
öz üzərinə götürə bilməz. Bu, faktdır və sürət də çox
aşağıdır. Yol düz dəniz
qırağı ilə gedir, həm təhlükəlidir, həm
də ki, vaxt baxımından səmərəli deyil. Digər tərəfdən, Lənkəran indi
böyük turizm potensialına malik olan bir rayondur. Son illərdə orada otellər, istirahət
zonaları tikilib. Biz Bakı-Lənkəran
avtomobil yolunu yenidən qurmuşuq. Demək
olar ki, heç bir şəhərə girməyən və məsafə
baxımından təqribən 60-70 kilometr daha qısa yoldur.
Ona görə vətəndaşlar tam
rahatlıqla gedirlər. Odur ki, o dəmir
yolunu sahildən başqa istiqamətə keçirmək, əlbəttə
ki, böyük əhəmiyyət daşıyır. Beləliklə,
Lənkəranın sahil zonası da turizm üçün
açıq olacaq, iş adamları, investorlar gələcək,
orada otellər tikəcək. Çünki orada
çox gözəl sahil zonası vardır və biz bundan
istifadə etməliyik.
Bir də ki, mənim
tapşırığımla indi Bakı-Yalama yolunda işlər
gedir. Biz bu yolun da inşasını sürətləndirməliyik,
ilk növbədə, Şimal-Cənub nəqliyyat dəhlizi
üçün. Həmçinin bizim digər
kurort zonası olan Qusar rayonuna da dəmir yolu çəkilməlidir.
Hansı ki, sovet vaxtında da heç çəkilməmişdi.
İndi mən göstəriş vermişəm
ki, bu işlər də öz həllini tapsın. Bu istiqamətdə hansı işləri
görmüsünüz?
Cavid QURBANOV: Cənab Prezident, Biləcəri-Yalama
istiqamətində yolun uzunluğu 348 kilometrdir. Artıq
büdcə müəyyənləşib, Dünya Bankı,
Fransa İnkişaf Agentliyi tərəfindən. Maliyyə
Nazirliyi, İqtisadiyyat Nazirliyi ilə birgə işləmişik.
Artıq kredit yekunlaşıb. Biz o yolun tikintisinə yəqin ki, dekabr ayında,
yaxud da yanvar ayında başlayacağıq. Bu, yolun bir hissəsi üçündür.
Qalan hissəsi Sizin
tapşırığınızla büdcədən
ayrılıb. Artıq orada 5 yeni yarımstansiya
tikilib, çox böyükdür. Elektrik,
rabitə xətləri ilə bağlı işləri
görmüşük, fiberoptik kabelləri də çəkirik.
Tikinti işlərinə gələn il
başlasaq, təqribən iki il davam edəcək.
Prezident İlham
ƏLİYEV: Bəli,
o yola da çox böyük diqqət göstərilməlidir.
Beləliklə, biz Şimal-Cənub nəqliyyat
dəhlizinin səmərəsini böyük dərəcədə
artıracağıq.
Azərbaycan.- 2019.- 14 noyabr.- S.2; 3.